525.Az

Soçidən Tehrana: yeni geosiyasi hiylə ssenarisi - Kamal Adgözəlov yazır


 

Soçidən Tehrana:  yeni geosiyasi hiylə ssenarisi - <b style="color:red"> Kamal Adgözəlov yazır</b>

Kamal ADIGÖZƏLOV

 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi sammitindən sonra Ermənistanın məğlub Baş naziri N.Paşinyanın tələm-tələsik Tehrana səfər etməsinin geosiyasi mənası haqqında müxtəlif fikirlər səslənir. Ekspertlər bu səfərin təsadüfi olmadığına əmindirlər. N.Paşinyanın Tehranda bir neçə ikitərəfli sənəd imzalaması da görüntüdür. Bu hadisələrin arxasında Cənubi Qafqazda geosiyasi sabitliyi pozmağa istiqamətlənmiş bir plan dayana bilər. Tarixi aspektdə Qərbin də Cənubi Qafqaz siyasətinə bu günün reallıqları kontekstində nəzər saldıqda, söhbətin başlıca olaraq region uğrunda geosiyasi savaşın növbəti amansız səhnəsindən getdiyinə əmin oluruq. Nüfuzlu Qərb politoloqlarının Cənubi Qafqazın qlobal geosiyasət üçün nə demək olduğu haqqında fikirləri həmin tezisin doğruluğuna əminliyi daha da artırır. Böyük güclər sanki oyunun yeni mərhələsinə keçid ediblər. Bu, hansı nəticələrə gətirib çıxara bilər? Biz bu kimi məsələlər üzərində daha geniş dayanmağa ehtiyac gördük.

 

Cənubi Qafqazda yeni nizam və siyasi konfiqurasiya

 

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra sözün həqiqi mənasında Cənubi Qafqazın geosiyasi nəbzi yeni ritmdə vurmaqdadır. Bu qələbənin siyasi, təhlükəsizlik və hərbi əks-sədası hələ də regional və qlobal miqyaslarda öz ciddiliyini saxlayır. Xüsusilə Praqada Avropa İttifaqının təşkil etdiyi "Avropa siyasi birliyi" zirvə toplantısı, ABŞ və Aİ-nin Azərbaycanla Ermənistan rəhbərləri arasında dalbadal təşkil etdikləri görüşlər, Moskvanın buna kəskin reaksiya verməklə Soçi görüşünü təşkil etməsi və İranın səbatsız, məntiqsiz, epileptik xarakterli siyasi-diplomatik və hərbi-təxribatçı reaksiyasından sonra analitiklər bir daha Cənubi Qafqazdakı hadisələrə qlobal geosiyasətin məntiqindən yanaşmağa üstünlük verirlər.

Sual belə qoyulur: hazırda Cənubi Qafqazda cərəyan edən proseslərin məntiqi öncədənmi proqnozlaşdırılıb? Bununla bağlı ekspertlərin hansısa fikri mövcuddurmu? Bu suallara cavab tapmaq üçün 30-40 il öncə yazılmış bir sıra əsərlərə yenidən nəzər salmağa dəyər. Çünki həmin əsərlərdə çox maraqlı və proqnostik gücü yüksək olan tezislər öz əksini tapıb ki, onların da işığında, məsələn, Soçi görüşündən sonra Aİ, ABŞ, Rusiya, İran və Türkiyə kimi böyük güclərin atdıqları addımların arxasında dayanan geosiyasi, siyasi və hərbi-təhlükəsizlik məntiqini anlamaq mümkündür.

XX əsrin böyük siyasətçi və dövlət xadimlərindən olan, strateji-proqnostik təfəkkürə malik Zbiqnev Bjezinski keçən əsrin son onilliyində vurğulayırdı ki, Azərbaycan müstəqil olsa, Qərbin Xəzər hövzəsinə və Mərkəzi Asiyanın zəngin enerji resurslarına çıxışı üçün etibarlı və sabit dəhliz rolunu oynaya bilər. Bunun əksini də Zbiqnev Bjezinski çox maraqlı şəkildə izah edib: Azərbaycanın asılı olması Mərkəzi Asiyanın dünyadan təcrid olunmasına aparıb çıxara bilər.

