525.Az

Nakam sevgi - Səməd Səfərov yazır


 

Nakam sevgi - <b style="color:red"> Səməd Səfərov yazır</b>

Xarici ölkədə təhsil zamanı insanın başına min cür hadisə gəlir. Burada bir məhəbbət hekayəti də, əlbəttə, mütləq olmalıdır. Özü də qarşılıqsız, turş, yarımçıq sevgi. Düzdür, həyat yoldaşım sizə rəvayət edəcəyim əhvalatın səmimiliyinə inanmır, mənim hiyləgər təhriflərə yol verdiyimi düşünür. Amma mən dürüst adamam, yalan-palanla işim olmaz. Düzü düz, əyrini əyri deyənəm. Bu əhvalatı da təmiz vicdanla danışacağam.

...2010-cu ilin mart ayı idi, Novruz bayramına az qalmışdı. Mançester Universitetində oxuyurdum. Bir yaxın qohumum zəng eləyib, Londonda bayram tədbiri keçiriləcəyini xəbər verdi. Bakıdan rəqqaslar, musiqiçilər gələcək, əyləncəli konsert olacaqdı. Məndən bir neçə yaş böyük olan qohumum Azərbaycandan gələcək heyətin üzvü idi. Tədbirə məni də dəvət elədi. Təklifi eşidəndə, açığı, tərəddüd elədim; üzərində çalışdığım kurs işlərim vardı, ona görə həvəssiz idim.

- Biq Benin yanında beşulduzlu bahalı oteldə qalacağıq. İki nəfərlik geniş otaq veriblər. Hovuz, sauna - hər şey pulsuzdur. Sən də gəl, yaxşı vaxt keçirərik, - dedi. Dərhal razılaşdım.

Tədbirdən əvvəlki günün axşamı Mançesterin Pikadilli dəmiryol vağzalına yollandım. Bir balaca yubanmışdım. Bilet yoxlanışından keçəndən sonra platformaya girib qatara sarı addımladım. Ətraf seyrəklik idi, tək-tək adam gözə dəyirdi. Yəqin sərnişinlərin çoxu artıq qatara minmişdilər. Mühərrik dayanmadan uğuldayır, tünd yanacaq qoxusu burnumu qıcıqlandırırdı. Qatar yola çıxmağa hazırlaşırdı.

Vaqonum ilan kimi uzanan qatarın lap baş tərəfində idi. Platforma ilə xeyli yeridikdən sonra nəhayət, vaqon üfüqdə işarmağa başladı. Bir də gördüm, bir qız ciddi-cəhdlə böyük bir çamadanı vaqonuma qaldırmaq istəyir. Uzaqdan qızı maraqla seyr etməyə başladım; o, gah çamadanın qulpundan yapışıb yuxarı çəkir, gah ayaqlarını vaqonun qapısının pilləsinə qoyub, əyilərək çamadanı özünə sarı dartır, gah da təzədən platformaya enib, çamadanı ikiəlli qucaqlayaraq vaqona qaldırmağa çalışırdı. Onun bütün cəhdləri nəticəsiz idi. Yaxınlaşdıqca hər uğursuz cəhddən sonra qızın astadan “uf” deyib fəryad etdiyini də açıq-aydın eşidirdim. Bu azmış kimi, hələ platformada növbə gözləyən başqa iki böyük çamadanı da vardı.

Qızı başdan ayağı süzdüm. Boyca məndən bir az kiçik olardı, sərrast bədən quruluşuna sahib idi. Uzun sünbülü saçları dağılıb, üzünə tökülmüşdü. Çamadanın tozlu təkərləri paltarını kirlətmiş, səliqəsiz boz izlər buraxmışdı. Üzünü aydın seçə bilməsəm də, hərəkətlərindən çox hirsli olduğu görünürdü. Yəqin ki, mühərriyin artan nəriltisi onu daha da gərginləşdirirdi.

Qeyri-iradi olaraq yardıma möhtac bu gənc xanıma kömək əli uzatmaq istədim. Qollarımı çırmalayıb, irəli şığımağa hazırlaşırdım ki, beynimə müəmmalı bir səs yayıldı:

- Dayan görək, tələsmə. Bu çarəsiz qıza kömək etmək istəyirsən, afərin, xeyirxah işdir. Əvəzini görəsən. Amma bəs demirsənmi, birdən onun qüruruna toxunmuş olarsan?.. Bəli, bəli... Axı, buralarda belə hərəkətlər yanlış anlaşıla bilər. Metroda, avtobusda qadına, yaşlıya yer verəndə alınlar qırışmır, dodaqlar büzülmür, gözlər alovlanmır? “Yəni sən özünü məndən artıq hesab edirsən?” - deyə təhdidli baxışlar sənə zillənmir?.. Yox, yox, yaxşısı budur, dinc dayan, qabaqdangəlmişlik eləmə. Qız özü xahiş eləsə, kömək edərsən. Qaş düzəldəcəyin yerdə göz çıxartma.

Haradan gəldiyi məlum olmayan bu müdrik səsə qeyd-şərtsiz itaət elədim. Xoş niyyətimi ələ alıb cilovladım, hövsələmi möhkəm-möhkəm basdım. Qızı gözucu izləyərək ağır addımlarla vaqonuma yanaşdım. O isə hələ də aram vermədən gücənir, çamadanı yabanı heyvan kimi ram eləyib, əhliləşdirməyə çalışırdı. Həndəvərində dayandığımı sezsə belə, başını qaldırıb dil açmır, əmrə müntəzir ruhuma mərhəmət göstərmirdi. Bütün diqqətini çamadana yönləndirmiş, inadından qətiyyən vaz keçmirdi.

Vaqon qapısına çathaçatda hiss elədim ki, artıq tab gətirə bilmirəm, ürəyim dözmür. Öz-özümə “Nə deyir-desin, nə fikirləşir-fikirləşsin” - deyib köks ötürdüm, irəli sıçradım və qızın çamadanının qulpundan bərk-bərk yapışdım. İngiliscə:

- İndi sizə kömək edərəm - deyib, təklifsiz-filansız hərəkətə keçdim.

Sonra, hop! Bayaqdan qızın zəhləsini tökmüş çamadanı birbaşa vaqonun dəhlizinə tolazladım. Ardınca becid hərəkətlər və hop! İkincisini də yola saldım. Hop! Bu da üçüncüsü! Lap cəngavər kimi!

