Bu polemikanı “
Bu il may ayının ortalarından “Paralel” qəzetində filologiya üzrə fəlsəfə doktoru İdris Abbasovun “Vasim Məmmədəliyevin ərəb dilçiliyi görüşləri: tədqiqat, yoxsa plagiat?” adlı davamlı (doqquz) məqaləsi dərc olunub. Qəzetin ilk nömrələri çıxar-çıxmaz İdris Abbasov poçtalyon kimi düşüb qapı-qapı onları paylamağa. Bununla ürəyi soyumayıb, yazılarını “Reytinq” qəzetinə verib və nəhayət, tamam rahat olmaq üçün onları “Facebook” səhifəsində yerləşdirib.
Əvvəlcə qısaca İdris Abbasovun akademik Vasim Məmmədəliyevlə əlaqəsinə toxunmaq lazımdır. BDU Şərqşünaslıq fakültəsində oxuyarkən onun müəllimlərindən biri də hörmətli alimimiz olmuşdur. İdris Abbasov universiteti bitirəndə Vasim müəllim başçılıq etdiyi Ərəb filologiyası kafedrasında ona saat hesabı ilə dərs vermişdir. Bakıda evi-eşiyi olmayan məzun Naxçıvana qayıtmış və oradakı Dövlət Universitetinə müəllim götürülmüşdür.
İdris Abbasov akademik Vasim Məmmədəliyevin rəhbərliyi və iştirakı ilə Naxçıvanda namizədlik dissertasiyasının müdafiəsindən sonra işlədiyi universitetdə Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, ardınca Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarənin rəisi olmuşdur.
2013-cü ilin oktyabr ayında İdris Abbasov məsləhətçilərindən birincisi akademik Vasim Məmmədəliyevin müsbət rəyi və köməkliyi ilə “Sami dillər” üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Hansı əməllərinə görəsə, Naxçıvanda tutduğu hər iki vəzifədən çıxarılan İdris Abbasov keçən ilin noyabr ayında bir vaxt saathesabı müəllim götürüldüyü Ərəb filologiyası kafedrasında ştata bərpa olunması barədə ərizə ilə müraciət etmişdir. Vasim müəllim hələ iyun ayında dərs yükünün əməkdaşlar arasında bölündüyünü və 22 ərəb dili müəllimindən 10 nəfər 0,5 ştatda işləyənlərin tam ştata keçmək üçün növbədə olduğunu bildirmişdir.
Elə bundan sonra hələ tələbəliyindən impulsiv hərəkətləri ilə fərqlənən, azca əsəbiləşən kimi özünü idarə edə bilməyən İdris Abbasov bütün yaxşılıqları unudaraq, qisas almaq eşqinə düşüb.
Eyni zamanda ərəbşünaslar arasında tanınmayan İdris Abbasov birdən-birə nəzər-diqqəti özünə cəlb etmək üçün uğursuz bir yol seçib: oxucuların əksəriyyətinin dilçilikdən uzaq olmalarına arxayınlaşaraq, müxtəlif böhtanlarla Vasim Məmmədəliyev kimi nəhəngə “qarşı çıxmaq”. (Qəribə təfəkkürdür.) Amma o, ad qazanmaq əvəzinə nifrət qazanıb. Yoxsa, ən azı bir nəfər onu dəstəkləyərdi.
Nə isə... İndi də keçək İdris Abbasovun əsas “tənqid” obyekti olan “Ərəb dilçiliyi” dərsliyinə.
Burada dərsliyin nə olduğu barədə bir neçə kəlmə söyləmək yerinə düşərdi. Dərslik təhsil sisteminin müxtəlif mərhələlərində tədris olunan fənn, kurs və ya sahələr üzrə mövcud biliklərin öyrədilməsi üçün yazılan kitabdır. Sözsüz ki, ali məktəb dərsliklərində müxtəlif mənbələrdən, tədqiqat əsərlərindən və sairədən hərtərəfli istifadə olunur, yeri gəldikcə, həmin sahədə nailiyyətlər əldə etmiş alimlərin fikirləri işıqlandırılır. Bu zaman monoqrafiyalardan fərqli olaraq, istinadlara ehtiyac yoxdur. Dərsliyin səviyyəsi müəllifin fəaliyyət göstərdiyi sahəni nə dərəcədə dərindən bilməsindən asılıdır.
