525.Az

Məktəb inspektoru vakansiyası üzrə yazılı imtahanda 146 namizəd iştirak edib


 

Məktəb inspektoru vakansiyası üzrə yazılı imtahanda 146 namizəd iştirak edib<b style="color:red"></b>


“Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində məktəb inspektoru vakansiyası üzrə müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Bu barədə 525.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, vakansiya üzrə tələblərə cavab verən 206 nəfər imtahana dəvət olunub. İmtahanda 146 namizəd iştirak edib.

Yazılı imtahan zamanı namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik və riyazi məntiq üzrə hər birindən 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilib. Bundan başqa, yazı bacarığının yoxlanılması üçün namizədlər onlara təqdim olunan iki mövzudan biri üzrə esse yazıblar.

Nəticələr 10 iş günü ərzində yoxlanıldıqdan sonra namizədlərin e-poçt ünvanına göndəriləcək. Xatırladaq ki, yazılı imtahan mərhələsini uğurla tamamlayan namizədlər müsabiqənin 2-ci mərhələsinə - müsahibəyə dəvət olunacaqlar.

Ümumi sualların 50%-ni cavablandıran, eləcə də pedaqogika və metodika üzrə sualların 50%-ni cavablandıran, esse üzrə mümkün 6 baldan (3 meyar üzrə) yarısını toplayan, heç bir sahə üzrə 0 bal toplamayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Sevinc Qarayeva 

 





14.11.2022    çap et  çap et