525.Az

Xalqın qələbə təbəssümü - Telman Orucov yazır


 

Xalqın qələbə təbəssümü - <b style="color:red"> Telman Orucov yazır</b>

Xalqımız böyük sevinc və şadlıq şəraitində Zəfər Gününün ikinci ildönümünü təntənə ilə qeyd etdi. 44 günlük müharibə Azərbaycan tarixinə, hətta arzulardan da uzağa gedən qələbə ilə başa çatmışdı. 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasətinin icrası şəklində onun hərbi qüvvələri geniş ərazilərimizi işğal etmiş, bir milyona yaxın günahsız insanı qaçqına və məcburi köçkünə çevirmiş, qəsb etdikləri əraziləri dəhşətli miqyasdakı vandalizmə məruz qoymuşdular. Ordumuzun azad etdiyi torpaqların xarabalıqlara çevrilməsi Orta əsr barbarlarını da viranedici əməllərini kölgədə qoyur. Bunları həyata keçirən ermənilər bizim xalqa qarşı ən vəhşi düşmənçilik nümayiş etdirmişdilər.

XXI əsrin ikinci onilliyində ərazilərimizin azad edilməsi əməliyyatları, cəmi bir ay yarım çəksə də, düşmən üzərində tam və qəti qələbə ilə nəticələndi. Vaxtilə siyasi qarışıqlığın hakim kəsildiyi ölkəmiz acı məğlubiyyətlə üzləşmişdi, həmin dövrdə həm də milli qürurumuza ağır zərbə vurulmuşdu. Torpaqlarımız üç onilliyə yaxın mddətdə düşmən tapdağı altında inləmişdi.

Öz cəbbəxanalarından onları silahlandıranların timsalında xeyli hamilərinin köməyi ilə Ermənistan "saxta danışıqlar" pərdəsi altında status-kvonu, işğal müddətini mümkün qədər uzatmağa çalışırdı. Havadarları isə münaqişənin həllinin gələcək nəsillərə ötürülməsini məsləhət görməklə, işğalı az qala əbədiləşdirmək istəyirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onların məkrli danışıqları uzatmaq niyyəti ilə mənfur siyasətlərini davam etdirdiklərini aydın hiss edib, Ermənistanla yeni müharibəyə əsaslı, hərtərəfli qaydada hazırlaşmağa başladı. İlk növbədə o, iqtisadi yüksəlişə nail olmaqla, dövlətin maliyyə imkanlarını xeyli genişləndirdi. Bu, ordunu yenidən qurmağa və onu ən müasir silahlarla təmin etməyə şərait yatatdı. Əslində, ölkədə  mənəvi və hərbi hazırlığı ilə fərqlənən yeni, tam müasir ordu meydana gəldi. Dost ölkələrdən döyüşün taleyini həll edəcək ən səmərəli silahlar alındı. Bu sahədə Türkiyənin və İsrailin hərbi-sənaye kompleksləri ordumuzun təchizatında xüsusilə fərqləndi. Ordunun tərkibində hər bir fədakarlığa hazır olan xüsusi təyinatlı qüvvələr yaradıldı və onlar öz igidliklərini sıldırım qayalarla əhatə olunmuş Şuşanın azad olunmasında əyani şəkildə, əlbəyaxa döyüşdə göstərdilər.

Prezident həm də Ali Baş Komandan kimi müharibənin başlanğıcından sonuna qədər hərbi əməliyyatlara bilavasitə başçılıq etdi. Ermənilər işğal etdikləri ərazilərdə möhkəm istehkamlar qurmuşdular, onlara birbaşa hücum səmərə verməzdi. Ona görə də, hücum istiqamətlərində düzəlişlər edildi və düşmən gözləmədiyi halda ağır zərbələr aldı. Ermənistan generalları isə məğlubiyyətə görə məsuliyyətdən yaxa qurtarmaq üçün "hərbi tələ" barədə yalanlar uydurur və buna öz naşı siyasi rəhbərliyini inandırırdılar.

Nəhayət, onlar Birinci Dünya müharibəsinin sonunda alman ordusunun başçıları Hindenburqun və Lyudendorfun təcrübəsinə müraciət edib, ordularının tam məhv olması təhlükəsinə görə məğlubiyyət müqaviləsinin bağlanmasına getməyi hökumət başçısından israrla tələb etdilər. Beləliklə, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı üçtərəfli bəyanat meydana gəldi. Ermənistanın tikdiyi və çox bel bağladığı istehkamlar isə qəfil hücumlar nəticəsində erməni əsgərlərinin qardaş qəbiristanlığına çevrildi.

