525.Az

"İran din adı altında Azərbaycanın daxili siyasəti ilə bağlı casus şəbəkəsi yetişdirir"


 

KƏRİM ƏSGƏRİ: "TEHRAN REJİMİ CƏNUBİ AZƏRBAYCAN QORXUSUNA GÖRƏ İŞĞALÇI ERMƏNİSTANIN YANINDA YER ALIR"

"İran din adı altında Azərbaycanın daxili siyasəti ilə bağlı casus şəbəkəsi yetişdirir"<b style="color:red"></b>

İranın Azərbaycana yönəlik son addımları, rejimin ölkəmizdə qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrə əl atmaq cəhdi, eyni zamanda, casus şəbəkəsi yaratması cənub qonşumuzun nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur. İran Azərbaycana yanaşmada heç vaxt müsəlman həmrəyliyindən, qonşuluq, dostluq prinsipindən çıxış etməyib. Azərbaycan isə əksinə, Tehrana səmimi münasibət göstərib, bölgədə İran əleyhinə hər hansı addımın atılmasına yol verməyib. Tehran buna görə Azərbaycana minnətdar olmaq əvəzinə bir qədər də "irəli" gedib, ölkəmizin daxili işlərinə qarışmağa cəsarət edib, "qırmızı xətt" barədə bəyanatlar verməyə başlayıb. Özünü islam dövləti adlandıran İran torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan Ermənistana qucaq açıb, ona bütün dəstəyi göstərib. İşğal dövründə ərazilərimizdə narkotik tərkibli bitkilərin becərilməsi və emalı ilə məşğul olub. Azərbaycanın öz torpaqlarını azad etməsi və bölgədə yeni siyasi reallıq yaratması molla rejiminin yuxusunu ərşə çəkib. "Əzələ nümayişinə" səbəb də məhz budur.

İran hakimiyyəti öz hüquqlarını tələb edən vətəndaşlarına münasibətdə də qəddarcasına davranır, digər millətlərə qarşı daha amansız addımlar atır, onları edam edir, ağır işgəncələr verir.

Türkiyədə yaşayan güneyli fəal, siyasi şərhçi Kərim Əsgəri "525"ə müsahibəsində İranda cərəyan edən hadisələrə, eyni zamanda, rejimin Azərbaycana yönəlik siyasətinə toxunub.

 

- Demək olar ki, İranın bütün bölgələrində, şəhərlərində üçüncü aya keçib ki, etiraz aksiyaları davam edir. İran rejimi əlindən gələni edir ki, etirazların qarşısını alsın. Məsələnin digər tərəfinə toxunmaq istəyirəm. Bu etirazların bəlkə də ən zəif nöqtəsi indiyə qədər bir şura və ya liderin aksiyaların başına keçməsi və onu yönəltməməsidir. Mümkündür ki, qarşıdakı dövrdə xalq öz içindən liderlərini seçsin. Bu, İran çapında da ola bilər, eyni zamanda, hər bölgənin özünün liderini seçməsi də ehtimal olunan variantdır. Məsələn, Əl-Əhvaz bölgəsində ərəblər, Bəlucistanda bəluclar, Cənubi Azərbaycanda azərbaycanlılar özlərinə lider seçə bilərlər. Belə bir ehtimal var. Amma önəmli olanı odur ki, bundan sonra artıq İran əvvəlki İran olmayacaq və tamamən fərqli bir İranın şahidi olacağıq. Bunu sosial mediadan da görmək mümkündür. İndiki rejimin davam edib-etməməsindən asılı olmayaraq, xalqla dövlət arasında artıq ciddi bir qopma olub və bunun yenidən sarınması, bərpası mümkün deyil. Ehtimal olunan digər variantlar da var. İranda bu etirazların artıq tamamilə bir inqilaba çevrilməsi və yeni qüvvələrin hakimiyyətə gəlmə ehtimalı da yaranıb. Fəqət bundan danışarkən həm regional, həm beynəlxalq şərtlərə baxmağımız lazımdır. Diqqət etsəniz, indiyədək dünyadakı dövlətlərdə aksiyaçılarla bağlı hər hansı bir ciddi dəstək müşahidə olunmayıb. Sadəcə bəzi söhbətlərdə, fərdi şəxslər tərəfindən bu dəstək var. Elm, sənət adamları, xalq artistlərinin dəstəyini vurğulaya bilərik. Amma beynəlxalq səviyyədə -  dövlətlərdə və beynəlxalq təşkilatlarda indiyədək dəstək yoxdur. İranda ciddi dəyişikliklər üçün bəhs etdiyimiz dəstəyin olması şərtdir.

