525.Az

İran müharibəyə cəsarət edəcəkmi?


 

İran müharibəyə cəsarət edəcəkmi?<b style="color:red"></b>

İranın Səudiyyə Ərəbistanına və ABŞ-ın regiondakı qüvvələrinə zərbə endirəcəyi ilə bağlı "The Wall Street Journal"ın yaydığı məlumat Avrasiyada yeni bir müharibənin də başlaya biləcəyi ilə bağlı narahatlıqları artırdı. "Wall Street Journal"ın məlumatında Səudiyyə Ərəbistanı kəşfiyyatının İranın hərbi əməliyyatlara hazırlaşması ilə bağlı məxfi məlumatları Vaşinqtona təqdim etdiyi qeyd olunurdu. Məlumata görə, Vaşinqton bu məlumatı ciddiyə alaraq Tehrana xəbərdarlıq etməyi məqsədəuyğun sayıb. Vaşinqtonun xəbərdarlığında deyilirdi ki, ABŞ regiondakı maraqlarını və tərəfdaşlarını müdafiə etmək üçün qəti addımlar atmaqdan çəkinməyəcək. Son məlumata görə isə, ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasi Kənani "Wall Street Journal"ın xəbərləri ilə bağlı sualı cavablandırarkən deyib ki, bəzi Qərb və sionist dairələr uydurma xəbərlər yayırlar. "Onların məqsədi Tehranın region ölkələri ilə münasibətlərində mövcud "müsbət meylləri" məhv etməkdir". İranın bir neçə şəhərində məscidlərin üzərində qırmızı bayrağın qaldırılması Tehranın müharibə çağırışı kimi qəbul edilir.

İranın sanksiyalara məruz qaldığı, Rusiyaya silah verdiyi üçün Qərbin qəzəbinə gəldiyi bir zamanda müharibəyə hazırlaşması haqqında məlumatları yalan xəbər kimi dəyərləndirənlər də var. Lakin diqqətlə təhlil etdikdə "Wall Street Journal"ın yaydığı məlumatın doğru ola biləcəyi qənaəti də güclənir. Səudiyyə Ərəbistanın İranla bağlı ABŞ-a verdiyi kəşfiyyat məlumatları sıradan bir bilgi ola bilməz. Bu növ məlumatları sübut etmək lazımdır. Yəni Səudiyyə Ərəbistanı kəşfiyyat məlumatının mənbəyini açıqlamalıdır. Əks halda Vaşinqton onu ciddi bilgi hesab etməz. Deməli, məlumatın doğruluğu şübhə doğura bilməz.

Bu zaman İranın müharibə istəyinin səbəbi izah olunmalıdır. Səbəb isə çox sadədir. İranda iki aya yaxın davam edən etirazlar əslində xalq üsyanıdır və teokratik rejimin dayaqlarını sarsıtmağa başlayıb. Tehran rejiminin başçıları üsyanın arxasında xarici qüvvələrin, ilk növbədə isə Səudiyyə Ərəbistanının dayandığını düşünürlər. Səudiyyə Ərəbistanın informasiya vasitələri İranda baş verən hadisələrlə bağlı ərəb və fars dillərində mütəmadi məlumat yayırlar. Tehran rejiminin rəhbər şəxslərində belə qənaət var ki, Səudiyyə Ərəbistanından yayılan məlumatlar vəziyyətin nəzarət altına alınmasına mane olan əsas səbəblərdəndir. İran artıq bir neçə dəfə Səudiyyə Ərəbistanından İranda baş verən etiraz aksiyaları ilə bağlı fars dilində xəbər yaymağı dayandırmağı tələb edib. Tehranın İranın daxili işlərinə qarşmaqda ittiham elədiyi Səudiyyə Ərəbistanını hədələməkdən də çəkinməyib. Lakin bu, İranı müharibəyə sürükləyən əsas səbəb ola bilməz.

İranı müharibəyə sürükləyən əsas səbəb əlacsızlıq ola bilər. Tehran rejimi Ukraynadakı müharibəni həssaslıqla izləyir. Rusiyanın müharibə meydanında ard-arda uğursuzluğa məruz qalması Tehranın üzərinə qorxunc kabus kimi çöküb. İran Rusiyanın məğlub olacağı halda özünün müdafiəsiz qalacağından ehtiyatlanır. Məhz bu səbəb İranı çılğınlıq kimi görünə biləcək addıma vadar edə bilər. Rusiyanın bir neçə aydan sonra İranı Qərbin və onun regiondakı müttəfiqlərinin zərbəsindən qorumaq imkanı olmayacaq. Tehran rejimi pis variantla daha pis variant arasında seçim etmək məcburiyyətindədir. Həmin pis variant isə müharibədir.

 





06.11.2022    çap et  çap et