525.Az

Şuşaya həsr olunmuş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb


 

Şuşaya həsr olunmuş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb<b style="color:red"></b>


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova müsabiqənin ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistrant və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivləri ilə bağlı tədqiqatların aparılmasına təşviq edilməsi və bu istiqamətdə stimullaşdırılması məqsədilə keçirildiyini bildirib.

Elm üzrə prorektor professor Sakit Yaqubov Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edildiyini diqqətə çatdıraraq, bu münasibətlə UNEC-də tədbirlər planının təsdiqləndiyini qeyd edib və müsabiqənin tədbirlər planı çərçivəsində keçirildiyini bildirib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Elman Məmmədov Vətən müharibəsində qazanılan zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi dəyərləndirib. Qarabağın, xüsusilə də Şuşanın zəngin mədəniyyətinin, tarixinin, iqtisadiyyatının dirçədilməsinin, sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Müsabiqənin təşkilatçısı, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev tədbirin keçirilməsi, təqdim olunan məqalələrin aktuallığı və dəyərləndirilməsi barədə məlumat verib.

Sonra müsabiqənin qalibləri açıqlanıb.

İlk üç yerin sahibinə pul mükafatı, digərlərinə isə sertifikatlar təqdim olunub.

Professor-müəllim heyəti üzrə Naxçıvan Universitetindən Əli Cabbarov “İşğaldan azad edilmiş Şuşa şəhərində “Dark” turizmi - perspektiv turizm növü kimi” adlı məqaləsinə görə birinci yerə, UNEC-in dosenti Aqil Məmmədov “Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar” adlı məqaləsinə görə ikinci yerə, həmmüəlliflər Sumqayıt Dövlət Universitetindən Lalə Vəliyeva və Şükür Əliyev “Şuşa şəhərinin Azərbaycanda turizm sahəsinin inkişafında rolu” adlı məqalələrinə görə üçüncü yerə layiq görülüblər.

Doktorant-magistr heyəti üzrə UNEC-dən Afaq Zeynallı “Şuşada mədəniyyət iqtisadiyyatının inkişafı potensialının dəyərləndirilməsi” adlı məqaləsinə görə I yerə, Nərminə Məmtiyeva “Şuşanın sosial-iqtisadi dirçəldilməsi - Azərbaycanın prioritet istiqamətlərindən biri kimi” adlı məqaləsinə görə II yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Aidə Bəxtiyarova isə “Şuşa şəhərinin inkişafının sosial-iqtisadi və strateji aspektləri” adlı məqaləsinə görə III yerə layiq görülüb.

Sevinc Qarayeva 

 





14.11.2022    çap et  çap et