525.Az

UNESCO məkanında Fikrət Əmirov gecəsi


 

UNESCO məkanında Fikrət Əmirov gecəsi<b style="color:red"></b>

Zəfər Bayramımızı, 44 günlük Vətən müharibəsindən sonra doğma torpaqlarımızın  qaytarılmasını və Milli Bayraq Günümüzü yaşadığımız bu günlərdə beynəlxalq miqyaslı bir hadisədən söz açmağa ehtiyac duyulur. Bu bayramların, əlamətdar günlərin ümumi ovqatı ilə, milli özünüdərketmə və xalqımızın şücaətinin ruhu ilə  səsləşib rəmzi məna daşıyan hadisə - dahi  bəstəkarımız Fikrət Əmirovun  100 illik yubileyinin UNESCO-da, Parisdə qeyd olunmasıdır.

Əslində, sözügedən milli bayramlarımızı və Fikrət Əmirovun beynəlxalq miqyasda keçirilən yubiley konsertini mahiyyətcə bir-birinə bağlayan tellər çoxdur. Hər zaman xalqına, milli musiqi irsinə qarşı xüsusi sevgi və diqqət bəsləyən, bunu gənc nəsillərə aşılayan korifey sənətkarımız digər millətlərin, qardaş və qonşu xalqların da mədəniyyətinə, musiqisinə böyük rəğbətlə yanaşmışdır. Elə buradaca onun öz yazılarında səsləndirdiyi "qardaş xalqların bəstəkarlarının yaratdığı ən yaxşı milli opera və baletləri tamaşaya qoyacaq bir milli opera teatrı yaratmaq" ideyasını xatırlamaq kifayət edər. Millətpərvərlik və beynəlmiləl başlanğıca rəğbət F.Əmirovun  bədii-estetik ideya nöqteyi-nəzərlərinin mühüm bir xəttini təşkil edir. Digər tərəfdən də, əslən şuşalı olan tarzən, bəstəkar, musiqi xadimi Məşədi Cəmil Əmirovun oğlu olan və klassik musiqimizin banisi Üzeyir Hacıbəylidən estafet almış Fikrət Əmirov Azərbaycan klassik musiqisində milli və xəlqi başlanğıcın, milli-akademik ənənələrin mühafizəçisi kimi çıxış etmişdir. 

Odur ki, Fikrət Əmirov kimi dahi simanın rəmzində Azərbaycanın adının beynəlxalq səhnədə bir daha ucalması həm xalqımızın yaşadığı Zəfər bayramı ilə, həm də bəstəkarın öz ideya-bədii nəzərləri ilə üst-üstə düşərək əlamətdar mədəni hadisə əhəmiyyətini qazanır.

Təqdirəlayiqdir ki, hələ 2021-ci il 9-24 noyabr tarixlərində UNESCO-nun Parisdə keçirilən 41-ci Ümumi konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi və məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyi ilə birlikdə UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş və bu tarixlərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiqlənmişdir.

Həmin qərarla istiqamətlənərək, bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və UNESCO-nun Daimi nümayəndəliyinin təşkilatçılığı altında Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı hazırlandı.

3 noyabr 2022-ci il UNESCO-nun Baş qərargahının "Salle-1" konsert zalında baş tutan musiqi axşamı bu kimi mədəni tədbirlərin daimi dinləyicisi olan beynəlxalq  auditoriyanı Fikrət Əmirovun musiqisinə köklədi. Musiqi axşamında təşkilatın baş katibinin müavini Firmin Eduard Matoko, Azərbaycanın UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev, Fikrət Əmirovun ailə üzvləri, diplomatik korpusun nümayəndələri, fransalı siyasətçilər, musiqi həvəskarları, jurnalistlər və digər şəxslər iştirak etdilər.

Bir neçə kəlmə "Salle-1" konsert zalı haqda. UNESCO-nun Fontenua meydanında yerləşən Baş qərargahı neçə-neçə tarixi-mədəni olayların, konsert və konfransların, müzakirələrin məkanıdır. Bu günədək  böyük müddət ərzində keçirilmiş beynəlxalq səciyyəli forumlar, sərgilər, konsertlər, möhtəşəm muğam sənətimizə və müqəddəs Novruz bayramının ənənəsinə həsr olunmuş bayramlar, 2011-də keçirilmiş Azərbaycan Mədəniyyəti Günləri, "Odlar yurdu Azərbaycanım" sərgisi, 2012-ci ildə ilk dəfə və 2015-ci ildə UNESCO-nun yubileyi çərçivəsində həmin zalda  baş tutmuş Beynəlxalq Caz Günü - misallar tükənməzdir və onların hər birini tam və ya qismən faizdə Azərbaycanın taleyi ilə bağlayan xətt var.

