İran oktyabrın 26-da Şirazda 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı 26 nəfərin həbs edildiyini və məsuliyyəti terror təşkilatı İŞİD-in üzərinə götürdüyünü, hücumu törədənin isə Tacikistandan olduğunu iddia edib.
525.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın Kəşfiyyat Nazirliyinin açıqlamasına əsasən verdiyi xəbərə görə, Şirazdakı Şah Çerağ türbəsinə edilən hücumla bağlı aparılan istintaq çərçivəsində indiyədək hamısı xarici vətəndaş olan 26 nəfər həbs edilib. Həbs olunanların "Tacikistan, Əfqanıstan və Azərbaycan kökənli" olduğu iddia edilib. Xəbərdə "Bakıdan təyyarə ilə İrana daxil olduqdan sonra Əfqanıstandakı İŞİD terror təşkilatı ünsürləri ilə təmasda olan Azərbaycan vətəndaşının hücumun əsas koordinatoru olduğu" iddia edilib. Digər tərəfdən, daha əvvəl xarici ölkə vətəndaşı olduğu açıqlanan hücumu törədənin Sobhan Kumruni adlı Tacikistan vətəndaşı olduğu da iddia edilib.
İranın dövlət televiziyası oktyabrın 26-da Fars əyalətinin inzibati mərkəzi olan Şiraz şəhərində Şah Çeraq türbəsinə silahlı hücum nəticəsində ikisi uşaq olmaqla 15 nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirmişdi. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.
Qeyd edək ki, hadisədən dərhal sonra yaralanan hücumçunun xəstəxanada öldüyü açıqlanıb.
Məhəmməd Tağıyev
çap et