- İran rejimi öz vətəndaşlarını şiddətə məruz qoyur, onlarla amansız davranır. Qadınlar daha çox şiddətə məruz qalır, hüquqları əllərindən alınır. Etiraz müddətində bu məqamı bir daha bütün dünya gördü. Bu mövzuda sizin fikirləriniz nədən ibarətdir?

- İranda 1979-cu ildən bu yana bütün insanlar - qadınlar da, kişilər də ciddi ayrı-seçkiliyə, şiddətə məruz qalıblar. Hazırkı etirazlar da gənc qadının baş örtüsünə görə öldürülməsi ilə başlandı. Həmin vaxtdan başlayaraq çox sayda insan istər qadın, istər kişi öz canından olub. Fəqət bundan sonra istər əxlaq polisi olsun, istər İran dövləti olsun, bu məsələ ilə bağlı məcbur bir dəyişiklik etmək zorunda qalacaqlar. Bu dəyişikliklərin ölçüsü nə qədər olacaq, bilmirəm. Amma işin əsas tərəfi budur ki, İran dövləti, o cümlədən, əxlaq polisi bu gördüklərini dinlə bağlayır və güya din adı altında belə bir şiddət həyata keçirirlər. Bu da İranda xalqın dindən və məzhəbdən soyumasına və uzaqlaşmasına səbəb olub.

- Tehran rejimi son aylarda açıq şəkildə Azərbaycan əleyhinə siyasət aparır. Təhdid xarakterli bəyanatlar, sərhəddə hərbi təlimlər, Ermənistanla yaxın dostluq əlaqələri, qarşılıqlı rəsmi səfərlər, Qafanda konsulluq açılması və s. Sizcə rejimin son addımları nədən xəbər verir?

-İranın bu gün müstəqil Azərbaycana qarşı apardığı siyasət bəlkə çox köklü bir məsələyə dayanır. Baxın 90-cı illərin əvvəllərində Sovet İttifaqı çökdü və İran üçün bir təhdid, təhlükə ortadan qalxdı. Amma yeni bir təhlükə ortaya çıxdı. O da müstəqil Azərbaycandır. Həmin tarixdən bu günə qədər İranın dünyada və regiondakı bütün ölkələrlə münasibətlərində dəyişkənlik müşahidə edilir. Yəni münasibət ya yaxşı olur, ya da pis. Dostluq münasibətləri ya  soyuyur, ya da isinir. Amma Azərbaycanla bağlı həmişə eyni mövqeyi sərgiləyib. Azərbaycanın əleyhinə, Ermənistanın lehinə olub. Bu, hətta İranın konstitusiyasına zidd bir məsələdir. Bu İranın real siyasətidir. Yəni Azərbaycanı qəbul edə bilmir, qəbul etmək də istəmir. Bunun da təməlində İranın içindəki Cənubi Azərbaycan məsələsi dayanır. Dünyada bir istisna var, o da budur ki, Azərbaycan türkləri yeganə millətdir ki, kiçik qism müstəqil, böyük qisim başqa dövlətin tərkibindədir. Bu gün İrandakı azərbaycanlıların sayının çoxıuğu, eyni zamanda, Azərbaycandakı sistemin İrandakı sistemdən demokratik olması Cənubi azərbaycanlıları Azərbaycana doğru yönəldə bilir. Bu da Tehran rejimini ciddi şəkildə qorxudur. Buna görə də işğalçı Ermənistanın yanında yer alır, Azərbaycanın əleyhinə siyasət aparır. Bu durum nə zamana qədər davam edərsə, İran hər zaman Azərbaycanın əleyhinə Ermənistanın yanında yer alacaq.

-Yeri gəlmişkən, İranda daha çox hüquqları pozulan azərbaycanlılardır. Az sayda olan ermənilər üçün bütün hüquqlar təmin edilib. Bu mövzuda siz nə deyə bilərsiniz?