 Tədbirin əvvəlində UNESCO yanında Azərbaycanın Daimi nümayəndəsi Elman Abdullayev səhnəyə dəvət olundu. Öz çıxışında Elman Abdullayev bəstəkarın yaradıcılığından söz açaraq, onun ən müxtəlif musiqi janrlarında yaratdığı şedevr əsərlər haqda, xüsusən də Azərbaycan ənənəvi musiqisinin şah janrı olan muğam ilə simfonizmin vəhdəti əsasında yaratdığı simfonik muğam janrı, bəstəkarın məxsusi üslub və orkestr dili, yüksək bədii təxəyyülü və onun musiqisinin dünyanın bir çox ölkələrində qazandığı şöhrət  barədə söhbət açdı. Çıxışının sonunda Elman Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və UNESCO rəhbərliyinə  2022-2023 illər bienniumu çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş gecənin təşkilinə verdikləri töhfəyə görə  təşəkkürünü bildirdi.

Növbəti çıxış sözü UNESCO-nun baş katibinin müavini Firmin Eduard Matokoya verildi və öz nitqində cənab Matoko musiqi dəyərlərinin insanlara aşılanmasında UNESCO-nun rolunu və bu istiqamətdə Azərbaycan musiqisinin böyük əhəmiyyət daşıdığını bildirərək, musiqinin cəmiyyətdə birliyi, həmrəyliyi, mədəni dialoqu gücləndirən bir qüvvə olduğunu vurğuladı.

 Yubiley konsertinin proqramı bəstəkarın yaradıcılığının məğzini təşkil edən simfonik və musiqili-səhnə əsərləri əsasında qurulmuş,  musiqi axşamının gedişatını böyük ekranda zəngin video və fotomateriallarla canlandıran video-təqdimat isə konsertin rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ülviyyə Könül tərəfindən işlənilib hazırlanmışdı.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin səhnəyə  çıxışı ilə  Azərbaycan xalqının zəngin həyatsevərliyini, nikbin dünyagörüşü və ənənələrə, insanlara müdrikliklə yanaşmanı parlaq əks etdirən "Azərbaycan süitası"-nın I hissəsi başlandı. Bəstəkarın vokal incilərindən biri, Hüseyn Cavidin "Şeyx Sənan" dram tamaşasına bəstələdiyi musiqidən "Kor Ərəbin mahnısı" Əməkdar artist Babək Niftəliyevin ifasında incə şərq təsviri miniatürləri fonunda həzin ifası ilə sevildi. Lirik və əsrarəngiz "Gülüstani Bayatı-Şiraz" simfonik muğamının bir-birindən zəngin, həzin və coşğun hissələrinə  Əməkdar artist Səbinə Əsədovanın ifasında kiçik vokal intermediya təravət gətirdi. Konsertin gənc vokal ifaçıları olan Orxan Cəlilov ilə Selcan Nəsibli musiqi gedişatına müəyyən mənada dinamiklik və kübar ünsür bəxş edərək "Sevil" operasından solo və duet nömrələri, S.Nəsibli ayrıca olaraq "Azərbaycan elləri" nəğməsini ifa etdilər.

Son üç əsər musiqi axşamını tədricən simfonikləşən dalğaya yönləndirdi. "1001 gecə" baletindən "Şəhrizadın bayramı" baletin məxsusi şərq çalarlı kütləvi rəqs səhnəsinin dinamikasını təcəssüm etdirdi. Fikrət Əmirov-Elmira Nəzirova həmmüəllifliyi ilə bəstələnmiş "Ərəb mövzularına fortepiano konserti" Respublikanın Xalq artisti Fərhad Bədəlbəylinin ifasında bəstəkarın ərəb çalarlı ekzotik tematikasını davam etdirdi. Bəstəkarın dərin xəlqi, qəhrəmani-poetik "Azərbaycan kapriççiosu" Fikrət Əmirov musiqisinin parlaq rəmzlərindən biri kimi konsert proqramını tamamladı.

Tədbirin iştirakçılarından biri olan bəstəkarın qızı Sevil Əmirovadan və digər ailə üzvlərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyinə və təşkilati heyətə UNESCO-da Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş musiqi axşamının yüksək səviyyədə təşkilinə, eləcə də nümayəndə heyətinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq hissini duymaq çox xoş oldu.

Yazımın sonunda, əziz oxucuları Fikrət Əmirov musiqi dünyasının dərin milli, həyata və insanlara sevgi ilə dolu, qüdrətli və müdrik ruhuna kökləmək üçün onun bir sərrast ifadəsi ilə bitirmək istərdim: "Xalq bir az məhəbbət bəsləməyi, bir az da nifrət etməyi bacarmır. Onun məhəbbəti də, nifrəti də güclü olur. Xalqın bu sözü də təsadüfi deyildir ki, "dad yarımçıq əlindən". Xalq məhəbbəti sənətkar üçün hər şeydir". 

Turan MƏMMƏDƏLİYEVA

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

 

 





11.11.2022    çap et  çap et