525.Az

Rəfiq Zəkanın türküləri - Nizami Cəfərov yazır


 

Rəfiq Zəkanın türküləri - <b style="color:red"> Nizami Cəfərov yazır</b>

Keçən əsrin 70-ci, xüsusilə 80-ci illərində Azərbaycan ictimai fikrində meydana çıxan türkçülük ideyaları ən ardıcıl, ən miqyaslı və poetexnoloji axtarışlar baxımından ən məhsuldar təzahürünü Rəfiq Zəkanın poeziyasında tapır. Əlbəttə, Azərbaycanda türkçülüyün XX əsrin əvvəllərindən gələn çox zəngin bir tarixi olmuşdu. Və Rəfiq Zəka, ümumən, 70-ci, 80-ci illərin ziyalıları bu tarixin "keşməkeşlər"inə bələd idilər. 30-cu illərdə "pantürkist" ittihamı ilə həbs olunmuş, sürgün edilmiş, güllələnmiş ədəbi nəslin varisləri hələ də "türk" sözünü dilə gətirməkdən çəkinirdilər.

Rəfiq Zəkanın türkçülüyü, ilk növbədə, böyük bir cəsarət nümunəsi idi. Və o, bu cəsarəti ilə öz ətrafını inandırmağa çalışırdı ki, Azərbaycan milli-ictimai şüurunda yeni bir dönəm başlamışdır. Odur ki, yazırdı:

 

Neçə şeirimdə görüb türk sözünü,

Vay dədə, vay deyə yumdun gözünü.

Yerə soxdun öz əlinlə özünü,

Öz-özündən niyə ürkürsən sən,

Türk sözündən niyə ürkürsən sən?!

 

70-ci illərin sonu, 80-ci illərin əvvəllərində Rəfiq Zəka öz şair-mütəfəkkir məramını artıq heç bir şübhə yeri qoymadan belə müəyyənləşdirmişdu:

 

Arkadaş, dinlə könül sözlərimi,

Qopsa tufan, qapamam gözlərimi.

Görürəm gün kimi gündüzlərimi,

Mən nə xülya, nə masal şairiyəm!

 

Taleyi qurcalanan bir ulusun,

Qoruna qor calanan bir ulusun,

İkiyə parçalanan bir ulusun

Birliyə bağlı vüsal şairiyəm!

 

Sanma bir zəlzələdən ürkəm mən,

Qranitdən mətinəm, bərkəm mən.

Adı dillərdə gəzən Türkəm mən,

Ulu yurdun ulusal şairiyəm!

 

"Türk" sözü Rəfiq Zəkanın poetik təsəvvüründə (və təfəkküründə) bütöv bir xalqı (ulusu), ölkəni, dili simvolizə edən milli-mədəni dəyərdir. Və təəssüf ki, düşmənlərimiz bunu yaxşı bildiyi halda, bəzən özümüz bilmirik:

 

Düşmənlərimiz bizlərə türk söyləmiş ancaq,

Türkəm deməyən yurddaşımız düşmənimizdir!

Düşməz yerə türkün göyə yüksəltdiyi sancaq,

Türkün göyə yüksəltdiyi sancaq şanımızdır!

 

Türk təfəkkürünün mifoloji köklərinə varıb onun ən qədim (və populyar) obrazını yada salmaqda da məqsəd türklük məfkurəsinin tarixi mənbələrinin zənginliyini göstərməkdir:

 

Tanrı türkü qorusun, nurunu salsın yurda,

Bir də gördüm ki, səsim çatdı haman bozqurda.

Bir də gördüm ki, o qurd dalğa kimi saxlandı,

Bir də gördüm ki, oğuzlar kimi qurşaqlandı.

 

...Nerədənsə ucalan türkü dedi haydı mənə,

O igid qurd necə munis, necə doğmaydı mənə.

 

"Mən cocuqkən düşünüb türklüyümü dərk etdim, Ruhumu, varlığımı, mənliyimi Türk etdim" deyən şair böyük bir qürurla bəyan edir ki, türklük eşqi ona dədə-babadan, nəsil-nəcabətdən gəlir:

 

Qartallar ucalan yerdə tülkü yox,

Sazımda, sözümdə yasaq türkü yox,

Könlümdə, gözümdə qorxu-ürkü yox,

Çünki ulu babam Vandandır mənim!