Bu mövqedən müasir regional geosiyasi reallıq aspektində iki maraqlı nəticə çıxara bilərik. Birincisi, ABŞ üçün Azərbaycanın müstəqilliyi Qərbin enerji təhlükəsizliyini və geosiyasi maraqlarını təmin edəcək çərçivədə müəyyən edilib. Yəni Azərbaycanın müstəqilliyinə bu baxış keçən əsrdən mövcud idi. Bu isə o deməkdir ki, keçən əsrin 90-cı illərində olduğu kimi, indi də Amerika və o cümlədən, Avropa Azərbaycanın müstəqilliyinə həmin "pəncərə"dən baxır. Bunu ötən əsrin 90-cı illərində Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən "907-ci düzəliş"i qəbul edənlərin indi də Ermənistanı müxtəlif üsullarla müdafiə etməsi təsdiqləyir. Deməli, onların yanaşmasında, Azərbaycanın, ümumən, suveren və müstəqil olması deyil, Qərbin maraqlarına cavab verdiyi səviyyədə "müstəqil" olması yer alıb.

Zbiqnev Bjezinskinin tezisinin ikinci hissəsi isə Qərbin strateji maraqlarının geniş geosiyasi məkanda təmin edilməsində Azərbaycanın oynaya biləcəyi rolla əlaqəlidir. Vaşinqton və Brüssel əmindirlər ki, Mərkəzi Asiyanın müstəqilliyi geosiyasi aspektdə xeyli dərəcədə Azərbaycanın hansı miqyasda "Qərbin dostu" olacağı ilə sıx bağlıdır.

Bu mülahizələri əsas tutaraq ekspertlərin Zbiqnev Bjezinskinin Azərbaycanla bağlı proqnozlarını aşağıdakı kimi ümumiləşdirmələri, bizcə, reallığı doğru əks etdirir. Həmin ümumiləşdirmədə deyilir: ABŞ Azərbaycanın geosiyasi potensialını yüksək qiymətləndirir. Vaşinqton Cənubi Qafqaz və Mərkəzi Asiya kimi strateji əhəmiyyətli regionda Azərbaycana əsas tərəfdaş (Z.Bjezinskinin təbirincə - "dayaq elementi") kimi yanaşır. Deməli, amerikalı strateqlər belə hesab edirlər ki, Azərbaycan Mərkəzi Asiya, Yaxın Şərq, Cənub-Qərbi Rusiya və ümumilikdə bütün Qafqaz regionunda "körpü" rolunu oynamalı və bu məqam ABŞ-ın xarici siyasətində əhəmiyyətli yer tutmalıdır.

Bir başqa kontekstdə Zbiqnev Bjezinski dünyanın gələcək geostrateji, geoiqtisadi və transmilli siyasi maraqlarının Avrasiya məkanında həll olunacağını ifadə edib. Eyni zamanda, o, Helford Makinderdən fərqli olaraq, yeni minillikdə dünyanın taleyinin "Avrasiyanın orta zonası hesab olunan Şərqi Avropa"da deyil, əsas olaraq Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda həll olunacağı tezisini irəli sürür.

Bunlardan Z.Bjezinski Qərbin maraqları baxımından aşağıdakı məntiqi nəticə əldə edir: Cənubi Qafqazı Rusiyanın geosiyasi təsir dairəsindən çıxarmaq və geosiyasi anlamda Qərbə inteqrasiya etmək lazımdır! Bunun üçün isə Qafqazda Azərbaycan və Gürcüstanın (Ermənistanın müstəqil siyasət yeridə bilmədiyini Z.Bjezinski yaxşı bilirdi), Mərkəzi Asiyada isə Qazaxıstan və Özbəkistanın transmilli geosiyasi və geoiqtisadi layihələrini dəstəkləmək lazımdır. Bu üsulla Qərb bu bölgədəki strateji mövqelərini gücləndirə bilər. Hazırda Qərbin davranışında bu məntiqi və məqsədi hiss etmirikmi?

