525.Az

Zəngəzur dəhlizi: Atatürkün gerçəkləşən arzusu...


 

TÜRKİYƏLİ JURNALİST SƏRXAN AKSUYEK:  "BÖYÜK MUSTAFA KAMAL PAŞANIN 100 İL ƏVVƏLKİ  ARZUSUNA AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV YENİ STATUS VERDİ"

Zəngəzur dəhlizi: Atatürkün gerçəkləşən arzusu...<b style="color:red"></b>

Müasir texnologiyaların sürətli inkişafı böyük dünyanı o qədər kiçiltdi ki, indi çox-çox uzaqlarda məskunlaşan həmkarına, dostuna əlin bir göz qırpımındaca yetir. Az qala 2500 km uzaqlarda, Türkiyənin ilahi gözəlliklərin baş-başa verdiyi Egey bölgəsinin incisi İzmirdə yaşayan köhnə dostum Sərxan Aksuyeklə hal-əhval tutmaq da çətin olmadı.

Sərxan Aksuyek Türkiyənin yaxşı tanıdığı jurnalistlərdəndir. Uzun illərdir ki, iqtisadi mövzuda təqdim etdiyi yazı və araşdırmaları ilə mətbuatın gündəmindədir. 2009-2016-cı illərdə Azərbaycanın xaricdəki ən böyük sərmayəsi olan Petkim Petrokimya Holding A.Ş.-də Korporativ Kommunikasiyalar meneceri vəzifəsində çalışıb, şirkətin "Petkim Yaşam" jurnalının baş redaktoru kimi fəaliyyət göstərib. Dəfələrlə ölkəmizdə olub və Azərbaycan-Türkiyə əlaqələri haqqında çoxsaylı yazıların müəllifidir.

"Cümhuriyyət" qəzetində çoxsaylı məqalələri dərc edilən yazar digər məşhur mətbu orqanlarda da iqtisadi statuslu yazıları ilə diqqət mərkəzində olub. Beynəlxalq və yerli statuslu jurnalistika müsabiqələrində 20-dən çox mükafat qazanıb. İzmirdə fəaliyyət göstərən "Strateji Kommunikasiya Məsləhətçiliyi" qurumunun yaradıcısı və rəhbəridir. Həm də bölgənin məşhur nəşrlərindən olan "Ege Teleqraf" qəzetində "Real İqtisadiyyat" adı ilə köşə yazarı kimi yazmağa davam edir.

Sərxan Aksuyek Azərbaycanda baş verən son hadisələri də diqqətlə izlədiyini,  böyük qələbəyə ürəkdən sevindiyini bildirir:

 

 

 

- Azərbaycan xalqının tarixi qələb

əsi, uzun illərdən bəri gözlədiyi arzusuna çatması elə böyük hadisədir ki, onun tarixi əhəmiyyəti uzun illər araşdırılacaq. "Can Azərbaycan" bütün Türkiyə üçün əziz və doğmadır. Onu da çox aydın görürük ki, ətrafımızda önəmli hadisələr baş verir. Bunlar gələcəyimizlə sıx bağlı olduğu kimi, həm də birmənalı olaraq "Bir millət, iki dövlət" olduğumuz qardaş Azərbaycanla bağlıdır.

- Bəlkə bir az ətraflı danışaq...

- Azərbaycanın bugünkü uğurlarını 2020-ci ilin noyabrında qazanılan Qarabağ qələbəsindən kənarda nəzərdən keçirmək mümkün deyil. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibədən - Azərbaycan Ordusunun 30 illik işğala son qoyduğu bu ədalətli müharibədən sonra Türkiyə ilə Azərbaycanın bağlı qalmış sərhədi və buradan keçən yol gündəmə gəldi. Türkiyə üçün, eləcə də hər birimiz üçün Naxşıvan-Zəngəzur dəhlizi ilə bütövləşən bu yol Türkiyə iqtisadiyyatı və Orta Asiya ilə logistik əlaqəmizin daha qısa və azxərcli olmasına imkan verən həyati bir məsələdir.

Müharibədən dərhal sonra dünyaya ünvanlanan bəyanatın bizim üçün ən mühüm bir bəndi də "Zəngəzur dəhlizi" adlı azad tranzit zonası oldu. Bu qısa yol vaxtilə Azərbaycan torpaqları olan indiki Ermənistanın ərazisindən keçir. Türkiyənin sərhəd qonşusu Naxçıvanla Azərbaycanı birləşdirəcək bu dəhliz həm də Türkiyəni Qafqaz və Türküstan ilə birləşdirəcək qan damarı olacaq.