Bu məharətə, bu sürətə nə qədər fərəhlənsəm də, qızın üzünə baxmağa zərrəcə də olsa, cəsarətim çatmadı. Axırıncı çamadanı vaqona qoyar-qoymaz qız da arxamca yuxarı qalxdı və astadan dilləndi:

- Üzr istəyirəm, sizə çox əziyyət verdim... Çox sağ olun...

Qızın səsində qəzəbin, acığın yoxluğu məni rahatlatdı, ürəyimə su səpdi. Qısaca “dəyməz” deyib, yaxşılığın bəxş etdiyi xoş ovqatdan həzz alaraq salona keçdim.

İçəridə adam az idi. Boş masalardan birini tapıb əyləşdim. Yerimi rahatlayıb, geniş pəncərədə çölə baxdım. Tezliklə qatar hərəkət etməyə başladı. Gözlərim qarşısındakı mənzərə yavaş-yavaş qaranlığa qərq oldu...

***

Bir qədər keçmiş qəfildən pəncərədə bir qadın əksi peyda oldu. Hiss elədim ki, yanımda dayanan var:

- Bağışlayın, bura müsaiddirmi? - incə, zərif bir səs qulağımı oxşadı.

Başımı çevirdim və qabağımda bayaqkı qızı gördüm. “Bayaqkı” deyəndə o qızdan artıq əsər-əlamət yox idi. Sünbülü saçlar daranmış, sığal görmüşdü, parlaq, şux görkəm almışdı. Azacıq meh əssə, bəlkə də, qızın telləri qanadlanıb, havada nazlana-nazlana rəqs edəcəkdi. Bəs o mavi gözlər necə? Göz deyil, bir cüt muncuq idi. Baxdıqca şəffaf bir dəniz görürdün, gördükcə batırdın, səni dənizin dibinə aparırdı o şəhla gözlər... Çöhrə də nə çöhrə! Tərifə sığmaz! Ay alınlı, kaman qaşlı, ox kiprikli, alma yanaqlı, iydə burunlu, qumru ağızlı... Tamaşa etdikcə oxuduğum bütün aşıq ədəbiyyatı gözümün önündən qatar kimi keçirdi... Valeh olmuşdum...

- Əlbəttə, buyurun, - gözlərim hələ də ona kilidlənmiş halda təklif etdim.

Qız da məni görcək tanıdı, azacıq karıxan kimi oldu, yanaqları allandı.

- Bu, sizsiniz... bir daha təşəkkür edirəm! - dedi və yüngülcə gülümsədi.

Ehmalca, tələsmədən qarşımda əyləşdi. Çantasında sakitcə qurdalanmağa başladı. Qızılgül qoxulu ətrinin iyi burnuma doldu. Elə ovsunlandım ki, nə illah elədimsə, diqqətimi qızdan ayıra bilmədim. Növbə ilə pəncərəyə, tavana, döşəməyə, qapıya, masaya baxmağa çalışdım, amma gözlərim söz dinləmədi. Onun cazibəsi baxışlarımı maqnit kimi əvvəl-axır dartıb özünə çəkirdi. Bu utancverici heyranlığımı ört-basdır eləmək üçün telefonu əlimə aldım, fikrimi dağıtmağa çalışdım. Ancaq bir qədər keçmiş maraq yenə kəməndini atıb, məni haqladı. Yavaşca başımı qaldırmışdım ki, baxışlarımız toqquşdu.

- Siz italyansınız? - qız anidən soruşdu.

Çaşdım, tutuldum. Nə gözəl sual idi bu! Bütün yaraşıqlı italyan futbolçular gözlərim önündən tək-tək keçdi. Əhvalım yüksəlməyə başladı.

- Xeyr. - dedim və qızın növbəti sualının nə olacağını o qədər maraq elədim ki, ağzıma su alıb kiridim.

Qız dinmədiyimi görüb, təəccüblü baxışlarla məni xeyli süzdü, amma ağlına nə gəldisə (bəlkə də, gizli bir oyun oynadığımızı zənn etmişdi), azacıq fikrə getdi və gözlərini qıyaraq soruşdu:

- Onda... siz, yəqin ki, ispansınız?

Bu dəfə də görkəmli ispan futbolçuları ağlımda təmtəraqla qarşılayıb yola saldım. Bir tərəfdən də fikirləşdim ki, bu qız mənə sual-zad vermir, məni əməlli-başlı vəsf eləyir, mədhiyyə oxuyur. Köksüm qürurdan qabardı.

- Xeyr. - dedim və dərhal sordum - Bəs siz haralısınız?

- Mən? - qız karıxdı, yəqin sualı sualla cavablayacağımı gözləmirdi. Ehtiyatla, çəkinərək dilləndi. - Mən Rusiyadanam.

Cavabı eşitcək qulaqlarıma inanmadım. Məni xoş təəccüb bürüdü. Dərhal rus dilində zarafatyana etiraz elədim:

- Ola bilməz!

Qız qaşlarını düyünləyib, çaşbaş halda soruşdu:

- Siz rus dilini hardan bilirsiniz?

Qamətimi dikəltdim, boğazımı arıtladım və özümü məmnunluqla təqdim etdim. Moskvada bakalavr təhsili aldığımı, orada dörd il yaşadığımı söylədim.

- Necə də xoş təsadüfdür, - qızın gözləri parıldadı - Bəs hansı universitetdə oxuyurdunuz?

Ali məktəbin adını çəkincə qız daha da heyrətləndi, əli ilə açılan ağzını örtdü:

- Necə yəni?! - ucadan dedi - O universitet düz bizim evin yanındadır!

Həyəcanım kükrədi. Əllərim, qollarım gicişdi. Qız da vəcdə gəldi. Dayanmadan müxtəlif suallar verməyə başladı: “Orada yaxında filan mağaza var, ərzaqları oradanmı alırdınız?”, “Hündür şam ağacları olan filan park var, heç orada gəzmisinizmi?”, “Poçtu filan nömrəli poçt ofisindənmi göndərirdiniz?”... Suallar bitib-tükənmirdi, mən də onlara təkrar-təkrar “bəli, bəli, bəli” cavablarını verirdim. Təsdiq cavabları aldıqca qızın parlaq gözləri bir az da alovlanırdı, mənimsə ürəyim az qala yerindən qopacaqdı...

