525.Az

Tarixi yaddaşımızı təzələyən oğullar - Maral Poladova yazır


 

Tarixi yaddaşımızı təzələyən oğullar - <b style="color:red"> Maral Poladova yazır</b>

Bakı şəhər 70 saylı məktəb-liseyin müəllimi, vaxtilə Qarabağ deyilən gözəl bir diyarı qarış-qarış gəzmiş, onun daşına, torpağına, otuna, gülünə, çiçəyinə məhəbbətini qəlbində əbədiləşdirən və 30 ildən artıq bu məhəbbət abidəsinə həsrət qalan Nuridə xanım Hümbətova yenicə çapdan çıxan kitabına "Qarabağ Azərbaycandır" adını verib.

Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "Ya ayağa qalxıb torpaqlarımı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik" - sözləri kitabın ilk səhifəsində verilib.

Cəmi 44 gün davam edən II Qarabağ müharibəsinin qələbə ilə sonuclanmasında xüsusi xidmətləri olmuş oğullarımızın göstərdikləri igidliklərdən yazmaq istəyən Nuridə xanımın uşaqlıq və yeniyetməlik illəri Füzulidə keçib. O, gənclik dövrünün 5 ilini isə mənfur düşmənlərimizin tam ixtiyarında olan ən gözəl bir diyarda - Xankəndində keçirdib. Ali təhsilini Xankəndində yerləşən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb. Ömrünün yarıdan çoxunu sonralar 30 il həsrət qaldığımız Qarabağımızda keçirən və baş verənlərin kökünün haradan qaynaqlandığını, hətta bəzi dırnaqarası tarixçi alimlərimizdən daha yaxşı bilən Nuridə xanımın bu barədə danışmağa daha çox haqqı çatır.

Kitabda II Qarabağ müharibəsinin bir neçə qazi və döyüşçüsü haqqında qısa məlumat verilməklə yanaşı, həm də I Qarabağ müharibəsinin iştirakçısı olmuş və II Qarabağ müharibəsinin qazisi Əbülfəz (Amil) Qurbanov haqqında bir qədər geniş məlumat verilmişdir.

 

 

Əbülfəzin dediklərindən:

- 1992-ci ildə vəziyyət pisləşdi, əsgərləri inandırmaq üçün öndə getmək, gecə postu yoxlamaq, əsgərin yeməyini vermək, ermənilərin üstünə getmək - bunları etməsəm, əsgəri inandırıb döyüşə aparmaq çətin olardı...

Mənim Salakətindəki dostum igid idi, o da polis idi, ermənilərin içində - Salakətində yaşayırdı, qorxmurdu, axırda kişi kimi şəhid oldu...

...I Qarabağ müharibəsində biz məğlub olmadıq, bizi, Qarabağı satdılar, amma igid oğullarımız şəhid oldular...

...Mən həmişə Allaha yalvarırdım ki, mənə möhlət versin, ermənilərdən qardaşlarımın - şəhidlərin qisasını alım. O günü çox gözlədim. Nəhayət, 30 ildən sonra II Qarabağ savaşı başladı və mən könüllü olaraq, əvvəlki döyüşçü yoldaşlarımla bərabər cəbhəyə getdim... Sevindim ki, o gün gəldi, yağılara qan uddurmaq vaxtıdır..."

Nuridə xanımın - Sən indi nə fikirdəsən, peşmansanmı 55 yaşında yenidən müharibəyə getdin, ayağından yaralandın? - sualına II Qarabağ müharibəsində yaralanan Əbülfəzin (Amilin) cavabı belə olub:

- Biz gedib ləyaqətlə döyüşdük. Sağ olsun Müdafiə Nazirliyi, bizi döyüşə buraxdı. Gedib ürəyimdə qalan qisasımı aldım... Hətta bir oğlumu da müharibəyə verdim, bəziləri kimi gizlətmədim...

 

Qazi Əliyev Vasif Şükür oğlu

1994-cü ildə doğulan Vasif orta təhsilini 70 saylı məktəb-liseydə alıb. O, ailənin tək övladıdır. Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra 2015-2016-cı illərdə hərbi xidmətdə olub. 2018-ci ildə Bakı Mühəndislik Akademiyasının magistraturasını bitirdikdən sonra Dövlət Gömrük Komitəsində əmək fəaliyyətinə başlayıb.