- Amma təəssüf ki, bədnam qonşularımızın revanşist addımları bu ideyanı ləngidir.

- Təəssüflə deyirik ki, ləngidir, üstəlik,   insanlar ölür, yeni müharibə itkiləri ilə üzləşdirir. Amma bu böyük məramın qarşısını almaq mümkün olmayacaq. Onu da deyim ki, bu məsələ indi bütün dünyanın diqqətindədir. Türkiyə KİV-ində davamlı müzakirə mövzusudur. Azərbaycana qarşı ünvanlanmış sərt bəyanatları eşitsək belə, nə Amerika, nə Fransa, eləcə də Ermənistanı bəyanatları ilə dəstəkləyən xaric Bakıya qarşı hər hansı əməli addım atmaq fikirində deyil. Sadəcə fəallığımızı artırmalı, hədəflərlə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması və media tərəfindən hərtərəfli dəstəklənməsi lazımdır. Bu, Türkiyə və Azərbaycanın dövlət orqanlarının və siyasətçilərin mövqeyinin  gücləndirilməsidir.

- Sizcə, nə etmək lazımdır?

- Əslində, qüdrətli Azərbaycan dövləti nə lazımdırsa edir və Türkiyə bütün müstəvilərdə açıq bir şəkildə bəyan edir ki, hər zaman qardaş Azərbaycanın yanındadır. Sadəcə Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır. Azərbaycan Prezidentinin qürurla dediyi kimi, Qarabağ Azərbaycandır! BMT, Avropa İttifaqı,  ABŞ, Rusiya və hətta Ermənistanın havadarları belə beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər. Haqq işinə güvənən Azərbaycan Qarabağda misli olmayan quruculuq işləri həyata keçirir. Bu işlərin miqyası o qədər böyükdür ki, bunları dünya görür, amma xarabazara çevirən Ermənistanın görməməsi təkcə təəccüb yaratmır, görünür, 44 günlük müharibədən dərs çıxarmayan Ermənistan daxili auditoriyanı sakitləşdirə bilmir. Onsuz da ölkədə vəziyyət yaxşı deyil. Son sərhəd döyüşlərindən sonra da mətbuatdan aldığımız xəbərlərə görə, xalqın etirazları artır. Güman edirəm ki, narazı vətəndaşları sakitləşdirmək üçün yeni müharibə söhbətini ortaya atırlar. Amma fəlakətli cəhddir. Azərbaycan dövləti sülh müqaviləsini gözləyir. Müharibə bir dövlət kimi Ermənistanın sonu deməkdir.

- Sərxan bəy, bu dediklərinizi tək bir jurnalistin yox, həm də Türkiyə mətbuatının mövqeyi kimi dəyərləndirmək olarmı?

- Türkiyə demokratik dəyərlərlə önəm verən və hörmətlə yanaşan ölkədir. Bu dəyərlər də təbii ki, onun dövlətçilik tarixindən qaynaqlanır. Ən müxtəlif məsələlərdə çeşidli mövqeləri görməkdəyik, ölkə mətbuatı da bu ənənələrin davamlı daşıyıcısıdır. Deyim ki, təkcə iqtisadi və sosial məsələlərə yanaşmada yox, eləcə də dövlətin xarici siyasətinə münasibətdə ciddi və böyük polemikalar gündəmi zəbt edir. Amma Azərbaycan - can Azərbaycan məsələsində həm dövlətin, həm xalqın mövqeyi yüzə-yüz üst-üstə düşür. 44 günlük müharibə dövründə Türkiyənin hər bir yanında Azərbaycan bayraqlarının küçələrdən, eyvanlardan düşdüyünü bir an belə görmədik. Adamlar Qarabağa vuruşmağa getmək istəyirdi, Allah rəhmət etsin Nuru paşaya, 100 il öncə olanları Türkiyə yenidən yaşadı.

- Yüz il öncədən söhbət düşdüsə, müsahibələrinizin birində vurğuladığınız bir fikri xatırladım: Zəngəzur dəhlizi ilə Azərbaycan Türkiyə ilə birləşir, Atatürkün 100 illik arzusu gerçək olur...