İldırım sürətiylə Mariya ilə tanış olduq. Tezliklə rəsmiyyəti saf-çürük eləyib, “siz”dən “sən”ə keçdik. Əvvəl Moskvadakı həyatımızı sorğu-suala tutduq. Tanış məkanların adlarını eşitdikcə ikimiz də sevindik. Məlum oldu ki, nəinki ərzağı, kofeni, kitabı, meyvə-tərəvəzi də eyni yerlərdən alırmışıq. Qışda yüngülcə mülayim hava olan kimi əriyib palçığa qarışan dümağ qarın da qarasınca deyindik, universitetə yaxın şirniyyatçıda satıcı işləyən kobud Lyubanın da qeybətini qırdıq. Sonra mövzü dönüb, bu günə gəldi.

- Noyabrda Mançester Universitetindən məzun oldum. O vaxtdan bəri iş axtarıram. Universitetdə qiymətlərim çox yaxşı idi, amma di gəl, iş müsahibələrində mənimki gətirmir. Texniki müsahibələri keçirəm, amma sonrakı mərhələdə qeyri-texniki bacarıqlara aid suallar olur ha, onları yaxşı cavablaya bilmirəm... - bir az duruxdu - Düzü, vakansiyaların çoxu, onsuz da, Londondadır. Orada bir tanış rus qız var, onunla məsləhətləşdim. Sonra qərar verdim ki, Londona köçmək lazımdır. İndi də şələ-şüləmi yığıb gedirəm... Ümid edirəm, Londonda istəyimə nail olaram.

Acığım tutdu. Öz-özümə şikayətləndim ki, belə göyçək, mehriban, savadlı qız üçün iş tapmayan dünya, viran qalasan elə!

- Heç nə olmaz. Ruhdan düşmə, - dedim - Əminəm ki, London sənin üçün düşərli olacaq. Tezliklə iş tapacaqsan, bu günləri də unudacaqsan.

Mariyanın gözlərində qığılcım oynadı, üzü qızardı və təşəkkür etdi. Bu vaxt gurultulu danışan bir neçə gənc oğlan qonşu vaqondan içəri girdi və yanımızdan keçərkən səslərini alçaltdılar. Hiss elədim ki, gözlərinin qırağı ilə Mariyaya nəzər salmışdılar. Yəqin ki, onun gözəlliyinə heyran olduqları qədər mənə də qibtə eləmişdilər.

Həyəcanım yerə-göyə sığmırdı. Mariya danışdıqca ona ruh yüksəkliyi ilə qulaq asırdım. Elə bil, anidən dünyam genişlənmiş, rənglənmişdi, özümü daha gümrah, daha həvəsli, daha qüvvətli hiss edirdim. Çoxdandır dil tapa biləcəyim, can deyib, can eşidəcəyim bir xanımla tanış olmaq istəyirdim. Bu axşam bəxt üzümə gülmüşdü!

***

İki saatlıq yolun yarımsaatı necə gəldi, necə keçdi - ruhumuz da duymadı. Dopdolu ötüb-keçən bu qısa vaxtda bir-birimizin kimliyi, yaxın keçmişi və təhsili haqqında əsas təfərrüatları öyrəndik. Artıq sanki yad adamlar deyildik. Məktəbdə bir sinifdə oxumuş və ya eyni məhəllədə yaşamış, uzun müddətdən sonra təsadüfən görüşmüş köhnə tanışlar kimi idik.

Söhbətimizdə yüngül fasilə yarandı. İkimiz də gözlərimizi pəncərəyə tuşlayaraq düşüncələrə daldıq. Fikirləşdim ki, bu axşam fələk, doğrudan da, yaxşı dövran eləyir, səxavət göstərir. Həm Mariya ilə danışığımız ahəngli keçirdi, həm də bölüşdüyümüz minlərlə ortaq şey vardı. Tək mənim yox, elə Mariyanın da baxışı, təbəssümü, davranışı vurğunluğundan xəbər vermirdimi? Könlünü çoxdan fəth etmişdim. Əmindim! Yəqin ki, o da indi oxşar şeyləri ağlında götür-qoy edir, ulduzlarımızı göy üzündə cüt görürdü.

Mariyanın o ülvi səsini yenidən eşitmək arzusu ilə ağlıma gələn ilk sualı səsləndirdim:

- Britaniya haqqında nə fikirləşirsən?

Mariya üzünü mənə sarı çevirdi. Baxışında dinclik və mülayimlik vardı, elə bil, onu xoş xəyaldan ayıltmışdım:

- Əlbəttə, bəzi şeyləri nəzər almasaq... - deyə başladı - burada yaşamaq çox gözəldir. Havası yumşaqdır... Moskvadakı kimi sərt qış olmur. Çoxlu böyük parklar var, yamyaşıl qazonda oturub piknik edə bilirsən. Hər yer mağaza, kafe, restoranla doludur... Sonra... nəqliyyatı rahatdır, hara istəsən, qatarla gedirsən... Xarici ölkələrə səyahət etmək ucuzdur... Nə qaldı? Deyəsən, çoxunu dedim, axı, - gülümsəyərək cavab verdi:

- Dediklərinin hamısının altına imza atıram! - deyib havada xəyali imza çəkdim və təbəssüm etdim. - Bilirsən, bir dəfə haradasa oxumuşdum ki, elə adamlar var, Parisdə yaşayır, amma Londonda işləyir. Qatarla gedib-gəlirlər. Təsəvvür edirsən?

- Ahh... Mən də o adam olmaq istəyərəm! - Mariya dodağını yüngülcə dişlədi və ardınca ürəkdən güldü.

Onda dərk elədim ki, biz insanlar bəzən çox axmaq oluruq. Həyatda xoşbəxt olmaq üçün o qədər şey istəyirik ki. Qızıl külçə dolu sandıq, Dubayda villa, nə bilim, şəxsi yaxta ilə Aralıq dənizi səyahəti... Əşi, hamısı boş şeydir! Həyat çox bəsitdir, çox. İnsanın məsud olması üçün az şeyə ehtiyacı var. Məsələn, elə Mariyanın bu gülüşü. O güldükcə içimə necə sərinlik dolur, ruhum necə təzələnir! Özümü qayğısız, xoşbəxt hiss eləyirdim. Axı, həyatda mənə başqa nə lazımdır ki?

