525.Az

"İran mollalarının əmmamələrini qarşılarına qoyub, fikirləşmələrinin zamanı çatıb"


 

"İran mollalarının əmmamələrini qarşılarına qoyub, fikirləşmələrinin zamanı çatıb"<b style="color:red"></b>

İran rejiminin həyata keçirdiyi mənfur, riyakar, radikal siyasət təkcə öz vətəndaşlarının etirazları ilə qarşılanmayıb. Eyni zamanda, molla rejimi bir qədər də irəli gedərək qonşu ölkələrə, xüsusən Azərbaycana qarşı təhdidlər səsləndirib, qonşuluq prinsiplərinə zidd bir sıra addımlar atıb. Ölkəsində öz vətəndaşlarına, xüsusən, azərbaycanlılara qarşı amansız davranan, onların bütün hüquqlarını pozan rejim vəziyyəti yoluna qoymaq barədə düşünməkdənsə, digər dövlətlərin daxili işlərinə qarışır. İranın cavabı əlbəttə ki, ən yüksək səviyyədə verilib. Bununla belə, Tehran rejimi son addımları ilə nəyə nail olmaq istəyir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "525"ə deyib ki, ümumiyyətlə, İran dövlətinin siyasəti doğru siyasət deyil. İran qeyri-demokratik bir dövlətdir. Orada teotratik hakimiyyət mövcuddur və əslində avtoritat, totalitar bir rejim hökm sürür.

Deputata görə, Tehran rejimi din pərdəsi altında İranda yaşayan xalqları əzməklə məşğuldur: "Təkcə ordakı azərbaycanlıların deyil, farslar və ermənilər istisna olmaqla, digər xalqların da demək olar ki, bir çox hüquqları təmin edilməyib. Eyni zamanda, İran dövləti beynəlxalq aləm üçün də təhlükəli bir dövlətdir. Terroru maliyyələşdirən, dəstəkləyən, terror təşkilatları yaradan, müsəlman dövlətləri arasında daim təfriqə, ayrı-seçkilik salan bir dövlətdir. Bununla belə, Azərbaycan İrana qarşı uzun müddət mülayim, bəlkə də mən deyərdim ki, həddindən artıq mehriban qonşuluq siyasəti yürüdüb. Bu da bizim dövlətimizin beynəlxalq siyasi xəttindən və humanist mahiyyətindən irəli gəlir. Amma son dövrlərdə biz İranın istər öz daxilində vətəndaşlarına münasibətdə, istərsə də  qonşulara münasibətində çox kəskin, radikal bir dəyişməni hiss edirik".

M.Quliyev deyib ki, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı İranın ortaya qoyduğu mövqe qəbuledilən deyil: "İlk növbədə onun sərhədindən kənarda baş verən bir hadisəni İranın özü üçün qırmızı xətt hesab etməsi kimi mövqe irəli sürməsi beynəlxalq hüquqa zidd məsələdir. Yəni İranın sərhədlərindən kənarda hansısa bir dövlətin ərazisində razılaşmaya uyğun olaraq - konkret 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatına uyğun dəhliz açılmasından söhbət gedirsə, İranın bu məsələyə müdaxiləsinin heç bir hüquqi və mənəvi əsası yoxdur. Digər tərəfdən, İranın Azərbaycanla bağlı siyasətinin bu şəkildə dəyişməsi, ermənidən daha artıq ermənipərəst siyasət yürütməsi göstərir ki, İran Azərbaycanı özünə nəinki qonşu dost, düşmən dövlət kimi tanıyır. Bu da İranın özü üçün təhlükəlidir. Birinci növbədə İran başa düşməli idi ki, onun ən çətin, böhranlı dövründə Azərbaycan həmişə bir müsəlman dövləti, qonşu kimi dəstəyini göstərib. Bir neçə il əvvəl ABŞ-la İran arasındakı münasibətlər həddən artıq kəskinləşəndə, cənab Prezident qəti şəkildə bildirdi ki, heç bir dövlət Azərbaycan ərazisindən başqa bir dövlətə, o cümlədən, İrana qarşı istifadə edə bilməz. Yəni əslində bunu İran öz tarixi üçün ona göstərilən ən böyük  humanist bir jest kimi qiymətləndirməli və borcunu da başa düşməli idi".

Deputat əlavə edib ki, İranda yaşayan 30 milyondan çox azərbaycanlıla, eyni zamanda, 14-15 milyon etnik türk kökənli İran vətəndaşlarının da demək olar ki, bütün hüquqları, o cümlədən, ana dilində təhsil almaq, ana dilində danışmaq, televiziya, radio, mətbuat yaratmaq və digər imkanlardan istifadə etmək hüquqlarıı  demək olar ki, yoxdur: "Bir ovuc erməni üçün İranda orta məktəblər, universitetlər açıldığı halda, azərbaycanlıların öz dilində məktəbinin olmaması İran siyasətinin ikiüzlülüyündən xəbər verir. Başqa bir məsələ İran rejiminin din pərdəsi altında terror və təxribat qrupları yaratması, Azərbaycandan, eləcə də digər müsəlman ölkələrindən İrana oxumağa gedən gəncləri özünün maraqlarına uyğun olaraq təsir altına salması, özünün agentinə çevirməsi, lazım olanda onlardan dağıdıcı kimi istifadə etməsi də qəbul olunan deyil".

Deputat vurğulayıb ki, İranda son dövrlərdə insan haqlarının pozulması, xüsusilə, gənc bir qızın baş örtüsünə görə öldürülməsi bütün dünyanın, tərəqipərvər bəşəriyyətin şiddətli etirazı ilə qarşılanıb. İranın özündə də artıq iki aya yaxındır ki, etirazlar davam edir. Bəzi hallarda bu etirazlar iğtişaşlara çevrilir: "Bu da göstərir ki, artıq İranın bir dövlət kimi də süqutu dövrü başlayıb. İranda yaxşı olar ki, bundan sonra hakimiyyətdə olan qüvvələr ağıllarını başlarına yığıb, dərin hüquqi islahatlara başlasınlar. İranda hüquqi, demokratik dövlət qurulması istiqamətində addımlar atsınlar. Əgər belə addımlar atmayacaqlarsa, İranın bir dövlət kimi parçalanması, dağılması labüddür və Azərbaycan da heç şübhəsiz ki, İranın bütün dağıdıcı, pozucu, qeyri-qanuni, düşmənçilik münasibətindən asılı olmayaraq öz siyasi xəttini axıra kimi yerinə yetirəcək, ərazi bütövlüyümüzü necə təmin etmişiksə, digər şərtləri, o cümlədən, Zəngəzur dəhlizinin açılması, Ermənistanla sərhədlərin qarşılıqlı tanınması və böyük sülh sazişinin imzalanması istiqamətində də öz fəaliyyətimizi göstərəcəyik. Yaxşı olar ki, bir qonşu dövlət kimi İran da məsələyə adekvat münasibət bəsləsin, bölgədə nə qədər sabitlik, anlaşma, əməkdaşlıq olarsa, hər bir dövlət üçün rahat olar. İranda gərək bunu anlasınlar".

M.Quliyev hesab edir ki, İran özünün köhnə illərin şah dövründən əvvəlki imperiya siyasətini kənara qoymalıdır. Artıq o dövr çoxdan keçibdir: "Yəqin İrandakı mollaların da əmmamələrini çıxarıb qarşılarına qoyub, fikirləşmələrinin zamanı çatıbdır".

 

 





12.11.2022    çap et  çap et