 

Olmaz yalan tarix, nəs il şöhrətim,

Ulu Oğuzxandır nəsil şöhrətim.

Ulular bilir ki, əsil şöhrətim

Şərəfdəndir mənim, şandandır mənim!

 

Özgürlük özlədim mən ömrüm boyu,

Aradım havanı, torpağı, suyu.

Köküm Türk köküdür, soyum Xan soyu,

Adım Rəfiq Zəka Xəndandır mənim!

 

Əlbəttə, nəsli-kökü, soyu ilə fəxr etmək hər bir insanın mənəvi-ruhi haqqıdır, ancaq şeirin məziyyəti yalnız bunda deyil. Şair zaman-zaman siyasi münasibətlərlə sıxışdırılmış, beynəlxalq miqyasda söz demək imkanından məhrum edilmiş, hətta "erməni tülküləri"nin belə əlində aciz qalmağa məhkum olunmuş ictimai duyğularını, hissiyyatlarını hayqırır... Hələ çox gənc yaşlarında yazdığı bir şeirdə atası - böyük Azərbaycan ziyalısı Cəfər Xəndan haqqında demişdi:

 

Türklüyü səslərdi könül türküsü,

Türklüyü qandandı Cəfər Xəndanın.

 

...Türk oğlu türk idi, bütün varlığı

Dindən, imandandı Cəfər Xəndanın.

 

...Mənliyi, ilhamı, ürəyi, canı

Azərbaycandandı Cəfər Xəndanın.

 

Rəfiq Zəkanın türkçülüyü, görünür, dövrün mövcud şərtlərinin nəticəsidir ki, daha çox Türkiyəyə münasibətində meydana çıxır... Bir sıra digər türk xalqlarına şeirlər həsr etməklə yanaşı, şair Türk dünyasının ümumi taleyindən, ideallarından da bəhs eləmişdir:

 

Ucal, ey mavi Xəzər,

Suların maviləşən türkiyə bənzər!

 

Sən ucaldıqca ucalmaqda bizim türklər də,

Mat qalıbdır bu dərin hikmətə müdriklər də!

 

Ucal, ey Türk dənizi, sirli dəniz!

Türklüyün aynası bildik səni biz!

 

Bununla belə, Türkiyə Rəfiq Zəka üçün türklüyün (və türkçülüyün!) elə bir zəngin ilham qaynağıdır ki, şair onu yaradıcılıq tərcümeyi-halının əsas mənbələrindən biri kimi qəbul edir:

 

Mən deyirdim ki, mənim gözlədiyim gün gələcək,

Bir sabah türkülərim Türkiyədən yüksələcək.

Mən bilirdim ki, igid türklərin alqışlarını

Eşidincə yapalaqlar həsədindən öləcək.

 

Can atırdım o canım Türkiyəyə candan mən,

Nə bilirdim ki, mənim qədrimi türklər biləcək?!

 

Şeir ritorik sualla bitir. Və belə bir həqiqəti bir daha inamla (və şairin özü demiş, inancla!) təsdiqləyir ki, türklərin təbii bölünməsi, müxtəlif xalqlara ayrılması parçalanma, yadlaşma, etnik-mədəni yaddaşın itirilməsi deyil; gendən, qandan gələn elə əbədi dəyər-impulslar var ki, onlar bölünməzdir, onların hökmü bütün "türk irqi"nə yayılır.

Hər nə qədər dərin siyasi, mədəni, mənəvi diferensiasiya prosesi keçirsələr də, türk xalqları həmişə elə ortaq dəyərlər yaratmışlar ki, mahiyyət etibarilə bu xalqların hər birinə mənsubdur. Belə dəyərlər içərisində dahi Atatürkün şəxsiyyəti, mübarizələri və inqilabları yalnız XX əsrin deyil, bütövlükdə yeni türk tarixinin ən möhtəşəm hadisələrindəndir:

 

Yoxdur mənə səndən uca, səndən böyük insan,

Rəhmət sənə, rəhmət, Ata, insanlığa şansan.

 

Xatırladaq ki, bu beytlə başlanan qəzəli şair sovet ideologiyasının "Leninin ətəyindən hələ bərk yapışdığı" illərdə demişdi.