- Bəs o bəyənmədiyin şeylər nədir, ay Mariya? - xəyalları tərk eləyib, yenə o möcüzəvi səsin həsrətilə sual verdim.

Mariya qolunu masaya söykəyib, əlini çənəsinə dirədi. Yarıfikirli, yarıciddi görkəm alıb dilləndi:

- Bilirsən, ingilislərin... ya da burada yaşayan yerli insanların... bəzi cəhətlərini sevmirəm. Məsələn, bax, mən sənə gülümsəyirəm. Sən də mənə gülümsəyirsən. Mən inanıram ki, sən də mənim kimi bunu içdən, səmimi edirsən...

O, birdən sözünə ara verdi və mənə elə baxdı, elə baxdı ki, elə bildim, nəyəsə eyham edir, məndən etiraf istəyir. Ürəyim atlandı, çaşdım, ağzımı açıb, tələm-tələsik təsdiq cavabı vermək istəyirdim ki, Mariya mənə macal vermədən nitqinə davam elədi:

- Burada isə insanlar həmişə gülümsəyirlər. Küçədə gəzirsən, piyadalar sənə gülümsəyir, mağazaya girirsən, satıcı gülümsəyir, avtobusa minirsən, sürücü gülümsəyir. Elə bil, hamının üzündə təbəssüm maskası var!

- Lyuba buralı olsaydı, o da gülümsəyərdi! - dərhal şərh verdim.

- Demə-demə! - Mariya uğundu. - Rusiyada isə insanlar boş yerə gülümsəmirlər, axı. Səbəb varsa, mənalıdırsa, gülümsəyirlər... Mən saxta təbəssümü heç sevmirəm. Süni görünür... Nəyimə lazımdır Lyubanın mənə gülümsəməyi?!.

- Amma bunun yaxşı tərəfi də var, - deyə izah elədim - Məsələn, Lyuba gülərüz biri olsaydı, bəlkə də, axşam vaxtı İngiltərənin adı, yeri bəlli olmayan çöllərində onu müzakirə etməzdik.

- Hə, hə, elə bil, işimiz-gücümüz qurtarıb!

Qarşılıqlı güldük, bir-birimizin gözlərinə məftunluqla baxdıq. Bir qədər keçmiş davam elədim:

- Səni gözəl başa düşürəm. Bizim ölkədə də insanlar daima gülümsəmirlər, xüsusən də, yad adama. Tanımadığın şəxsə gülümsəsən, hətta elə bilərlər ki, istehza edirsən, eybinə gülürsən.

- Ay sağ ol! - Mariya razılaşdı. - Burada isə nəbadə başqasına gülümsəmədin ha! Elə fikirləşərlər ki, sən xatalı adamsan, əyri işin var.

Ona bu mövzuda danışmaq hədsiz ləzzət verirdi. Danışdıqca qaş-gözünü oynadır, əllərini havada yellədirdi. Bu halını növbəti əhvalatı danışanda da pozmadı:

- Deməli, mənim buradakı dostlarım ya rusdur, ya da bizə yaxın şərqi avropalılar. Bir dəfə kafedə bir neçə dostumla oturub, ordan-burdan söhbət edirdik. Adi mövzular idi, heç yadıma gəlmir nə danışırdıq. Arada ingilis qrup yoldaşım içəri girdi. Bizi görüb, uzaqdan başını yırğalayaraq salamlaşdı. Sonra qəribə-qəribə baxıb getdi. Özüm də məəttəl qaldım ki, buna nə olub. Səhərisi gün bir də gördüm, dərsdə mənə yaxınlaşır, üzündə də qupquru ifadə. Salam-sağoldan sonra astadan soruşdu ki, hər şey qaydasındadırmı, problem filan yoxdur? Mən də təəccübləndim, dedim, yox, sən niyə belə fikirləşirsən? Dedi ki, ötən gün kafedə dostlarınla ciddi, qaşqabaqlı oturmuşdun, ürək eləmədim yaxınlaşmağa. Dedim, yox ey, ay qız, nə danışırsan, bu bizim adi halımızdır, - deyib, Mariya yenə ürəkdən güldü.

Bu vaxt onu da dərk elədim ki, gümanlarım məni əsla yanıltmır. Mariyanın bu şux, oynaq rəftarı əbəs deyildi, səbəbi vardı. Özüm idim! Axı, əgər o elə ciddi, qaşqabaqlı biri idisə, onda xeyir ola, indi üzü belə gülür, danışmaqdan usanmır, hələ üstəlik, mənə üz-göz hərəkəti edir? Hər şey su kimi aydın idi. Bircə təbəssümə qarşı ondakı bu hikkə, bu meydan oxuma filan nədir? Qətiyyən razı deyildim. Bu ay kimi gözəl çöhrəyə ancaq təbəssüm yaraşırdı!

- Məncə, çox ciddi olmaq da bekara şeydir, - dedim - Başqalarını yorur, ünsiyyət vaxtı ağırlıq yaradır. Təbəssüm isə insanı mehriban, xeyirxah göstərir. Hətta, bilirsən, hiss edirəm ki, özüm də bura gələndən bəri yaman çox gülümsəyən olmuşam.

Mariya məni diqqətlə dinlədi və azacıq fikrə getdi. Sonra anidən uşaq kimi dodaqlarını büzüb, çiyinlərini çəkdi:

- Amma içi boşdur, axı... Yəni əslində, bəlkə də, adam sənə nifrət edir, amma üzünə gülümsəyir... - deyə etiraz etdi.

