525.Az

Fənn olimpiadaları: şagirdlər üçün uğur körpüsü


 

AZƏRBAYCANDA BİR ÇOX BİLİKLİ VƏ İSTEDADLI GƏNCİN NAİLİYYƏTLƏR SİLSİLƏSİ FƏNN OLİMPİADALARINDAN BAŞLANIB

Fənn olimpiadaları:  şagirdlər üçün uğur körpüsü<b style="color:red"></b>

Ölkədə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi  və rəğbətləndirilməsində müxtəlif  fənn olimpiadalarının, bilik  yarışlarının  mühüm əhəmiyyəti var. Təhsil  Nazirliyi tərəfindən  istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları istedad və qabiliyyətləri ilə xarici ölkələrdən olan həmyaşıdlarından geridə qalmayan gənclərimiz üçün bilik yarışları, olimpiadalar həm də  bir növ həyat məktəbidir. Onların uğurlarının təməli məhz bu məktəbdə qoyulur.

Son illərdə Elm və Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə ölkə təhsilinə öz töhfələrini verirlər. İndi onların sorağı dünyanın müxtəlif ölkələrindən gəlir.

Onlardan biri də olimpiada qalibi, hazırda  Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (Korea Advanced Institute of Science and Technology - KAİST) tələbəsi Elçin Musazadədir. O, 2005-ci il fevralın 14-də anadan olub.  İbtidai təhsilə 254 nömrəli  tam orta məktəbdə başlayıb. Daha sonra  orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib. Bakıdakı 2  nömrəli texniki humanitar liseyin məzunudur. Beynəlxalq və yerli olimpiadalardan müxtəlif əyarlı medallar və həvəsləndirici mükafatlar qazanıb. Beynəlxalq Riyaziyyat Olimpiadasından 1 bürünc, 2 həvəsləndirici, Balkan Riyaziyyat Olimpiadasından 2 bürünc,  Yeniyetmələrin Balkan Olimpiadasından 1 gümüş, 1 bürünc medal qazanıb. Beynəlxalq Lütfi Zadə riyaziyyat və informatika olimpiadasında isə riyaziyyat fənni üzrə 1- ci yeri tutub və qızıl medala layiq görülüb.

Elçin Musazadənin dediyinə görə, olimpiadaların  onun həyatında çox böyük rolu olub: "Riyaziyyatı uşaqlığımdan  sevdiyimə görə  mənim üçün olimpiadalara başlamaq və  saatlarla  riyaziyyat tapşırıqları üzərində işləmək daha çox zövq verirdi. Bilik müsabiqələrindən yaxşı nəticələr əldə etməyim həvəsimi daha da artırırdı. Üstəlik, olimpiadaların nəticələri universitetlərə sənəd göndərəndə qəbul prosesini daha da asanlaşdırırdı. Uğurlarıma görə mənim həvəslə çalışmağımda,  çalışmayanda, bəzən də pis nəticə əldə edəndə mənə təkan verən və dəstəkləyən anama borcluyam.  Mənə dərs keçən  Cəfər Cəfərov, Nazim Kazımov, İsmət Ağayev, Şəmsi Səfərov və  bir çox adlarını çəkmədiyim  digər  müəllimlərimin də üzərimdə çox böyük rolu olub. Məncə, olimpiadaya başlamağın yaşı yoxdur, olimpiada tarixində 13 yaşında dünya olimpiadasından qızıl belə alan, eləcə də  orta təhsilinin sonuncu ilində olimpiadaya başlayıb  yüksək nəticə qazanan şagirdlər var. Amma hazırda ölkəmizdə təşkil olunan fənn müsabiqələri ilə olimpiadaya ciddi şəkildə başlamaq məncə, ən məqsədəuyğunudur, mənim başladığım kimi".