İdris Abbasovun kin-küdurətlə dolu “tənqid atəşi”nə tutulan “Ərəb dilçiliyi” dərsliyi 1985-ci ildə nəşr olunan vaxtdan nəinki ərəbşünasların, eləcə də ümumi dilçilik üzrə mütəxəssislərin masaüstü kitabına çevrildi. Çünki kitabın girişində mövzunun öyrənilməsi tarixinə dair geniş icmal verildikdən sonra müəllifin yazdığı kimi, “nə Avropa, nə də sovet şərqşünaslığında ərəb qrammatika məktəblərinin istər ayrı-ayrılıqda, istərsə də bütövlükdə bir sistem kimi öyrənilməsinə, bu sistemin nəzəri və metodoloji əsaslarının tam şəkildə müəyyənləşdirilməsinə, onların başqa dilçilik təlimləri ilə oxşar və fərqli cəhətlərinin ətraflı şərhinə həsr edilmiş tədqiqat və ya dərslik mövcud deyildi”. Əlində heç bir tutarlı fakt olmayan İdris Abbasov ümumi sözlərlə etiraz səsini ucaldır: “Məhz ərəb dilçiliyi ilə bağlı bir sıra zəruri əsərlər XIX əsrin əvvəllərindən etibarən yazılıb ortaya qoyulmuş və bu gün də yazılmaqdadır. Heç şübhə yoxdur ki, ərəb dilində olan fundamental əsərlərin əksəriyyəti bir çox Avropa dillərinə tərcümə edilmiş, onlara dair sanballı tədqiqat əsərləri ortaya qoyulmuşdur”. Düzdür və bütün deyilənlər giriş hissəsində öz əksini tapmışdır. Nə üçünsə İdris Abbasov onları oxumaqdan vaz keçmişdir.
Giriş hissəsinin sonunda xüsusilə vurğulanır ki, “tələbə və aspirantların istifadəsinə verilən bu dərslik göstərilən sahədə atılan ilk addımlardan biridir”, yəni sonralar aparılacaq tədqiqat işlərinə əsaslanan yeni dərsliklərin meydana çıxması gözlənilir. Məgər indiyədək bu işə maneçilik törədən olub?
İdris Abbasov akademik Vasim Məmmədəliyevə hər cəhdlə nöqsan tutmağa çalışır. Əsas kimi isə onun Şövqi Zeyfin “əl-Mədarisu-n-nəhviyyə” (“Qrammatika məktəbləri”) kitabından bəhrələnməsini götürür. Vasim müəllimə qarşı işlətdiyi etikadan uzaq hissələri kənara qoysaq, məqalə müəllifinin başlıca məqsədi qeydlərinə elmilik donu geyindirərək, bir korrektor səviyyəsində göstərilən kitabdakı səhifələrin “Ərəb dilçiliyi” dərsliyinin müvafiq səhifələri ilə müqayisəsini verməkdir: Nə üçün “Şövqi Zeyfin müraciət etdiyi mənbələr akademik tərəfindən özəlləşdirilib, fikirlər sözbəsöz köçürtmə edilməyib (İdrisin ifadəsi)?” Həmçinin o, anlamadığı yerlərə “anlaşılmazlıq” damğası vurur. Birincisi, bu “həqiqət aşiqi” bilməlidir ki, “Ərəb dilçiliyi” dərsliyi həmin kitabın tərcüməsi deyil, müəllifinin qəbul etdiyi mühakimələr toplusudur. İkincisi, istənilən mənbədən çoxsaylı alimlər istifadə edə bilər ki, bu da qəbahət sayılmır.
Vasim müəllimin hər bir hərəkəti İdris Abbasovu qıcıqlandırır, hövsələdən çıxardır; nə üçün akademik Avropa dilçilərinin adını çəkir, nə üçün “239 ədəbiyyat siyahısı göstərsə də,...49-nun bəzilərinin nəşr ili, ...nəşr olunduğu yer göstərilməmişdir”? O, bilməli idi ki, XIX əsrin sonlarından XX əsrin 50-60-cı illərinədək bəzi ərəb, hətta, Avropa mətbəələrində buraxılan kitabların nəşr ili, həm də nəşr yeri verilməmişdir.
Ümumiyyətlə bu sahədə müasir ərəb aləmində aparılan işlər barəsində Vasim müəllim yazır: “Son illərdə ərəb dilçilərindən Əbdürrəhman Seyyidin Bəsrə məktəbinə, Mehdi Məxzuminin Kufə və Bağdad məktəblərinə, Şövqü Zeyfin, ərəb qrammatika məktəblərinə, həmçinin digər dilçilərin orta əsrlərin bir sıra görkəmli qrammatiklərinin həyat və yaradıcılığına həsr etdikləri tədqiqatlar öz elmi sambalı və əhatəliyi cəhətdən nəzər-diqqəti cəlb edir”.
