525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Filippin b.e.ə 336-cı ildəki ölümü Demosfenə yeni ümid verdi. O istəyirdi ki, Yunanıstanın hegemonluğu Filippin varisinin əlinə keçməsin.  Onu taxt-tacda əvəz edən oğlu Aleksandr isə çox asanlıqla həyəcanı yatıra bildi. O, Fivanı qəddarcasına cəzalandırdı, afinalılardan isə Demosfeni ona verməyi tələb etdi. Lakin xalq buna  razılıq vermədi. Düşmənləri onun cərimə verməyə məhkum edilməsinə nail oldular, lakin o, pulu olmadığından şəhərdən qaçmağa məcbur oldu.

Demadın təklifi ilə Afina xalqı Demosfenə və tərəfdarlarına ölüm hökmü verdi. Bu vaxt Böyük Aleksandr Asiya yürüşündə, Babildə idi. Makedoniya çarı Antipatr Demosfeni tutmaq üçün adamlar göndərdi. Düşmənlərinin əlinə düşməmək üçün o, b.e.ə. 322-ci ildə Poseydon məbədində zəhər içib özünü öldürdü, ondan bir il əvvəl isə yeni imperiyanın banisi Aleksandr ölmüşdü.

Plutarx Demosfeni tərifləyir ki, o, həyatına aman verilməsinə yalvarsa da, son anda Antipatrın qəddarlığı üzərində gülməyi də bacardı və özünü məbəddə intihar etdi. Afinalılar az sonra həmin məbədin yanında ona heykəl qoydular.

Demosfenin nitqləri "xarakterin güzgüsü" adlanır, müəllifin görüşlərini əks etdirir. Onun çıxışları, müasiri Aristotelin nəzəri ritorika barədəki mülahizələrinə yaxın idi. Onun nitqlərinin dili əla olmaqla, həm də sadəliyi, yığcamlığı, ciddiliyi və xoşagələn olması ilə seçilirdi. Onun çıxışlarının effekti mənəvi gücə əsaslanırdı. Onun ideyalarını nəcibliyi vətənə məhəbbət, onun şərəfinə və keçmişinə hörmət ilhamlandırırdı. Əlbəttə, onun ifşa xarakterli nitqləri, tikanlı olmaları ilə seçilirdi. Plutarxın yazdığına görə, müasirləri onu "ilan" adlandırırdılar.

Demosfen uşaqlıqdan şöhrətin şüaları altında çimmək istəyirdi. Yaşlı Demosfen isə səbirli və zəhmətkeş idi. O, çıxış etməmişdən əvvəl nitqlərini əzbərləyirdi və çıxışının səs diapazonunun necə olmasını da məşq edirdi.

Demosfenin "filippika"larından fərqli olaraq digər afinalı, ritorik müəllimi olan İsokrat kimiləri isə Filippin yunanları birləşdirməklə, onu xilaskar kimi və ümumi düşmən olan persiyalılara qarşı səlib yürüşünə bütün yunan dünyasını təşkil edən adam kimi qiymətləndirirdi. Demosfen, əksinə, afinalıları onun təhlükəsi barədə xəbərdar edirdi, onu Afina azadlığının və müstəqilliyini düşməni hesab edirdi. Filipp öldürüldükdən sonra onun varisinə də Demosfen eyni qəzəbli münasibət bəsləyirdi. Lakin o, böyük qüdrətə və imkanlara malik olan çarla bacara bilməzdi. O həm Filippinin, həm də onun oğlu Aleksandrın ölümünə nə qədər sevinsə də, özünə yaranan təhlükəyə görə Afinanı tərk edib, qaçqına çevrildi.

Demosfen özünü zəhərləyib öldürdükdən sonra afinalılar heyifsilənirdilər ki, onun ağlı ölçüsündə qüdrəti olsaydı, Elladada hakimiyyəti Makedoniyanın müharibə allahları sayılan çar Filipp və ya Aleksandr götürə bilməzdi.

