525.Az

"İran rejimi 40 milyonluq azərbaycanlının hüquqlarını tapdalayır"


 

MAŞALLAH RƏZMİ: "REJİM CƏNUBİ QAFQAZDA HƏRBİ TƏLİM KEÇMƏKDƏN BAŞQA HEÇ NƏ EDƏ BİLMƏZ"

"İran rejimi 40 milyonluq azərbaycanlının hüquqlarını tapdalayır"<b style="color:red"></b>

İranda iki aya yaxındır ki, etirazlar davam edir. Molla rejimi etirazçılara qarşı qəddarcasına davranmasına baxmayaraq, öz hüquqlarını tələb edən kütlənin etirazlarının qarşısını ala bilmir. Rejim daxili məsələlərlə məşğul olmaq, xalqın haqlı tələblərini yerinə yetirmək əvəzinə, Azərbaycana təhdidlər yağdırır, sərhəddə hərbi təlimlər keçirir,  torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan, məscidlərimizi, dini abidələrimizi dağıdan, təhqir edən Ermənistanla dostluq edir, Qafanda konsulluq açır. İran Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək  üçün casus şəbəkəsi yaratmaqdan da çəkinmir.

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İran xüsusi xidmət orqanlarının növbəti dəfə Azərbaycanda casus şəbəkəsi aşkar edilib.

Fransada yaşayan cənubi azərbaycanlı siyasi şərhçi Maşallah Rəzmi "525"ə müsahibəsində İranda davam edən aksiyalar, rejimin cənublu soydaşlarımızla bağlı mənfur siyasəti, qadınlara qarşı amansız davranışları barədə ətraflı danışıb.

 

 

- Maşallah bəy, İranda iki aydır ki, etirazlar davam edir. İnsanlar artıq İslam Respublikası adı altında vətəndaşların hüquqlarını pozan, edama, amansız işgəncələrə əl atan  molla rejimini istəmirlər. Sizcə bu hadisələr nə ilə nəticələnə bilər?

- Doğrudur, İranda iki aydır ki, etirazlar davam edir və gündən-günə şiddətlənir. Etiraz edənlər bunu aksiya deyil, inqilab adlandırırlar. Mənim baxışım da ondan ibarətdir ki, bu etirazlar inqilaba, çevrilişə, mövcud hökuməti dəyişdirməyə doğru gedir. Bu hərəkatın başlanmasına səbəb hicaba görə əxlaq polisi tərəfindən bir qadının öldürülməsi ilə başlandı. Ardınca məsələ digər istiqamətlərə yön aldı. Aksiya iştirakçıları ictimai, iqtisadi, siyasi və digər tələblər səsləndirməyə başladılar. Açıq şəkildə bəyan edirlər ki, bu, bizim son sözümüzdür və bu rejimi istəmirik. Belə məlum olur ki, İranda yeni nəsillə - gənclərlə, cavanlarla hökumətin arasında böyük bir qanlı dərə yaranıb. Nə hökumət gənclərin istəyini anlayıb, dərk edir, nə də gənclər qoca, qatil hakimiyyətin sözünə baxır. İndi vəziyyət belədir ki, hökumət aksiyaların qarşısını alıb, etirazçıları sakitləşdirə, insanlar da bu hakimiyyətin getməsinə nail ola bilmir. Etirazlar davam etdikcə hökumətin mövqeyi zəifləyir, beynəlxalq aləm etiraz edənlərin mövqeyini gücləndirir. Belə davam etsə, yəqin ki, bir müddət sonra bu etirazlar inqilaba çevriləcək və nəhayət İranda hökumət dəyişəcək.

- İranda qadınlar daha çox şiddətə məruz qalır. Sizin də qeyd etdiyiniz kimi, etirazlar da məhz gənc xanımın Məhsa Əmininin baş örtüsünə görə öldürüldüyü üçün başladı. Qadınlara qarşı şiddət, əxlaq polisinin davranışları ilə bağlı nə deyə bilərsiniz?

