Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi ilə bütün dünyaya gücünü göstərdi, eyni zamanda, ədaləti bərpa etdi. Beynəlxalq hüquqa məhəl qoymadan 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan məğlubiyyətə duçar olaraq 10 noyabrda kapitulyasiya aktına imza atdı. Azərbaycana şanlı qələbəni qazandıran hansı amillər oldu?
Hərbi və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar "525"ə deyib ki, müharibənin ən vacib şərti gücdür: "Əgər güclüsənsə və bu gücdən doğru istifadə edə bilirsənsə, müharibədə öz məqsədinə çatacaqsan. Güc amilləri içərisində son dərəcə önəmli bir faktor da var - liderlik. Yəni rəhbər şəxsin, liderin iradəsi, qətiyyəti və mübarizə əzmi həlledici əhəmiyyət daşıyır. Lider həm dövləti, həm ordunu, həm də cəmiyyəti səfərbər edir. Cəmiyyəti, ordunu və dövləti bir hədəfə yönləndirir. Onların həmin hədəfə konsentrasiya olmalarını, güclərini, iradələrini, duyğularını, ağıllarını o istiqamətdə istifadə etməyə imkan yaradır. Bu mənada Prezident İlham Əliyevin rolu xüsusi vurğulanmalıdır. Onun ortaya qoyduğu liderlik, rəhbərlik, dövlətin, cəmiyyətin, ordunun savaşa konsentrasiya olmasında, iradə, inam, qətiyyət, fədakarlıq məsələlərində son dərəcə vacib təməl parametrə çevrildi".
Ekspert hesab edir ki, mübarizəni sadəcə daxildə deyil, xarici risklər baxımından da idarə etmək və yönləndirmək üçün həddindən artıq liderlik, qətiyyət tələb olunurdu: "Müharibədə sadəcə savaşın yaratdığı risklərlə, təhdidlərlə mübarizə aparılmadı. Bunları xaricdən dəstəkləyən qüvvələrlə də həm siyasi, həm diplomatik, həm beynəlxalq münasibətlər müstəvisində mübarizə aparıldı. İlham Əliyev informasiya cəbhəsində də müharibəyə rəhbərlik etdi. Prezident İlham Əliyev bütün bu fəaliyyəti ilə savaşa damğasını vurdu, Azərbaycanın, Cənubi Qafqazın gələcəyi üçün yeni reallıqlar yaratdı. İkinci Qarabağ müharibəsinə qədər burada bəzi güclər coğrafiyanı öz maraqlarına uyğun şəkildə dizayn etməyi nəzərdə tuturdular. Bu dizayn ATƏT-in Minsk qrupu başda olmaqla bölgəyə müdaxilə etmiş qlobal oyunçular və bölgə dövlətləri tərəfindən Azərbaycana, hətta Türkiyəyə qarşı idi. İşğal edilmiş ərazilərdə qondarma "Artsax dövləti"ni (Qarabağ) yaratmışdılar. İndi də həmin qüvvələrin digər ehtiraslarının, hesablarının bitmədiyini görürük. Niyə? Səbəb güclənən bir Azərbaycan, güclənən bir Türkiyədir. Bu iki ölkənin güclənməsi və müstəqil siyasət aparması bəzi güclərə görə onlara təhdid törədir. Və bu konyukturanı pozmaq üçün 12 iyul 2020-ci ildən (Tovuz təxribatı) hərbi təxribatlara başladılar. Niyyət və məqsəd nə idi? Azərbaycanın yüksələn gücünü və güc qaynaqlarını pozmaq, mümkünsə əlindən almaq. Yəni müharibədən əvvəl təməl şərtləri qısaca bu şəkildə təsvir edə bilərik".
A.Ağar əlavə edib ki, Qarabağ zəfəri Azərbaycana və Türkiyəyə onlara qarşı olan konyukturanı pozma imkanı və qabiliyyət qazandırdı: "Yəni bizə qarşı bir oyun qurulmuşdu. Bu müharibə ilə Azərbaycanda sabitliyin pozulmasına, hətta mümkünsə parçalanmasına dair niyyət və məqsəd var idi. Bütün bunlar ortadan qaldırılmaqla yanaşı, Azərbaycan qələbə qazandı. Azərbaycan torpaqlarını azad etdi, Ermənistanın havadarları öz niyyətlərinə çata bilmədilər. Ermənistan təslim oldu. Müharibənin 44-cü günündə atəşkəs və hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalandı. Biz mütləq bir zəfər qazandıq, Ermənistan ordusunun belini qırdıq. Amma qalan bir sıra məsələlər var. Onlardan biri də Rusiya hərbçilərin olduğu Qarabağ əraziləridir. Bu, mücadilənin davamlılığını diqtə edir. Azərbaycan lideri bu məsələdə də qətiyyətli mövqeyini Rusiyanın, digər güclərin diqqətinə çatdırıb. Biz heç bir halda torpaqlarımızdan, Zəngəzur dəhlizindən vaz keçməyəcəyik. Torpaqlarımızın bir qisminin rusiyalı hərbçilərin nəzarətində qalmasını Azərbaycan qəbul edən deyil. Mücadiləmiz davam edəcək, qəbul edilmiş sənədlər yerinə yetirilməli, verilən sözə əməl edilməlidir".
