525.Az

Zirvədə keçən 30 il - Nadir Yalçından yubiley yazısı


 

“525” - 30!

Zirvədə keçən 30 il - <b style="color:red"> Nadir Yalçından yubiley yazısı</b>

JURNALİSTİKAMIZIN PEŞƏKARLIQ LABORATORİYASI

 

Bu gün "Əkinçi"nin 525-ci toxumunun cücərməsindən 30 il ötür. Qol-budaqlı ağaca çevrilən doğma qəzetimiz bu 30 il ərzində öz kölgəsində neçə-neçə istedadlı qələm adamını barındırıb və bu ənənə indi də davam etdirilir. Texnologiya əsrində, zamanın amansız surəti ilə ayaqlaşmağa çalışdığımız bir vaxtda, sosial şəbəkələrin həyatımızın əsas hissəsinə çevrildiyi bir dövrdə gündəlik qəzet nəşr etdirməyin məziyyətlərindən kifayət qədər bəhs etmək olar. Əgər bu gün də qəzetin nəşrində əzm göstərən şəxslər varsa, "525" özünün hələ neçə-neçə yubileyinə şahidlik etməyə layiqdir.

Mətbuatımızın hazırkı vəziyyəti barədə söhbət açanda həm qocaman jurnalistlər, həm də son illərdə püxtələşən media nümayəndələri tez-tez bədbin fikirlər səsləndirirlər. Bununla belə, mətbuata maraq göstərənlərin sayı ilbəil artır. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilikləri auditoriyalarda müxtəlif səviyyədə inkişaf edir. Təkcə jurnalistika üzrə təhsil alanlar deyil, digər sahələr üzrə biliklərə yiyələnən tələbələr arasında da mətbuatda çalışmaq istəyənlərin sayı kifayət qədərdir. Təbii ki, hər bir fərdin gələcəyini zamanın və daha dəqiq desək, həmin peşə kriteriyalarının süzgəci müəyyənləşdirir. Hər halda, praktika mühüm amildir. Jurnalistika sahəsində nəzəri biliklərin praktikaya çevrilməsində yaranan gündən indiyə qədər "525-ci qəzet"in rolu danılmazdır.

Əksər iş mühitində prioritet peşəkar və təcrübəli kadrların mövcudluğudur. Xüsusən, mətbuat sahəsində universal və tam püxtələşmiş şəxslərə üstünlük verilir. Bu, normaldır, heç bir baş redaktoru, təsisçini buna görə qınamaq olmaz. Fəqət dəyəri ayaqda saxlayan fədakarlıqdır. Bu baxımdan "525-ci qəzet" jurnalistikamızın fədakar simasıdır. Arxivdəki materialları vərəqləyəndə də, son illər "525"də çalışanları nəzərdən keçirəndə də məlum olur ki, son 30 ilin jurnalist bazasının formalaşdırılmasında qəzetimizin böyük zəhməti var. Nisbətən orta yaşlı və daha gənc həmkarlarımızın çoxusu ilə həmsöhbət olanda onların tərcümeyi-halında "525"ə mütləq rast gəlinir. 30 yaşlı seçkin mətbuat orqanımız keyfiyyətli iş ərsəyə gətirməklə yanaşı, daim jurnalistikamızın gələcəyini fikirləşərək öz sıralarına gəncləri dəvət edib, müraciətlərinə həssaslıqla yanaşıb, hansısa nüansda oxunma sayında, operativlikdə büdrəməyi gözə alaraq həvəsi olan gənclərə yaşıl işıq yandırmağa çalışıb. Bu səbəbdən də, "525"in müxbir heyəti daim yenilənir və yeni imzalar parlayır. Zərdabi babamızın da amalı gələcək nəslin firavanlığı idi. "Əkinçi"nin yalnız layiqli övladları bu missiyanı gerçəyə çevirməyi bacarırlar. "525-ci qəzet" məktəb yaratmağı, ənənə formalaşdırmağı və davam etdirməyi hədəfləmiş mətbuat orqanıdır.