“Ərəb dilçiliyi” dərsliyinin ərəbşünaslığımız üçün çox dəyərli bir kitab olduğu barədə oxucularda yalnız oradakı mövzuları verməklə ümumi təsəvvür yaratmağa məcburuq: ərəb qrammatika elminin təşəkkülü, orta əsrlərdə mövcud olmuş beş- Bəsrə, Kufə, Bağdad, Əndəlis və Misir qrammatika məktəblərinin məşhur nümayəndələri, xüsusən ilk 3 məktəbin görkəmli dilçilərinin orijinal mülahizələri, məktəblərin nəzəri metodologiyasının əsasları, terminologiyası, məktəblər arasındakı fikir ixtilafları, ərəb qrammatiklərinin dilin mənşəyi haqqında fikirləri, ərəb leksikoqrafiyasının inkişaf tarixi, ərəb dilçiliyi sahəsində fəaliyyət göstərmiş orta əsr Azərbaycan alimləri, müasir ərəb dilçiliyinin aparıcı cərəyanları. Göründüyü kimi ərəb dilçiliyinin yarandığı dövrdən dərsliyin nəşr olunduğu vaxtadək keçdiyi bütün mərhələlər diqqətlə izlənilmişdir. Ortaya qoyulan məsələlər isə müasir dilçilik nəzəriyyələri əsasında oxuculara təqdim edilmişdir. Yeri gəldikcə həm ərəb, həm Avropa, həm də sovet ərəbşünaslarının müddəaları elmi cəhətdən şərh edilmişdir. Maraqlıdır ki, İdris Abbasov yuxarıda göstərilənlərə ya bilərəkdən, ya da intellektual səviyyəsi imkan vermədiyindən münasibət göstərməyib.
2011-ci ildə buraxdığı “Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət” adlı monoqrafiyasında İdris Abbasov dəfələrlə geniş şəkildə “Ərəb dilçiliyi” dərsliyinə istinad etmişdir. Belə çıxır ki, müəllif bu kitabı lazım olanda mötəbər, cılız hislərə qapılanda yararsız sayır. Məntiqsizlik göz qabağındadır.
Qəlbi Vasim müəllimə qarşı nifrətlə dolu İdris Abbasov onun akademik Ziya Bünyadovla birlikdə xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan Qurani-Kərimin yüksək səviyyədə qısa şərhlərlə tərcüməsinin dəyərini heçə endirməyə çalışaraq yazır: “Ərəb dilini bilmədən də Quranı Azərbaycan dilinə tərcümə etmək mümkündür, çünki bələd olduğumuz bir çox dillərdə, xüsusən, çox asanlıqla anladığımız türk dilində uzun əsrlərdən bəri bu müqəddəs kitabın yüzlərlə tərcümə və təfsir variantları vardır. Hətta ərəb dilini bilməyən hər hansı bir filoloqun bələd olduğu rus və türk dillərində olan tərcümələr əsasında daha samballı tərcümə ərsəyə gətirməsinə şübhə etmirəm.” Bərəkallah. Bu fikri bisavad bir adam söyləsəydi, ona əhəmiyyət verməmək olardı. Lakin özünü ərəbşünas və dinimizi müəyyən dərəcədə bilənlərdən sayan bir şəxsin belə mülahizəsi adamı dəhşətə gətirir. Məgər İdris Abbasov indiyədək anlamayıb ki, Qurani-Kərimi ana dilimizə yalnız ərəb dilini və ilahiyyatın bütün sahələrini mükəmməl bilən mütəxəssis tərcümə edə bilərdi?
Bu yaşınadək minnətdarlıq məfhumuna yad olan İdris Abbasov hörmətli akademikimizin Qurani-Kərimin Bakıdan başqa Ukrayna, Türkiyə, İran, Pakistan və Səudiyyə Ərəbistanında nəşrinə kömək göstərən təşkilatlara və şəxslərə təşəkkür bildirməsini də ona irad tutur.
