525.Az

Azərbaycanda iqlim təhlükəsizliyi sahəsində mühüm layihə


 

"MİLLİ PROQNOZ QURUMLARININ POTENSİALININ ARTIRILMASI HİDROMETEOROLOJİ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASINA XİDMƏT EDİR"

Azərbaycanda iqlim təhlükəsizliyi sahəsində mühüm layihə<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi" adlı tvininq layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin (MHX) və Aİ-yə üzv dövlətlərin tərəfdaş qurumları olan Finlandiya, Litva və Fransanın birgə əməkdaşlığı ilə həyata keçirilir.

Layihənin icrasına bir müddət öncə başlanılıb və 24 ay müddətində həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanın, onun əhalisinin və iqtisadi sektorlarının iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılığının və uyğunlaşma qabiliyyətinin artırılmasına dəstək və Milli Hidrometeorologiya Xidmətinin (MHX) xidmətgöstərmə qabiliyyətinin milli ehtiyacları ödəmək üçün beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsindən ibarətdir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, layihə Azərbaycan üçün ciddi önəm daşıyır. Ölkənin hidrometeoroloji şəraitinin mürəkkəbliyi və onun iqlim riskləri ilə əlaqədar təhlükələrə qarşı olduqca həssas olması hidrometeoroloji fəaliyyətin səmərəliliyinin artırılmasının ən prioritet məsələlərdən olduğunu göstərir. Layihə Azərbaycanda hidrometeorologiyanın müasir beynəlxalq təcrübəyə və tələblərə uyğun fəaliyyət göstərməsinə dəstək verməklə ölkəmizin təbii fəlakətlərə qarşı tələb olunan səviyyədə müqavimət göstərmə imkanlarının artması, təhlükə və risklərin azalması və iqlim amilləri ilə bağlı insan tələfatının və iqtisadi itkilərin qarşısının alınması sahəsində mühüm rol oynayacaq. Azərbaycanda dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün milyonlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəldiyindən söz açan nazir, işğaldan azad olunan ərazilərdə dövlət başçısının Sərəncamları ilə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasına uyğun quruculuq işlərinin geniş vüsət aldığını qeyd edib: "Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır".

Nazirin sözlərinə görə, bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir: "Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işgüzar əməkdaşlığımızı davam etdiririk. Hazırda Azərbaycan tvinninq layihələrinin sayı üzrə regionda liderdir və müxtəlif illərdə ölkənin müxtəlif qurumlarının benefisiar olduğu tvinninq layihələri Avropa Komissiyası tərəfindən ən uğurlu layihələr statusunu alıb".

M.Babayev vurğulayıb ki, hava sərhəd tanımır. Regionda hidrometeoroloji təhlükəsizliyin təmin edilməsinə öz töhfəmizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatları paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcək. Bu baxımdan layihə texniki fəaliyyət və kommunikasiya imkanlarının gücləndirilməsi, o cümlədən, iqlim məlumatlarının idarə edilməsi, proqnozlaşdırma, erkən xəbərdarlıq sahələrində yerli kadrların potensialının artırılmasında mühüm rol oynayacaq: "Ümumdünya Meteorologiya Təşkilatının yaydığı məlumata əsasən iqlimin sürətlə dəyişməsi nəticəsində dünyada təbii fəlakətlərin sayi və intensivliyi artır. Planetimizin elə bir regionu yoxdur ki, təbii fəlakətlərlə üzləşməsin, misal üçün Pakistanın 1/3 hissəsində su altında qalan ərazilərin əhalisi böyük itkilərlə bu faciənin təsiri altındadır. Bu yaxında Amerikada baş verən Yan fırtınası, Fransada dağıntılara səbəb olan atmosfer hadisəsi bir daha göstərdi ki, heç bir iqtisadiyyat iqlim böhranından sığortalı deyil.

