525.Az

Vətən də oxuyarmış... - Telli Pənahqızı yazır


 

Vətən də oxuyarmış... - <b style="color:red"> Telli Pənahqızı yazır</b>

Dağı-daşı, çölü-çəməni, çiçəyi-böcəyi, qayada şəlaləsi, düzdə laləsi, 30 il lal olmuş bulaqları, susqun çaylarlı ilə...illərin sınağına dözən, igidlərin qanı ilə suvarılan torpaq, gözü çıxarılmış, başı kəsilmiş, bədəni dəlik-deşik olmuş xaraba evlər, "çəyirtkə sürüsü -vəhşi qövmün  dişindən"  qoparılmış yurd yerləri qəddini düzəldib, mas-mavi göy üzünə baxa-baxa oxuyurdu! Sənin, mənim, bizim, bütün insanların və İnsanlığın dili ilə oxuyurdu:

Sən bir möcüzəsən, sehrsən, Vətən,

Ülvi məhəbbətsən, mehrsən,  Vətən,

Sısqa  çaylarınla nəhrsən, Vətən,

Bizi bağrına bas, biz qayıtmışıq!

Bu Qayıdış gününü səbrsizliklə gözləyən təkcə öz torpaqlarından didərgin düşən on minlərlə vətəndaşımız deyildi, 30 ildən bəri evinin açarını qoynunda gəzdirən analar, hər gün o yerlərə qayıtmaq xəyalı ilə səhəri gözləyən atalar, uşaqlığı, gəncliyi itən cavanlar deyildi, bütün Azərbaycan idi! Və məncə, hər kəsdən, hamıdan çox bunu ölkəmizin başçısı İlham Əliyev cənabları gözləyirdi! Məhz O idi gecə-gündüz bu Qələbə, Zəfər tarixinin konturlarını cızan, O idi dünyanın çeşidli ölkələrində, türkə qənim kəsilən "islamafobiya sindromu"ndan vahimələnən Qərbin hegemon dövlətləri ilə siyasət meydanında qətiyyətlə, həm də tutarlı, təkzibolunmaz arqumentlərlə  mübarizə aparan! O idi xaricdə yaşayan erməni miyarderlərinin pulu-parası hesabına ələ alınmış "Siyasət dəllallarının" işğal aktına göz yummaları tutarlı   dəlil və sübutlarla yerindəcə susduran, o idi onlarla xarici media nümayəndəsinə həqiqəti-yalandan seçmək dərsi verən, vicdanlı olmağa səsləyən, ağı ağ, qaranı qara yazmağa, haqqın, ədalətin yanında olmağa çağıran!

Bir vaxtlar, dünyanın yeri-məkanı bu gün belə dəqiq bəlli olmayan coğrafiyasından qopub Qafqaza gələn, bizim xalqın qapısında nökərçilk edən və illər sonra  özünü hakimi-mütləq sayan Rusiya imperiyasının dabanını yalaya-yalaya Azərbaycanın qərb bölgəsində-İrəvan xanlığının ərazisində özünə dövlət quran və dişi şirəyə batdıqca, yeni, daha məhsuldar torpaqlarımızı qarmalamağa nail olan haylarla həm siyasi, həm də hərbi mübarizənin dəqiq konturlarını cızan Baş komandanın açdığı bu ikinci cəbhədə döyüşlər daha ağır və daha təhlükəli idi. Çünki orada nə top-tüfəng vardı, nə Bayraqdar, nə ağır texnika! Bu cəbhənin silahı Söz, tarixi sübutlar, dəlillər və  peşəkar siyasi mübarizə idi. Hər kəsi inandırmaq üçünsə, illər boyu qazanılan vərdişlər, yüksək diplomatik gedişlər köməyə gəlirdi! Bu cəbhənin Generalı, Qrdunun müzəffər komandiri, onu yönəldən, əzmi, dəmir iradəsi, peşəkarlığı ilə seçilən və  hər kəslə elə onun öz dilində danışmağı bacaran  dövlət başçısı idi! 

