525.Az

PISA yönümlü sualların yazılması istiqamətində ekspert hazırlığı ilə bağlı təlimlər başa çatıb


 

PISA yönümlü sualların yazılması istiqamətində ekspert hazırlığı ilə bağlı təlimlər başa çatıb<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM), Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının “Cito – Niderland Milli Təhsil İnstitutu”nun dəstəyi ilə həyata keçirilən layihənin riyaziyyat və təbiət elmləri istiqamətlərində təlimləri yekunlaşıb.

DİM-dən 525.az-a bildirilib ki, təlimlər onlayn şəkildə riyaziyyat fənni istiqamətində seminar və praktiki məşğələlərin keçirilməsi üzrə beynəlxalq təcrübəsi olan Sjoerd Krans, təbiət elmləri istiqamətində isə Roel Visseren tərəfindən keçirilib. Təlimlərdə DİM-in nümayəndələri, riyaziyyat fənni və təbiət elmləri istiqamətində buraxılış və qəbul imtahanlarında tapşırıqların tərtib olunması və ekspertizası üzrə DİM-lə əməkdaşlıq edən ekspertlər, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər. Bu müddət ərzində ümumi olaraq 55 ekspert qrup şəklində verilən tapşırıqlar üzərində işləyiblər.

Layihə aşağıdakı məsələləri əhatə edib:

-Situasiya tipli test tapşırıqlarının hazırlanması və quruluşuna dair ümumi nəzəriyyə;

-Spesifikasiyalara əsaslanan test tapşırıqlarının tərtibinə dair suallar;

-“PISA 2021” çərçivə sənədində riyazi savadlılıq və funksional savadlılığın qiymətləndirilməsi;

-Savadlılığın qiymətləndirilməsindəki kontekstlər: nəzəriyyə və təcrübə; Azərbaycan və Niderland nümunələri;

-Bacarıq yönümlü qapalı test tapşırıqlarının tərtibinə dair suallar;

-Açıq sualların tərtib olunması.

Bir ay davam etmiş təlimlər bu gün başa çatıb.

Xatırladaq ki, Cito ilə DİM arasında əməkdaşlığa keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründən başlanılıb. 2021-ci il iyulun 12-də isə DİM və Cito arasında təhsildə qiymətləndirmə sahəsində institusional inkişafın artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

Sevinc Qarayeva 

 





11.11.2022    çap et  çap et