O bildirib ki, son vaxtlar Koreyaya gedən olimpiada ilə məşğul olmuş tələbələrin sayı artan trenddədir. Onların arasında şəxsən tanıdığım dostlarım da var idi, onların məsləhəti və  bu ali məktəbin dünya universitetlərinin qlobal reytinqində yüksək yerdə olması, yaratdığı yüksək tədris şəraitinə görə sənədlərimi bu ali təhsil müəssisəsinə göndərdim. Koreya  hazırda "Kompüter mühəndisliyi" ixtisası üzrə  dünyanın öndə gedən ölkələrindəndir və özünəməxsus mədəniyyəti məni burada oxumağa cəlb etdi: "KAİST-in  reytinqinin yuxarı olmağının əsas səbəblərindən biri də keyfiyyətli elmi-tədqiqatlar aparmağa və tədrisi təşkil etməyə imkan verən laboratoriyalarıdır. Burada tədqiqat sahələri çox genişdir və nəticələri də öz sözünü deyir. Tədrisin ilk ilində ali məktəbdə fundamental dərslər kimi  fizika, kimya və onların laboratoriya tapşırıqları, biologiya və riyaziyyat tədris olunur. Ekstremal hadisələr baş verməsə, gələcəyimizi heç bir sahədə texnologiyalarsız  düşünə bilməyəcəyik. Ona görə də hamı kompüter haqqında məlumat və biliklərə sahib olmalı olacaq".

Elçin Musazadənin sözlərinə görə, KAİST-də əcnəbi tələbələrin sayı kifayət qədər çoxdur və  onlara qarşı münasibətdə heç bir narahatçılıq hiss etmirlər: "Koreyalı tələbələrin ingilis dilində danışmağa çox meyil etməməsi onlarla əlaqələri zəiflədir desəm, yanılmamış olaram. Professorlarla əlaqədə isə təcrübəm olmadığı üçün fikir bildirə bilmirəm, ancaq indiyə kimi heç bir problem görməmişəm".

 Koreya Qabaqcıl  Elmlər və Texnologiyalar İnstitutunun (KAIST) tələbəsi olan Toğrul Abbasov isə 2005- ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. VI  sinfə qədər 274 və 225 nömrəli məktəblərdə oxuyub. Daha sonra təhsilini VII  sinifdən Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyində davam etdirib. Həmin liseyin məzunudur. Olimpiada karyerası boyunca beynəlxalq olimpiadalardan 4 qızıl, 6 gümüş, 4 bürünc olmaqla 14, respublika səviyyəli olimpiadalardan isə 3 qızıl və 1 gümüş medal qazanıb.

Toğrul Abbasovun olimpiada tarixçəsi uğurlarla zəngindir. İstedadlı gənc iştirak etdiyi olimpiadalar və qazandığı  müvəffəqiyyətlər barədə danışarkən deyib ki, respublika  fənn olimpiadalarından 2019-cu ildə gümüş, 2020, 2021 və 2022-ci illərdə qızıl medal qazanıb: "2021 və 2022-ci illərdə  "Birincilər birincisi"  olmuşam. Beynəlxalq olimpiadalardan ən prestijlisi sayılan İMO-dan (İnternational Mathematical Olympiad) gümüş və bürünc olmaqla 2 medal qazanmışam. Bundan əlavə, Balkan Riyaziyyat Olimpiadasından gümüş və bürünc (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasından qızıl və gümüş (JBMO), Qafqaz Riyaziyyat Olimpiadasından 2 qızıl, daha bir neçə beynəlxalq olimpiadalardan medallar qazanmışam. İMO-dan qazandığım gümüş medalın mənim üçün dəyəri və önəmi çox böyükdür. Çünki bu gümüş medal ölkəmizə 11 ildən sonra gətirilən 9-cu gümüş medaldır. Və JBMO- dan 6 il sonra ölkəmizə 2-ci qızıl medalı qazandırmışam.