“Orası elədir, canım, ona sözüm yox. Guya hər gülümsəyən adam xoşniyyətlidir ki?! Lakin küçəyə çıxarkən, mağazaya, poçta, restorana girərkən, saxta da olsa, təbəssüm görmək insanın könlünü açmırmı? Ona müvəqqəti də olsa, xoşbəxtlik aşılamırmı? Yox, Mariya, bu təbəssümünü heç vaxt əsirgəmə. Saxta, yalan, süni olsa belə!” - deyə fikirləşdim, amma bu ziddiyyətli söhbəti uzatmağa meylim olmadığı üçün mövzunu dəyişmək qərarı aldım. Ona Londondakı gələcək planları, iş axtarışını necə davam etdirəcəyi haqda cürbəcür suallar verməyə başladım. Mariya anidən fərqli mövzuya keçdiyimizi görüb, az-maz məyus oldu. Suallarımı xüsusi həvəs göstərmədən təmkinlə cavabladı. Lakin bir qədər sonra uyğun məqam yaxalayan kimi yenə köhnə söhbətə qayıtdı:

- Sonra bilirsən... burada mən bəzən danışmaqdan da qorxuram... Bir şeylə bağlı fikrimi bölüşürəm, insanlar məni səhv başa düşür. Deyirlər ki, çox düz danışırsan, dediklərin sərt səslənir. Ağzından çıxan hər sözü gərək bal-şəkərə batırıb deməlisən.

- Necə yəni? - təəccüblə soruşdum.

- Nə bilim, məsələn, deyirəm ki, filan şey pisdir. Deyirlər, “pis” demə, de ki, “çox yaxşı deyil”. Ya da deyirəm ki, “filankəs qocadır”, deyirlər ki, elə demə, de ki, “çox cavan deyil”. Etiraz eləyirəm ki, eyni şeyi deyirik də. Mənə ağız əyirlər. Deyirəm, siz sol qulağınızı sağ əlinizlə qaşıyırsınız!

Mariyanı dinlədikcə mənim də başıma gəlmiş və müşahidə elədiyim bənzər hadisələri xatırladım:

- Hə, fərqli ünsiyyət tərzləri var. - dedim - Siyasətçi kimi danışırlar. Mənanı gərək sözdə deyil, sətirlər arasında tutasan. Özü də hamı belədir. Yaşlısı da, gənci də!

- İnan ki, teatra bənzəyir! - Mariya həyəcanla əllərini havada yellətdi - Deməli, bir dəfə universitetdə müəllim bizə ev tapşırığı verdi, sonra dedi ki, zəhmət olmasa, hamı evdə bu tapşırığı yerinə yetirə bilərmi? Təsəvvür edirsən, bizə bunu sual formasında deyir. Yanımda bir ingilis qız vardı, dedim ki, bizim ölkədə müəllim belə şeyləri xahiş-mahiş eləməz, əmr verər, hökm oxuyar ki, haydı, çıxın gedin, tapşırığı həll edin.

Bu vaxt rus tanışım Alekseyin əhvalatını xatırladım. Bu oğlan bir neçə il qabaq Mançester Universitetindən məzun olmuşdu və uzun cəhdlərdən sonra yerli şirkətlərin birində işə girmişdi. Özünün dediyinə görə, bir il ərzində var-gücü ilə əlləşib, dirəşmiş və şirkətdə özünü ən yaxşı tərəfdən göstərməyə çalışmışdı. Lakin performans ilinin sonu gələndə zəif qiymət aldığını öyrənir. Bərk dilxor olur və rəhbərindən bunun səbəbini soruşur. O da deyir ki, bəs mən səndən filan-filan işləri filan-filan cür icra etməni istəmişdim, sən isə eləmədin. Aleksey də təəccüblənir və etiraz eləyir ki, siz mənə o cür təlimat verməmişdiniz, axı. Siz dediniz ki: “Yaxşı iş görmüsən. Afərin! Bundan başqa, bu işləri, bəlkə də, filan cür də yerinə yetirməyi qiymətləndirməyi düşünə bilərsən”. Rəhbəri də qeyd eləyib ki, bəli, mən fikrimi o cür ifadə edəndə, əslində, səndən işləri məhz o cür icra etməni tələb edirdim. Aleksey deyir, bu hadisədən dərs çıxarıb. O gündən sonra başlayır yerli ünsiyyət üslubunu öyrənib mənimsəməyə və nəticədə bir il sonra da bəhrəsini görür: “əla” qiyməti alır. Bu əhvalatı Mariya ilə bölüşdüm və əlavə etdim:

- Əslində, müəllim də əmr verir, amma bunu xahişlə bəzəyir ki, kobud görünməsin.

- Bilirəm… Qız da eyni şeyi dedi. Kimsə zatən müəllimə “xeyr, eləməyəcəm” deyə bilməz. Amma burada qaba nə var ki? Müəllimin, rəhbərin vəzifəsi tapşırıq verməkdir. Guya desələr ki, bu tapşırığı məhz bu cür və ya bu vaxtda həll edin, nə olacaq ki?

Mariyanı başa düşürdüm, mən də bənzər mədəniyyətə sahib cəmiyyətdə böyüməmişdimmi? Bizdə hətta sözü dolaylı olmadan demək məharət hesab olunur. Adamı “əhsən, cəsarətlisən, sözünü birbaşa deyirsən” deyə tərifləyirlər. O qalsın qıraqda, bizim dildə “düz” və “doğru” sözləri sinonimdir! Buna rəğmən, Mariya ilə həmfikir ola bilmirdim, hətta onun bu birtərəfli fikirlərini eşitmək məni məyus etməyə başlamışdı. Axı, hər şey onun söylədiyi kimi bu qədər ağ-qara deyildi. Məgər bu üç ildə özü bunu anlamamışdımı?

- Fikir vermisənmi... - dedim - məsələn, bu gün vağzalda bilet yoxlayan adam mənə sual verdi ki: “Biletinizi ala bilərəmmi?” Bizdə olsa deyərdilər ki: “Biletinizi verin”. Elə bil, burada insanlar səndən bir şey tələb edirlər, amma bunu elə bəzəyib deyirlər ki, ruhun da incimir. Necə deyim?.. Sanki sənə qərar vermə imkanı verirlər.

Mariya tamamən dəxilsiz məsələlər haqqında danışırmışam kimi qəti etiraz elədi:

- Nəyə qərar verəcəksən ki?! Bileti verməkdən başqa çarən var ki?.. Yox, yox, mən mahiyyəti sevirəm. Nədirsə, onu desinlər. Acı olsun, düz olsun...

Yavaş-yavaş hiss edirdim ki, gözlərim Mariyanın o cazibədar gözəlliyinə öyrəşir və öyrəşdikcə də, sanki bu gözəllik gözümdə adiləşir. Diqqətimi artıq onun ürək yandıran bənizi, ruhumu oxşayan yaxınlığı deyil, fikirlərində bölüşmədiyim məqamlar cəlb edirdi.