- İranda qadınlarla bağlı məsələ İslam Respublikası yaranandan böyük bir problemlə üzləşib. Mollalar belə düşünürdülər ki, qadınlara, xüsusən onların geyimlərinə nəzarət etməklə ictimaiyyətə nəzarət edəcəklər. Bu işdə güclə, zorla siyasətlərini yeritməyə başladılar. Bir müddət qadınlar buna sakit reaksiya verdilər. Amma sonralar öz etirazlarını müxtəlif formada ifadə etdilər. Birinci qadın etirazı İslam Respublikasına qarşı 1980-ci ilin 8 mart -  Beynəlxalq Qadınlar günündə Tehranda baş verdi. Yəni hələ 40 gün deyildi ki, İranda inqilab olmuşdu, qadınlar küçələrə çıxaraq etiraz etdilər. Onlar bildirdilər ki, biz istəmirik zorla başımıza hicab taxdırıb, başımızdan vurasınız. Amma ardınca İran-İraq müharibəsi başladı və İran rejimi müharibənin kölgəsində milləti, xüsusən qadınları hüquqlardan məhrum etdi. Qadınları ikinci dərəcəli vətəndaşa çevirdi. Amma qadınlar bu 43 ildə çox dəyişiblər. İndi universitetlərdə tələbələrin 60 faizini qadınlar təşkil edir. Bu qadınlar təhsillərini başa vurduqdan sonra iş tapa bilmirlər. Ali təhsilli işsiz qadınların sayı da elə 60 faizə yaxın - 58 faiz təşkil edir. Yəni təhsil alırlar, lakin hökumət onlara iş vermir. İndi qadınlar savadlanıblar. İran qanunlarına görə, bir qadın əgər xaricə səyahətə getmək istəsə, gərək rəsmi halda ərindən icazə kağızı olsun. Nəzərə alın ki, bir savadlı, hüquqşünas qadın ali təhsili, savadı olmayan həyat yoldaşından gərək səfər üçün rəsmi icazə alsın. Bu, qadınlara böyük bir təhqirdir. İranda inqilab olanda insanların 30 faizi şəhərlərdə,70 faizi isə kəndlərdə, rayonlarda yaşayırdılar. İndi tam əksinə olub. Əhalinin 75 faizi şəhərlərdə yaşayır, qalanları kəndlərdə və şəhərlərdə. Bu şəhər düşüncəsi, mədəni mühüt milləti oyadıb. İnsanlar daha əvvəllər kənddə yaşayanlar kimi bisavad deyillər ki, mollaların sözünə baxsınlar.

- İranın Azərbaycana qarşı son günlər sərgilədiyi siyasətlə bağlı soruşmaq istəyirdim. Tehran rejimi Azərbaycana qarşı təhdidlər səsləndirir, sərhəddə təlim keçir, islami dəyərlərini təhqir edən, məscidlərimizi dağıdan Ermənistanla dostluq edir, ölkəmizdə özünün casus şəbəkəsini yaradır. Sizcə, İran rejiminin bu mövqeyinin səbəbi nədir?

- Tehran rejiminin Cənubi Qafqazda siyasəti həmişə rusların siyasəti ilə oxşar olub. Rusiya icazə verməsə, İran Cənubi Qafqazda hər hansı addım ata bilməz. İndi Rusiya Ukraynada bataqlığa düşüb, Putin vəziyyətdən çıxmaqda çətinlik çəkir. Bu ölkənin iqtisadiyyatına, ordusuna və ictimaiyyətinə böyük zərərlər dəyib. Mümkündür ki, indi Rusiya Cənubi Qafqazda özü siyasətini apara bilmir və İrana burda meydan verir ki, özünü sınasın. Amma Tehran rejiminin sərhəddə təlim keçməsi ona oxşayır ki, Putin özü Ukraynaya hücum etdi və bataqlığa düşdü, İran Ermənistanda, Cənubi Qafqazda Rusiyadan daha artıq bataqlığa düşər, heç çıxmaq üçün yeri də qalmaz. İranın indiki siyasəti - erməniləri himayə edib, onlardan Azərbaycanın əleyhinə istifadə etməsi eyni zamanda daxili siyasətə bağlıdır. Bir növ insanların fikrini yayındırmaq, dəyişmək üçün bu siyasəti yürüdürlər. Mənim baxışım belədir ki, İslam Respublikası adlanan İran Cənubi Qafqazda hərbi təlim keçməkdən başqa heç nə edə bilməz. Bir hökumətin ki, öz içərisində 100-də 95 millət ona qarşı dayanıb, iki aydır mübarizə aparır, onun getməsini istəyir, belə bir hakimiyyət xarici siyasətdə ayrı addım ata bilməz.