Demosfen üçüncü filippikasında deyirdi: "O, (Filipp) öz xoşuna gələn kimi hakimiyyəti həyata keçirməklə, yunanları bir-birinin ardınca sakitcə qarət edir, parçalayır, onların şəhərlərinə hücum edir və onları qul olmağa çevirir. Siz bilirsiniz ki, yunanlar spartalılardan və ya bizdən əzab çəkdiyi səhvləri nəzərə alsalar da, onlar bilərdilər ki, bütün hadisələrdə Yunanıstanın həqiqi doğulmuş oğlanlarının əlindən əzab çəkmişlər və onlar bunu özünün qanuni, böyük işlərə sahib olmaq üçün doğulmuş oğlunun hərəkətləri  kimi qiymətləndirə bilərlər. Əlbəttə, o, şübhəsiz olaraq öz hökumətini idarə etməkdə buraxdığı səhvə və xətaya görə təqsirli bilinəcəkdir, ittiham edilməyə və qınağa layiq olacaqdır və deyiləcəkdir ki, o, bizim qanımızdan deyildir, bunları etməklə o, heç də qanuni varis deyildir. Lakin əgər hansısa qul və ya qanunsuz doğulmuş bastard heç bir hüququ olmadan (Yunanıstandakı) ölkələri viran qoyursa və israf edirsə, hansı daha böyük monstr olan və hamını hiddətləndirən bir adamı göylər bəs necə adlandıracaqdır? Həm də onlar üçün bu, Filippinin və onun davranışının ürək bulantısı tutması təsirinə bənzəməyəcəkdir. Baxmayaraq ki, o, təkcə yalnız yunan deyildir, yunanlarla heç bir qohumluğu da yoxdur, lakin hətta hansısa yerdən olan barbar da deyildir ki, heç olmasa bu adla hansısa bir şərəflə adlana bilsin. Lakin o, Makedoniyadan olan bubon taunu əclafıdır, oradan heç vaxt abırlı qulun da çıxması mümkün olmayacaqdır".

 

lll

 

Afina dövlət xadimi və böyük natiq Demosfen bütün həyatını vətənə həsr etmiş və ölən anında da onun azadlığı üçün mübarizəsini davam etdirmişdi. O, b.e.ə. 384-cü ildə Afinada anadan olmuşdu. Onun atasının adı da Demosfen idi, silah emalatxanasının sahibi olmaqla, varlı adam idi. Oğulun yeddi yaşı olanda atası vəfat etmişdi, böyük sərvət şəklindəki öz mirasını gələcək natiq və onun kiçik bacısına vəsiyyət etmişdi.

Uşağın tərbiyəsi ilə anası məşğul olurdu, qadın qardaşı ilə birlikdə, ona hamilik edirdi. Lakin onlar vicdanlı adamlar deyildi, müəllimlərə pul vermirdilər, uşaqların təhsilinə və səhhətinə də qayğı göstərmirdilər.

Demosfen həddi-buluq yaşına çatdıqda hamilər ona yalnız evi və bir az pul verdilər, pulun və əmlakın böyük hissəsini isə özləri mənimsədilər. Gənc oğlan əvvəlcə hamilərini dilə tutdu ki, irsi könüllü olaraq qaytarsınlar, lakin onlar təklifi rədd etdilər. O vaxt o, oğurlanmış pulları məhkəmə yolu ilə qaytarmaq istədi. Məhkəmədə uğur qazanmaq üçün Afina qanunlarını yaxşıca bilmək lazım idi, başlıcası isə yaxşı və inandırıcı qaydada danışmaq qabiliyyəti idi.

O vaxtlar mövcud olan demokratik quruluşda hər bir Afina vətəndaşına məhkəmədə və xalq yığıncağında çıxış etmək lazım gəlirdi. Görkəmli natiqlər ümumxalq hörmətinə yiyələnirdilər, onlar dövlətin fəxri vəzifələrinə seçilir və xarici ölkələrə səfir göndərilirdilər. Afinada natiqliyi öyrənən, mübahisələrdə qalib gəlməyi bacaran, hətta  zəif bəhanəni daha güclüyə çevirən çox sayda adamlar meydana gəlmişdi.