- Bilirsən, əvvəl mən də sənin kimi çox şeylə razılaşmırdım, - deyə bildirdim - Sonra yerli tələbələrlə yaxından dostluq eləməyə başladım. Onlarla oturub-durduqca davranışlarını daha yaxşı qavradım. Hətta əvvəllər mənə qəribə görünən bəzi şeylərin daha sonra məntiqli olduğunu belə düşündüm. İnanırsan, onlarla o qədər qaynayıb-qarışdım ki, indi onları daha yaxşı başa düşürəm. Özü də onların xüsusiyyətlərinin bəzilərini mənimsəməyə belə başlamışam.

- Məncə, bu, yalnız sözdə mümkündür.

- Necə yəni?

- Onu nəzərdə tuturam ki, insan başqa mədəniyyətə aid davranışları mənimsəmək istəyəndə alınmır. Mümkün deyil! Sonda iki mədəniyyət arasında ilişib qalırsan. Bilmirsən necə davranasan - öz mədəniyyətinə uyğunmu, yoxsa yeni mədəniyyətəmi? Belə bir məsəl var, bilmirəm, eşitmisənmi: yadlar arasında özümüzünkü, özümüzünkülər arasında yad. Dönüb olursan, bax, belə bir adam... Ona görə, elə öz mədəniyyətinə sadiq qalmaq yaxşıdır.

Vağzalda eşitdiyim o qəribə səsi xatırlayıb, susdum. Mariyanın dediklərində haqq payı vardı. Bəzən elə anlar olurdu ki, özümü iki mədəniyyət arasında hiss edir və nə cür davranacağımla bağlı qərar verməkdə tərəddüd edirdim. Bəlkə də, bu, zamanla həll olacaqdı. Qərarsız idim.

Ağlımda bu mülahizələri yeritdiyim müddətdə Mariya hələ də təbəssümlü ifadə ilə mənə baxırdı. Danışığımız sanki onu hələ də əyləndirir, fikir ayrılığımızı hiss etmirdi. Mən isə qarışıq hisslər keçirirdim.

- Müəllim demişkən, - Mariya sözünə davam elədi - bax, buradakı müəllim-tələbə münasibətindən də xoşum gəlmir. Adam bir müəllimdən çəkinər, hörmət edər, arada pərdə saxlayar. Heç olmasa, adamın yaşına hörmət qoymaq lazımdır. Yoxsa tay-tuş kimi danışırlar. Müəllim dərs keçir, bir şey deyir, tələbələr hər məsələdən ötrü etiraz edib, razılaşmadıqlarını açıq-açıq bildirirlər. Elə bil, müəllimi utandırmaq istəyirlər. Özü də bütün auditoriyanın qarşısında...

İstədim yenə etiraz edim. Razılaşmadığımı dönə-dönə söyləyim, amma həvəsim tamamilə itmişdi. Doğrudur, bu ölkəyə təzə gələndə belə şeylər mənə də qəribə görünür, kobudluq kimi qəbul edirdim, acığım tuturdu. Amma zaman keçdikcə başa düşdüm ki, insanı yaşa, vəzifəyə görə xüsusi hörmətə mindirmək, başa çıxarmaq yersizdir. Nəyə lazımdır, axı, müəllimlə tələbə arasındakı pərdəli rəsmiyyət? Burada müəllimlə yoldaş kimi yaxın münasibətim var idi. Onunla səmimi ünsiyyət, açıq müzakirələr məni təhsilə daha çox həvəsləndirir, dərsləri daha yaxşı öyrənməyimə səbəb olurdu...

Anidən ürəyimə qəribə bir narahatlıq doldu, özümü pərişan hiss elədim, içim daraldı. Sanki vaqon da sıxlaşıb kiçildi, ətraf solğunlaşıb bozardı. Üstümə qəribə bir yorğunluq çökdü. Ağır-ağır ayağa qalxdım. Üzr istəyib masadan ayrıldım.

Vaqon salonundan çıxıb, dəhlizə keçdim. Qapı pəncərəsində çöldəki zülmət qaranlığa nəzər saldım. Bu qara lövhədə anidən peyda olub, dərhal qeybə çəkilən işıq dənəciklərinə tamaşa elədim. Londona çatdıqdan sonra səyahətimə necə davam edəcəyimi ağlımda canlandırdım. Ürəyimdən qohumumla soraqlaşmaq keçdi. Telefonu çıxarıb zəng elədim. Qısaca, söhbətləşdik, görüş yerini və vaxtını təzədən dəqiqləşdirdik.

Söhbətimizi yekunlaşdıranda özümü artıq daha yaxşı hiss eləyirdim. Əhval və qüvvətim bərpa olunmuşdu. Tezliklə vaqona qayıtdım. Məni görcək Mariyanın dodağına təbəssüm qondu. Hətta onun cazibədarlığı yenidən ağlımı qarışdırmağa, məni şirnikləndirməyə başladı, amma qərarımda dönməz idim.

Mariyaya yüngül iltifatla qarşılıq verdim. Masa arxasına keçib əyləşdim. Çantamdan kitab çıxarıb, oxumağa başladım. Mariya məni sakitcə süzdü, kitabın üz qapağını diqqətlə oxumağa çalışdı. Məndən heç cür səs gəlmədiyini görüb, bir qədər sonra nə oxuduğumu soruşdu. Müəlliflərdən kimi sevib, kimi sevmədiyimi, kitablardan nələri oxuyub-oxumadığımı xəbər aldı. Nəzakətlə onun suallarını tək-tək cavablandırdım, ancaq söhbətin uzanmaması üçün fikirlərimi məhdud şəkildə ifadə etdim. Get-gedə diqqətimin tamamilə kitabda cəmləşdiyini görən Mariya halını pozmadan özü də çantasından bir kitab çıxardı və mütaliəyə başladı. Nə oxuduğunu soruşmadım.

Növbəti müddətdə Mariya hərdənbir kitab arxasından gizlicə məni güdür, arada cürətlənib suallar verir və məni sanki kəlbətinlə danışığa cəlb edirdi. Mən isə laqeydliklə, amma ədəb-ərkanla onun sorğularına cavab verir, uzun müzakirələrə girmir, oxuya davam edirdim. O, nə baş verdiyini anlamır, mənim soyuqluğumu görüb karıxır, məyus olur, özünü xeyli naqolay hiss edirdi. Bəlkə də, qüruru imkan versəydi, niyə belə dəyişdiyimi soruşar, məndən izahat istərdi.