Ekspertə görə, hərbi təxribatın təkrar ortaya çıxa biləcəyini nəzərə alaraq buna dair də görülən hazırlıqlar var: "Ermənistanın, onun arxasındakı güclərin ehtirasları, bizim gücümüzü, reflekslərimizi, səbrimizi sınaqdan keçirməklə etdikləri həmlələr bitmək bilmir. Hər şeyə hazırlıqlı olmalıyıq. Mübarizəyə hazır olmalı və diplomatiyanı davam etdirməliyik".
Türkiyənin Strateji Düşüncə İnstitutunun rəhbəri, general Güray Alpar "525"ə deyib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında ən həlledici amil xalqın birliyi və həmrəyliyi ilə uğura, qələbəyə olan inamı idi: "İşğal müddətində azərbaycanlılar torpaqlarını azad edəcəklərinə dair ümidlərini heç vaxt itirmədilər. Onlar öz torpaqlarını xilas edəcəklərinə inanırdılar". General deyib ki, bu inam və Azərbaycan xalqının dəstəyi Orduya da sirayət etdi və ordunun ruh yüksəkliyini artırdı.
"Arxasında millətin dəstəyi olan heç bir ordu asanlıqla təslim olmaz. Bura Azərbaycan ordusunun üstün hazırlığı ilə silah-sursat və texnoloji üstünlüyü də əlavə ediləndə tarixi bir qələbə əldə olundu.
Qələbənin qazanılmasında təbii ki, liderin rolu çox önəmlidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin rəhbəri kimi xalqla ordu bütünləşməsini, müharibənin tələb etdiyi daxili və xarici dəstəyi siyasi baxımdan ən uyğun şəkildə təmin etdi. Eyni zamanda, ən uyğun şəkildə müttəfiqlik münasibətləri qurmağa müvəffəq oldu. Bir sözlə, lazım olan güc strukturlarının yaradılmasından başlayaraq, bunları istənilən yerdə və istənilən vaxtda yerləşdirə bilməklə liderlik bacarıqlarını təmin etdi. Müharibədə komandir 3 yolla onun gedişinə təsir edə bilər: bunlar atəş gücü qurub və ondan ən əlverişli yerdə istifadə etmək, qüvvələri nəticə təmin edən bir şəkildə manevr etmək, ən əsası kritik yerdə və zamanda uğurlu gediş etməkdir. Azərbaycan lideri Qarabağ müharibəsi zamanı qəbul etdiyi vacib qərarlarla döyüşlərin gedişatını dəyişdi. İlk növbədə, bu döyüşlərdə Azərbaycan regional güc kimi meydana çıxdı və gücünü, liderliyini meydanda əks etdirdi. Azərbaycan türkləri bir millət olaraq bütün dünyaya torpaqlarından bir qarış belə verməyəcəklərini və lazım gələrsə qanları bahasına vətənlərinə sahib çıxacaqlarını göstərməklə dünyada hörmət qazandılar. Bu qürurla Azərbaycan xalqı artıq mədəniyyət, incəsənət, təhsil kimi sahələrdə bütün dünyaya örnək olacaq yüksək səviyyəli uğurlar qazanmağa başlayıb və gələcəkdə daha böyük uğurlar qazanmağa davam edəcək".
A.Güray əlavə edib ki, sülhü yaratmaq qədər onu qorumaq da çətindir: "Döyüş meydanında qazanılan qələbə diplomatik sahədə də qələbəyə çevrilməlidir. İnkişaf edən və irəliləyən Azərbaycanın buna görə düşmənləri də çoxalacaq. Qarabağdakı qələbə arxayınlıq yaratmamalı, növbəti dövrdə daha çox çalışmaq və daha da irəli getmək üçün bir səbəbə çevrilməlidir".
çap et