Rəfiq Zəkanın poeziyasında İstanbulun obrazı o baxımdan müstəsnadır ki, bu şəhərlə hər görüşündə şair türklüyün tarixi gücünü, qüdrətini, ehtişamını daha təfərrüatı ilə dərk edir. Və  İstanbulun (türklüyün ən ali təzahürünün!) doğmalığından ləzzət alır:

 

Baxdım adımız bir, soyumuz bir, dilimiz bir,

Gördüm odumuz bir, suyumuz bir, elimiz bir.

 

İstanbulun övladları yurddaşlarımızdır,

Bir türkü deyən sevgili türkdaşlarımızdır.

 

Var ol dedim İstanbula həsrət canımızdan,

Candan ona bağlı can Azərbaycanımızdan.

 

Bu misraların qələmə alındığı 80-ci illərin  ortalarında Azərbaycanda İstanbul həsrətinin bu cür emosional ifadəsi, əlbəttə, hər şairin işi deyildi...

Rəfiq Zəka türklüyü tərənnüm edən şeirlərinin çoxunu Türkiyədə qələmə alsa da, Türkiyədə (İstanbulda, Ankarada, İzmirdə...) gördükləri türkçülük hisslərini coşdursa da, artıq qeyd etdiyimiz kimi, onun şəxsiyyətinin də, məsləkinin də, yaradıcılığının da vətəni məhz Azərbaycandır.

 

Mənim şeirlərimdən qopan mənim səsimdir,

Nə söylərəmsə, candan yüksələn həvəsimdir.

 

Ulus ən ulu sevgim, yurd ən müqəddəsimdir,

Azərbaycan odumdur, suyumdur, nəfəsimdir.

 

Və tamamilə təbiidir ki, şair Azərbaycan deyəndə onun Şimalı ilə Cənubunu bir-birindən ayırmır:

 

Böyük bir ulusun böyük yurdudur

Qüzeyli-güneyli Azərbaycanım!

 

Rəfiq Zəka neçə onillərdən sonra öz vətənini - Azərbaycanı Türk Dünyası kontekstində (və Türk Dünyasının ruhən ayrılmaz tərkib hissəsi kimi!) tərənnüm edən ilk şairdir. Və yeri gəlmişkən, burada həm Rəfiq Zəkanın, həm də ümumən müasir poeziyamızın yaradıcılıq tərcümeyi-halı ilə bağlı bir məsələyə aydınlıq gətirmək istəyirik: böyük filosof-tənqidçi Asif Əfəndiyev bir vaxtlar Rəfiq Zəkanı təqlidçilikdə qınamış, ancaq nəzərə almamışdı ki, bu, hansı yaradıcılıq ideallarının "təqlid"idir... Əslində, Rəfiq Zəka da haqlı idi, Asif Əfəndiyev də -  sadəcə, baxışlar müxtəlif idi: Asif Əfəndiyev şairi özünəməxsus müasirliyə çəkirdi, şair isə müasirliyi öz sələflərindən başlayırdı. Həyat birinci yox, məhz ikinci təmayülün haqlı olduğunu göstərdi.

 

Məsələn, zahirən belə düşünmək olar ki, şairin "Ana yurdum, aman oy!.." şeiri Almaz İldırımın təqlididir. Əslində isə, bu, yeni tarixi şəraitdə - rus - sovet ordusunun 1990-cı ildə Azərbaycana təcavüzü günlərində Almas İldırım üslubunun ehyasıdır ki, şairdən yalnız istedad yox, həm də milli tarixi yaddaş tələb edir:

...Qurşunlanır könüllərdə ümidlər,

Susdurulur qurd ürəkli igidlər,

Şəhidlərin üzərindən şəhidlər,

Alçaqlara yabançıdır iman, oy!

 

Bolşeviklər daşnaklara qatıldı,

Bazar oldu, satılanlar satıldı,

Ərdəmlilər zindanlara atıldı,

Bulunmadı dərdimizə dərman, oy!

 

Divan oldu, dağıdıldı ordumuz,

Tülkülərlə çevrələndi qurdumuz.

Qara geydi, qarbaxtlı yurdumuz,

Aman yoxdur bugün bizə, aman oy!..

Elə həmin günlərdə Rəfiq Zəka milli tarixi yaddaşımızın başqa bir şeirini yazmış, bununla da başqa bir dövranın gəldiyi barədə xəbərdarlıq etməkdən çəkinməmişdi:

Çürük bir imperatorluq çökürkən,

Zarıldar baş kəsirkən, qan tökürkən.