Zbiqnev Bjezinski Azərbaycanın geosiyasi-hərbi əhəmiyyətini daha geniş aspektdə də izah etməyə çalışır. O yazır: "Ərazisinin məhdudluğu və əhalinin sayının azlığına baxmayaraq, böyük enerji resurslarına malik Azərbaycan geosiyasi mənada ciddi əhəmiyyət daşıyır. Xəzər hövzəsi və Mərkəzi Asiyanın zəngin ehtiyatlarının açarı məhz Azərbaycandır. Azərbaycan tamamilə Moskvanın nəzarətində olduğu təqdirdə Mərkəzi Asiya ölkələrinin müstəqilliyi yalnız nisbi xarakter daşıyacaq".

Artıq XXI əsrin ilk illərində Z.Bjezinski yazırdı ki, XXI əsrdə Qərbin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının təmsil olunduğu başlıca region Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsidir. Burada Qərbin maraqları yerli regional liderlər olan Rusiya, İran və qismən də Türkiyə ilə toqquşur. Z.Bjezinski hesab edirdi ki, bu dövlətlərin heç biri təklikdə öz iradələrini yerli ölkələrə qəbul etdirməyə qadir deyillər. Bu səbəbdən də Amerika və Avropa həmin dövlətlərin birləşməsinə imkan verməməlidirlər.

Burada məsələ daha geniş və qəti qoyulub: Qərb regiona yaxın güclü dövlətlərin geosiyasi birləşməsinə imkan verməməlidir! Əgər bu istiqamətdə hər hansı hərəkət olsa, onların arasını vurmalıdır! İndi Qərbin davranışlarında bu tendensiya duyulmurmu?

Başqa bir tanınmış Amerika politoloqu Samuel Hantinqton da oxşar mövqedən çıxış edir. O, Avrasiyanı, xüsusən də Xəzər hövzəsini XXI əsrdə dünyada yaşanacaq əsas geoiqtisadi münaqişə bölgələrindən biri kimi xarakterizə edir. O hesab edir ki, Xəzər dənizi hövzəsində əsas qarşıdurma obyekti Xəzər neftinin sərbəst istehsalı, bölüşdürülməsi və Avropa bazarlarına çıxarılması ilə əlaqəli olmalıdır. Həmin kontekstdə də dünyanın böyük güclərinin savaşı şiddətlənəcəkdir.

Nəhayət, digər məşhur amerikalı strateq və politoloq Henri Kissincerin Cənubi Qafqaza verdiyi geosiyasi qiymət maraq doğurur. Onun qənaətinə görə, Avrasiyada əsas olaraq Xəzər hövzəsi və Cənubi Qafqaz Qərb-Rusiya geosiyasi maraqlarının toqquşma məkanıdır. Bu regionun çağdaş hərbi-geostrateji, geoiqtisadi və digər maraqları uğrunda gərgin mübarizə getməkdədir. H.Kissincerin fikrincə, hazırda Rusiya bütün keçmiş postsovet məkanında öz milli təhlükəsizlik maraqlarını yerli ölkələrin təhlükəsizlik maraqlarını nəzərə almadan təmin etməyə çalışır. Bunun üçün Moskva müstəqil dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmir. Yəni H.Kissincerə görə, Rusiya hələ də özünün imperiya ambisiyalarını yaşadır.

Burada ABŞ analitiklərinin hansı səbəblərdən Avrasiyaya önəm verdiklərinin geosiyasi aspektini vurğulamalıyıq. Ənənəvi olaraq hesab edilir ki, Avropa ilə Asiyanın qovşağında yerləşən və iki qitənin birləşdiyi kontinental ərazi (Hartlənd) - dünyanın ən əhəmiyyətli məkanlarındandır və siyasi ədəbiyyatda şərti olaraq "Avrasiya" adlandırılır. Z.Bjezinskinin "Avrasiya doktrinası" da məhz bu əsas tezisə əsaslanır.

