Dünən ABŞ-da keçirilən aralıq seçkilərində Demokratlar Respublikaçıların üstünlük gözləntilərini məğlub edərək Senatda çoxluğu qazandılar; diqqət Corciya ştatında keçiriləcək seçkilərin ikinci turuna yönəlib.
525.az xəbər verir ki, Corciya seçkilərinin nəticəsi həm də Demokratların Konqresdəki əlini gücləndirə bilər. Nevada ştatında Demokratlar Partiyasının namizədi Ketrin Kortez Masto keçmiş prezident Donald Trampın dəstəklədiyi Respublikaçı rəqibi Adam Laksaltı məğlub etdikdən sonra Demokratlar Senatda çoxluğu təmin ediblər.
Beləliklə, ABŞ-ın Vitse-prezidenti Kamala Harrisin bərabərliyi ilə Demokratlar Senatda üstünlüyə sahib olublar. Corciya ştatında demokrat senator Rafael Uornok və respublikaçı rəqibi Herşel Uoker dekabrın 6-da Senatda yer uğrunda ikinci tura gedəcəklər.
Demokratlar bu seçkilərdə qalib gəlsələr, onlar komitələr, qanun layihələri və məhkəmə qərarları üzərində üstünlüklərini gücləndirəcəklər.
ABŞ Prezidenti Co Bayden dünən Kambocada Cənub-Şərqi Asiya hökumət başçılarının görüşündə çıxışı zamanı: "Biz indi diqqətimizi Corciya əyalətinə yönəldirik. Harada olduğumuzu yaxşı hiss edirik", - deyib.
Digər tərəfdən, Nümayəndələr Palatasında Respublikaçılar 211 yer, Demokratlar 206 yer qazanıb, lakin çoxluq üçün 218 yer lazımdır. 435 yerlik Nümayəndələr Palatasına hansı partiyanın nəzarət edəcəyini müəyyən etmək bir neçə gün çəkə bilər.
Malik Atilay
çap et