525.Az

“Şuşaya salam” poeziya marafonu uğurla yekunlaşıb


 

“Şuşaya salam” poeziya marafonu uğurla yekunlaşıb<b style="color:red"></b>

Bu il sentyabrın 27-də Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi və "Space" televiziyasının ortaq işi kimi "Şuşaya salam" layihəsi start götürdü ki, bu çərçivədə, Azərbaycan da daxil olmaqla, dünyanın 30 ölkəsindən 44 şair Şuşa haqqında danışdı, Şuşaya ithafən şeir oxudu. 

525.az xəbər verir ki, noyabrın 8-də bitən layihə boyu hər gün bir şairin şeiri gündə 3 dəfə olmaqla efirə verildi, sosial şəbəkələr üzərindən paylaşıldı, eyni zamanda AYB-nin və “Ədəbiyyat qəzeti”nin saytında, litpark.az-da yer aldı.

Layihənin ideya müəllifi və koordinatoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, məsləhətçiləri Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, “Space” telekanalının rəhbəri Müşfiq Hətəmov, rejissor İman Məcidov idi. Bu geniş layihədə Azərbaycan, Türkiyə, Pakistan, Macaristan,  Vyetnam, Danimarka, Ukrayna, İtaliya, Qırğızıstan, Belarus, Moldova, Ruminiya, Yaponiya, Qazaxıstan, Başqırdıstan, Birləşmiş Krallıq, Özbəkistan, Serbiya, İran, Gürcüstan, ABŞ, Rusiya, Estoniya, Tatarıstan, Bosniya-Hersoqovina, Oman, Monteneqro, Misir, İraq kimi ölkələrdən şairlər iştirak ediblər. Bu sırada Anar, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Əziz, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, İmir Məmmədli, Səlim Babullaoğlu, Fərid Hüseyn, Mətin Çingiz, Şərəf Yılmaz, Almaz Xanım, Yuri Lapin, Alеksandr Səlimov, Dmitro Drozdovski, İan Pirt, Xurşud Davron, Atilla Balaş, Laura Qaravalya, Mustafa Məstur, May Van Fan, Nils Hav, İqor Pavlyuk, Aysulu Kokoyeva, İon Hadırka, Nikolae Spetaru, İqor Volnitski, Mariya Kobets, Tatyana Sivets, Maki Starfild, Sayat Kamşıger, Gülnaz Feyzulla, Gülnaz Kutuyeva, Rüfət Saleh, Bojidar Proroçiç, Boyana Vujoviç, Həsən Mətruşi, Milisa Liliç, Zaur Naçxebiya, Kersti Kivirüüt, Əhməd Sami, Şəmsəddin Kuzəçi və Sanja Lukiç vardı.
Layihənin ideya müəllifi və koordinatoru Səlim Babullaoğlu poeziya marafonunun son günü bu barədə verdiyi müsahibədə bildirib: “Biz 44 günlük poeziya marafonunun sonuna gəldik.

Azərbaycan ədəbiyyatının, Azərbaycan televiziya tarixinin ən uzun şeir marafonunun sonuna. Və bu şeir marafonu Şuşaya ithaf olunmuşdu. Bu həmin 44 gün idi ki, düz 2 il əvvəl Müzəffər Ali Baş komandanın, şanlı ordumuzun sayəsində addım-addım irəlilədik və Şuşaya qovuşduq. Mübarək şəhidlərimizin qanı, qəhrəman qazilərimizin igidliyi sayəsində qovuşduğumuz Şuşaya bu 44 gün ərzində dünyanın 30 ölkəsindən 44 şair şeir oxudu. O şairlərin bir çoxu Şuşanı görməsələr də, onun haqqında oxumuşdular, onu tanıyırdılar. Və maraqlısı budur ki, Şuşanı görməyən, amma Şuşanı sevən, onun Azərbaycanın bir parçası olduğunu bilən şairlər ürəklə, sevgi ilə bu gözəl şəhəri, bu tarixi şəhəri, bu mədəniyyət və musiqi beşiyini, ədəbiyyat beşiyini ürəkdən salamladılar, ona ithafən, ona münasibətdə öz maraqlı, fərqli şeirlərini oxudular. Bu layihə Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən gerçəkləşdirildi. Mən fürsətdən istifadə edib həm Mədəniyyət Nazirliyinin rəhbərliyinə, həm “Space” telekanalının rəhbərliyinə dərin minnətdarlıq hisslərimi çatdırıram. Ümid edirəm ki, Şuşa haqqında bundan sonra da çoxlu-çoxlu şairlər öz ürək sözlərini söyləyəcəklər və bu sonsuza qədər, Şuşanın tarixi qədər uzanacaq...”

 





10.11.2022    çap et  çap et