Bu gün türk ellərində dan sökürkən

Umulmaz bir ümid parlar fəzadan.

Şair öz sufi-panteist sələflərindən gələn bir mütəfəkkir təmkini ilə bütün türk xalqlarına müraciətən demişdi:

Qardaşlarım, irqdaşlarım,

Soydaşlarım, türkdaşlarım!

Sizlərsiniz ərkdaşlarım,

Türk Türkə ögey olmasın.

 

Və ərkyana əlavə eləmişdi:

 

Gülüstanımız soldu, ah,

Çalağanlarla doldu, ah!..

Bizlərə olan oldu, ah,

Sizlərə bir şey olmasın!

Rəfiq Zəkanın şeirlərində son dərəcə səmimi bir ölkə - xalq - dil birliyi var ki, onun vətənpərvərlik (və türkçülük) düşüncələrinin əsasında dayanır:

Bir həyat var, bir ölüm var,

Ölümdən betər, zülüm var.

Ulus adlı bir gülüm var,

Gülümə bir şey olmasın.

 

Yer üzündə dürlü dillər,

Dilsiz ötərmi könüllər?!

Dilim qurusun, ay ellər,

Dilimə bir şey olmasın.

 

Nədir bu ürəyimdəki,

Umulmaz diləyimdəki?

Hər şeyə razıyam, təki

Elimə bir şey olmasın!

Ana dili həssaslığı şairin yaradıcılığında o dərəcədə strateji məsələdir ki, bu barədə bir neçə kəlmə ilə kifayətlənmək mümkün deyil. Və sözügedən mövzunun müfəssəl  araşdırılmasına ehtiyac var... Rəfiq Zəka, birincisi ana dilini bilməyənləri  adamlıqdan kənar hesab edir; ikincisi onu (ana dilini) ərəb və fars "boyunduruğ"undan xilas eləməyə çalışır; üçüncüsü (və başlıcası) isə bu cür sözləri işlətməməyə, onları türk mənşəli qarşılıqları ilə əvəz etməyə çalışır:

Gələcək gün, görəcəklər ki, sənin şeirində

Fars, ərəb sözləri yoxdur, üç adından savayı.

Üç ad deyəndə şair Rəfiq, Zəka və Xəndanı nəzərdə tuturdu. Və təəssüflə etiraf edirdi ki:

Ərəb yabançı mənə, fars yabançıdır, ancaq

Dolub yabançı, yasaq çırpılarla doğma ocaq.

Rəfiq Zəka söz yaradıcılığında yeni bir türkçü təmayülün əsaslarını qoymuşdu ki, bu, ilk növbədə, -daş şəkilçisinin işləkliyinin  artırılması ilə bağlı idi: könüldaş, oddaş, ocaqdaş, ulusdaş, qandaş, qurddaş, türkdaş, gələcəkdaş və s. Əlbəttə, həmin neologizmlər bir dil həssaslığı ilə yanaşı, millilik, vətənpərvərlik (türklük!) maraqlarından irəli gəlir, şair təfəkkürünün  məhsulu olub məlum ideya-estetik məsləkə xidmət edirdi.

Bir sıra şeirlərində Rəfiq Zəkanın Türkiyə türkcəsinə geniş meydan verməsinə  gəldikdə isə, biz bunu ana dilindən - Azərbaycan türkcəsindən imtina yox, Türkiyəyə - Türk dünyasının önündə gedən qardaş (qandaş!) xalqa, onun nüfuzuna ehtiram əlaməti (yəni özünəməxsus bir Metafora!) kimi anlayırıq. Və burada türk xalqlarını mənəvi-ruhi birliyə səsləmək meyli bütün aydınlığı ilə görünür.

Rəfiq Zəka, heç şübhəsiz, bizim Azərbaycan poeziyasının XX əsrin sonlarında yetirdiyi ən böyük türkçüdür. Və aşağıdakı misralar da göstərir ki, o, qələmi əlinə hansı missiya ilə almış, "millət" deyəndə nəyi nəzərdə tutmuşdu:

Mavi şimşək kimi zülmətdə azaydın ki, Zəka,

Dar günümdə o mənim zillətimin şeiri ola.

Öylə bir şeir bu dünyada yazaydın ki, Zəka,

O mənim yox, o mənim millətimin şeiri ola!

 





16.11.2022    çap et  çap et