 

ANA DİLİNƏ SEVGİ VƏ SƏDAQƏT ÖRNƏYİ

 

Azərbaycan dilinin inkişafı, qorunub-saxlanılması üçün böyük kütləyə təqdim olunan yazılı və şifahi nəsnələrin hər birinin əhəmiyyəti böyükdür. Adi reklamlardan tutmuş küçələrdə divara yapışdırılan elanlara qədər xalqın gözü qarşısında olan yazı nümunələrinin dilin formalaşmasında rolu var. Xüsusən, kütləvi informasiya vasitələrinin dil məsələlərində təsir dairəsi daha genişdir. Təəssüf ki, bir çox hallarda dil normalarının, xüsusən, yazılı mətbuatda orfoqrafik qanunauyğunluqların kobud şəkildə pozulması hallarına tez-tez rast gəlirik. Leksik və qrammatik normaların pozulması halları da istisna deyil. Anında məlumat əldəetmə imkanlarının geniş yayıldığı bir zamanda redaktə və korrektə məsələlərinin arxa plana keçdiyinin şahidi oluruq. Redaksiyaların əksəriyyətində korrektorlar fəaliyyət göstərmir. Bu isə, kobud dildə desək, tədricən dili korlayır.

"525-ci qəzet"in iş prinsipləri arasında cümlənin müqəddəs olmağı məsələsi hələ də akuallığını qoruyub saxlayır. Qəzetin hazırlanma prosesində korrektorların yekun fikri, düzəlişləri mütləq nəzərə alınır və korrektorun əlindən keçməyən mətn qəti çapa getmir. Bunun üçün onlara aylıq məvacib ayrılır. Bəzən bizə sərf etməyən, səs-küy doğurmayan məsələlərdə maddi baxımdan qənaət etməyə alışmışıq. Amma "525-ci qəzet"in ştat cədvəlində, 30 ildir ki, korrektor vəzifəsinin xüsusi yeri var. Bu ənənə ana dilinə sədaqətin göstəricisi, milli mənəviyyata, ənənəyə, dilə canıyananlıq əlamətidir. 

Qeyd etdiyim kimi, gənc nəsil jurnalistlərin bir çoxunun yazı prinsiplərini öyrənməsində "525-ci qəzet"in zəhməti böyükdür. Bu isə ilkin olaraq redaktə məsələlərindən başlayır. Bu gün Azərbaycanda cümləni duyan, Azərbaycan dilini dərindən bilən redaktorlar qəzetin fəaliyyətini istiqamətləndirir. Əlbəttə, qəzetə ünvanlanan, orada dərc olunan yazıların hər birinin yüksək səviyyədə olması qeyri-real məsələdir, "525-ci qəzet" bacardığı qədər qapılarını qələm adamlarının üzünə taybatay açıb və qəlb qırmaq "525" üçün spesifik xüsusiyyət deyil. Bunu da unutmaq olmaz ki, bir-bir hər kəsin əlindən qələm tutub yazmağı öyrətmək mümkünsüzdür. Amma potensiallı müəllifdən, istedadlı imzadan qüsurlu yazının çapı "525" məktəbi üçün ziddir və bunu formalaşdıran, sözsüz ki, redaktor heyətidir.

Bu gün "Əkinçi"nin 30 yaşlı övladı həm də dilimizin keşikçilərindən biridir. "525"in səhifələrində daim bədii ədəbiyyat nümunələrinə rast gəlmək mümkündür. Hələ XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbiyyat nümunələrinin üzünə qapıların bağlandığı vaxtlarda "525-ci qəzet" öz səhifələrində şeir və hekayələrə, bədii yazılara yer verib. Bu gün də həmin ənənə davam edir.

 

JURNALİST ƏXLAQININ QORUNMASI NAMİNƏ...

 

Bir neçə ay qabaq son onilliyin sevilən şairlərindən biri ilə həmsöhbət olanda ədəbiyyatımızın adına ləkə gətirən naqisliklərdən bəhs etdik və belə simaların olduğunu təəssüflə vurğuladıq. Həmin şairin bu cümlələri hələ də qulağımda cingildəyir: "Tənqid yalnız mətn üzərində olmalıdır. Şəxsiyyəti təhqir etmək vicdansızlıqdır. Mən heç vaxt yazıda heç kimin ailəsi, şəxsiyyəti, hansısa sağlamlıq qüsuru barədə nalayiq fikir qələmə almaram. Çünki mən "525-ci qəzet"in məktəbindən keçmişəm".