Səyahətimizin son yarım saatı bu qəribə ab-hava ilə keçdi. Qatar Londonun Yuston vağzalına yaxınlaşanda soruşdum:

- Səni qarşılayan olacaqmı?

- Yox, özüm taksiylə gedəcəyəm. - Mariya cüzi incikliklə dedi və gözlərimin içinə baxdı.

Ağzımı təzədən açmaq istəyirdim ki, yenə o naməlum səs qulağımda cingildədi. Məni niyyət etdiyim təşəbbüsümdən boyun qaçırmağa təşviq edir, daha təmkinli olmağa çağırırdı. Bu dəfə də əvvəl tərəddüd etdim, itaətkarlıq göstərib, susmağa qərarlı oldum, amma nə oldusa, sonda yenə o səsin təlimatlarına məhəl qoymadım.

- Mən sənə kömək edərəm. Çamadanları taksiyə qədər apararam.

Mariyanın solğun baxışında ümid tumurcuğu peyda oldu. Üzü gülümsədi, yanaqları çökəldi, başını aşağı salıb, çəkinərək təşəkkür elədi:

- Çox sağ ol. Ehtiyac yoxdur. Onsuz da təkərlidirlər, özüm sürüyərəm.

- Olmaz. Mütləq kömək edəcəyəm - dedim.

Mariyanın gözləri par-par parıldadı və sevinclə minnətdarlıq etdi. “Londonda neçə gün olacaqsan?”, “Harada qalacaqsan?“, “Planın nədir?” kimi daha əvvəl söhbətimizdə paylaşdığım məlumatlar haqqında təkrar-təkrar suallar verdi. Sonra bir qədər ehtiyatla “Boş vaxtın olsa, görüşə bilərik” deyə təklif elədi.

- Çox istərdim, amma başım qarışıq olacaq - deyə cavab verdim və sözlərimin onun qəlbinə toxunduğunu təəccüblü baxışlarından hiss elədim.

Nəhəng və ağır çamadanları itələyə-itələyə taksi dayanacağına yaxınlaşdıq. Hətta bir qədər təngnəfəs olmuşdum. Öz-özümə fikirləşdim ki, doğrudan da, Mariyanın adlandırdığı bu “şələ-şülə” nədir, görən.

Qollarımı çırmalayıb, yenə qəhrəmanlıq nümayiş etdirdim və çamadanları bir-bir maşına yerləşdirdim. Ardınca Mariya ilə üz-üzə qaldıq. Dinməz-söyləməz bir-birimizə baxdıq. O, elə bil, mənə deyil, üzümdəki xəyali bir nöqtəyə baxır, sinəsi həyəcandan qalxıb enirdi. Dilinin ucunda sanki bir şey vardı, demək istəyirdi, amma özündə güc tapıb, açıla bilmirdi.

- Səninlə tanış olmağa şad oldum. Ümid edirəm, Londonda həyatın uğurlu olar - bu dəfə daha tez ayrılmaq həvəsilə sükutu pozub dedim.

O, heç bir reaksiya vermədi. Kirimişcə baxdı. Necə davranacağından əmin görünmürdü. Sanki ağlında hələ də hər şeyi təhlil edir, bu axşam nəyin düz getmədiyini sorğu-suala çəkirdi. Yalnız taksi sürücüsü narazılıqla dodaqaltı gileyləndikdən sonra Mariya səsi titrəyə-titrəyə astadan “sağ ol” dedi və dönüb tərəddüdlü addımlarla taksiyə mindi. Oturacaqda əyləşdikdən sonra üzünü mənə sarı çevirmədi. Gözlərini maşının içindəki qaranlığa zilləmişdi. Tezliklə taksi hərəkətə gəlib uzaqlaşdı.

Metroya yollanıb, səyahətimi yerin altında davam etməyə başladım. Yolboyu Mariya ilə görüşümüzü, söhbətimizi yad elədim. “Yəqin ki, bir il əvvəl Moskvada tanış olsaydıq... mən əvvəlki adam olsaydım, hər şey fərqli olardı” - deyə düşündüm.

Otelə çatıb, qohumumla görüşdüm. Yaxınlıqdakı bir restorana gedib şam elədik. Söhbət əsnasında ona qatardakı hadisəni danışdım. O, məni dinlədi, amma sual filan vermədi. Başqa mövzuya keçdik.

***

Əslində, yazı burada bitəcəkdi və bu əlavə üç nöqtəyə də ehtiyac qalmayacaqdı. Onsuz da, hekayətin məğzi aşikar idi. Amma necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır.

Londona gəldiyim günün ertəsi qohumumla tədbirin keçiriləcəyi məkana yollandıq. Hazırlıq işləri başlamışdı. Tənbəllik etməyib, mən də əlimi kirlətməyə qərar verdim. Günortadan sonra tədbir uğurlu şəkildə baş tutdu, konsert proqramı iştirakçıları xeyli əyləndirdi. Onlar arasında rəqsə qoşulanlar da oldu. Hamı razı qalmışdı. Axşam nümayəndə heyətilə birlikdə kefimiz damağımızda yemək yedik.

Növbəti gün asudə idik. Qohumumla şəhərdə gəzməyi qərara aldıq. Vestministerdən Liverpul Stritə qədər 6-7 kilometrlik yolu piyada yeridik. Yolüstü muzeyləri, kilsələri ziyarət etdik, harada maraqlı arxitektura, yaxşı mənzərə görsək, bol-bol foto-şəkil çəkdirdik. Yorucu və uzun gəzintidən sonra nəhayət, Liverpul Stritə çatanda qurumuş boğazımızı yaşlamaq üçün rastımıza çıxan ilk təsadüfi kafeyə girdik. Kassada içkilərimizi sifariş edib, fincanları qamarladıq. Boş masa tapıb əyləşdik. Təzəcə ətrafa nəzər salmışdım ki, gördüyümə inanmadım. Düz qarşı masada Mariya tək oturmuş, kofe içərək qəzet oxuyurdu.