Nitq qabiliyyətinin o vaxtlar ən görkəmli müəllimləri İsokrat və İsey idi. İsokrat öz evində nitq mədəniyyəti kursu təşkil etmişdi. Lakin Demosfen təhsil üçün ödənilməli haqqın məbləği yüksək olduğundan, məşğələlərə davam edə bilmirdi. Bu vaxt o, həmin dövrdə irs işləri üzrə ən yaxşı vəkil olan İseyə müraciət etdi.

Təhsilini başa vurub, Demosfen öz hamiləri ilə məhkəmə çəkişməsinə başladı. Məhkəmə 5 il uzandı. Hakimlər hər cür vasitələrlə məsuliyyətdən qaçmağa çalışırdı, Demosfenin atasının vəsiyyəti və digər mühüm sənədlər də məhv edilmişdi. Nəhayət, hamilər məhkum edildilər, lakin Demosfen də mirası bütünlüklə  özünə qaytara bilmədi.

Hamilərlə aparılan uzunmüddətli ağır mübarizə gələcək natiqin xarakterini möhkəmləndirdi, onda inadkarlıq və öz məqsədindən dönməmək hissini inkişaf etdirdi.

Demosfen hələ uşaqlıqdan xalq qarşısında çıxış etməyi arzulamışdı. Bu oğlan görürdü ki, görkəmli natiqləri xalq necə alqışlayır və onların bəlağətli nitqlərinə təəccüb edirdi, bu nitqlər isə təkcə onu deyil, hamını heyran qoyurdu. O vaxtdan bütün digər məşğələlərini və oyunlarını atıb, nitq söyləməkdə məşq etməyə başladı. O, natiq olmağı qərara aldı. Xalq qarşısında çıxış etməmişdən əvvəl o, müəlliminin nümunəsi əsasında başqaları üçün məhkəmə nitqləri yazırdı. Belə məşğuliyyətə görə yaxşı pul qazanırdı və gənc oğlan nəinki öz anasını və bacısını saxlaya bilirdi, həm də bir qədər əmanət toplaya bilmişdi. Lakin başqalarına çıxış yazmaq yeniyetməni məmnun etmirdi. O istəyirdi ki, öz həyatını ictimai fəaliyyətə həsr etsin.

Gənc natiqin xalq qarşısında ilk çıxışı kədərli səs-küylə, gülüşlə nəticələndi, bunlar ona öz çıxışını nəzərdə tutulan kimi qurtarmağa imkan vermədi. Bu uğursuzluq tamamilə təbii idi, Demosfenin olduqca zəif səsi var idi, həm də anlaşılan qaydada danışmırdı, yüngülcə pəltəkləyirdi. Digər tərəfdən o, çıxış edəndə çiyinlərini qaldırıb-endirirdi, ümumiyyətlə, kütlə qarşısında dayanmağı heç də bacarmırdı.

Onun ikinci dəfə çıxış etmək cəhdi də uğursuzluqla nəticələndi. Ruhdan düşüb, utandığından plaşı ilə üzünü örtüb, evinə tələsdi. Əvvəlcə hətta onun arxasınca dostu, məşhur Afina aktyorunun da gəldiyini hiss etmədi. Onlar birlikdə addımlayırdılar. Demosfen öz uğursuzluğunu kədərlə dostuna danışmağa başladı və dedi ki, xalq onun dərin mənalı çıxışını qiymətləndirmir və başa düşmür. Aktyor ona cavab verdi: "Bu heç də belə deyil, lakin mən çalışaram ki, sənin dərdinə kömək edim. Sofokldan və Yevripiddən mənə bir parça oxu". Demosfen məşhur yunan şairlərini, onlar teatr üçün yazırdılar, yaxşı tanıyırdı. Ona görə də bir parçanı oxuyub qurtardıqda, aktyor həmin şeiri təkrar etdi, lakin çox ifadəli alındığından Demosfenə elə gəldi ki, tam başqa bir şeiri dinləyir. O başa düşdü ki, nitqə daha çox gözəlliyi ifadəlilik verir, bu mühüm cəhət isə onda çatışmırdı. İkiqat cəhdlə o, öz işinə yenidən başladı.