- Məlumdur ki, İranda azərbaycanlıların hüquqları hər zaman pozulub. Bir ovuc erməni üçün isə bütün hüquqlar təmin edilib. Bu barədə fikirləriniz nədən ibarətdir?

- İran rejimi bir dəstə ermənidən ötrü 40 milyonluq Güney azərbaycanlının hüquqlarını tapdalayır. Bu, açıq-aşkar bir məsələdir. Amma indi əvvəlki zaman deyil. Azərbaycanlıların içərisində milli məfkurə, milli hürriyyət kök salıb. Daha bu bir intellektual təbəqənin, azlığın fikri deyil. Bəlkə bir millətin fikridir. Güney azərbaycanlıları istəyirlər ki, öz müqəddəratlarını ələ alsınlar. Biz bunu şüarlarda görürük. Bu iki ayda Cənubi Azərbaycan küçələrində İslam Respublikasının əleyhinə şüarlar səsləndirirlər. Bir neçə gün əvvəl Təbrizin mərkəzində hökümətin əleyhinə böyük bir aksiya keçirildi. Burada "Azadlıq", "Ədalət", "Milli hökumət" şüarlarını səsləndirdilər. Yəni Güney azərbaycanlıları özləri üçün milli hökumət qurmaq istəyirlər. Deyirlər ki, biz ölməyə hazırıq, Babəkin adını çəkirlər və söyləyirlər ki, onun əsgərləriyik. Azərbaycan milləti çəkəmməz bu zilləti. Azərbaycan həmişə mədəniyyət bayraqdarı olub. Bundan artıq mollaların geridə qalmış fikirlərinə tab gətirə, yaşaya bilməz. Ona görə də azərbaycanlılar bu hökumətin siyasi, iqtisadi, ictimai təzyiqlərinə son qoyulmasını istəyirlər.

- İrandakı proseslər Güney Azərbaycan üçün nə vəd edir? Molla rejimindən qurtulmaq mümkün olacaq?

- Mən fikrimin əvvəlində dedim ki, iki aydır davam edən bu etirazlar son nöqtəyə çatıb. Millət bu hökuməti istəmir. Amma rejimi yıxmağa gücləri çatmır. Rejim istəyir ki, vurmaqla, öldürməklə, tutmaqla milləti sakitləşdirsin. Amma edə bilmir, bacarmır. Etirazlar getdikcə şiddətlənir. Bu vəziyyəti dəyişmək üçün üçüncü bir qüvvə meydana gəlməli, etirazları millətin xeyrinə başa çatdırmalı, hakimiyyəti devirməyə imkan yaratmalıdır. Biz cənubi azərbaycanlılar özümüzü türk dünyasının bir parçası hesab edirik. Mən istəyirəm ki, türk dünyası, türk dövlətləri cənubi azərbaycanlıların arxasında dayansınlar. Bizə siyasi, diplomatik, ictimai, yeri gəlsə, iqtisadi dəstək versinlər. Maliyyə, hətta digər formalarda cənubi azərbaycanlıların köməyə ehtiyacı var.

Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı Cənubi azərbaycanlılarda böyük bir ümid yaradıb. Şimali Azərbaycan keçmişdə olduğu kimi daha Cənubi Azərbaycandan fərqli deyil. Ciddi surətdə cənubda gedən prosesləri təqib edirlər. Azərbaycan müstəqillik qazandıqdan sonra milli lider mərhum Heydər Əliyev Cənubi Azərbaycana yönəlik böyük addımlar atdı. Hətta İran rəhbərliyinə deyirdi ki, niyə bizim soydaşlarımız öz dillərində danışmasınlar, muxtariyyətləri olmasın. Xatırlayıram ki, Heydər Əliyev İran prezidentinə demişdi ki, niyə azərbaycanlıların öz dillərində yazıb-oxumalarına imkan yaratmırsınız. İran prezidenti cavab vermişdi ki, məktəblərdə türk dillni tədrisi edəcək müəllim yoxdur. Heydər Əliyev isə demişdi ki, bu təklifi qəbul et, nə qədər istəsən müəllim verə bilərik. Yəni müəllimin olmadığını bəhanə gətirmə. Prezident İlham Əliyev öz atasının addımlarını davam etdirir və Cənubi Azərbaycana himayəsi ilə Cənubi azərbaycanlılar arasında böyük ümid yaradıb. Bütün bunların azadlığa yol açacağına inanırıq.

 

 





15.11.2022    çap et  çap et