Olimpiadalar, ilk növbədə, şagirdlərin dünyagörüşünü artırır. Beynəlxalq olimpiadalarda iştirak etdikdə müxtəlif  ölkələrin mədəniyyətləri ilə tanış oluruq. Başqa ölkələrdən olan iştirakçılarla müxtəlif mövzularda fikir mübadiləsi aparırıq. Bundan əlavə, riyaziyyat sahəsi üzrə dünya səviyyəsində tanınmış riyaziyyatçılarla görüşmək şansımız olur. Mənim üçün olimpiadaların həyatımda oynadığı ən böyük rol universitetə qəbul almağımdır. Çünki olimpiadalar dünya səviyyəsində tanınır və universitetlər olimpiada nəticəsi olan şagirdlərə daha çox üstünlük verir. Öz təcrübəmdən deyə bilərəm ki, olimpiadalarda uğur qazanmaq üçün, ilk növbədə, davamlı çalışmaq lazımdır. Çünki olimpiadalara hazırlıq prosesi uzundur. Bundan əlavə, nəticələrə görə ruhdan düşməmək əsasdır. Olimpiadalarda uğurlarımda müəllimlərin rolu danılmazdır. Məsələn,  müəllimlərimdən Şəmsi Səfərov, Cəfər Cəfərov, İsmət Ağayev, Nazim Kazımov, İlham Hüseynov  bizə bu yolda böyük dəstək olublar. Müəllimlərdən əlavə, bizdən yaşca  böyük olan olimpiadaçı şagirdlərin də köməyi böyük olub. Azərbaycanda olimpiadalara,  əsasən 7-ci sinifdən başlanılır. Bu, xarici ölkələrə nisbətən daha gecdir. Mənim fikrimcə, olimpiadalara hazırlığa daha tez başlanılsa, nəticələr daha da yaxşı olar".

Toğrul Abbasov qeyd edib ki, bir neçə xarici universitetə sənəd göndərib. Qəbul aldıqları arasından KAİST-i seçib: "Koreyanın ən nüfuzlu ali məktəblərindən olan KAİST  kompüter elmləri sahəsi üzrə ən yaxşı sıralardadır. Buna görə də  ali təhsilimi bu ali təhsil müəssisəsində davam etdirməyə qərar verdim. Bundan əlavə,  burada oxuyan, həmçinin, məzun olmuş gənclərin KAİST haqqında məsləhətləri də Koreyaya gəlməyimdə əsas səbəb oldu. Hazırda KAİST-n "Kompüter və riyaziyyat" ixtisasında təhsil alıram.  Qeyd edim ki, kompüter elmləri sahəsində ixtisaslaşmış insanlara tələbat günü-gündən artır. Bu da kompüter elmləri sahəsini gələcəyin ən vacib sahələrindən biri edir. Kompüter elmlərinə olan marağım məncə, riyaziyyata olan marağıma görədir. Çünki bu sahədə də riyaziyyatın böyük rolu var. Məsələn, proqramlaşdırma dillərində olan alqoritmik suallar, əsasən, riyazi yollarla həll olur. Bu cür riyazi yanaşmalar nəticəsində kompüter elmlərinə olan marağım daha da artdı. KAİST-də dərslər, əsasən, oflayn şəkildə keçirilir. Amma bu, əsasən professorlardan asılıdır. Bəziləri onlayn dərslərə üstünlük verir. Burada, əsasən, dərsdənkənar hazırlaşmaq üçün müəyyən kitablara diqqət ayrılır. Amma professorların öyrətmə tərzi dərsə daha çox təsir edir. Koreyada ingilis dilini çox az insan bilir. Buna görə də ölkədə xarici tələbələrin ünsiyyətdə problemləri yaranır. Amma bu, kampusun içində tamam fərqlidir. Burada çox insan ingiliscə danışır və xarici tələbələrə münasibət də yaxşıdır".

Sevinc QARAYEVA

 





12.11.2022    çap et  çap et