Demosfen qərara aldı ki, nə olursa olsun, o, öz nitqinin qüsurlarını düzəltməlidir. Heç kəsin ona mane olmaması üçün o, tənhalığa çəkildi, başının yarısını ülgüclə qırxdı və saçları uzanana qədər evdən çıxmadı. Hər gün bir neçə saat o, məşqlərlə məşğul olur, öz tələffüzündəki aydın olmayan yerləri düzəldirdi. O, ağzını daşla doldurub, bərkdən və aydın danışmağa çalışırdı ki, "r" səsini tələffüz etməyi öyrənsin. O, küçüyü qucağına götürüb, onun mırıltısını dinləyir və səsləri təkrar edirdi. O, şeirləri bərkdən tələffüz etməyi, dağa qalxanda və ya dəniz sahilində gəzəndə öyrənir, çalışırdı ki, öz səsi ilə küləyin və dalğaların səsini batırsın.

Uzun və inadlı cəhdlərdən sonra Demosfen öz məqsədinə çatdı və əla natiqə çevrildi. Lakin o, heç vaxt hazırlıqsız çıxış etmirdi və daim əvvəlcədən yazılmış nitqi öyrənirdi. Gecələr lampanın işığında o, ciddi-cəhdlə çıxışına hazırlaşırdı, hər sözü çox fikirləşib seçirdi. Bütün bunlar sonralar onun əleyhdarlarına bəhanə verdi ki, onu ilhamının və təbii qabiliyyətlərinin olmamasında məzəmmət etsinlər.

Lakin hətta düşmənləri də, nəhayət, onun çıxışlarının gücünü və ustalığını etiraf etdilər. Onun çıxışlarında qeyri-adi ifadə, sadəlik, hissin və fikrin böyük gücü ilə, aydınlığı və inandırıcılığı ilə birləşirdi. Demosfen daim baş mövzudan ciddi danışırdı, sadə çərənləməni sevmirdi. O, dinləyicilərin ağlına təsir göstərməklə sakit danışırdı, gah onları hissin gücü ilə əsir edir, çıxışının ifadələliyi və hərarəti ilə müdafiə etdiyi işin düzgünlüyünü  dinləyicilərə çatdırırdı.

Demosfenin 30 yaşı olanda o, dövlət işlərində iştirak etməyə başladı və öz natiqlik istedadının bütün gücünü Yunanıstanın müstəqilliyinin ən təhlükəli düşməni olan Makedoniya çarı Filippə qarşı istiqamətləndirdi. Filipp Balkanlarda Makedoniyanı qüdrətli dövlətə çevirərək, hərbi yürüşləri və diplomatiyası hesabına Yunanıstan dövlətləri birliyində hegemonluq etməyə çalışırdı. Onun oğlu Makedoniyalı Aleksandr atasının ölümündən sonra hakimiyyətə yiyələnib. işğallarını Kiçik Asiyaya keçirdi. Avropada, Asiyada və Afrikada ilk dəfə olaraq nəhəng imperiya yaratdı. Demosfen Afinanın Makedoniya ağalığına düşməsinə qarşı kəskin mübarizə aparırdı, lakin Esxin kimi əleyhdarından fərqli olaraq, bu mübarizədə onun yeganə silahı alovlu çıxışları idi. Filippin ağalığının tərəfdarı olan Esxin isə, o bunu Persiyanın təhlükəsinə qarşı yeganə sipər hesab etməsi ilə izah edirdi, daha geniş, ən başlıcası böyük maddi imkanlara malik idi. Demosfenin isə vətənə məhəbbəti, onu makedoniyalılara və öz şəhərində olan onların çox saydakı əlaltılarına qarşı sarsılmaz mübarizəyə ilhamlandırırdı.

Hələ bir az əvvəl Makedoniya zəif və geridə qalan dövlət idi, yunanlar onunla hesablaşmırdılar. B.e.ə.359-cu ildən 336-cı ilə qədər hökmranlıq edən Filipp ölkəni birləşdirdi və böyük, yaxşı silahlanmış ordu təşkil etdi. İstedadlı sərkərdənin əlində bu, heybətli bir güc idi.

(Ardı var)

 





16.11.2022    çap et  çap et