İdris Abbasovun başqa bir mülahizəsi ən azı təəccüb doğurur: “XX əsrin əvvəllərində Azərbaycan dilinə çevrilmiş Qurani-Kərimin XX əsrin son onilliyində məlum mənbələr əsasında təkrar ortaya qoyulmasının qəhrəmanlıq kimi təqdim edilməsi qəribə görünmürmü?” Əslində qəribə görünən məqalə müəllifinin məlumatsızlığıdır. Çünki o, maraqlansaydı, bilərdi ki, dövrlərinin məşhur Azərbaycan ilahiyyatçıları Bakı qazısı Mirməhəmməd Kərim ağanın 1904-1906-cı illərdə üç cilddən ibarət tərcümə-təfsiri, 1908-ci ildə Zaqafqaziya şeyxulislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvinin ikicildlik tərcümə-təfsiri əski əlifba ilə nəşr edilmişdir. Nadir nüsxələri əldə olan və ərəb-fars tərkibləri ilə qələmə alınan həmin tərcümələr müasir Azərbaycan oxucusu üçün çox qəliz və anlaşılmaz idi. Məhz buna görə də görkəmli ərəbşünasımız akademik Vasim Məmmədəliyevin bu sahədə göstərdiyi xidmət misilsizdir.
İdris Abbasovun Vasim müəllimə paxıllığının həddi-hüdudu yoxdur. O yazır: “Nə vaxtadək mənsub olduğumuz xalqı ərəbcə, farsca və s. dillərdə “ovsunlayıb” qeyri-məhsuldar əsərlərlə “ölüləri ehya edən şəxs” kimi tanınmağa cəhd edəcəyik”. Qoy cızma-qara müəllifi bilsin və agah olsun; hörmətli şərqşünasımız ərəb ölkələrində keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda geniş auditoriya qarşısında yüksək tribunalardan dövlət və din xadimlərini, alim və ziyalıları səlis ədəbi ərəb dilində müxtəlif səpkili, dolğun çıxışları ilə elə ovsunlayıb ki, məhsuldar elmi əsərlərinin ətraflı icmalı əldə edildikdən sonra onu İraq və Suriyada Elmlər Akademiyasına, uzun müddət prezidenti olmuş Şövqü Zeyfin tövsiyəsi ilə və sağlığında Qahirədəki Ərəb Dili Akademiyasına müxbir üzv seçmişlər. 1994-cü ildə altmışdan çox dövləti təmsil edən İslam Əməkdaşlıq Təşkilatı nəzdindəki Müsəlman Hüququ Akademiyasının akademiki seçilməsi isə Vasim müəllimin nüfuzunun artıq bütün islam aləmində necə böyük olduğuna bir daha dəlalət edir.
2002-ci ilin avqust-sentyabr aylarında “İran bir Azərbaycan aliminin gözü ilə” adlı yeddi seriyalı sənədli filmin on şəhərdə çəkilişinə Vasim müəllim dəvət olunmuşdu. Çox zəngin mədəniyyətə malik olan bu ölkənin tarixindən, sivilizasiyasından, poeziyasından, məbədgahlarından, ziyarətgahlarından və qədim abidələrindən bəhs edən filmdə həyat yoldaşı Qumru xanımla birlikdə akademikimizin fars və Azərbaycan dillərində aparıcı kimi maraqlı şərhləri böyük əks-səda vermişdi. Məhz buna və bir sıra elmi toplantılarda farsca oxuduğu mühazirələrə görə onu İrandakı Əhli-beyt qurumunun üzvlüyünə qəbul etmişdilər.
Dəfələrlə Türkiyənin aparıcı televiziya kanallarında dahi Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”si ilə bağlı saatlarla dərin məzmunlu çıxışları Vasim müəllimin qardaş dövlətdəki bir neçə elmi vəqflərə üzv seçilməsinə səbəb olmuşdur.
İdris Abbasovun şərqşünaslığımızın ağsaqqalına ünvanladığı mülahizələrindən birinə də münasibət bildirmək istəyirik: “Bir müəssisə daxilində süni istedadsızlıq mühüti formalaşdırıb, müqayisədə istedadlı kimi görünmək və digər istedadların başından basıb məhv etmək elmə xəyanət olduğu kimi, mənsub olduğu xalqın faciəsinə sevinmək qədər iyrəncdir”. Əvvəla, Şərqşünaslıq və İlahiyyat fakültələrində çalışan Vasim müəllimin elmi dərəcəli yetirmələri öz savadları ilə İdris Abbasovu istənilən məqamda yerində oturtmağa qadirdirlər. İkincisi, Vasim müəllimin rəhbərliyi ilə 50-dən çox fəlsəfə doktoru və 4 elmlər doktoru AMEA-nın müxtəlif institutlarında, ali təhsil müəssisələrində, həmçinin ayrı-ayrı təşkilatlarda fəaliyyət göstərirlər. Əgər əllinci illərin sonundan başlayaraq, şərqşünaslıq aləmində ustadımız mərhum professor Ələsgər Məmmədovun sayəsində Bakı praktik ərəb dili öyrədən ən məşhur mərkəzlərdən biri hesab edilirdisə, hal-hazırda ərəb dilçiliyi və islamşünaslıq sahələrində nəzəri məktəbin yaradıcısı akademikimizin əvəzedilməz xidməti vətənimizin ərəbşünaslıq ocaqlarından birinə çevrilməsi ilə bağlıdır.