"525"in iş mühitində olduğumdan şairin səsləndirdiyi fikirlərin vacibliyini və dəqiqliyini nöqtə-vergülünə qədər dərk edə bilirəm. Gənclər emosionaldır, çılğındır, üsyankardır və əslində, bu, normal haldır. Sadəcə, düzgün istiqamətləndirməyi bacaran insanların sayəsinə hansısa dəyərlər hələ də yaşayır. Şəxsiyyəti aşağılamağın yolverilməzliyi "525"in birinci və ən əsas prinsipidir.

Jurnalistin peşəkarlığı həm də onun hadisəyə, xəbərə necə yanaşmasından asılıdır. Dövrümüz "küyəgedənlər" dövrüdür. Soyuqqanlılıq, bitərəflilik, dəqiqlik sadəcə şablonlaşmış söz yığınına çevrilir. Əldə balta tutaraq yıxılan ağacı oduncaqlara çevirib oda atmaq üçün startda gözləyənlərin sayı-hesabı yoxdur. "525-ci qəzet"də və onun saytında təhrif olunmuş, qeyri-dəqiq, tələskən ərsəyə gəlmiş, qərəzli xəbərə, başlığa, mövzuya rast gəlinmir. Bu, qəzetin əməkdaşlarının əvvəlcə peşələrinə, sonra isə öz şəxsiyyətlərinə hörmətindən qaynaqlanır.

"525-ci qəzet" həm də öz sahəsinin qocamanlarına hörmət etməyi bacarır. Qəzetimiz Azərbaycan ziyalısı ilə vətəndaşı arasında körpülər quraraq xalqa xidmət edir. Qocaman akademiklərimizin, alimlərimizin, yazıçılarımızın müxtəlif mövzulu yazıları daim yayımlanır və şəxslərinə böyük ehtimalla yanaşılır.

 

QALİB XALQIN QƏZETİ

 

İkinci Qarabağ savaşı başlayan ilk gündən etibarən "525-ci qəzet"in səhifələrindən gedişatı izləmək, baş verən proseslər barədə hərtərəfli şərhlərlə tanış olmaq, hadisələrin real simasını görmək mümkün idi. Müharibənin həm daxildə, həm də xaricdə doğurduğu təsirlər, müxtəlif dövlət və qeyri-hökumət orqanlarının müharibənin gedişatındakı fəaliyyəti, qarşıda dayanan və həyata keçirilməsi zəruri olan məsələlər barədə müxtəlif köşələrə, müsahibələrə, demək olar ki, qəzetin hər sayında rast gəlmək mümkün idi.

Müdafiə Nazirliyinin yaydığı dəqiq məlumatlar əsasında hazırlanan materiallar, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət, əks-həmlə hücumlarının analizi, atılan strateji addımların əhəmiyyəti barədə məqalələr oxuculara təqdim olunurdu. 30 il işğal müddətində və müharibə dövründə erməni terror birləşmələrinin xalqımıza qarşı törətdiyi cinayətlərin araşdırılması, dəlillərin toplanması, bütün bunların beynəlxalq arenada işıqlandırılması, lazımi şəxslərin məhkəməyə cəlb olunmasının təmin edilməsi barədə Baş prokurorluğun atdığı addımlar barədə geniş təhlillər aparılırdı və yazı materialları ərsəyə gəlirdi. Xarici İşlər Nazirliyinin rəsmi bəyanatları izlənilir, xarici ölkələrin müharibəyə yanaşması, haqlı və haqsız məqamlar barədə, üzdə dost, arxada düşmən olanların əsl siması haqqında geniş yazılar "525-ci qəzet"in səhifələrində öz əksini tapırdı.

