525.Az

Vilayət Quliyevin 70 yaşına təbrik - Xalq yazıçısı Anar yazır


 

Vilayət Quliyevin 70 yaşına təbrik - <b style="color:red"> Xalq yazıçısı Anar yazır</b>

 Əzizim Vilayət!

70 yaşını təbrik edirəm. Səmərəli fəaliyyətlə keçən uzun ömrü qocalıq sayanlar saysınlar. Qocalıqda cavanlıq həvəsiylə yazıb-yaratmaq cavanlıqda bəzi qocalar kimi deyinməkdən min pay yaxşıdır. Sənin ədəbiyyat, mətbuat, maarifçilik tariximizə aid qiymətli araşdırmaların çoxları üçün örnək olmalıdır. Mənəvi Keçmişimizə iddiasız və təmnnasız xidmətin  həm də Gələcəyə yönəlmiş ismarışdır.

Bu cəhətdən sənin fəaliyyətin mənə unudulmaz Qulam Məmmədlinin salnaməçilik təcrübəsini, xatirəsi hamımız üçün əziz olan Abbas Zamanovun xaricdəki soydaşlarımızla əlaqə qurmaq təşəbbüslərini xatırladır. Amma səninlə mənə xoşbəxtlikdən başqa bir zamanda, müstəqillik dövründə yaşamaq da nəsib oldu və sən bu illərin yaratdığı imkanlardan istifadə edərək tariximizin neçə-neçə qaranlıq səhifəsini işıqlandırdın. Diplomatik fəaliyyətin, Polşada və Macarıstanda Azərbaycan izlərini axtarmağın, ingilis dilini bilməyin bu tədqiqatlarının miqyas genişliyini və dərinliyini təmin edir. Həyatın ara-sıra qarşıya çıxardığı amansız sınaqlarından yorulmayan, usanmayan tədqiqatçı əməyinlə çıxa bildin.

Yəqin ki, ardıcıl izlədiyim yazıların haqqında daha geniş bir mətn yaza bilərdim və qismət olsa haçansa yazaram. Hələlik isə ən səmimi təbrikimi, ürəkdən gələn sözlərimi qəbul et. Gələcək onilliklərdə sənə  eyni həvəslə, şövqlə çalışmağı arzu edirəm.

7 noyabr 2022

 





11.11.2022    çap et  çap et