525.Az

Ukrayna Krım əməliyyatına hazırlaşır


 

Ukrayna Krım əməliyyatına hazırlaşır<b style="color:red"></b>

Xerson şəhərinin və eyniadlı vilayətin Dnepr çayının sağ sahilindəki hissəsini işğaldan azad etdikdən sonra Ukrayna rəsmiləri Krımdan imtina etməyəcəklərini bəyan etməyə başlayıblar. Ukrayna prezidenti Volodimir Zelenski G20 sammitində onlayn çıxışında deyib ki, Ukraynaya "vicdan, suverenlik, ərazi bütövlüyü və müstəqillik" məsələlərində güzəştə getmək təklif olunmamalıdır.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Qərargah rəislərinin Birləşmiş Komitəsinin rəhbəri Mark Millli ilə telefon danışığında Ukrayna hərbçilərinin heç vaxt işğalla barışmayacağı və kompromislərə razı olmayacağını, sona qədər döyüşəcəklərini bildirib: "Bizim məqsədimiz bütün Ukrayna torpaqlarını Rusiya işğalından azad etməkdir. Biz heç bir şəraitdə bu yolda dayanmayacağıq. Ukrayna ordusu heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək. Danışıqlar üçün yalnız bir şərt var - Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir".

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib ki, Kiyev ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək.

Ukrayna rəsmilərinin Krımla bağlı çox açıq və birmənalı mövqe ifadə etmələri təsadüfi deyil. Xerson vilayətinin Dnepr çayının sağ sahilindəki hissəsinin işğaldan azad edilməsindən sonra Ukrayna Silahlı Qüvvələri Krıma çox yaxınlaşıblar. Belə ehtimallar var ki, yaxın zamanlarda Ukrayna Krım uğrunda döyüşlərə başlaya bilər. Krımı Rusiya ilə birləşdirən körpüyə zərbə endirilməsi də bu məqsədə xidmət edir. Hərbi ekspertlər hesab edirlər ki, Ukrayna ordusunun Krımın azad edilməsinə başlaması Rusiya ordusu üçün çox böyük təhlükə olacaq. Çünki hazırda yarımadada Rusiyanın ciddi döyüş qabiliyyətli hərbi birlikləri yetərli deyil. Krımın müdafiəsini təşkil etmək üçün Ukrayna ərazisindəki hərbi birləşmələrin önəmli hissəsini yarımadaya qaytarmaq məcburiyyətindədir. Xerson vilayətinin Dnepr çayının sağ sahilindəki hissəsinin işğaldan azad edilməsi Ukrayna ordusuna Krıma artilleriya zərbələri endirmək imkanı yaradır. Bu isə Rusiya ordusunun yarımadanın müdafiəsini təşkil etmək imkanlarını daha da məhdudlaşdıracaq.

Ukraynanın Krımı azad etmək cəhdi hərbi nəticələrlə yanaşı, siyasi nəticələr də doğuracaq. Xerson şəhərinin Ukrayna ordusunun nəzarətinə keçməsi Rusiyanın hərbi-siyasi rəhbərliyinin imicinə çox mənfi təsir göstərib. Krımla bağlı da eyni vəziyyət yaransa, Rusiyada siyasi böhran qaçılmaz olacaq.

 

 

 

 

 





17.11.2022    çap et  çap et