Nuridə xanım Vasifin anası Elnarə xanımla eyni məktəbdə işlədiyinə görə, II Qarabağ müharibəsi dövründə o ailənin nələr çəkdiyinin canlı şahidi olub. Deyir, Elnarə xanım heç vaxt ağlına gətirə bilməzdi ki, yeganə övladı nə vaxtsa müharibəyə gedə bilər. Amma Vasif elə Hərbi Komissarlığa çağırıldığı gün - 2020-ci ilin 28 sentyabrında birbaşa cəbhəyə yola düşüb...  Və qızğın döyüşlər zamanı mina partlaması nəticəsində ayağından yaralanıb. Sonra isə bir ayağı dizdən aşağı amputasiya olunub...

Vasif sağalandan sonra onunla həmsöhbət olan Nuridə xanımın - "Nəyəsə təəssüf edirsənmi", - sualına belə cavab verib:

- Mən Vətənə öz borcumu verdim, bununçün çox rahatam, amma bir şeyə təəssüf edirəm: Şuşaya getmək istəyirdim, mənə qismət olmadı...

Bəzi suallarına çətinliklə də olsa cavab ala bildiyinə görə çox sevinən Nuridə xanım yazır:

"Bilirəm ki, gün gələcək, Vasif qəhrəmanım Qarabağ torpağında qürurla gəzəcək".

Vasif dövlətimiz tərəfindən "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. Ona maşın və yeni mənzil də verilib.

 

Qazi Əliyev Elnur Tofiq oğlu

Əliyev Elnur 1989-cu ildə Bakı şəhərində doğulub. 70 saylı məktəb-liseyi bitirdikdən sonra BDU-nun Geologiya fakültəsinə qəbul olunub. 2011-2012-ci illərdə  hərbi xidmətdə olub. 2016-2017-ci illərdə müddətdən artıq xidmət edib. 2017-2020-ci illərdə Qusarda hərbi hissədə bölük komandiri olub. Vaxtilə dərs dediyi şagirdi Elnur haqqında danışan Nuridə xanım yazır ki, döyüş yolu Füzulidən başlayan Elnur Cəbrayıl, Zəngilan, Hadrut, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Elnurun dediyinə görə, o, silahlı qüvvələrdə bəlkə də yeganə bölük komandiri olub ki, əsgərlərini şəhid verməyib. Nuridə xanım deyir ki, Elnur elə orta məktəbdə oxuduğu vaxtlarda da öz çevikliyi və hazırcavablığı ilə hamıdan fərqlənirmiş.

Xocavənddə - Qırmızı Bazarda minaya düşən Elnurun ayağını ilk dəfə Cəbrayılın Daşkəsən kəndində, çadırda əməliyyat ediblər, ayağı amputasiya olunub.

Müharibədən əvvəl anasını itirən Elnura bacısı ana əvəzi olub, onun qayğısını çəkib...

Dövlətimizin hərtərəfli qayğısından razılıq edən Elnur Əliyev müxtəlif medallarla təltif olunub: "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı, "İgidliyə görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Azərbaycan ordusunun 100 illik yubileyi" medalı.

 

Qazi Hüseynov Elşən Zülfüqar oğlu

1998-ci ildə hərbçi ailəsində dünyaya gələn Elşən orta təhsillidir. 2016-cı ildə hərbi xidmətə çağırılıb. Xidmət müddətini başa vurduqdan sonra AzTV-də videotekada çalışıb. O, Cəbrayıla, Tərtərə, Şuşaya Xüsusi Təyinatlılarla birgə gedib. Onun olduğu tabora başçılıq edən komandiri Cavid Mahmudov Füzuli alınanda, bayraq taxarkən şəhid olub.

Nuridə xanımla həmsöhbət olarkən, Elşən yaddaşına həkk olunmuş bir hadisəni təəssüf hissilə tez-tez xatırladığını xüsusi vurğulayıb: "Ermənilər tanklara Azərbaycan bayrağını sancmaqla, bizi çaşdırıb aldatdılar və biz bu zaman çox sayda şəhid verdik. Onlar bizi mühasirəyə aldılar. Hərbi hissədən kömək gələndən sonra mühasirədən çıxdıq..."

Elşənlə Mərdəkanda - "Günəşli" sanatoriyasında tanış olan Nuridə xanımın ona xüsusi qayğı və məhəbbətlə yanaşdığı kövrək sətirlərdən aydın hiss olunur. "Onun anasının əllərindən öpürəm", - deyir.

Bu cılız cüssəli qazimizin - Elşən Hüseynovun "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Vətən müharibəsi iştirakçısı" nişanı ilə təltif olunmasını fəxrlə bildirən müəllif deyir ki, "Qarabağ Azərbaycandır" kitabımı Elşənə onun iş yerində təqdim etdim ki, qoy iş yoldaşları onu daha yaxşı tanısınlar.

