525.Az

İşığa doğru!.. - Əlisəfdər Hüseynov yazır


 

İşığa doğru!.. - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Xəbər verildiyi kimi, rejissor Vaqif Mustafayevin öz ssenarisi əsasında çəkdiyi "Həyat, deyəsən, gözəldir" filmi Türkiyənin Bursa şəhərində keçirilən II "Qorqud Ata" türk dünyası beynəlxalq kinofestivalında böyük uğur qazanaraq "Ən yaxşı rejissor işi" mükafatına layiq görülmüşdür. Lakin film hələ böyük ekrana çıxmamış sosial şəbəkələrdə onun barəsində müzakirələrə start verilmiş, maraqlı mülahizələrlə yanaşı,  ətraflı təhlilə, inandırıcı arqumentlərə əsaslanmayan, hökm xarakterli tezislər üzərində qurulmuş fikirlər də səsləndirilməyə başlamışdır.

Aşağıdakı qeydlər də filmə özəl bir rakursdan baxışdır.

lll

V.Mustafayev öz kino fəlsəfəsi olan istedadlı kinorejissorlardandır və buna görə də onun çəkdiyi hər yeni film ölkəmizin mədəni həyatında müxtəlif diskussiyalara rəvac verən hadisəyə çevrilir.

Xoşbəxtlikdən rejissorun öz ssenarisi əsasında çəkdiyi "Həyat, deyəsən, gözəldir" adlı yeni filmə ilk tamaşa edənlərdən biri də mən oldum və buna görə bəxtimə minnətdaram. Çünki mən son dərəcə vacib mövzuda ustalıqla çəkilmiş nəfis bir film seyr etdim.

Mən filmin dəyərini 3 baxış bucağından şərh etməyə çalışacam:

 

1. İdeoloji rakurs:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsinin nəticələri və Azərbaycan - Ermənistan münasibətlərinin perspektivləri barədə danışanda dəfələrlə vurğulayıb ki, Ermənistanda milli ideologiyanı, ictimai rəyi formalaşdıran siyasi rəhbərlik Azərbaycan xalqına, onun milli, dini, mədəni sərvətlərinə qarşı apardığı qeyri-konstruktiv təbliğatdan əl çəkməsə, bu dövləti və xalqı daha böyük sarsıntılar gözləyir.

Erməni xalqının ruhuna yeridilən türklərə nifrət idelogiyası və bunun maniya səviyyəsinə qaldırılması təbii ki, təkcə bu ölkə üçün yox, bütövlükdə bəşəriyyət üçün böyük təhlükə mənbəyidir. Odur ki, bu təhlükəyə və ondan irəli gələn bütün təhdidlərə qarşı hər vasitə ilə mübarizə aparılmalıdır.

Düşünürəm ki, "Həyat, deyəsən,  gözəldir" filmi bu istiqamətdə atılan çox uğurlu bir addım, istər məzmun, istərsə də forma planında mükəmməl təsir bağışlayan filmdir. Bu film Vətən müharibəsində qalib gəlmiş müzəffər və müdrik  xalqımızın erməni xalqına, eləcə də bütün insanlığa ünvanladığı vacib bir mesaj - qonşularımıza onları mənəvi əsarətdə saxlayan xəstəlikdən qurtuluş yolunu göstərən işıqlı yoldur.

