Dürdanə QURBANOVA
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi
[email protected]
Abstraksionizm (lat. abstractio) cisim və hadisələrin real təsvirini rədd edən sənət istiqamətidir. Onun ardıcılları forma, rəng, müstəvilər və xətlər üzərində təcrübə aparırlar. Abstrakt rəssamların əsas məqsədi öz yaradıcılığı ilə emosiyalar oyatmaqdır. Əvvəlcə elə gəlir ki, belə rəsmlər uşaq rəsmlərinə bənzəyir. Amma diqqətlə araşdırdıqda tamaşaçı başa düşür ki, bütün ləkələr, xətlər bir kompozisiyanı təmsil edir. Abstrakt sənəti non-fiqurativ və ya predmetsiz sənət də hesab edilir.
Abstrakt təsvirlərin müəllifləri qarşılarına obyektlərin dəqiq təsvirini çatdırmaq vəzifəsini qoymadılar. Onların əsas ideyası ətraf aləmin harmoniyasının axtarışı və ötürülməsidir. Abstraksionistlər hesab edirdilər ki, təbiət mükəmməldir və onun hər hansı surətinin çıxarılması mənasızdır. Bu istiqamətin davamçılarının əsərləri arasında portret janrında əsərlərə az rast gəlinir.

Rəng mücərrəd rəsmlərin təfsirində mühüm rol oynayır. Onun ardıcılları tamaşaçıda müəyyən emosiyalar yaratmaq üçün sadə və mürəkkəb formaları təsvir edir, rənglə oynayır, xətlərdən, müstəvilərdən və digər əşyaları birləşdirərək istifadə edərdi. Bu baxımdan, onların yanaşması klassizmə və bir çox başqa üslublara riayət edən ustadların istifadə etdiyi yanaşmadan fərqlənir. Mücərrəd rəssamın çəkdiyi şəklə ilk baxışda elə görünə bilər ki, onun üzərində xaotik bir yığın xətt, fiqur və ləkə var. Diqqətlə araşdırdıqda məlum olur ki, rəssam tamaşaçıda müəyyən fikir və ya əhval-ruhiyyə oyatmaq üçün nəzərdə tutulmuş vahid kompozisiya yaradıb.
Rəssamlığın bir istiqaməti kimi abstraksionizm 1910-cu ildə rus rəssamı və təsviri sənət nəzəriyyəçisi Vasili Kandinskinin ilk mücərrəd akvarelini çəkdiyi zaman meydana çıxdı. Ona elə gəldi ki, bu belə oriyentasiyada adi olandan qat-qat yaxşı görünür və onu işində abstraksiyalardan istifadə etməyə sövq edən də budur.
Abstraksionizm Kandinski tərəfindən yaradıldıqdan sonra fəal şəkildə inkişaf etməyə başladı. Abstraksionizmin inkişafında suprematizm kimi bir istiqaməti ortaya çıxaran, abstraksiya texnikasını tamamilə predmetsiz edən Kazimir Maleviç mühüm rol oynadı.
Bu gün incəsənətdə abstrakt cərəyan həndəsi və lirik abstraksiyaya bölünür: Abstraksionizmin həndəsi istiqaməti sərt və aydın xətlər, sabit vəziyyətlə, lirik abstraksiya sərbəst forma və rəssam tərəfindən qoyulmuş dinamikanın nümayişi ilə xarakterizə olunur. Lirik abstraksiya rəssamın emosional və psixi durumlarını birbaşa ifadə etmək istəyi və improvizasiya həll yolundan istifadə etməsi ilə xarakterizə olunur. Bu, həmçinin, rəssamın subyektiv rəng təəssüratlarının və fantaziyalarının təcəssümü, onun şüuraltı fikirlərinin rənglərlə ifadəsidir.

K.Maleviç suprematizmin banisi kimi az rənglərdən istifadə edərək, rəngli dairələrə, düz xətlərə və düzbucaqlar kimi əsas həndəsi formalara müraciət edirdi. Neoplastizmin nümayəndəsi Mondrian isə əsərlərində aydın xətlər və rənglərə üstünlük verirdi. Kandinski öz bədii yaradıcılığında Blavatskinin teosofik əsərlərinə əsaslanırdı.
Abstraksionizm üslubunda olan əsərləri aydın şəkildə təsnif etmək çətindir. Ümumiyyətlə, bu üslubu xətlərin və ya texnikanın üstünlük təşkil etmə növünə görə bölmək olar: rəng abstraksionizmi, həndəsi abstraksionizm, ekspressiv yəni ifadəli abstraksionizm və taşizm, minimalist abstrakt sənət.
Bu bir üslubdur ki, diqqəti cəlb edir, ənənəvi təsvir üsullarından fərqli olaraq nəzər yetirənləri tabloda fəlsəfli və mənəvi axtarışa sövq edir. Bu mənada abstrakt portretlər də xüsusən maraqlıdır. Belə ki, hər hansı boya yaxmaları və ya anlamsız forma, fiqurlardan təşkil olunmuş kompozisiyalardan fərqli olaraq mücərrəd portretlərdə insan fiquruna ehyam vuran təsvirlər konkret fikirləri portreti çəkilən insanın bənzərliyinin axtarışı və rəssamın müraciət etdiyi rəng texnikası baxımından maraqlı xarakter daşıyır. Portret fransız sözü "portraire" sözündən götürülüb. Hər hansı bir kəsin dəqiq təsviri anlamını verir. Lakin buna baxmayaraq, abstrakt üslubda işləyən rəssamlar portretinin yaradacaqları insanı gördükləri kimi deyil, təxəyyüllərinin məhsulu olaraq təsvir edirlər. Dünya təsviri sənətində bu üslubda portretlər yaradan rəssamlar az deyil. Belə portretlərdə xətlər, fiqurlar və rəng yaxmaları əsas təsvir vasitələri rolunu oynayır. Abstrakt üslubun müxtəlif istiqamətlərində Pablo Pikasso, Albert Qleizes, Robert Deloniye, Xose Viktoriano, Qonsalez Perez kimi rəssamların portret janrına müraciəti ilə rastlaşırıq. Bu cür portretlərə assimmetrik üz quruluşu, üz ifadələrinin qorxunc görüntüsü, formaların təhrifi, minimalistik rəng tətbiqi xarakterikdir.