Əl-ayağım dondu. Ağlım çaşdı. 9 milyonluq şəhərdə eyni gündə, eyni vaxtda, eyni kafedə olmaq necə bir təsadüfdür! Necə oldu ki, Mariya minlərlə kafe arasından məhz buranı, məhz bu vaxtda seçdi?!

- Sənə bir qız haqqında danışmışdım ha, - pıçıltı ilə qohumuma dedim - O, buradadır! Qalx gedək.

Qohumum döyükdü. Qaşlarını düyünləyib soruşdu:

- Hansı qız?

- Demədim, qatarda tanış olmuşduq.

- Hə, hə... - dedi. - Hansıdır?

Gözümlə Mariyaya işarət elədim. O, hələ də qəzet oxuyurdu. Qohumum qıza diqqətlə baxıb, sonra daha da karıxmış halda soruşdu:

- Bəs deyirdin, çirkindir.

- Mən heç elə söz dedim?! - heyifsilənərək köks ötürdüm.

Deyəsən, qohumum ona danışdıqlarımdan bir şey qanmamışdı. Bəlkə də, təqsiri yoxdur. Niyə inciyim ki? O, xaricdə yaşamamışdı, yəqin ki, hətta çox şey barədə məhz Mariya kimi düşünürdü.

- Gəl, gəl, tez gedək - azacıq ayağa qalxdım və qohumumun qolundan tutub, yüngülcə özümə sarı çəkdim.

Bu vaxt onun kreslosu ciyildədi. Mariya səs eşidib, başını qaldırdı və qəflətən məni gördü. Bir neçə dəqiqə əvvəl məni necə don vurmuşdusa, o da eləcə buz bağladı. Nə gözlərini qırpdı, nə də tutduğu fincanın qulpunu buraxdı. Füsunkar bir heykəl kimi, məftunedici bir rəsm əsəri kimi oradaca qalıb mənə baxdı.

Qeyri-ixtiyari “salam” dedim və gülümsədim. O, yalnız indi özünə gəlməyə başladı:

- Bu, sənsən... - kəkələyərək dedi.

Çaşqınlığını dağıtmaq üçün halımı pozmadan söylədim:

- Hə, qohumumla gəzirdik, dedik, girək kofe içək.

Mariya kal kimi xeyli baxdı və sonra birdən başını yellədərək dilləndi:

- Mən buna inana bilmirəm...

Başa düşdüm ki, Mariyanın üz-gözü hərəkət etməyə başlasa da, beyni hələ də ətalətdədir. Aramızdakı bu qəribə dialoqu səssizcə müşahidə edən qohumum astadan məsləhət verdi:

- İstəyirsən, təklif elə, birlikdə oturaq.

Mən əlacsız halda razılaşdım. Bir neçə saniyə sonra artıq Mariya, mən və qohumum eyni masa ətrafında əyləşmişdik. Mariya hələ də bərəlmiş gözləri ilə mənə baxır, heyrətini gizlədə bilmirdi.

- Bu necə qəribə təsadüfdür... inanılmazdır.

Mövzunu dəyişmək üçün ağlıma gələn hər sualı verməyə başladım. Qəzetdə nə oxuduğunu, vağzaldan evə necə getdiyini, çamadanları necə daşıdığını, Londonda ilk gün nə etdiyini və başqa şeyləri xəbər aldım. O, mənim suallarıma qısa-qısa cavab verir, ancaq fikrinin başqa yerdə olduğunu hiss edirdim.

Etiraf edim ki, bu müddət ərzində mənim də bu təsadüfi görüşü ağlımda sorğulamadığımı desəm yalan olar. Əcəba, bizi bir-birimizə talemi çəkirdi? Bəlkə, bu Novruz tədbirini təşkil edən, qohumumu Londona gətirən, məni o axşam o qatara qoyan, Mariyaya iş tapmayıb, Londona köçdürən Sevgi Tanrısı idi və bütün hadisələr bizim ikimizin məhz bir neçə gün əvvəl rastlaşmamız naminə idi? Bəlkə, Sevgi Tanrısının böyük zəhmətlə qurub-qoşduğu bu xeyirxah işi yanlışlıqla pozmuş idim və o, təslim olmayıb, bizi bir daha görüşdürməyi qəsd eləmişdi?..

Belə-belə gümanlar ağlımı məşğul etdiyi zamanda bir tərəfdən də fikirləşirdim ki, tale nədir, qismət nədir? İngiltərəyə gəldikdən sonra belə məfhumlara artıq az inanmağa başlamışdım, hər şeyi məntiqlə izah etməyə cəhd edirdim. Odur ki, həm də əmindim ki, Mariya ilə bu görüşlərimiz sadəcə bir təsadüfdir və istəyir, bu təsadüfdən min dəfə olsun, qənaətim dəyişəsi deyildi.

- Artıq getsək, yaxşı olar, - fincanımız boşalan kimi üzümü qohumuma tutub dedim.

O, etiraz eləmədi. Mariyanın üzü isə yenə məyus ifadə aldı. Eynilə dünən taksinin yanında olduğu kimi kövrək-kövrək baxmağa başladı. Onunla tez-tələsik vidalaşıb, uğurlar arzu elədim və kafeni tərk elədik...

Bir müddət qohumum məni dindirmədi, elə bil, onu da çaşqınlıq tərk eləməmişdi. Sonra, ümumiyyətlə, mənimlə ehtiyatlı danışmağa başladı, əvvəlki tək səmimi, açıq deyildi. Görən, etibarımı sarsılmışdı? Bilmirəm. Axşam guya saunaya, hovuza gedəcəkdik. O, yorğun olduğunu səbəb gətirib üzrxahlıq elədi. Mən də israr eləmədim. Özümün də həvəsim qalmamışdı.

Ertəsi gün səhər tezdən otelin qarşısında qohumumla vidalaşdıq. O, digər heyət üzvləri ilə birlikdə aeroporta yollandı. Mən isə Yuston vağzalına getdim. Qatarda bu bir neçə günün hadisələrini yad edib, xəyallara daldım. Deyəsən, doğrudan da, dünyagörüşümdə, dəyərlərimdə dəyişikliklər başlamışdı. Bu, yəqin ki, müsbət bir şey idi, amma Mariyanın sözləri də yadımdan çıxmırdı: yadlar arasında özümüzünkü, özümüzünkülər arasında yad...

 





14.11.2022    çap et  çap et