525.Az

İrandakı etirazlar zamanı 1024 nəfərə qarşı ittiham irəli sürülüb


 

İrandakı etirazlar zamanı 1024 nəfərə qarşı ittiham irəli sürülüb<b style="color:red"></b>

İranda 22 yaşlı Məhsa Əminin həbs olunduqdan sonra ölümü ilə başlayan və 52 gündür davam edən nümayişlərlə bağlı təkcə paytaxt Tehranda 1024 nəfərə qarşı ittiham irəli sürülüb.

525.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, Tehranda mətbuat konfransı keçirən Ədliyyə Qurumunun sözçüsü Məsud Setayeşi Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda həbs olunanlar barədə məlumat verib.

"İndiyədək Tehranda 1024 nəfərə qarşı ittihamnamələr hazırlanıb. Üsyançılara qarşı mübarizə və onların ayrılması mütləq ciddi şəkildə aparılacaq", - deyə Setayeşi deyib.

Setayeşi jurnalistin indiyədək nümayişlərdə neçə tələbə və müəllimin həbs edildiyi ilə bağlı sualına isə dəqiq cavab verə bilməyib.

Sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölümü İranda etirazlara səbəb olmuşdu.

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı isə bu günə qədər nümayişlərdə 304 nəfərin öldüyünü açıqlayıb.

Fərid Sançar

 





08.11.2022    çap et  çap et