Yalnız nifrət üstündə köklənmiş, yalnız qonşu xalqların ləyaqətinə, milli hisslərinə təcavüz ideyalarından güc alan ruhu heç vəchlə sağlam ruh adlandırmaq olmaz. Belə bir ruhun toplumu hansı fəlakətlərə düçar etdiyini göstərmək, nicat yolunu axtarmaq, təbii ki, bəşəri və humanist bir missiyadır. İşıqlı yolu göstərmək isə - zərərçəkəni bu vəziyyətə salan qüvvələrin maskasını yırtmaqdan, xalqın düşdüyü bu kütləvi psixoz mərəzinin məsuliyyətini daşıyanların iç üzünü açmaqdan başlayır. "Həyat, deyəsən, gözəldir" filmi məhz bu məqsədlə, özü də Azərbaycan dövlətçiliyi, milli-siyasi yanaşma mövqeyindən çəkilmiş filmdir. Filmin bütün fakturası - istər vizual sırası - döyüş səhnələri, ölüm epizodları, daşnak ideologiyasının qurbanına çevrilmiş insanların düşdükləri absurd vəziyyətlər, istərsə də dialoqlar, replikalar - sağlam düşüncəli insanların "xain", "satqın" adlandırılması, əksinə,  anormal düşüncə tərzinin qəhrəmanlıq, vətənpərvərlik kimi təqdim olunması, nifrətə, xəyanətə haqq qazandırılması müəllifin uydurması deyil, real faktlara, sənədlərə əsaslanan həqiqətlərdir və bu anormal düşüncə modelinə görə yalnız və yalnız Ermənistan rəhbərliyi, erməni xalqını bu fəlakətə sürükləyən separatçılar, ideoloqlar məsuliyyət daşıyırlar.

 

2. Poetik rakurs:  

 

V.Mustafayev yenə də mövzunu absurda gətirərək gülüş sənətinin rəngarəng spektrləri müstəvisində həll edir, müxtəlif simvolik obraz-işarələrlə maraqlı və informasiya ilə zəngin tekst qurur. Film 44 günlük müharibəsi vaxtı erməni səngərlərindən birində baş verən epizodun təsviri ilə başlayır: Azərbaycan Ordusunun atdığı mərmilərin səsi aləmi başına götürüb, səngərdə addımlayan erməni zabiti hər atışdan sonra böyür-başından səngərə düşən meyitləri saya-saya irəliləyir. Səngərin bir küncündə büzüşüb oturmuş əsgərlərdən biri soruşur: "Nəyi sayırsan, komandir?" Komandir cavab verir: "Azərbaycanlıların atdıqları mərmiləri və ölən əsgərlərimizi". Əsgər deyir: "Axı, deyəsən, onlar bütün erməni əsgərlərini sayıb ikiyə vurublar, ona görə də bizim axırımız çatıb, onların mərmiləri isə qurtarmır".

Elə bu səhnə, burada səslənən replikalar filmin hansı estetik platformada çəkilməsi barədə aydın təsəvvür yaradır - bu, V. Mustafayevin poetikası, onun rejissor fəlsəfəsi, onun üslubu, dilidir və filmin bütün fakturası - personajların jestlərindən, mimikasından tutmuş ən kiçik replikalara qədər hər şey bu təfəkkür süzgəcindən keçərək absurd komediyanı formalaşdırır.

Rejissor bu səhnədən filmin əvvəlində səngərdə gördüyümüz 2 əsgərin - 2 qardaşın orduya yollanmaq ərəfəsində anaları ilə harayasa getdikləri səhnəyə retrospektiv keçid edir və mən deyərdim ki, onun bədii-estetik məramı, filmin ideya-məzmunu məhz bundan sonrakı kadrlarda əyaniləşir. Personajlar zahirən qədim bir binaya girib tavanından qadın çəkmələri asılmış otağa daxil olurlar. Sonrakı kadrlarda görürük ki, rejissor bu evi ermənilərin "ruh evi", personajların ziyarət etdikləri Sumbat Sumbatyanı isə "ruh atası" kimi obrazlaşdırır və bu binada baş verənlər də həmin ruhun vizual ifadəsi kimi işarəyə çevrilir. Divardan asılmış şəkillər, mifik xalq qəhrəmanlarının heykəlləri öz-özlüyündə hələ ki, heç nə demir. Onlar personajlarla dialoqa girən andan şifrələr açılır. Bu dialoqlar isə sarkazm, ironiya, qrotekst, qara yumor, absurd situasiyalar üzərində qurulub. Məsələn, kim şəkillərə baxır, yaxud heykəllərə əl vurursa, ilk və son sözləri bu olur: "Dərdin mənə gəlsin"...