Digər bir mühüm geosiyasi məqam ondan ibarətdir ki, Qərbdə Rusiyanın adi bir dövlətə çevrilməsi prosesinin əsasında Ukraynanın dayandığına əmindirlər. Buna görə də Qərbin başlıca məqsədlərindən biri Ukraynanın Moskvadan asılılığını aradan qaldırmaqdan ibarətdir. Z.Bjezinski yazırdı ki, müstəqil Ukraynanın yaranması XX əsrin üç mühüm geosiyasi hadisəsindən biridir. Çünki müstəqil Ukrayna Rusiya imperiyasının sonu deməkdir. Onu da vurğulayaq ki, bu tezislər Z.Bjezinskinin "Avrasiya doktrinası"nda mühüm yer tutur. Hazırda Ukraynada Qərblə Rusiyanın çox kəskin şəkildə qarşı-qarşıya durması onu göstərir ki, proseslərin daha gərgin hissəsi hələ irəlidədir. Çünki tərəflərdən heç biri mövqeyindən çəkilmək fikrində deyillər.

 

Rusiya-İran-Ermənistan "üçbucağı"

 

Amerika politoloqlarının keçən əsrin sonu - XXI əsrin əvvəllərinə aid yuxarıda gətirilmiş fikirlərindən aydın olur ki, 44 günlük Zəfər savaşının qlobal miqyasda geosiyasi təsiri olduqca əhəmiyyətlidir. Bu hadisə, faktiki olaraq, bütün dünyada geosiyasi proseslərin məntiqini dəyişməyə qadirdir. Və hazırda Qərblə yanaşı, Rusiya və İranın da davranışında məhz həmin geosiyasi məqamı nəzərə almaq gərəkdir.

İndiki halda Ermənistan "təlatümlü dənizdə tənha qayığa" bənzəyir. Qərb, Rusiya və hətta İran onu silkələyir və öz tərəfinə çəkməyə çalışır. Çünki bu ölkə müstəqil deyil, beynəlxalq güclərin yalnız siyasi aləti kimi istifadə edilir. Bunu Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə üçtərəfli formatda Soçidə keçirilən görüşdən və ondan sonra Moskva ilə Tehranın davranışlarından da duymaq olar.

Ekspertlər N.Paşinyanın hansı səbəbdən Soçidən birbaşa Tehrana yollandığının siyasi və geosiyasi səbəblərini axtarırlar. Məsələ ondan ibarətdir ki, bunu Soçi görüşü ərəfəsi Rusiya və İranın Qarabağla bağlı atdıqları addımların məntiqindən asan hesablamaq olar. Rəsmi Bakının da onlara verdiyi qəti cavabların məntiqindən bunu duymaq mümkündür. Və Ankaranın qətiyyətli hərəkətlərindən də görmək olar.

Həmin ərəfədə rusiyalı milyarder, çirkli pulların yuyulması və beynəlxalq miqyasda maliyyə dələduzluğu sahəsində çoxsaylı "qələbələrə imza atmış" R.Vardanyanın hələlik Qarabağda qalan separatçıların "dövlət naziri" "təyin edilməsi" təsadüfi deyildi. Ermənistanın "Hraparak" qəzetinin yazdığına görə, Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyev R.Vardanyanın Qarabağa gəlişi və orada etdiyi təxribatlarla bağlı Rusiya Prezidenti Vladimir Putinə narazılığını bildirib. Sitat: "Putin cavabında bildirib ki, R.Vardanyanın Qarabağda olması ilə bağlı heç bir məlumatı yoxdur. Əliyev isə istənilən təhdidlərə qarşı lazımi addımların atılacağını bildirib".

