525.Az

İran hakimiyyətində parçalanma - Xaqani Cəfərli yazır


 

İran hakimiyyətində parçalanma - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan gözlənilmədən Rusiyaya Pilotsuz Uçuş Aparatları verdiklərini etiraf etdi. İranın mövqeyindəki bu dəyişiklik gözlənilməz olsa da, Tehranın başqa yolu qalmamışdı.

Öncə onu qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadə etməsilə bağlı ilk məlumatlar sentyabrın əvvəllərində yayılmağa başladı. Bu məlumatlardan öncə isə Rusiyanın İrandan dronlar almağa çalışdığı haqqında məlumatlar yayılmışdı. Həmin məlumatlarda Rusiya hərbçilərinin ən azı iki dəfə İranda olduğu, dronların alışı ilə bağlı danışıqlar apardığı qeyd edilirdi. Moskva və Tehran bu məlumatları qətiyyətlə təkzib etsələr də, sentyabr ayından etibarən artıq Rusiya ordusunun Ukraynaya qarşı İran dronlarından istifadə etdiyi haqqında rəsmi Kiyev ittihamlar səsləndirməyə başladı. İran dronlarının Ukraynanın mülki infrastrukturunun sıradan çıxarılmasında Rusiyanın əlində güclü bir silah olması isə Kiyevin Tehrana qarşı ittihamlarını sərtləşdirdi.

Lakin ötən iki ay ərzində Tehran rəsmiləri Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadə etdiyi haqqında iddiaları qətiyyətlə təkzib edirdilər. Oktyabrın 5-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Tehranın Moskvaya hər hansısa pilotsuz uçuş aparatı verməsini qətiyyətlə inkar etmiş və bu məlumatları uydurma adlandırmışdı. Oktyabrın 16-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Portuqaliyanın xarici işlər naziri Joao Gomes Cravinho ilə telefon danışığı zamanı ölkəsinin Rusiyaya hərbi yardım göstərmədiyini və Ukraynaya qarşı müharibədə istifadə olunan kamikadze dronları, o cümlədən, Şahed-136 pilotsuz uçuş aparatları verməsi haqqında məlumatları təkzib etmişdi. Oktyabrın 20-də isə İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Tehranın Rusiyaya dronlar verməsi haqqında məlumatları qətiyyətlə rədd edərək bu məlumatları dezinformasiya adlandırmışdı. Yalanları davam etdirən İran Ukraynanın ittihamlarını təkzib etməkdə davam edirdi. Oktyabrın 28-də İran və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı zamanı Dmitri Kuleba İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyaya dron verdiklərini bir daha inkar etmişdi.

İranla yanaşı Rusiya rəsmiləri də Tehranın Moskvaya dron verdiyini qətiyyətlə inkar edirdi. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov İranın Rusiyaya dron verməsi haqqında məlumatları informasiya müharibəsinin elementi kimi dəyərləndirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da oktyabrın 20-də keçirdiyi brifinqdə İranın Rusiyaya dron verməsi haqqında məlumatları əsassız və reallıqdan uzaq fərziyyə adlandırmışdı.

Belə görünürdü ki, İran və Rusiya Ukraynanın ittihamlarını təkzib etməkdə davam edəcək. Ancaq oktyabr ayının sonunda Vaşinqtona səfər edən İsrail prezidenti İtzhak Herzoq İranın Rusiyaya dron verdiyini sübut edən məlumatları ABŞ rəsmilərinə təqdim edərək Tehran və Moskvanın yalanlarını ifşa etdi. Bundan sonra ABŞ beynəlxalq səviyyəli təhqiqatın zəruriliyini gündəmə gətirdi.

Yalanlarını davam etdirə bilməyən Tehran nəhayət, geri addım atdı. İranın Rusiyaya dronlar verdiyini iki ay müddətində inadla təkzib edən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mövqeyini dəyişərək Tehranın Moskvaya dronlar verdiyini etiraf etdi. Lakin iranlı nazir Abdullahiyan bildirdi ki, ölkəsi Rusiyaya Ukraynaya müharibədən öncə, məhdud miqdarda dron verib. Xarici işlər nazirinin etirafının yarımçıq olması isə Ukrayannın yenidən qəzəblənməsinə səbəb olub. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, İran Rusiyaya az sayda dron verdiyini söyləyərkən yalan danışır. "Biz hər gün ən azı 10 İran dronunu məhv edirik. İran rejimi isə az sayda dron verdiyini iddia edir".

