Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsindən iki il ötsə də, hələ də sülh sazişi imzalanmayıb. Sərhəddə Azərbaycana qarşı törədilən təxribatlar, atəşkəsin pozulması faktları, Ermənistan rəhbərlərinin ikibaşlı davranışları sülh sazişinin imzalanmasını gecikdirir. Müharibə dövründə silah-sursat, hərbi texnika itkisi baxımından milyardlarla dollar ziyana düşən, iqtisadi vəziyyəti acınacaqlı olan Ermənistanın sülh sazişinin bağlanmasının yubatmasına səbəb nədir? Bir çox ekspertlərin, politoloqların fikrincə, bu məsələdə Ermənistan tamamilə kənar qüvvələrdən asılıdır və ona görə də qərar verə bilmir. Bu zaman isə iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsinə və sülh sazişinin imzalanmasına Rusiyanın əngəl olduğu daha çox qabardılır.
Son aylar ərzində Avropa Birliyinin münaqişənin həlli ilə bağlı cəhdlərinə, Praqa görüşünə, ABŞ-ın sülh məsələsi ilə bağlı açıqlamalarına Rusiya tərəfinin səssiz qalmaması, Qarabağ məsələsini sanki ancaq Moskvanın həll edə biləcəyini açıq-aşkar göstərməyə çalışması da bunun sübutudur. Bəs Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqların bu günə qədər lazımi nəticə verməməsi başqa hansı səbəblərdən qaynaqlana bilər?
Politoloq Qabil Hüseynlinin "525"ə bildirdiyinə görə, indiki sülh danışıqlar proseslərin önündə Avropa Birliyi gedir. Onun fikrincə, son Soçi görüşündə Rusiyanın bölgədə qarşıdurma yarada biləcək müəyyən müddəaları görüşün yekun bəyanatlarına daxil etmək cəhdləri fiaskoya uğrayıb: "Danışıqların tam nəticə vermədiyini demək bir az çətindir, çünki ortada razılaşdırılmış müəyyən məqamlar var. Üstəlik də, hər iki tərəf sülhə can atdığını bəyan edir. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul etdiyini bildirir və hətta bu ilin sonlarına qədər sülh müqaviləsinin bağlanacağından danışır, amma sülh prosesinə mane olanlar, yubatmağa çalışanlar da var ki, onun da ön sıralarında Rusiya gedir. Rusiya dəfələrlə Ermənistana xəbərdarlıq edib ki, tələsmək lazım deyil, biz Ukraynada əməliyyatları bitirdikdən sonra köklü şəkildə Cənubi Qafqazın problemləri ilə, xüsusən də Ermənistan və Azərbaycanın problemləri ilə məşğul olacağıq. Vəziyyətin belə uzandığını görən Avropa Birliyi əlbəttə, təşəbbüsü ələ almağa çalışdı və xüsusilə də Rusiyanın sülh yaratma prosesində hər hansı müsbət rol oynaya bilməyəcəyini nəzərə alaraq bu proseslərə qoşuldu. İndi proseslərin önündə Avropa Birliyi gedir desək yanılmarıq, çünki son Soçi görüşündə Rusiyanın bölgədə qarşıdurma yarada biləcək müəyyən müddəaları görüşün yekun bəyanatlarına daxil etmək cəhdləri fiaskoya uğradı. Azərbaycan Respublikası Prezidentinin qətiyyətli mövqeyi nəticəsində Rusiyanın məkrli planları puç oldu. Üstəlik, Ermənistan da gördü ki, Rusiyanın iştirakı ilə sülhyaratma prosesi yenə də ləngidilməkdə davam edir və Rusiya bu regionda daha çox özünün geosiyasi maraqlarını güdür, yalnız bu maraqların təmin edilməsindən sonra elə bir sülh müqaviləsinə nail olmaq istəyir ki, hər iki tərəfi daim öz nəzarəti altında saxlaya bilsin. İndi bölgədəki proseslərə Amerika Birləşmiş Ştatları da qoşulub. ABŞ Avropa Birliyinin moderatorluğunu tanıyır və ona dəstək verir. Eyni zamanda özü də bu proseslərə qatılmaqla Cənubi Qafqazdan Rusiyanı çıxarmağa və burada dayanıqlı sülhün yaradılmasına nail olmağa çalışır. Rusiyanın bu bölgədə olması bölgə üçün ciddi problemlər yaradıb, yaradır və yaratmaqda da davam edəcək. Bu səbəbdən Qərb dünyası Rusiyanı beynəlxalq münsiflər sırasından xaric etməyə, beynəlxalq danışıqlarda onun vasitəçilik səylərini rədd etməyə çalışır və bu məsələdə də, Ermənistan-Azərbaycan problemində də Rusiyanın vasitəçilik səylərini tamamilə aradan qaldırmaq istəyir".
Bəzi hallarda Qərbin də sülh yaratmaq prosesinə müsbət mənada təsir edəcəyinə şübhə ilə yanaşmalar da var. Qərb ölkələrinin də bu məsələdə yalnız öz maraqlarını düşünərək vasitəçilik etdiyi iddia olunur. Politoloq hesab edir ki, Qərbin də geosiyasi maraqları olsa belə, bu maraqlar dəyərlər üzərində köklənib: "Əlbəttə, Qərbin də bölgədə geosiyasi maraqları var, amma bu maraqlar dəyərlər üzərində köklənib. Onlar hər hansı iqtisadi maraqlardan öncə, bəşəri dəyərlərin ön plana çəkilməsini nəzərdə tutur və öz siyasi sistemlərinə oxşar siyasi sistemlərin bu bölgədə də bərqərar olmasına çalışırlar. Rusiyanın siyasi ambisiyaları isə neo-imperialist xarakteri daşıyır. Bax o nöqteyi-nəzərdən Rusiyanın davranışları fonunda Qərbin iştirakı ilə sülh yaratma prosesi daha cəlbedici görünür".
Bəs ABŞ-ın bölgədə Rusiyanın vasitəçilik cəhdlərini aradan qaldırmağa çalışmasının Azərbaycana hansısa mənfi təsiri ola bilərmi? Rusiya və ABŞ-ın bölgədəki geopolitik qarşıdurmasında Azərbaycanın hansı mövqe sərgiləməsi daha məqsədəuyğundur? Q.Hüseynli qeyd edir ki, Rusiya bölgəni çalxalamaqda israrlıdır və buna görə bəzi planlarını da həyata keçirmək istəyir, lakin Azərbaycan Rusiyanın bu məqsədinin qarşısında davam gətirmək gücündədir:
"Vladimir Putinin öz emissarı Ruben Vardanyanın Qarabağın dağlıq hissəsindəki separatçıların yanına göndərməsi və Soçi görüşü ərəfəsində orada ordan-burdan yığılan ermənilərin, hətta İran mənşəli şəxslərin iştirakı ilə keçirilən mitinqin təşkili də onu göstərir ki, Rusiya bölgəni çalxalamaqda israrlıdır və bunun üçün müxtəlif planları həyata keçirmək niyyətindədir, amma Azərbaycan bu niyyətlərin hamısının qarşısında sipər çəkə biləcək gücdədir".
Fərid SANÇAR
çap et