Təəssüf ki, Ermənistandakı revanşist qüvvələr ağır məğlubiyyətdən düzgün nəticə çıxarmağı bacarmır. Onlar anlamırlar ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərinin ölkəsi olmayıb, böyük iqtisadi və ən başlıcası, daha böyük hərbi gücə malik olan qüdrətli bir dövlətdir və onu əvvəlki tək hədələrlə qorxutmaq mümkün deyildir.

Qələbə Azərbaycana təkcə işğal olunmuş əraziləri qaytarmadı, ona həm də zahirən görünən və görünməyən çox böyük üstünlüklər bəxş etdi, dövlətimizin beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi. Hərbi uğur xalqımıza, hər bir azərbaycanlıya böyük sevinc gətirmişdir. Şəhidlərimizə görə axıdılan göz yaşları qurumasa da, onlar Vətən yolunda həlak olmaqla həm özlərinə, həm də mənsub olduqları xalqa və ölkəyə şərəf gətirmişlər. Ona görə də təbəssüm Zəfər Bayramında bütün çöhrələri bəzəmişdi, kütləvi şadlıq əlamətinin əsl təsdiqinə çevrilmişdi. Axı uzun müddət ərzində qisas alınacağı, torpaqlarımızın azad ediləcəyi perspektivi barədə adamların şüurunda bədbinlik ruhu kök salmışdı. Məhz ölkə Prezidentinin çoxtərəfli fəaliyyəti buna son qoymağı və Zəfərin reallaşmasına nail olmağı mümkün etdi. Hamını əhatə edən qürur hisslərinə görə bu gün minnətdarlıq hissləri birinci növbədə şəxsən ona, həm də onun yetişdirdiyi orduya ünvanlanır.

Azərbaycan otuz il əvvəlki məğlubiyyətindən və ərazilərinin itirilməsindən sarsılmışdı. Lakin Perezident İlham Əliyev qalib Azərbaycanı axtarırdı və onu tapdı. Bu axtaranın özünün böyük olduğunu sübut etdi, lakin kəşf Allahın özündən gəlmişdi. Müharibə dövründə xalq bir yumruq kimi birləşib, düşmənə tutarlı və onun layiq olduğu cavabı verə bildi. İndi hər bir vətəndaşımız bu ölkəyə, bu xalqa, bu dövlətə məxsus olduğuna görə qürur hissləri keçirir və bunu bütün dünyaya bəyan etməkdən də çəkinmir.

Azərbaycan xalqı mehriban və zəhmətkeş olduğu kimi, sərt və döyüşkən bir xalqdır, torpağında yaşayanların hamısı ilə və qonşularla dinc şəraitdə yaşamağa üstünlük verir. Özünə qarşı nankorluq isə düşmənçilik həddinə çatdıqda, qəzəbini belələrinin üzərinə tökməyi də bacarır. Sınaq anında o, öz ölçüsü səviyyəsindəki qılınca, mənfur təcavüzkara qarşı amansız qüvvəyə çevirilir, istilik-nüvə enerjisi effekti yaradır, düşmənin üstünə ildırım yağdırır. Bunu 2020-ci ilin payız günlərində gedən müharibə aydın şəkildə büruzə verdi. Ona görə də bu xalqın yaşadığı ölkə - Azərbaycan heç də sadə coğrafi məfhum sayılmamalıdır. Onun gücü dağları, çayları, düzənlikləri və hətta dənizi ilə müəyyən olunmur. Azərbaycan, qatı millətçilərin hakim kəsildiyi ölkələrdən fərqli olaraq, qan, irq və din məsələsi də deyildir, bu ölkə artıq öz ərazisinin əbədi azadlığına qovuşmuş xoşbəxt bir diyarın əsl təcəssümüdür. Çünki onun qüdrətinin başlıca mənbəyi xalqdır, dövlətinə sadiq olan vətəndaşlarıdır. Qoy bunu dostlarımız qəbul etdiyi kimi, bizə qənim kəsilməyə çalışan az sayda düşmənlərimiz də anlasınlar, keçmiş iyrənc təcrübəni heç kəs bərpa etməyə cürət etməsin.

Xalqımızın qazandığı Zəfər dalğalanan bayrağa bənzəyir, çünki hamıya - sevinənlərə də, ağı deyən məğlub olanlara da açıq şəkildə danılmaz həqiqəti deyir.  

 





11.11.2022    çap et  çap et