525.Az

Dədə Süleymandan qalan dünya - Nadir Yalçın yazır


 

BÖYÜK XANƏNDƏ SÜLEYMAN ABDULLAYEV ZƏNGİN VƏ ƏBƏDİ BİR SƏNƏT İRSİ QOYUB GETDİ

Dədə Süleymandan qalan dünya - <b style="color:red"> Nadir Yalçın yazır</b>

Bu boz payızın nisgilli bağrından bir tel də qırıldı. Səs müqəddəsliyinin sehrindən bir əfsun da əskildi... Elə bil Seyid təzədən öldü, Xan yenidən bu əbədi dünyaya gözlərini yumdu. Seyran Səxavətin Süleyman Abdullayevə həsr etdiyi romanın ilk cümləsi, təəssüf ki, olduğu kimi yadımda deyil, amma təqribən, belə idi: "Nə Seyidin, nə də Xanın xəbəri var idi ki, Cümşüd kişinin arvadı doğub..." Yaddaşımın bədii gücünü itirdiyi bu cümlə ilin bu səbəbsiz kədərləndiyimiz vədəsində tərsinə çevrilib səs yaddaşımızın üzünə tərs şillə kimi vuruldu. Cümşüd kişinin oğlu Dədə Süleymanın vəfatı Seyidə də əyan oldu, Xana da...

Dövrünün sevilən sənətkarı, dəyərli xanəndəmiz, Əməkdar artist Süleyman Abdullayevin ölüm xəbərini eşidəndə onun ifasında məşhurlaşan və sevilən "Səni qəmli görəndə" mahnısı xatirimdən qulağıma pıçıldandı. Mahnıda belə bir cümlə var: "O günəş üzü hərdən bürüməsin duman-çən..." Muğam sənətimizin öz duzlu-məzəli söhbətləri, mülayim, mehriban xasiyyəti ilə ürəklərdə taxt quran gülən üzünü duman-çən bürüdü, neçə-neçə xatirə Dədə Süleymanla birlikdə əbədiyyətə qovuşdu.

Süleyman Abdullayev müəllimlər müəllimi Seyid Şuşinskinin sonuncu tələbələrindən olub. Necə deyərlər, o, ustadın sonbeşiklərindən idi və sonbeşiklik onun xasiyyətinə də, meydangirliyinə də təsir eləmişdi. Sonbeşikliyə xas ərköyünlüyü var idi Dədə Süleymanın. Onun söhbətləri ütülü, rəsmi, çərçivəli deyildi, necə var idisə, elə davranırdı. Yeri gələndə, zarafatlaşır, yeri gələndə ən kövrək adama çevrilirdi. Dədə Süleyman bütünlüklə səmimilik mücəssiməsi idi... Təkcə davranışları ilə deyil, ifaları ilə də çərçivəsizliyini sübut edirdi. Muğam və təsniflərin ifası zamanı etdiyi yerində improvizələr onun ifasına daha da şirinlik qatırdı. Dədə Süleymanın səsinin rəngindəki çalarları heç bir səsdə tapmaq olmaz. İpək kimi səs təşbehi onun səsi üçün biçilmişdi. Səsinin səliqəsi, avazının həzinliyi Dədə Süleymanın ifasını şirinləşdirmişdi və bu şirinlik qəmli melodiyadan belə həzz almağa imkan verirdi.

Unudulmaz sənətkarımız Bəhram Nəsibovla dostluğu Dədə Süleymanın xanəndə kimi uğurlu taleyində böyük rol oynayıb. Onun mahnı-təsnif repertuarının 70 faizini Bəhram Nəsibovun bəstələri təşkil edib. Bu iki sənətkarın bir-birinin sənətinə olan məhəbbəti dillər əzbərinə çevrilən nəğmələrin ürəklərə yol tapmasına səbəb olub. Bəhram Nəsibovun mahnılarının ab-havası eynilə Dədə Süleymanın səsinin rənginə uyğun olub. Həmin səs yazılarını dinləsək, görərik ki, sözlə melodiyanın vəhdətindən əlavə, səsin tembri ilə mahnının vəhdəti necə möhtəşəmlik yaradıb. Hər iki sənətkar Füzulidən idi, eyni torpaqdan çörək yemişdilər və bu işbirliyinin ülvi səbəbləri həm də o torpaqlardan boy vermişdi.