Təbiidir ki, Rusiya Prezidentinin cavabı diqqətdən kənarda qalmamalıdır. Çünki heç kim inanmır ki, V.Putinin məsələdən xəbəri yoxdur. Əgər doğrudan da yoxdursa, rusiyalı sülhməramlıların o bölgədə nə işi var? Əgər yoxdursa, deməli, Rusiya dövlət olaraq üzərinə düşən sülh missiyasının öhdəsindən gələ bilmir. Buna görə də Rusiyanın bu missiyasında davam etməsinin mənasının olub-olmamasının araşdırılması lazımdır.

Digər tərəfdən, Soçi görüşü ərəfəsi V.Putinin "Valday" klubunda ikibaşlı məzmunda və məntiqdə "Qarabağın Azərbaycanda qalmasına Ermənistan və erməni xalqı razılıq verirsə, Rusiya etiraz etmir" deməsinin arxasında nələr dayanır?

Qarabağ həmişə Azərbaycanındır və bu, əbədi dəyişməyəcək. Rusiya Prezidenti də 10 noyabr bəyanatına imza atmaqla bunu bir daha etiraf edib. Ancaq onun Soçi sammiti ərəfəsi erməni tərəfə çatdırdığı mesaja N.Paşinyanın verdiyi reaksiya hansısa gizli niyyətlərin mövcudluğundan xəbər verir. Ermənistanın Baş naziri "Rusiya planını qəbul edirik" deməklə, Qarabağın Azərbaycanın tərkibində olması planını istəmədiklərini ifadə etmiş oldu. Bununla da Moskva ilə İrəvanın oxşar mövqedə olduqları bir daha aydınlaşdı.

Bütün bunların fonunda rəsmi Tehranın atdığı addımlara nəzər salaq. İran rəhbərliyi açıq bəyan edib ki, Ermənistanın yanındadır. Üstəlik, Qafanda konsulluq açıb və orada xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın təhlükəsizliyi ilə İranın təhlükəsizliyinin eyni olduğunu açıq deyib. Bundan başqa, Təbrizdə də erməni konsulluğunun açılacağını bildirib.

Deməli, İran, bir tərəfdən, Rusiyaya hərbi texnika və silahlar verməklə Ukraynaya qarşı olduğunu nümayiş etdirir, digər tərəfdən də Ermənistana dəstək verir. Hər iki istiqamətdə rəsmi Tehran təcavüzkarın tərəfini saxlayır. Yuxarıda biz tanınmış analitiklərin fikirlərini şərh edərkən, onların Ukraynanın müstəqilliyi ilə bütövlükdə postsovet məkanının, o cümlədən, Cənubi Qafqazın taleyinin çox asılı olduğu haqqında tezislərindən bəhs etmişdik. Bu o deməkdir ki, həmin məsələdə Rusiya, İran və Ermənistanın mövqeləri üst-üstə düşür.

Bu kontekstdə N.Paşinyanın Soçidən sonra Tehrana səfər etməsinin pərdəarxası məqamlarına "aydınlıq gətirmək" olar. Belə görünür ki, N.Paşinyan əsas olaraq V.Putinin planlarını İran rəhbərliyinə çatdırmaq üçün tələsib. Daha konkret desək, tərəflər İranın geosiyasi aspektdə mövqeyini möhkəmləndirməsi və Ermənistana daha güclü dəstək verməsi ssenarisini reallaşdırmağa hazırdır.

Bunlar Cənubi Qafqazda barış və sülhə qarşı geosiyasi konfiqurasiya yaratmaq həvəsinə düşüblər! İran Rusiyaya regionda barış və sülhün bərqərar olmasına radikal əhval-ruhiyyəli, dağıdıcı və ekstremist maneə kimi baxır. Bunun fonunda "sivil" və "hüquqi" üsulla öz marağını - hegemonluğunu təmin etməyə çalışır.

Ermənistanın ümid etdiyi isə Qarabağa hansısa nəzarəti saxlamaqdan ibarət ola bilər. "Vardanyan ssenarisi" də bu istiqamətdə növbəti spekulyativ priyomdur. Guya erməni separatizminin "qanını təmizləyirlər", meydana "yeni oyunçular" çıxarırlar.