Sonra biz daşnak partiyasının iclasının keçirildiyi növbəti otağa daxil oluruq və daşnak liderlərinin içinə yığılmış "dərdin" göz yaşına çevrilib fontan vurmasına - "kütləvi ağlaşma" ritualına şahidlik edirik...

Lakin "ruh evinin" ən gülməli qəhrəmanı ermənilərə milli ruh aşılayan Sumbatyandır. Qadının oğlanlarına xeyir-dua verməsini səbirsizliklə gözlədiyi bu "nəhəng" sən demə, əslində, "karlik" imiş. Nə olsun ki?! Əsas odur ki, X.Kolumb Amerikanı kəşf edəndə onun yanındakı köməkçisi Sumbatyanın ulu babası Martiros olub, hətta yerli aborogenlərin xahişi ilə onlara erməni dilindən dərs də deyib. (?)

Paralel montaj üsulu ilə qurulmuş təhkiyə bizi yenidən səngərə gətirir. Sumbatyanın xeyir-dua verdiyi qardaşların yanında bomba partlayandan sonra onlar huşlarını itirirlər. Ayılanda isə qardaşlardan birinin psixikası, düşüncələri, hətta üz cizgiləri dəyişir - onun dodaqlarında həqiqəti görməyin, ona qovuşmağın sevincindən doğan qəribə bir təbəssüm peyda olur (yenə də Vaqifsayağı orijinal metafora!) və o, bu təbəssümlə qardaşına deyir ki, biz nahaq vuruşuruq, ümumiyyətlə, boş bir şeyə görə qan tökməyə dəyməz, çünki Qarabağ Azərbaycan torpağıdır!

Mən nə üçün filmin məhz bu epizodları barədə belə ətraflı danışıram?

İlk növbədə ona görə ki, bundan sonra baş verənlərin absurd mahiyyətini məhz bu epizodlar kontekstində açmaq olar. Çünki Vaqif digər filmlərində olduğu kimi, bu filmdə də ötürmək istədiyi bədii informasiyanı qara yumor, ciddi məsxərə estetikası ilə cilalayır, öz bədii məntiqini zahirən normal məntiqlə izah oluna bilməyən məntiqsiz - absurd situasiyaların fonunda qurur.

Azərbaycan bombasının partlayışı (yəni Azərbaycanın gücü) müalicə edib ağıllandırandan sonra süjetə "ağıllı - dəli", "vətənpərvər - satqın", "normal - xəstə" kimi səciyyələndirilə bilən yeni motivlər əlavə olunur, bu anlayışların real, həqiqi məzmunu anormal düşüncənin məhsulu olan illüziyalarla qarşı-qarşıya qoyulur. Alınan nəticələr isə heç də ürəkaçan deyil - həqiqəti deməyi xəyanət, insanları sülhə səsləməyi - satqınlıq hesab edən toplumun sayıqlamaları təkcə həmin toplum üçün yox, bütün bəşəriyyət üçün təhlükə mənbəyi deyilmi?

Sənət hazır stereotipləri sevmir. Lakin bütün filmlərində bu prinsipə riayət edən rejissor bu dəfə bilərəkdən "qaydanı pozur", süjetə daxil etdiyi Sayat Nova obrazını Vaçikə köməyə göndərir ki,  erməni toplumunun xəstə ruhunu sağlam düşüncə mövqeyindən təftiş etsin.

V.Mustafayevin bir sənətkar kimi kəşf etdiyi gülüş absurd situasiyalardan doğan gülüşdür, yəni gülüşü müəllifin istəyi yox, vəziyyətlərin özü şərtləndirir - personajlar Sabirin qəhrəmanları kimi özləri danışır, özləri özlərini faş edirlər. Və nəhayət, bu gülüş demokratik gülüşdür - müəllif qarşı tərəfi ifşa etmək üçün gülüşü yalnız birtərəfli şəkildə ona doğru yönəltmir, hətta yeri gələndə azərbaycanlı personajları da gülüş "şüası" ilə yoxlayır, arabir onları sancmaqdan da çəkinmir.