Süleyman Abdullayev sabit, bir yerdə dayanan sənətkarlardan deyildi. O səbəbdən, ifaları müxtəlif ansambllarla səs yaddaşımıza köçürülüb. Lakin Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə lentə aldırdığı ifalar barədə xüsusi danışmaq zəruridir. Əhsən Dadaşovun ansamblında püxtələşən, parlayan ifaçıların 95 faizi illər sonra xalq tərəfindən sənətkar adlandırılıb. Həmin siyahıda Dədə Süleymanın da adı var.

Əhsən Dadaşovun ansamblı çox "Çahargah" rəngləri, dəramədləri ifa edib, əksəriyyətini də dinləmişəm. Amma Dədə Süleymanın ifa etdiyi "Çahargah" dəsgahının başlanğıcında ifa etdiyi rəng kimi melodiya eşitməmişəm. Ümumiyyətlə, məncə, Əhsən Dadaşov ən yaxşı "Çahargah"ını Dədə Süleyman üçün ifa edib. Azərbaycanda çox yaxşı "Çahargah" ifa edənlər olub. Seyid Şuşinskidən tutmuş üzü Sabir Mirzəyevə qədər seçmə "Çahargah"lar tarixdə qalıb. Dədə Süleymanın ifa etdiyi "Çahargah" da həmin yaxşı "Çahargah"lar sırasındadır. "Çahargah" dəstgahından başqa bir sıra mahnı və təsnifləri də Dədə Süleyman üçün məhz Əhsən Dadaşov və onun ansamblı ifa edib.

Toy meydanının böyük sınaq, məktəb olduğu dövrlərdə Dədə Süleyman məclislərin bəzəyinə çevrilib. Bu amil, xalqın ona olan tələbatı bir daha sübut edirdi ki, Azərbaycan Dədə Süleymanı özünün gözəl sənətkarı kimi qəbul edir və sevir. Onun bu yolda zəhmətləri də az olmayıb. Sovet dövrü sənətkarın üzərinə çox böyük yük qoymuşdu. Bu yükün altından qalxmağa əzm gərək idi. Dədə Süleyman həmin əzm sahibi xanəndələrdən olub. Silsilə qastrol səfərlərinin, müxtəlif konsertlərin fasiləsiz təşkil olunduğu dövrlərdə Dədə Süleyman sinəsini kənara çəkməyib və bütün çətinliklərə sinə gərib.

Dədə Süleymanın ifa etdiyi "Dəşti"ni indi öz ruhuna laylay əvəzi dinləmək çox ağırdır. Əlibaba Məmmədovun bəstələdiyi "Dəşti" təsnifləri və Süleyman Rüstəmin qəzəli üstə oxuduğu "Dəşti" muğamı Dədə Süleyman sənətkarlığının zirvəsidir. Qəzəlin ilk beyti bu misra ilə başlayır: "Aşiq olanın bağrı dönür qanə deyirlər..." Dədə Süleyman sənətinin aşiqi idi və "Dəşti"ni, sanki, bağrı qan ola-ola ifa edib. Cismani olaraq bizdən ayrılan sənətkar o "Dəşti"ni ürəklərə dəfn edərək dünyadan köçdü.

Dədə Süleymanın ölüm xəbərini eşidəndə, "Səni qəmli görəndə" mahnısı qulağımda cingildəyəndə ürəyimdən bu sözlər keçdi və həmin sözlərin ağrısı fani dünyanın etibarsız üzü ilə bir daha hər birimizi tanış edir: "Əlvida, Dədə!"

 





12.11.2022    çap et  çap et