Azərbaycan həmişə qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağa üstünlük verib. Bu ölkələrdən biri də İrandır. Azərbaycan Dövləti İranla dostluq, əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində hər zaman maraqlı olub. Buna baxmayaraq, İranın bu günədək Azərbaycan üçün faydalı ola biləcək hər hansı bir addımını görməmişik. Hələ Birinci Qarabağ müharibəsi zamanı Ermənistanı açıq şəkildə dəstəkləməsi, Azərbaycan ərzilərinin işğalına biganə yanaşması, torpaqlarımız işğal altında olduğu zaman İran tərəfinin oraya olan qanunsuz səfərləri, 2001-ci ildə Xəzərin statusu ilə bağlı yaranan münaqişə, illərdir narkotik vasitələrin Azərbaycana daşınması, son bir il ərzində isə sərhəddə törədilən təxribatlar, Zəngəzur dəhlizini bəhanə gətirərək Azərbaycana qarşı sərt bəyanatlarla çıxış etməsi, Ermənistanı açıq şəkildə dəstəkləməsi və sairə. Ekspertlərin rəyinə görə, İranın son bir il ərzində sərhəddə iki dəfə hərbi manevrlər etməsi onun hərbi toqquşmaya maraqlı olduğunu göstərən amildir. Bəs bu təxribatlar hərbi münaqişəyə səbəb olarsa, İranın Qərbin və Türkiyənin təzyiqləri ilə üzləşməsi mümkündür?
Ortadoğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "525"ə açıqlamasında bildirib ki, əgər belə bir təhlükə yaranarsa, ABŞ və İsrail bu məsələdə Azərbaycanı dəstəkləyər. Türkiyə NATO ölkəsidir, bu məsələdə də iştirak edər və iştirak edərsə, dolayı yolla NATO-nun, Qərbin siyasi dəstəyini alar. Çünki Azərbaycanın ərazi bütövlüyünə təhdid, Türkiyənin ərazi bütövlüyünə təhdid sayılır. S.Soltan hesab edir ki, Türkiyənin regionda aktivliyi və Azərbaycan-Türkiyə münasibətlərinin bu dərəcədə inkişaf etməsi son iki ildə İranı ən çox narahat edən məsələlərdən biridir: "Türkiyədə Ərdoğan hakimiyyətə gələndən sonra qonşu ölkələrlə sıfır variantı təklifi ilə çıxış etdi və İranı Türkiyə üçün təhlükə yaradacaq dövlətlər siyahısından çıxardı, hətta onu bir çox məsələlərdə müdafiə etdi. Azərbaycan məsələsində isə İranla Türkiyənin münasibəti fərqlidir. Ona görə də İran hesab edir ki, Türkiyə ilə Azərbaycanın yaxınlaşması Turan xəttinin birləşməsidir. Turan xəttinin birləşməsi isə təkcə Azərbaycanın Şimal hissəsi ilə deyil, həm də Güney hissəsindən başlayır. Yəni İran elə hesab edir ki, Türkiyə və Azərbaycanın yaxınlaşması həm də Güney Azərbaycanın müstəqil olması deməkdir. Güney Azərbaycanın müstəqil olması isə İran adlı dövlətin olmamasıdır. Bu təhlükəni göz altına alaraq İran hətta Zəngəzur dəhlizini Turan dəhlizi də adlandırır. Ona görə də Ermənistanla əməkdaşlıq qurur, Ermənistandan alət kimi istifadə edir, Ermənistanı bəsləyir və s. Biz bunu müharibə dövründə də bunu gördük - Türkiyə Azərbaycanı hər cəhətdən dəstəkləyirdi, İran hakimiyyəti isə əksinə Ermənistana silah göndərməklə, indi isə guya perspektivə Ermənistana dronlar satmaqla Azərbaycana qarşı təzyiqlər göstərir və Azərbaycanı Ermənistan vasitəsilə təhdid edir. Bu, İran hakimiyyətinin iç üzü və mahiyyətidir".
İranın aqressiyanın artırmasını öz daxilindəki problemləri həll etmək, müxalifəti susdurmaq, etiraz aksiyalarından diqqəti yayındırmaq üçün etdiyi də ehtimal olunur. İranda başlayan iğtişaşlar artıq iki aya yaxındır ki, davam edir və bu, İranın qonşu dövlətlərə, xüsusən də Azərbaycana qarşı daha da aqressiv olmasına səbəb olur. Bəs, İranda baş verən etiraz aksiyaları öz nəticəsini versə və hakimiyyət dəyişsə, bu, İranın Azərbaycanla bağlı siyasətinin də müsbət mənada dəyişməsinə səbəb ola bilərmi? S.Soltana görə, İranda hakimiyyətə gələcək hansısa qüvvə indiki ideologiyadan imtina etməli, demokratik prinsipləri əsas götürməli, milli haqları təmin etməlidir. Əks təqdirdə bu proseslər o zaman da səngiməyəcək: "Əgər yeni hakimiyyətə gələcək qüvvənin əsas siyasi xətti panfarsizm ideologiyası olarsa, yenidən hərəkat başlayacaq. Çünki İranda yaşayan millətlər öz milli haqlarına çatmalıdır, onlara milli haqları tanınmalıdır. Məsələn, bu ölkədə bəlucların sayı 3 milyona yaxındır, türkmənlərin sayı milyonlarladır, azərbaycanlıların sayı on milyonlarladır. Sən bunların milli haqlarını necə verməyəcəksən? Milli haqqı vermədikcə belə proseslər davam edəcək. Ona görə də hakimiyyətə gələn yeni qüvvə indiki ideologiyadan imtina etməli, demokratik prinsipləri əsas götürməli, milli haqları təmin etməlidir. Dünyada bununla bağlı çoxsaylı örnəklər var. Əks halda İran gələcəkdə daha böyük fəsadlarla üzləşə bilər".
Fərid SANÇAR
çap et