 

3. Təbliğati dəyər rakursu:

 

Filmdə erməni xalqının ünvanına n

ə bir təhqiredici ifadə işlədilir, nə də onların məişətinin təsvirində boyalar təhrif olunur, tündləşdirilir, sadəcə olaraq onlara öz aldanışları üzündən təbii halından çıxıb eybəcərləşmiş simaları göstərilir ki, düşdükləri bu vəziyyətdən dəhşətə gəlsinlər.

Film bütün insanları sülhə, barışığa, bir-birinə qarşılıqlı hörmətə səsləyən və humanist ideallar mövqeyindən çəkilmiş işıqlı bir sənət əsəridir. Bütün süjet boyu diqqət mərkəzində olan "xain -vətənpərvər" tandemi, əsir düşmüş erməni əsgərinin düşüncələri, Sayat Novanın bədii obrazı və filmin final səhnəsi isə müəllifin çox qiymətli bədii tapıntılarıdır. Sayat Novanın erməni personajların yuxusuna təşrif buyuran obrazı, onun dedikləri erməni fəlakətlərini məhz sağlam erməni düşüncəsi prizmasından açan rentgen şüası kimi çox mətləblərə işıq salır və filmin final səhnəsi də erməni toplumunu sağlam düşüncəni görməyə və onun ardınca işığa doğru getməyə səsləyir. Bu mənada "Filmin son kadrları müəllifin uğurlu tapıntısıdır" desəm, yanılmaram. Baxın, müharibə bitib, əsirlər dəyişdirilir. Qardaşlardan biri - millətçi erməni əsgəri qaçaraq anasının qoltuğuna sığınır. Həqiqəti dediyinə görə vətənində xain elan olunan kiçik qardaş isə yarı yolda dayanır, onu çox güman ki, ölüm gözləyən vətəninə yox, qəfildən doğub ətrafı nura qərq edən Günəşə tərəf addımlayır!

Bəli, yalnız işığa, əbədi işıq mənbəyi olan Günəşə doğru!

Bir mühüm məqama da toxunmaq istəyirəm. Məlumdur ki, xaricdəki erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən erməni təbliğat maşını bütün dünyaya erməniləri əzabkeş və sülhsevər xalq kimi təqdim edərək guya Azərbaycanda yaşayan ermənilərin mənəvi və fiziki genosidə məruz qalmaları barədə təbliğat aparır, bununla da xalqımız haqqında iftira və böhtanlar üzərində qurulmuş "vəhşi xalq" obrazı yaratmağa çalışırlar. "Adımı sənə qoyum, səni yana-yana qoyum" prinsipinə əsaslanan bu hiylə beynəlxalq aləmdə təhrif olunmuş ictimai rəyin formalaşmasına müəyyən mənada şans yaradır. Bu mənada filmin ideoloji mübarizə, təbliğat müstəvisində balansı xeyrinizə dəyişmək yönündəki əhəmiyyəti və rolu müstəsnadır. Əvvəla ona görə ki, bu filmi sıradan bir rejissor yox, bir çox beynəlxalq mükafatların sahibi, Avropa Kino Akademiyasının üzvü, "dünya kinosunda 35 ən yaxşı filmdən birinin müəllifi" (B.Bertolluçi) olan V.Mustafayev çəkib. Digər tərəfdən, film müasir dünya kinosunun estetik tələblərinə cavab verən, irqindən, dilindən və dinindən asılı olmayaraq bütün insanların başa düşəcəyi və qəbul edəcəyi üslubda və dildə çəkilib, böyük təsir gücünə malikdir. Filmə tamaşa edən hər kəsin nəhayət kimin kim olduğunu dərk edəcəyi şübhə doğurmur. Deməli, bu sənət əsərindən hələ də davam edən ideoloji, informasiya müharibəsində təsirli vasitə kimi istifadə etmək lazımdır və ediləcək də!    

 





16.11.2022    çap et  çap et