Əlbəttə, qüdrətli ordu yaratmaqla biz əzəli və əbədi yurd yerlərimizi onsuz da gec və ya tez azad edəcəkdik. Ən çətin vəzifə- hayastanın  qanunsuz işğalına haqq qazandıran, illər boyu ikili standartlardan əl çəkməyən ikiüzlü, sürüşkən siyasətli Qərbin yanlış düşüncəsindəki daşları yerinə oturtmaq idi ki, bunu da hər  cür cəfaya dözən ölkə başçısı və onun yaratdığı ordu bacardı!

İndi düşmən işğalından xilas olmuş yurd yerlərində yenidən həyat başlayıb. Minlərlə hektar torpaq ermənilərin basdırdığı minalardan təmizlənir, ağıllı kəndlər salınır! İnsanlar uzun illərdən sonra öz doğma yuvalarına qayıdırlar. Ancaq burada gördüklərindən dəhşətə gəlirlər! Çünki özlərini "sivil millət" adlandıran ikiayaqlı məxluqlar ötən 30 ildə torpağa divan tutublar. Evləri söküblər, daşını, qapı-pəncərəsini aparıblar. Axı niyə? Əgər bu yerlər iddia etdiyin kimi sənin idisə, onda niyə xaraba qoyurdun? Deməli, məqsəq qarətçilik, işğalçılıq idi, bilirdin ki, gec-tez rədd olub gedəcəksən buralardan!

Müharibənin ən ağır məqamlarında belə bizim oğullarımız düşmən üstünə qələbə inamı ilə yeridi. Döyüşlərdən asudəlik tapan anlarda Xudayarlar oxudu:

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum!

Bu gün, o tarixi  qələbədən sonrakı Zəfər günündə torpağını ziyarətə gedənlər də Xudayarın və minlərlə Xudayar kimi igidlərimuzin səsinə səs verir və bu səsi ekrana, efirə gətirən Azərbaycan Televiziyasının "Oxuyur Vətən!" layihəsinin yaradıcıları və iştirakçılarıdır!

Bəli, bu gün Vətınimizin Qarabağ adlı guşəsindən gəlir bu səslər! Azad olmuş Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Şuşa oxuyur! Həm də necə:

Əzizim,  Vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qürbət ölkə,

Ölməyə Vətən yaxşı! -deyən ana-atalarımızın, nənə-babalarımızın gavur əlindən qan-can bahasına qurtarılmış doğma yurdlarının, yer üzündən silinmiş evlərinin, o evlərlə bərabər yoxa çıxmış xəyallarının işığında ulduz kimi sayrışan göz yaşlarından süzülürdü bu nəğmələr.

Vətən oxuyurdu!

İxtiyar bir nənə təngiyən nəfəsinin, çırpınıb az qala ağzından çıxacaq qədər yerindən qopan ürəyinin sızıltısını...yox, yox, 30 il yaddaşında əzizlədiyi, açarını qoynunda gəzdirdiyi evinin yerində viran qalmış yurdunu görəndə, qonum-qonşularını haraylayanda elə yaralı Vətən kimi hayqırırdı:

Əzizim yad uçurtdu,

Tərlanı yad uçurtdu,

Açarı qoynumdaydı,

Evimi yad uçurtdu.   

...sonra da taqətdən düşmüş dizləri üstə ehmalca  yerə çöküb titrək əlləri ilə qara torpağı sığalladı, üzünü üzünə söykəyib ürəyindəkiləri son dua kimi onun qulağına pıçıldadı:

- Vətənə gəldim, imana gəldim... 

 O anlarda  uçmuş evlərin, odu külə dönmüş ocaqların, qolu, budağı güllələnmiş ağacların hamısı sanki Ananın səsinə səs verib oxuyurdu:

Yaşıldır başın durna,

Bilinmir yaşın durna.