İyrənc odur ki, namizədlik dissertasiyasına rəhbər və doktorluq dissertasiyasına məsləhətçi olmağa razılıq verən Vasim müəllim haqqında İdris Abbasovun özünəməxsus rəyi vardır: “Şəxsən mən belə “məharətli” alim-ziyalının ölkə üçün savadlı kadr yetişdirməsinə qətiyyən inanmıram”. Görkəmli şərqşünasımızın həyatında bəlkə də yeganə səhvi bu cür nankoru elm aləminə gətirməsidir.
İdris Abbasov hörmətli akademikimizin gərgin zəhməti ilə qazandığı mükafatları gözdən salmaq üçün hər cür çirkin yollara əl atır: “Vasim müəllim... 1992-ci ilin 28 oktyabrında yeni-yeni elmi titulların əldə olunmasında tramplin rolunu oynayacaq “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adını aldıqdan sonra, alim öhdəliyi və məsuliyyəti çərçivəsində, qələmə aldığı əsərlərdəki yanlışlıqları və təhrifləri təshih edə bilərdi”. Əvvəla xatırladaq ki, uzmanımız həmçinin Dağıstan Muxtar Respublikasının əməkdar elm xadimidir. Bunlardan başqa 2002-ci ildə ulu öndərimiz Heydər Əliyev Vasim müəllimi “Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə” “Şöhrət” ordeni ilə təltif etmiş, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev 2009-cu ildə görkəmli alimimizə “Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə” “Şərəf” ordeni və 2012-ci ildə Prezident təqaüdü vermişdir. Sual olunur: İdris Abbasov kimdir ki, Prezident fərmanlarını şübhə altına qoysun?
Elmi rəhbəri və məsləhətçisi olmuş Vasim müəllimin öz gərgin fəaliyyəti nəticəsində el məhəbbəti qazanmasına və vətənimizin hüdudlarından kənarda xalqımızı ləyaqətlə təmsil etməsinə görə qürur hissi keçirmək əvəzinə qəlbi paxıllıqla dolu İdris Abbasov hörmətli alimimizə tuşladığı iftiralardan usanmır.
İxtisasından başqa şərq poeziyasının, tariximizin, ədəbiyyatımızın və muğamlarımızın dərin bilicisi kimi tanınmış ağsaqqalımız haqqında iki nəfis şəkildə buraxılmış irihəcmli kitabda (“Vasim Məmmədəliyev zirvəsi”, Bakı-2002, “Parlaq zəka sahibi-böyük vətəndaş”, Bakı, 2012) məşhur alimlər, şairlər, ziyalılar, dövlət və mədəniyyət xadimlərinin sonsuz ehtiram və sevgi ilə qələmə aldıqları məqalələr toplanmışdır. Onların müəlliflərindən Şeyxulislam Allahşükür Paşazadə, akademiklər Akif Əlizadə, Mahmud Kərimov, Arif Mehdiyev, Abel Məhərrəmov, Ziyad Səmədzadə, Bəkir Nəbiyev, Fuad Qasımzadə, Ağamusa Axundov, AMEA-nın müxbir üzvləri Kamal Abdulla, Tofiq Hacıyev və Nizami Cəfərov, professor Yusif Seyidov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Ayaz Vəfalı, Hüseyn Abbaszadə, Əlibala Hacızadə və onlarla digərlərinin adlarını çəkmək mümkündür. Axı, Azərbaycanın belə şəxsiyyətləri müqabilində İdris Abbasov kimdir ki, görkəmli şərqşünasımız barəsində qeyri-etik, çirkin ifadələrlə hökm sürsün.
Nəhayət, İdris Abbasov öz xislətinə xas elə bir sağalmaz şərləmək xəstəliyinə mübtəla olmuşdur ki, ömrünün axırınadək ondan şəfa tapmaq müşkül məsələdir. Həmçinin ona xatırlatmaq istəyirik ki, hələ heç kəsə üzüdönüklük xeyir gətirməmişdir.
Filologiya üzrə elmlər doktoru, professor əl-Abbasi Xeyri,
Filologiya üzrə elmlər doktoru, professor əvəzi Nəsrulla Məmmədov,
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Qaradağlı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov
çap et