"525-ci qəzet"in son onilliyində dəyərli zəhməti olan Şahanə Müşfiqin şəhidlərlə bağlı hazırladığı materiallar mütəmadi yayımlanırdı və bu ənənə uzun müddət davam etdi. "525" əlindən gələn qədər yaralara məlhəm olmağa çalışdı.

"525"in əməkdaşları işğaldan azad edilmiş ərazilərə təşkil olunmuş mediaturlarda iştirak etdilər və geniş reportajlar hazırladılar. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin Şuşa səfərindən geniş təəssüratı, Laçına və Ağdama səfəri ilə bağlı verdiyi geniş müsahibəsi, Afaq Rzanın Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfərindən qələm aldığı reportajı xüsusi maraqla qarşılandı. Xoşbəxtəm ki, "525"in əməkdaşı kimi Ağdama, Şuşaya, Xocavəndə təşkil olunmuş mediaturlarda mən də iştirak etmişəm və təəssüratlarımı yazıya köçürmüşəm.

Zəfər "525-ci qəzet"in manşetlərini daha da nikbinləşdirdi və qürurlandırdı.

 

ZAMANLA AYAQLAŞMAQ

 

Aydın məsələdir ki, qəzet alanların sayı ötən əsrlə müqayisədə qat-qat azdır. Çap mediası texnologiyanın kölgəsində daldalanır. Amma qəzetimiz elektron versiyasının sayəsində geniş oxucu kütləsinin nəzərinə çatdırılır. Qəzetdə yayımlanan köşələr, esselər, məqalələr qısa müddət sonra sayta yüklənir. Saytda müxtəlif kateqoriyalar üzrə xəbərlər yayımlanır. Xüsusən, xarici media yaxından izlənilir və maraq cəlb edən materiallar əməkdaşlar tərəfindən tərcümə olunur.

Sosial şəbəkədə yayımlanan maraqlı fikirlərə xüsusi önəm verilir. "525-ci qəzet"in "Sosial şəbəkədə yazılanlar" adlı rubrikası var. Həftə ərzində yayımlanan lakonik və maraqlı statuslar həmin rubrikada öz əksini tapır. Bundan əlavə, geniş və əhəmiyyətli statuslar müəllif yazıları kimi dərc olunur və mənbə mütləq sonda qeyd edilir.

Qəzetin feysbuk, instaqram səhifələri fəaliyyət göstərir. Yutubda "525-ci kanal"da hazırlanmış videoreportajlar yayımlanır. Bütün sadaladıqlarım məhdud imkanlar, məhdud maddiyyat sayəsində ərsəyə gəlir. Bəlkə də, izləmə sayı heç də on minləri, yüz minləri aşmır. Amma nəyəsə səy göstərilir və ortada böyük peşə sevgisi var.

 

BEŞ ÜSTÜNƏ NEÇƏ-NEÇƏ BEŞ GƏLSİN...

 

"525-ci qəzet" 25-in üstünə bir 5 də əlavə elədi. Qəzet indiyəcən tutduğu dəst-xəttə, onun peşəkar kollektivi bu vaxta qədər göstərdiyi peşəkarlıq və fədakarlığa sadiq qaldıqca hələ neçə parlaq 5-lər üst-üstə gələcək.

Rəşad Məcid bir sevgi şeirində xoşbəxtliyi təcəssüm etmək üçün belə bir misra işlədir: "Biri beş eylər..." Digər bir şeirində də Şuşanı tərənnüm edəndə yazır: "Biri beş edəndir, güc artırandır..." "525"in yaşının üstünə bir 5-də gəlməsi bizi xoşbəxt edir. "525"in yaxın 2 ili - çalışdığım müddət ömrümdə iz buraxdı. Görün, bu 30 ildə neçə-neçə insanın doğma ocağı olub bu qəzet... Neçə-neçə ailənin qazanı "525"dən gələn halal maaşla qaynayıb. Neçə-neçə insan ilk sevgisini, son sevgisini burda tapıb, arzular arzulara qoşulub, illər illəri yola salıb. "525"i yaşadan o sevinclər, o təlatümlər, o ürək çırpıntılarıdır.

Yeni yubileyin - 30 yaşın mübarək, əziz "525"!

 





16.11.2022    çap et  çap et