Həmişə cüt gəzərdin,

Hanı yoldaşın durna? 

Ananın gözləri dolurdu, xatirə burulğanında nə qədər tanış üzlər, əziz doğma simalar vardı; cismləri əmanət məzarlarda uyusa da nigaran ruhları bu yerlərdə dolaşan!

Yavaş-yavaş donu açılırdı illərdən bəri buz bağlayan çayların, çağlayırdı bulaqlar, dərələr, təpələr yavaşca yönlərini qibləyə çevirirdilər, günəş də gülürdü, daşlar da, dərələr də, otlar da, çiçəklər də...yağan yağışın, əsən küləyin, uçuşan quşların da səsi dəyişmisdi sanki. Ətrafda yaralı daşlar, gözsüz evlər, yolsuz cığırlar, tikan basmış yollar da  dil açıb oxuyrdu. Axı Vətən idi oxuyan!

İnsan adına ləkə olan ikiayaqlı məxluqların törətdiklərinə baxa-baxa hirsini-hikkəsini boğa bilməyib içindəncə titrəyib tərpənən Torpağın köksü çəkdiyi ahdan qabarırdı. Qara buludlar səngidikcə, ətraf yavaş-yavaş aydınlandıqca, daşa dönən, qayalaşan  ulu dağların başından burum-burum duman, çən  sürünürdü xilas olmuş torpaqlara sarı...

Dumanlı dağların başında duran, dumandan özünə bir xeymə (sığınacaq-ev)q uran Xudayarların səsi eşidilən, minlərlə gənc döyüşcünün, şəhid və qazi  ürəyinin döyüntüsü hopan Torpaq da dilə gəlib oxuyurdu:

 

Vətən bağı al-əlvandı,

Var  icində Xarıbülbül!

 

30 illik həsrətin bağrından qopub yenidən  Cıdır düzündə baş qaldıran Xarıbülün zərif dodaqları titrəyirdi:

 

Otuz illik həsrətimə dözməyənim, xoş gəldin,

Bu sevdadan, məhəbbətdən bezməyənim, xoş gəldin!

Öp gülümdən, çiçəyimdən, çək ətrimi sinənə,

Sənsiz nələr çəkdiyimi bir-bir deyim qoy sənə.

 

Deyimmi ki, goreşənlər bağrımı hey teylədilər,

Tariximin əmanəti qalaları yerlə yeksan eylədilər,

Cənnət-məkan  torpağımı heşan-viran eylədilər,

Bu yalquzaq sürüsünün gözü doymadı yenə.  

 

 Qarlı qışa çevrilmişdi gedən payız, gələn yaz,

 Yamaclarda laləm solğun, bulaqlarım don, ayaz,

 Ağaclarım barsız idi, çaylarım susyz, dayaz,

Bülbüllərim lal olmuşdu, çöllər həsrət nəğmənə!               

           

Danışırdı dağ-dərə, yenə meşələr zümrüd donlu idi, daşlar yenə xınalanırdı, çollər yenə çiçək əllərini göyə açıb qönçə dodaqları ilə pıçıldayrdı: Şükür şənə, Tanrım, əsl sahiblərim qayıtdı!

Bu gün Peşə bayramını qeyd edən televiziyadakı həmkarlarımı, "Oxuyur Vətən" layihəsinin gerçəkləşməsi üçün bütün texniki imkanlardan bacarıqla istifadə edən yaradıcı heyəti, layihədə yer alan musiqiçiləri, texniki personalı, rejissor və operatorları təbrik etmək istəyirəm! Ən böyük təbriksə, AzTV-nin yeni simasının uğurlu konturlarını cızmağı bacaran  sədrimiz Rövşən Məmmədova və onun güvəndiyi, ən əsası isə Teleradio ilə evi arasında seçimdə yenə də iş yerini seçən kollektivimizədir! Bayramımız mübarək!

 





06.11.2022    çap et  çap et