Azərbaycan təsviri sənət tarixində abstrakt üslub özünəməxsus inkişaf yolu keçmişdir. Mir Nadir Zeynalovun abstrakt avtoportretinə nəzər yetirək. Həndəsi abstraksiya üsulunda təsvirdən göründüyü kimi, Mir Nadir Zeynalov portretin rəssama, yəni özünəməxsus olmasını əlində fırça və palitranı təsvir etməklə vurğulayıb. Digər tərəfdən yuxarıda qeyd etdiyim kimi, abstrakt portretlərdə üz cizgiləri dəqiqlikdən, hətta reallıqdan uzaq təsvir edildiyi üçün portreti yaradılan insanın şəxsiyyətini ona məxsus özəl xüsusiyyətləri müəyyən detallar hesabına göstərilməklə aydınlıq gətirilir. Sərt və aydın kontur xətlər fiquru vurğulamaq məqsədilə istifadə edilmişdir. Burada rəssamın minimal rəng istifadəsi izlənilir. Belə ki, sarı və qırmızı rəngin kontrastları əsərə nisbətən dinamiklik gətirir. Rəssamın avtoportretinə mücərrəd yanaşması onun istənilən mövzuda qəlibləşmiş üslubunun tətbiqindən uzaqlaşmadığını göstərir.
İntiqam Ağayevin mücərrəd təsvirli qadın portreti də maraqlı kompozisiyaya malikdir. Burada simasız qadın şahmat tablosunu xatırladan otaqdadır. Əsərin mahiyyəti qadının əlindəki maskada açıqlanır. Fiqur və müxtəlif formalardan təşkil etdiyi kompozisiyasında rəssam güclü emosional təxəyyülü hesabına sirli abu-hava yaratmağa müvəffəq olmuşdur. Bütün fiqurlar həndəsi abstrakt üsul, isti rənglərin bir-birini əvəz etməsini kəskin rəng keçidləri vasitəsi ilə həll etmişdir.
Əmrulla İsrafilovun kresloda əyləşmiş qadın portreti də həndəsi abstrakt üsluba nümunə ola bilər. Bu əsər üçün minimalistik rəng istifadəsi, formaların həndəsiliyi xarakterikdir. Ağ və qırmızı rənglərin həmahəng şəkildə bir-biri ilə səsləşməsi əsərdə rəng harmoniyası yaradır. Dinamikanın istisna olduğu bu əsərdə emosional yanaşma yalnız rəng oyununda nəzərə çarpır. Perspektivsiz, abstrakt üslubda yaradılmış portretdə hökmran qadın obrazının təsvir olunduğu deyə bilərik. Rəssam bunu şərti qadın fiqurunun başındakı tac və əynindəki qırmızı libası ilə vurğulamışdır.
Yaradıcılıq axtarışları reallıqdan uzaq mücərrəd xəyallar aləminə əsaslanan Emin Əsgərov bu gün rəngkarlıqda abstrakt fiqurativ üslub xüsusiyyətləri ilə çıxış edir. Onun kompozisiyalarında predmetlər şərti xarakterli olmaqla müəyyən simvolik xüsusiyyətə malikdir. Düşündürücü və asimmetrik quruluşlu kompozisiyaları bəzən sanki sənətkar tərəfindən qəsdən şifrələnərək, gizli mahiyyət kəsb edir. Emin Əsgərov tablolarında bəzən dekorativ formalardan istifadə etməklə onları mücərrəd ideyalar ilə sintez edir və diqqəti arxa plana çəkməyi də məharətlə bacarır.
Ümumiyyətlə, Azərbaycan təsviri sənətinin inkişafında abstrakt üsluba müraciət zamanı rəssamların ənənəvi üsullardan istifadəsini müşahidə edirik. Bəzən bu üslubun milli xüsusiyyətlərlə sintez və stilizə edildiyi də istisna olunmur. Məsələn, Niyaz Nəcəfov, Vüqar Muradov, Vüqar Əli, Afət Bağırova, Emin Əsgərov, Anar Hüseynzadə kimi müasir Azərbaycan rəngkarları portretlərində mücərrəd detallara və fiqurlardan istifadə etməklə öz yaradıcılıq axtarışlarını bu istiqamətdə davam etdirirlər.
çap et