Dünən Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü keçirilib. Bu hadisə türk dövlətlərinin əvvəlki illərdən fərqli olaraq, bir-biri ilə əməkdaşlıq etməkdə daha maraqlı olduğunu göstərir. Zirvə toplantısında nəinki müxtəlif sahələrdə əməkdaşlıq, bu dövlətlərin hüdudlarından kənarda baş verən siyasi məsələlərlə bağlı da müzakirə aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə Güney Azərbaycanda yaşayan 40 milyona yaxın soydaşımızın əksəriyyətinin ana dilində təhsil ala bilməməsi problemini gündəmə gətirib. Bu onu göstərir ki, TDT sadəcə öz daxilində deyil, habelə bütün region və gələcəkdə dünyada böyük gücə və təsir imkanlarına sahib olmaq potensialındadır. Bəs Türk dövlətlərinin son illər bu qədər aktivləşməsinin səbəbi nə oldu?
Atlas Araşdırmalar Mərkəzinin Rəhbəri, politoloq Elxan Şahinoğlu "525"ə bildirib ki, əvvəl bəzi türk ölkələri bu prosesdən kənarda olsa da, indi onlar prosesin içindədir: "Türk dövlətləri arasında inteqrasiya gündən-günə artır, genişlənir. Bunun başlanğıcı 2009-cu ildə Naxçıvanda qoyulub. O zaman təşkilatın adı Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurası idi. Daha sonra bu dövlətlər bir pillə də irəli getdi və adı dəyişərək Türk Dövlətləri Təşkilatı oldu, Macarıstan da bu ittifaqa qoşuldu. Vaxt var idi ki, bəzi ölkələr bu prosesdən bir az kənarda idi. Məsələn, Özbəkistan, Türkmənistan. Bu ölkələr də indi bu prosesin içindədirlər. Bu türk ölkələri arasında iqtisadi, siyasi əlaqələr genişlənib. Hərbi əməkdaşlıq istiqamətində də fikirlər səslənir. Bu da çox önəmlidir. Çünki bölgədə artıq Türkiyə-Azərbaycan ittifaqı mövcuddur, bunu İkinci Qarabağ müharibəsi də göstərdi. İndi əsas odur ki, bu ittifaqa Mərkəzi Asiya dövlətlərinin qoşulması sürətlənsin. Artıq onların da əməkdaşlıqda maraqları var. Bu gün (dünən - red.) baş tutan toplantıda da bu fikir səslənib. Transxəzər layihəsinə qoşulma, Azərbaycan və Türkiyənin tranzit imkanlarından bu ölkələrin də istifadə etməsi və s. Hətta artıq qərar da var ki, Qazaxıstan neftinin bir hissəsi Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan üzərindən Türkiyəyə çatdırılsın".
Elxan Şahinoğlu onu da qeyd edib ki, son zamanlar Mərkəzi Asiya dövlətləri Azərbaycana daha böyük dəstək verirlər: "Mərkəzi Asiya dövlətləri Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək verirlər. Özbəkistan Prezidenti İlham Əliyevlə görüşdə açıq şəkildə dedi ki, Zəfər Bayramı münasibətilə Azərbaycanı təbrik edir. Təsadüfi deyil ki, Dövlət başçısı İlham Əliyev də bu dövlətlərin liderlərini Qarabağa və Şərqi Zəngəzura dəvət etdi".
Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər arasında əməkdaşlıq daha da güclənərsə bu, Azərbaycan üçün də yeni imkanlar qazandıra bilər: "Çünki Azərbaycan elə coğrafiyada yerləşir ki, onun həm Mərkəzi Asiyaya, həm də Türkiyəyə, dolayı yolla Avropaya çıxış qapısı var. Azərbaycan bu cəhətdən türk dünyası, xüsusən də Mərkəzi Asiya dövlətləri üçün çox önəmli əməkdaş ola biləcək. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə Türkiyəni bir-birinə birləşdirən bir ərazidir. Bunun üçün Zəngəzur dəhlizinin də açılması çox mühüm bir məsələdir".
Bəs Türk Dövlətləri Təşkilatının yaxın gələcəkdə Türk Birliyi, daha doğrusu, Turan Birliyinə çevrilməsi mümkündür? Elxan Şahinoğlu bununla bağlı bildirib: "Əlbəttə türk dövlətlərinin, türk xalqlarının əsas hədəfi Turandır. Amma ona gedib çatmaq üçün bu ölkələr arasında inteqrasiyanı gücləndirmək və sürətləndirmək lazımdır. Bu inteqrasiya başqa dövlətlərə qarşı yönəlməyib. Sadəcə türk dövlətləri arasında əməkdaşlığı gücləndirir. Ona görə də Rusiya və yaxud İranın bundan qorxmasına ehtiyac yoxdur. Macarıstan kimi Avropa Birliyi ölkəsi də bu inteqrasiyanın içərisində yer alıb".
Fərid Sançar
çap et