525.Az

Trampın məğlubiyyəti - Xaqani Cəfərli yazır


 

Trampın məğlubiyyəti - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ-da aralıq seçkilər adlandırılan Konqressə seçkilər çox böyük maraqla izlənirdi. Sonuncu prezident seçkilərində məğlub olan keçmiş prezident Donald Tramp və onun tərəfdarları Konqressə seçkilərdə revanş götürmək niyyətlərini açıq bəyan edirdilər. Seçki kampaniyasının başlanğıcında keçmiş prezidentin tərəfdarlarının böyük üstünlüklə qalib gələcəklərilə bağlı fikirlər səslənirdi. Bir çox rəy sorğuları da Respublikaçılar Partiyasının öndə olduğunu göstərirdi. Ağ evdə narahatlıq yaradan məqamlardan biri də Respublikaçılar Partiyasının tərkibindəki Trampın tərəfdarlarının yer aldığı MAGA (Make America Great Again) adlandırılan fraksiyaya mənsub olanların önə çıxması idi. ABŞ-ın keçmiş vitse-prezidenti və müdafiə naziri Dik Çeyninin qızı, Nümayəndələr Palatasının üzvü Liz Çeyninin partiyadaxili seçkidə Trampın dəstəklədiyi Harriet Hayqmenə böyük fərqlə məğlub olması keçmiş prezidentin tərəfdarlarının revanş götürəcəkləri qənaətini gücləndirirdi. May və iyun aylarında keçirilən bütün rəy sorğuları Respublikaçılar Partiyasının, xüsusilə Trampın tərəfdarlarının qələbə qazanacağından xəbər verirdi. Rəy sorğularının nəticələrindən məmnunluq keçirən respublikaçılar Konqressə seçkidə böyük fərqlə qalib gələcəklərini bəyan edirdilər.

Respublikaçılar Konqressin yuxarı palatası Senatda 100 yerin ən azı 60-nı, Nümayəndələr Palatasında isə 435 yerdən ən azı 235-ni qazanacaqlarını bəyan etməkdən çəkinmirdilər. Onlar qələbə qazanacaqlarına o qədər inanmışdılar ki, prezident Co Baydenə qarşı impiçment tətbiq edə biləcəklərini belə ifadə edirdilər. Konqressə seçkidə qələbə isə 2024-cü ildə keçiriləcək prezident seçkilərində Trampın hakimiyyətə qayıdışını təmin etməli idi. Buna görə də Konqressə seçkilər bütün dünyada maraqla, ABŞ-ın müttəfiqi olan ölkələrdə isə narahatlıqla izlənilirdi. Ən çox narahatlıq keçirən ölkə isə Ukrayna idi. Çünki Trampın tərəfdarları qalib gələcəkləri halda Ukraynaya yardımı əhəmiyyətli şəkildə azaldacaqlarını bəyan edirdilər. Trampın tərəfdarları isə bir qədər də irəli gedərək Ukraynaya bir sent də yardım etməyəcəklərini bildirirdilər.

Lakin iyul ayından başlayaraq seçicilərin əhval-ruhiyyəsi dəyişməyə başladı. Respublikaçılar Partiyasını təmsil edən mühafizəkar hakimlərin çoxluq təşkil etdiyi Ali Məhkəmə 1973-cü ildə qəbul edilmiş abortu konstitsion hüquq olaraq təsbit edən qərarı ləğv etdi. Mühafizəkarların bu qərarına qarşı dərhal abort hüququ tərəfdarlarının ölkə boyu etiraz aksiyaları başladı. O zaman müşahidəçilər mühafizəkar hakimlərin bu qərarı qəbul etməklə demokratlara gözlənilməz xidmət etdiklərini bildirirdilər. Ali Məhkəmədə demokratların hakimiyyəti zamanı təyin edilmiş üç hakimin qərarın əleyhinə səs verməsi abort hüququ tərəfdarlarını Respublikaçılar Partiyasının əleyhdarına çevrilməsinə təkan verdi.

Sentyabr ayı ilə müqayisədə oktyabr ayında inflyasiyanın səviyyəsinin 8.2 faizdən 7.4 faizə düşməsi də seçicilərin fikirlərini dəyişməsinə səbəb oldu. Çünki əksəriyyət inflyasiyanın səviyyəsinin artacağını düşünürdü. Lakin əksər ehtimalların əksinə olaraq inflyasiyanın səviyyəsinin azalması cəmiyyətdəki gərginliyi azaltdı. Oktyabr ayında işsizliyin ən aşağı səviyyəyə - 3.7 faizə düşməsi isə seçicilərin mövqeyində dəyişiklikləri sürətləndirdi.