- Bəli, belə bir söhbət olub və bu gün də aktuallığını saxlayır. Zəngəzur dəhlizinin böyük siyasi dəyəri təkcə Azərbaycanın Naxçıvanla birləşməsi deyil, əslində, bunun özünün də çox böyük dəyəri var. Zəngəzur dəhlizi əslində Türkiyənin, bir az da qlobal baxanda Şərqin və Qərbin strateji və iqtisadi maraqları üçün həyati əhəmiyyət kəsb edən layihədir. Böyük Atatürk bu məsələyə münasibətində də böyük uzaqgörənliyi ilə yenidən yad edilir. Qurtuluş savaşı zamanı Türkiyə şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək və məhdud silahlı qüvvələrini Qərbi Anadoluya cəmləşdirmək üçün 1921-ci il martın 16-da Sovet Rusiyası ilə Moskva müqaviləsi imzaladı. Müqavilənin çox mühüm bir maddəsi Naxçıvanın statusu ilə bağlı oldu. Türkiyə Cümhuriyyəti o vaxtdan Naxçıvanın mövcudluğuna zamin durdu. Naxçıvan ya Rusiyanın tərkibində qalmalı, ya da Azərbaycana verilməli idi. Atatürk, şübhəsiz ki, Naxçıvanın üçüncü dövlətə verilməsinin əleyhinə idi və üçüncü dövlət olaraq Ermənistan nəzərdə tutulurdu. Əgər Naxçıvan Ermənistana verilsəydi, Türkiyə ilə Azərbaycan, eləcə də Türküstan ilə əlaqə tamamilə kəsiləcək və heç vaxt bərpa olunmayacaqdı.

O dövrdə müstəqillik uğrunda ağır mübarizə aparan Ankara rəhbərliyi bu mühüm amili nəzərdən qaçırmadı. Atatürkün "Türk qapısı", Şərq Cəbhəsi Komandanı Kazım Qarabəkir Paşanın "Şərq qapısı" kimi təqdim etdiyi Naxçıvan strateji durumuna görə xüsusi əhəmiyyət daşıyırdı və Türkiyə ilə quru yolu əlaqəsinin olmasının xüsusi əhəmiyyəti vardı.  Sovet tərəfi ilə danışıqlar qrupunun rəhbəri olan Yusuf Kamal (Tengirşenk) Atatürk təlimindən qaynaqlanan səyləri ilə müqavilə nəticəsində Naxçıvan Azərbaycanın tərkibinə verildi, Türkiyə və Sovet Rusiyası isə "Qarant ölkə" statusu aldı. 1921-ci il oktyabrın 13-də bağlanan Qars müqaviləsi ilə zaminin hüquqları təsdiq edildi.

- Belə çıxır ki, ilk dəfə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gündəmə gətirdiyi, mediada və rəsmi sənədlərə də "Zəngəzur dəhlizi" adlandırılan layihə həm də böyük Atatürkün 100 il öncəki siyasətinin bir hissəsi olub...

- Ruhu şad olsun, böyük Mustafa Kamal Paşanın 100 il əvvəlki arzusuna cənab İlham Əliyev yeni status verdi, həqiqətə çevirdi. İnşallah bu reallığın açılışı Türk dünyası üçün yeni töhfə olacaq və Azərbaycanın son 200 illik tarixinə möhtəşəm səhifələr yazan Ali Baş Komandan bunu da edəcək. Diplomatik səylərlə baş tutmasını arzu edərdim, amma əminəm ki, bu olmasa, Azərbaycan Ordusu xilaskarlıq missiyası ilə bunu edəcək. Tarixə diqqət edəndə görürük ki, Naxçıvanın statusu o dövrdə Mustafa Kamalın çox mühüm siyasi qələbələrindən idi. Azərbaycan Respublikasının rəhbəri Nəriman Nərimanovla çox yaxın münasibətdə olan Mustafa Kamalın digər mühüm siyasi addımı Naxçıvanın Türkiyə ilə sərhədinin olması oldu. Vaxtı ilə arada İrana məxsus torpaq sahəsi olub ki, bu da Türkiyə-Naxçıvan arasında sərhəd qapısının açılmasına imkan verməyib. Deyilənə görə, Atatürk bu torpağı qonşu dövlətdən qızıl pul ilə alıb, Türkiyə ilə Naxçıvanın quru yol ilə birləşməsini təmin edib. İndi Naxçıvanla Türkiyə arasında 11 kilometrlik qısa sərhəddə yerləşən Dilucu sərhəd qapısı Türkiyəni Azərbaycanla birləşdirib. Türk dünyasının birliyi haqqında Mustafa Kamalın böyük istək və arzuları, hətta tövsiyələri də olub. Görünür, bu tarixi missiyanın həyata vəsiqə almasında  Azərbaycan xalqının xüsusi rolu olacaq və  tarixi qələbə bunun təminatçısıdır.

Namiq ƏHMƏDOV
Əməkdar jurnalist

 





07.11.2022    çap et  çap et