İranın Rusiyaya dronlar verməsi ilə yanaşı, iranlı təlimatçıların rus hərbçilərinə dronlardan istifadə etməyi öyrətməsi ilə də bağlı Tehrana qarşı ittihamlar var. İsrail bununla bağlı məlumatlara malik olduğunu da bildirir. Belə görünür ki, İran Ukraynaya qarşı müharibədə Rusiyanın ortaqlarından birinə çevrilib. Bu isə heç şübhəsiz ki, cavabsız qala bilməz. Ukrayna prezidenti Volodimir Zelenski İranın Rusiyanın terroruna dəstək verdiyini, bunu yalanlarla ört-basdır etməyə cəhdinin heç bir nəticə verməyəcəyini bildirib və əlavə edib ki, terrorçular və onların ortaqları cəzasız qalmayacaq. Qərb dövlətləri İrana qarşı cəza mexanizmini işə salıblar. İranın üç yüksək rütbəli rəsmisinə və bir şirkətinə qarşı sanksiya tətbiq edilib. Lakin hər kəs anlayır ki, bu yalnız başlanğıcdır.

ABŞ prezidenti Co Bayden Kaliforniyada seçicilər qarşısında çıxış edərkən İranla bağlı vətəndaşların çağırışlarına cavab olaraq deyib ki, narahat olmayın, tezliklə İranı azad edəcəyik. ABŞ prezidentinin bu açıqlaması təsadüfi hesab olunmur. Digər yandan belə məlumatlar var ki, Vaşinqton İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün görmək istədiyi tədbirlərə qarşı uzun müddətdən bəri mövcud olan qadağanı ləğv edib. Bu qeyri-rəsmi məlumat isə İranı prezident Co Baydenin açıqlamasından daha çox qorxudur. Çünki iddialara görə İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək planının qarşısını məhz ABŞ alır. İndi yayılan məlumatlara görə isə Vaşinqton bu qadağasını ləğv edib. 

Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın etirafını İranın geri addım atması kimi dəyərləndirənlərlə yanaşı, İran hakimiyyətində parçalanma olduğunu irəli sürənlər də var. Nüfuzlu  din xadimi Məsih Mohaceri Jomhouri-e-Islami qəzetində məqalə ilə çıxış edərək hökuməti Rusiyaya dron verilməsində günahlandırıb. İran hakimiyyətinin Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyə çağıran din xadimi hökumətin Rusiyadan beynəlxalq normalara riayət etməyi tələb etməsini də istəyib. Çox maraqlıdır ki, İranda "əxlaq polisi"nin ləğvi ilə də bağlı çıxışlar da səslənir. Aydın görünür ki, iki yaxın müddət ərzində səngimək bilməyən etirazlar və Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadə etməsindən sonra yaranan gərgin beynəlxalq münasibətlər Tehranın rəsmi dairələrində fikir ayrılığı yaradıb. Belə məlumatlar var ki, İran hakimiyyəti iki yerə bölünüb. Bir tərəf nəyin bahasına olursa-olsun rejimi qorumağa çalışanlardan ibarətdir. Digər tərəf isə rejimi qurban verib ölkənin bütövlüyünü qorumağa çalışanlardır. Son zamanlar baş verən prosesər onu göstərir ki, ikincilərin mövqeyi güclənməkdədir. Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsində İranın mövqeyini dəyişməklə Qərblə münasibətlərdəki gərginliyi azaltmağı, ölkə daxilində bir sıra liberal islahatlarla etirazların səngiməsinə nail olmağı təklif edirlər. Bu təkliflərin qəbul ediləcəyi məlum deyil. Lakin İranın seçim imkanlarının çox olmadığı da hər kəsə aydındır.

 

 





12.11.2022    çap et  çap et