525.Az

Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarı tapılıb - FOTO


 

Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarı tapılıb - <b style="color:red">FOTO</b>

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı Akif Aşırlı Ankarada Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapıb.

525.az xəbər verir ki, Akif Aşırlı bununla bağlı öz “Facebook” hesabında paylaşım edib: “Tapdım. Bir neçə ildir ki, axtarışda olduğum milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım”, - deyə mətbuat araşdırmaçısı yazıb. 

Akif Aşırlı qeyd edib ki, Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır, Qəribsoltan xanımdan öncə doğulub. 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952- ci ildə Ankarada Azərbaycan Milliyyətçilər dərnəyinin qurucularından olub. Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir. Azərbaycan mühacirət mətbuatının ən yaxşı nümunələrindən olan "Mücahid" dərgisinin naşiri, baş yazarı, "Türk izi" dərgisinin əsas yazarlarından olub. Qələmi yerə qoymayıb. Azərbaycan həsrətilə yaşayıb. 

İndiyə  qədər Səfvət bəyin məzar yerinin bilinmədiyini deyən araşdırmaçı: “Bir neçə il öncə Səfvət bəylə bağlı geniş araşdırmamı "Həsən bəy Zərdabinin varisi" kitabımda umumiləşdirə bildim. Ölüm tarixini dəqiqləşdirə bilsəm də harda dəfn olunduğu  bilinmirdi. Bəzi mülahizələrə görə, Səfvət bəyin ömrünün sonlarına yaxın Almaniyaya köçdüyü ehtimal olunurdu. Məzar yerini indi tapdım. Qəbri Ankaranın Karşıyaka məzarlığındadır. Həyat yoldaşı Nəzihə xanımın məzarı ilə qoşadır. Təəssüf ki, Səfvət bəyin baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalammış vəziyyətdədir. Qəbir aşağıya doğru çökür. Üstündə "Azərbaycan əşrəflərindən olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi. Ruhuna fatihə. 1898 - 1976" yazılıb. 

Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda çalışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq. Səfvət bəyin adını qara boya ilə yenidən bərpa etdik. Amma bununla yekunlaşdırmaq olmaz. Unutmağa mənəvi haqqımız çatmır. Həsən bəyin mətbu yolunu davam etdirən, ömrünü Azərbaycanın İstiqlalının bərpasına həsr edən Səfvət bəyin adı layiq olduğu qədər qiymətləndirilməlidir. Bizim mənəvi atamız Həsən bəy Zərdabinin də ruhu şad olar”, - deyə əlavə edib.

 





06.11.2022    çap et  çap et