Belə proseslərin qarşısını almaq mümkün deyil. Vaxtında verilən dəqiq proqnoz və xəbərdarlıqlar baş verə biləcək mənfi fəsadları azaltmaq, insanların həyatını xilas etməyi mümkün edir. Bu səbəbdən bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işgüzar əməkdaşlığımızı davam etdiririk".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artır. Tədqiqatlar göstərir ki, son 10 ildə 25 metr/saniyədən artıq güclü küləklərin sayı 12 dəfə artıb: "Bakı, Gəncə və Mingəçevir şəhərlərində fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə müşahidə edilirdisə, hazırda il ərzində 3-dən çox belə hadisələrlə üzləşirik".

U.Tağıyeva yağıntıların azalması fonunda leysan xarakterli yağışların miqdarının artdığını qeyd edib: "Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur. Dolu düşməsi artıq səciyyəvi ərazilərdən başqa, digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb".

Xidmət rəisinin dediyinə görə, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir: "Son illərdə dövlət investisiyası çərçivəsində vəsaitlər ayrılıb və milli hidrometeorologiya şəbəkəmiz müasirləşdirilib".

O bildirib ki, "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi" adlı tvininq layihəsi çərçivəsində hidrometeorologiya haqqında qanunun təkmilləşdirilməsi, xidmətin və müşahidələrin optimallaşdırılması, xidmətin strukturunda çevikliyin təmin olunması, müasir tələblərə uyğun kadrların seçilməsi, əməyin qiymətləndirilməsində stimullaşdırıcı addımlar atılması vacibdir.

U.Tağıyevanın sözlərinə görə, "Xidmətin genişləndirilməsi hesabına dövlət büdcəsindən asılılıq azaldılmalı, erkən xəbərdarlıq sistemi yaradılmalı və müasir standartlara uyğun ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır. Hazırda Milli Hidrometeorologiya Xidməti 1075 nəfərlə öz fəaliyyətini davam etdirir. 16 mərkəz və 7 regional idarəmiz var. Sistemlərin avtomatlaşdırılması sayəsində son 5 ildə ştatların optimallaşdırılması işləri aparılıb, 36 yeni avtomat müşahidə sistemi tətbiq edilib. 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında hidrometeoroloji fəaliyyətin bərpa olunması çərçivəsində 10 çayda 11 hidrometeoroloji stansiya quraşdirilib, hazırda test rejimində fəaliyyət göstərir. İlin sonuna qədər isə 5 avtomat stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu bildirən xidmət rəisi, bu ilin sonuna qədər respublikanın çaylarında daha 6 hidroloji və 12 meteoroloji stansiyanın qurulmasının planlaşdırıldığını deyib. "Bundan başqa, aqrometeoroloji stansiyaların inkişafına da xüsusi diqqət yetiririk. Hazırda bu stansiyaların sayı 11-ə çatdırılıb".

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki,  hidrometeorologiya və iqlim sahəsindəki xidmətlər vətəndaşların gündəlik həyatı və iqtisadiyyatın ehtiyacları ilə bağlı mühüm alətlərdir və eyni zamanda, Aİ siyasətinin prioritetləri və onun xarici fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edan iqlim dəyişikliyi ilə mübarizə məsələsində əsas rol oynayır. 2019-cu ilin dekabr ayında qurum liderləri 2050-ci ilə qədər Avropa İttifaqında iqlim neytrallığına nail olmaq barədə razılığa gəliblər. Bu o deməkdir ki, bu tarixə qədər istixana qazı emissiyalarımızı kəskin şəkildə azaldacağıq və xalis sıfır emissiya balansına nail olmaq üçün qaçınılmaz emissiyaları kompensasiya etməyin yollarını tapacağıq: "Biz iqlim neytrallığına keçidi həm də iqtisadi artım, iş yerləri və texnoloji inkişaf baxımından bir fürsət kimi görürük. Biz yalnız tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyinin öhdəsindən gələ bilərik. Mən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ətraf mühit va iqlim dəyişikliyinin qarşısının alınması sahəsində Avropa İttifaqının əsas tərəfdaşı olduğuna görə təşəkkür etmək istəyirəm".

Sevinc QARAYEVA

 





15.11.2022    çap et  çap et