 

Döyüşçü İsayev Həsən Rauf oğlu

Nuridə xanım Həsən haqqında danışarkən onu "üzünü görmədiyim döyüşçü" adlandırıb. Çünki Həsənin adını doğmalarından eşitsə də, onun özündən nəsə öyrənməyə imkan tapmayıb, daha doğrusu, bu təvazökar döyüşçü "mən nə etmişəm ki, Vətənə olan borcumu yerinə yetirmişəm", - deyərək, müəllifin suallarından yayınmağa çalışıb.

Həsən İsayev 1996-cı il noyabrın 27-də Bakı şəhərində doğulub. İbtidai təhsilini Binəqədi rayonundakı 244 saylı məktəbdə, tam orta təhsilini isə Bakı şəhər Fizika-Riyaziyyat-İnformatika liseyində alıb. Azərbaycan Texniki Universitetini bitirib. 2017-2018-ci illərdə hərbi xidmətdə olub və qayıtdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Radioquraşdırma zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. O, II Qarabağ müharibəsi başlayan gündən - 2020-ci ilin 28 sentyabrından 2021-ci il yanvarın 3-dək torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı kimi Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda olub.

Nuridə xanım yazır ki, Həsən cəbhədə torpaqlarımızın azadlığı uğrunda bütün çətinliklərə dözümlə sinə gərdiyi o ağır günlərdə, onun ixtisasca həkim olan anası Reyhan İsayeva oğlunun yolunu həyəcanla gözləməklə bərabər, həm də o zaman insanların 2-ci mənfur düşməninə çevrilmiş COVİD-19-a yoluxmuş xəstələrin sağalması üçün əlindən gələni əsirgəmirdi...

Şükürlər olsun ki, Həsən müharibədən sağ-salamat qayıdıb. O, "Qubadlının azad olunmasına görə" medalına layiq görülüb və Müdafiə Sənayesi Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub...

 

Döyüşçü Əliyev Rahib Vaqif oğlu

Rahib 1993-cü ildə Bakı şəhərində doğulub. İbtidai təhsilini 32 saylı məktəbdə alıb. 2020-ci ildə 70 saylı məktəb-liseyi, 2014-cü ildə Azərbaycan Universitetinin Marketinq fakültəsini bitirib. Beyləqan rayonunda hərbi xidmətdə olub. 2020-ci ilin 30 sentyabrından isə könüllü olaraq II Qarabağ müharibəsində iştirak edib...

Torpaqlarımız işğaldan azad olunandan sonra Rahib Əliyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Rahibin anası Xatirə xanım Nuridə müəllimlə eyni məktəbdə işlədiyinə görə, o, həmin ailənin nələr çəkdiyinin canlı şahidi olub. Ailənin tək oğlu olan Rahibin müharibədən sağ-salamat qayıtması toya-bayrama çevrilib...

Nuridə xanım yazır: "Mən Xatirə müəllimin müharibədəki intizarını, oğul itirmək qorxusunun hələ də keçmədiyini indi də görürəm. Biz bir-birimizə baxanda belə, baxışlarımız deyir ki, doğrudanmı müharibə qurtarıb, bir də o günlər olmayacaq ki?!

Bu gün Rahib evlidir, xoşbəxt ailəsi var".

lll

Nuridə Hümbətovanın çox çətinliklərə qatlaşaraq, öz şəxsi vəsaiti hesabına ərsəyə gətirdiyi və yüksək səviyyədə təqdimatını keçirdiyi "Qarabağ Azərbaycandır" kitabında həm də döyüşçü, polis işçisi, I Qarabağ müharibəsi veteranı Hümbətov İlham Daşdəmir oğlu və onun böyük oğlu, II Qarabağ müharibəsinin veteranı Araz Daşdəmirli haqqında, eyni zamanda, Nuridə xanımın yaxından tanıdığı bir çox dəyərli insanlar haqqında maraqlı məlumatlar verilmişdir.

Kitabda müəllifin ailəsi haqqında xatirələr və eyni zamanda şair təbiətli Nuridə xanımın özünün şeirlərindən nümunələr də yer almışdır.

Sonda kitabın müəllifi, vətənpərvər və xeyirxah insan, zəhmətkeş və millətsevər pedaqoq, azərbaycanlı və qarabağlı olmağı ilə qürur duyan Nuridə Hümbətovaya sonsuz minnətdarlığımı bildirir və yeni-yeni uğurlar arzulayıram!

 





08.11.2022    çap et  çap et