- İranda Qacar sonrası Azərbaycan milli hökumətinin mövcud olduğu bir il  - 1945-46 -cı illər xaric, hardasa 100 ilə yaxındır ki,  azərbaycanlıların haqları pozulur. Pəhləvi dönəmində fars millətçiliyi üzərindən bu iş aparılırdı. Hətta soyuq müharibənin birinci soyqırımı Cənubi Azərbaycanda gerçəkləşdi. O zaman Tehran rejimi Cənubi Azərbaycan şəhərinə gəlib minlərlə, on minlərlə insanı qətlə yetirdi və bu birinci etnik soyqırımı idi. 1979-cu il inqilabından sonra islami sözlər, ümmətçilik adı ilə gəlsə də əslində İran rejimi Pəhləvi rejimi ilə bir nöqtədə eyni siyasəti apardılar. Bu da Azərbaycan türklərinə qarşı siyasət idi. Diqqət etsəniz, indiki rejim Pəhləvi rejimindən hər mənada fərqlidir. Amma Azərbaycana qarşı və Azərbaycan türklərinə qarşı apardığı siyasət eynidir. Lakin ermənilərin məsələsinə gəldikdə, İranda 40 milyona yaxın azərbaycanlı var, lakin rejim Ermənistana dostluğunu sübut etmək üçün az sayda ermənilərə bütün haqları verir. Bunun da səbəbi aydındır.

- Bir neçə gün əvvəl Azərbaycanda növbəti dəfə İranın casus şəbəkəsi ifşa edildi. Molla rejimi bununla nəyə nail olmaq istəyir?

- İran din adı altında Azərbaycanın daxili siyasəti ilə bağlı casus şəbəkəsi yetişdirir. Təəssüf olsun ki, Azərbaycanın bəzi vətəndaşları maliyyə, yaxud dini duyğularını, hisslərini istismar etməklə İran tərəfindən ələ alınır. İranın bu addımı Azərbaycana qarşı apardığı tamamilə qeyri-dost siyasətidir. Bu məsələdə digər məqam ondan ibarətdir ki, İran burda da öz çirkin niyyətinə görə din və məzhəb faktorundan, islam və şiəçilikdən sui-istifadə edir. Bu da olduqca üzücü bir məsələdir. Biz İranın bu cür siyasətini daha əvvəl Nardaran, Gəncə hadisələrində gördük. Azərbaycanın xüsusi xidmət orqanlarının yaydığı sonuncu video görüntülərdə bu, bir daha sübut olundu.

- İrandakı proseslərin nə ilə nəticələnə biləcəyi barədə soruşmaq istəyirdim. Molla rejimindən qurtulmaq mümkün olacaq və hadisələr Güney Azərbaycan üçün nələr vəd edir?

- Yuxarıda vurğuladığım kimi, hər mənada daha əski İran olmayacaq. İndi İranda fars düşüncəli bir mərkəziyyətçi molla rejimi vardır. Xalq bunların hər ikisinə qarşı üsyan edir. Bundan sonra gələcək hər hansı bir sistem bunu nəzərə almalıdır. Bu gün bütün bölgələrdə -  bəluclar, kürdlər, Azərbaycan türkləri, ərəblər lurlar, mazandaranlılar həm fars molla rejiminə, həm də o bölgələrdə əllərindən alınan milli haqlarına görə etiraz edirlər. Bundan sonrakı müddətdə İranın hazırkı sisteminin  federasiyaya gedəcəyi, muxtar bölgələrin yaranacağı, yaxud başqa qərar verilməsi  meydan hərəkatına, hansı xalqın öz gücünü nə dərəcədə  ortaya qoymasına bağlı olacaq. Amma bunu da unutmayaq ki, Cənubi Azərbaycan son 100 ildə üç dəfə - istər Şeyx Məhəmməd Xiyabani dövründə Azadistan dövləti, 1945-46-cı illərdə rəhmətlik Seyid Cəfər Pişəvəri dövründə öz iradəsini ortaya qoyub. Hətta 1979-cu il inqilabında cənubi azərbaycanlılar öz milli haqlarını ciddi şəkildə vurğulayaraq Tehran rejiminin gətirəcəyi mərkəzçi sistemə yox deyiblər.

 

 





16.11.2022    çap et  çap et