Polşa Mərkəzi Bankı gələn il üçün artım proqnozunu 1.4 faizdən 0.7 faizə endirib.
525.az xəbər verir ki, Polşa Mərkəzi Bankının açıqladığı inflyasiya hesabatına görə, bu il Ümumi Daxili Məhsulun (ÜDM) 4.6 faiz artacağı gözlənilir. Bu il inflyasiyanın 14.5, 2023-cü ildə 13.1, 2024-cü ildə isə 5.9 faiz olacağı təxmin edilən hesabatda: "Gələn il ÜDM-in 0.7 faiz artacağını gözləyirik. 2023-cü ildə daxili iqtisadi artımın aşağıya doğru yenidən nəzərdən keçirilməsi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün Polşada və xaricdə iqtisadi proseslərə güclü mənfi təsirinin nəticəsidir", - deyə qeyd edilib.
Hesabatda Rusiyanın Avropaya qaz tədarükünü azaltması və qeyri-müəyyənliyin artması kimi şərtlərin qlobal pul bazarına təsir etdiyi də vurğulanıb. Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski əvvəlki açıqlamada ölkədə inflyasiyanın gələn ilin ilk iki ayında 19 faizə çatacağını, son rübdə isə 10 faizdən aşağı düşəcəyini bildirmişdi.
Qeyd edək ki, Polşada oktyabr inflyasiyası 17,9% olaraq açıqlanıb.
Məhəmməd Tağıyev
çap et