Ukraynanın hərb meydanında ard-arda böyük qələbələr qazanması, Xarkov ətrafında və Xerson vilayətində Rusiya ordusunun biabırçı məğlubiyyəti də ABŞ-da seçicilərin rəylərini dəyişməsinin səbəblərindən biri idi. Seçicilər Ukraynaya edilən yardımın faydasız olması haqqında Tramp tərəfdarlarının uzun müddət ərzində apardıqları təbliğatın yalan olduğunu aydın gördükdən sonra fikirlərini dəyişməyə başladılar.

Noyabrın 8-də keçirilən seçkilərin nəticələri isə bəziləri üçün tam gözlənilməz oldu. Demokratlar Partiyası Senatda 50, Respublikaçılar isə 49 yer qazanıblar. Corcia ştatında isə seçkilərin ikinci turu olacaq və demokrat senator Rafael Uornokun qalib gəlmək şansları çoxdur. Trampın dəstəklədiyi respublikaçı Herşel Uoker qalib gəlsə belə, Respublikaçıların Senatda üstünlük qazanmaq şansları yoxdur. Çünki Senata rəhbərlik edən vitse-prezident Kamala Harris Demokratların 51-ci səsi olacaq. Onu da nəzərə almaq lazımdır ki, Respublikaçılar Partiyasında Trampa qarşı güclü müxalifət mövcuddur və onlar da prezidentin təşəbbüslərini dəstəkləyə bilərlər. Aydın görünür ki, Respublikaçılar Senatda prezident Co Baydenin təşəbbüslərinin qarşısını almaq imkanından məhrum olublar.

Senatdan fərqli olaraq Nümayəndələr Palatasında çoxluq Respublikaçıların əlinə keçəcək. Lakin bu, ehtimal edildiyi kimi, böyük qələbə olmayacaq. Nümayəndələr Palatasında partiyalar arasında təmsilçilik cüzi şəkildə fərqlənəcək. Senatda olduğu kimi, Nümayəndələr Palatasında Respublikaçıların bir çoxu prezidentin təkliflərini dəstəkləyə bilər. Nəzərə almaq lazımdır ki, Respublikaçılar Partiyasının sponsorları arasında Hərbi-sənaye kompleksinin aparıcı şirkətləri, o cümlədən, neft-qaz şirkətləri mühüm yer alır. Prezident Co Baydenin hazırkı siyasəti hər iki kompleksə aid şirkətlərin maraqlarına tam uyğundur. ABŞ-ın Hərbi-sənaye kompleksinə aid şirkətlər çox böyük sifarişlər almaqdadırlar. Rusiyanın təcavüzkar siyasəti davam etdikcə və ABŞ Moskvanın qarşısını almaq siyasətini davam etdirdiyi müddətdə silah sifarişləri azalmayacaq. Rusiyanın dünya enerji bazarlarından kənarlaşdırılması siyasətindən ən çox gəlir əldə edən də ABŞ-ın enerji şirkətləridir. Bütün bunlara görə Respublikaçılar prezidentin siyasətinə qarşı dirəniş göstərməyəcəklər. Hər kəs anlayır ki, prezident Co Bayden hərbi güc tətbiq etmədən ABŞ-ın iki rəqibindən birini sıradan çıxarmaqda, dünyada Vaşinqtonun nüfuzunu artırmaqdadır. Belə bir vəziyyətdə Trampın "Make America Great Again" (Amerikanı Yenidən Böyük Et) şüarı altında təcrid siyasətinin tərəfdarları azalmaqdadır.

Respublikaçılar Partiyasının nüfuzlu təmsilçiləri Trampın populist siyasətindən imtina edilməsini, Reyqan mühafizəkarlığının yenidən önə çıxarılmasını təklif edirlər. Florida qubernatoru Ron DeSantis (Ronald Dion DeSantis) mühafizəkarların yeni lideri ola bilər. Noyabrın 8-də yenidən böyük üstünlüklə ikinci dəfə Floridanın qubernatoru seçilən Ron DeSantisin növbəti prezident seçkilərində namizəd olmaq şansı Trampdan üstündür. Son rəy sorğusuna görə, qubernator keçmiş prezidenti 7 faiz qabaqlayıb. Sorğuya görə, Respublikaçıların və Respublikaçılara meyilli müstəqillərin 42 faizi 2024-cü ildə prezidentliyə namizəd kimi DeSantisə üstünlük verəcəyini bildirib. Rəyi soruşulanların cəmi 35 faizi Trampı dəstəkləyib. Aydın görünür ki, Tramp Konqressə seçkilərində məğlub olmaqla yanaşı, növbəti prezident seçkilərində namizəd olmaq imkanlarını da itirməyə başlayıb. Corcia ştatının vitse-qubernatoru Cef Dunkan 8 noyabr seçkilərinin nəticəsi məlum olduqdan sonra bəyan edib ki, keçmiş prezident Donald Tramp artıq Respublikaçılar Partiyasının siması deyil.

 





16.11.2022    çap et  çap et