İranın marağı isə daha çirkindir. Çünki o, müsəlman ölkəsinə qarşı daha pis mövqedədir. İran rəhbərliyi bir daha sübut etdi ki, antiislam xarakterli hakimiyyətdir və erməni haqsızlığını sona qədər müdafiə etmək niyyətindədir.

N.Paşinyanın Tehranda bir neçə sənədə imza atması bunların fonunda zahiri görüntüdür, manipulyasiya xarakteri daşıyır. Tehranla İrəvanın əsas hədəfi regionda getdikcə vüsət alan və pozitiv rol oynayan Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı durmaqdır. Ermənistan üçün bu, ənənəvi yaramazlıqdırsa, İran və Rusiya üçün növbəti hiylədir. Lakin zaman göstərəcək ki, Moskva və Tehran gülləni öz ayaqlarına sıxırlar.

Məsələ yalnız Türkiyə və Azərbaycanla əlaqəli deyildir. Burada Qərbin və İsrailin də niyyətlərini diqqətə almalıdırlar. Tehran və Moskva, faktiki olaraq, öz hərəkətləri ilə Vaşinqton və Təl-Əvivi Cənubi Qafqaza daha çox nüfuz etməyə təhrik edirlər. Bununla İran özünə qarşı Qafqaz cəbhəsini də açmış və geosiyasi mühasirə həlqəsini daraltmış olur.

Rusiya isə Ukraynadakı böhranlı geosiyasi-hərbi proseslərə Qafqaz və Mərkəzi Asiyanı da qoşmuş olur. Moskva xüsusilə ona səmimi olan Azərbaycana qarşı ikili standartlar tətbiq etməyə çalışmaqla, bütövlükdə, Cənubi Qafqazda mövqelərini itirməyə rəvac verir. Gürcüstan çoxdan bunun arzusundadır. Ermənistan isə dayanıqlı mövqeyi olmayan forpostdur. Ermənistanda bir çox siyasətçilər Rusiyanın Qafqazda büdrəməsini arzulayır və bu barədə açıq danışırlar.

Türkiyəyə gəldikdə isə, rəsmi Ankara sabit və müsbət ruhlu siyasi xəttini qətiyyətlə davam etdirir. Türkiyədəki ermənilər belə hesab edirlər ki, Cənubi Qafqaza sülhü yeganə olaraq Türkiyə gətirə bilər. Türkiyə Cümhuriyyətinin Cənubi Qafqazda sabitliyi pozmağa çalışanlara cavabı bu baxımdan olduqca əhəmiyyətlidir. Arxasında kimin durmasından asılı olmayaraq, erməni faşizmi yenə baş qaldırsa, dərhal əziləcək. Türkiyə və Azərbaycanın buna çatacaq kifayət qədər gücü vardır.

Beləliklə, Cənubi Qafqazda geosiyasi mənzərəni yenidən risklərə və qeyri-müəyyənliyə sürükləmək niyyətində olanlar vardır. Onlar öz mənfur oyunlarını davam etdirməyə çalışırlar. Lakin artıq regionun geosiyasi lideri mövcuddur - Azərbaycan! Azərbaycan bütün imkanları ilə bu dağıdıcı tendensiyanın qarşısını alacaqdır. Onun reallaşması üçün Bakının resursları kifayət qədərdir.

Qarabağda bir dənə də olsun erməni silahlı dəstəsi qalmayacaq.

Zəngəzur dəhlizi açılacaq.

Sərhədlərin delimitasiya və demarkasiyası baş tutacaq.

Ermənistan rəhbərliyi indi manipulyasiya etməyə çalışdığı sülh müqaviləsini zorən də olsa, imzalayacaq.

Və bütün bunların fonunda Rusiya ilə İran nə dərəcədə yanlış geosiyasi mövqe tutduqlarının acısını yaşayacaqlar!

O günlər elə də uzaqda deyil...

 





15.11.2022    çap et  çap et