525.Az

Meyxanaçı Rəşad Dağlı qətl törədib - Yenilənib


 

Meyxanaçı Rəşad Dağlı qətl törədib - <b style="color:red">Yenilənib</b>

Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb.

Qaradağ rayon prokurorluğundan 525.az-a daxil olan məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

525.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

 

 





09.11.2022    çap et  çap et