525.Az

Fransanın bitməyən qərəzi


 

DEPUTAT RASİM MUSABƏYOV: "SANKSİYALARA SANKSİYALARLA, BOYKOTA BOYKOTLA CAVAB VERƏCƏYİK"

Fransanın bitməyən qərəzi<b style="color:red"></b>

Fransa Senatında noyabrın 15-də Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə rəsmi Paris növbəti dəfə öz dəyərlərini, beynəlxalq hüququn əsas prinsiplərini tapdaladığını nümayiş etdirdi. Bir daha sübut etdi ki, terrorçu Ermənistanın yanındadır, ədalətdən, sülhdən uzaqdır. Çünki Parisin bu cür addımları regionda gərginliyin artmasına, sülh prosesinin ləngiməsinə, Ermənistanda revanşist qüvvələrin əl-qol açmasına xidmət edir.

Xatırladaq ki, qətnamədə Azərbaycana sanksiyalar tətbiq edilməsi, "Dağlıq Qarabağ Respublikasının" tanınması, "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi", Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi qərəzli, məntiqsiz təkliflər yer alıb. Əslində Fransa ləkəli, qanlı keçmişinə, Afrikada törətdiyi soyqırımlara görə utanmalıdır.

Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, Senat Ermənistanın maraqları naminə Bakıya təzyiq göstərmək üçün Azərbaycanın daxili işlərinə qarışan və sanksiyalarla hədələyən məzmunca anlaşılmaz, faktiki vəziyyəti əks etdirməyən qətnamə qəbul edib. Onun sözlərinə görə, qətnamə Ermənistan-Azərbaycan nizamlanması prosesinə heç bir fayda verməyəcək, Bakı ilə Paris arasında münasibətləri tamamilə korlayacaq: "Bu, Ermənistanın xeyrinə Azərbaycana təzyiq formasıdır. Parisdə nəhayət, əmin oldular ki, Fransanın Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçiliyi Prezident İlham Əliyev tərəfindən qəti şəkildə rədd edilib və Ermənistanın himayədarı kimi açıq şəkildə çıxış etmək qərarına gəlib. Belə bir siyasəti rasional adlandırmaq çətindir, çünki bunun ermənilərə fayda gətirəcəyi ehtimalı azdır. Bundan sonra Bakı çətin ki, fransız siyasətçilərin və diplomatların fikrini dinləmək istəsin. Çox güman ki, onlarla söhbət ümumiyyətlə, dayandırılacaq".

Deputat deyib ki, Fransa uzun illər boyu Avropanın aparıcı gücü olub, yüksək inkişaf etmiş iqtisadiyyatı, gözəl mədəniyyəti, diplomatiya ənənələri və güclü hərbi qüvvəyə malik olub. Ötən əsrin ortalarından etibarən Fransa birinci sıradakı güc rolunu itirsə də, hələ də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, özünün nüvə raket silahlarına malikdir: "Bu, Fransaya Avropadakı nüfuzunu və keçmiş Afrika koloniyalarında, eləcə də Frankofoniyaya aid olan ölkələrdə nüfuzunu qoruyub saxlamağa imkan verir. Lakin rəhbərliyin iddialı, bacarıqsız hərəkətləri ucbatından Fransa xarici siyasət meydanında uğursuzluğa düçar olur. ABŞ-ın birbaşa müdaxiləsinin tələb olunduğu Yuqoslaviya və Liviyadakı uğursuzluğu yada düşür. Hətta ənənəvi təsir dairəsində - Çadda, Mərkəzi Afrika Respublikasında, Malidə, Burkina-Fasoda Fransanın fəaliyyəti səmərəsizdir. Təkcə Çin və Türkiyə tərəfindən deyil, Rusiyanın Vaqner özəl hərbi birləşmələri tərəfindən də sıxışdırılır. Cənubi Qafqaza gəlincə, Fransa prezidenti Nikola Sarkozinin 2008-ci ilin avqustunda müharibəsini dayandırmaq üçün Moskva ilə Tbilisi arasında etdiyi səfərlər, amma reallıqda Saakaşvili hökumətini təslim olmağa inandıran qeyri-müəyyən davranışı yada düşür. Yalnız Baltik ölkələrin, Polşanın, Ukraynanın göstərdiyi həmrəylik, eləcə də Batum limanına esmines göndərən ABŞ-ın yenidən müdaxiləsi sayəsində rus qoşunlarının Tbilisi istiqamətində irəliləməsi dayandırıldı və demokratik Gürcüstan Kremlin hərbi şantajına boyun əymədi".

Makronun Aİ-dəki liderlik iddialarına diqqət çəkən R.Musabəyov bunun uğursuzluqla nəticələndiyini deyib: "Almaniyanın uzunmüddətli rəhbəri xanım Merkel təqaüdə çıxdıqdan sonra Makronun Avropa İttifaqında liderlik iddiaları kansler Şolts tərəfindən sərt şəkildə rədd edildi. İtaliya hökumətinin yeni başçısı xanım Corc Meloni də prezident Makrona və Fransa siyasətinə qarşı alçaldıcı tənqidlər səsləndirərkən eyni yanaşmanı göstərdi".

Deputat əlavə edib ki, Fransa parlamentarilərinin qətnamələri Azərbaycanı qorxutmur: "Biz sanksiyalara sanksiyalarla, boykota boykotla cavab verəcəyik. Avropada Türkiyə və Azərbaycana qarşı kampaniyaya başlayacaqlar, biz də İslam dünyasında Fransaya qarşı kampaniya ilə cavab verəcəyik, xüsusən də Fransanın müstəmləkə keçmişinin çoxlu qaranlıq səhifələri var. Fransa neft və qazımızın alıcısı kimi qeyd olunmur. Böyük Britaniya, Almaniya, İtaliya və Azərbaycanın digər xarici iqtisadi tərəfdaşları çətin ki, Fransa Senatının elan etdiyi sanksiyalara qoşulsun".

R.Musabəyov vurğulayıb ki, Paris, hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin də dəstəklədiyi 2020-ci ildə 44 günlük müharibədə, 2022-ci ilin sentyabrında sərhəddə İrəvanın genişmiqyaslı hərbi təxribatı zamanı BMT Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycana qarşı qətnamələr qəbul edə bilmədi.

Deputat Vüqar Bayramov isə hesab edir ki, Vətən müharibəsindəki zəfərdən sonra bir sıra paytaxtlarda Azərbaycana qarşı təhdidlərin sayı artmaqdadır: "Doğrudur, Senatı əleyhimizə qətnamə qəbul edən Fransa savaş zamanı da ikili standartlardan çıxış edərək işğalçı Ermənistanı dəstəkləyir və əslində, o zaman da beynəlxalq hüquq prinsiplərinə məhəl qoymurdu. Parisdəki qərəzli qətnamələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb. Bu, özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərir. 2021-ci ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 245 milyon 463 min dollar olub. Son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb. Bu ilin ilk 8 ayında isə Fransa ilə cəmi 218 milyon 874 min dollarlıq dövriyyəmiz olub.

Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirən Azərbaycan üçün dayanıqlı tərəfdaşlar ilə əməkdaşlığın genişləndirilməsi priorietdir. Ancaq Fransa Senatının qəbul etdiyi son qətnamə Parisin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Qafqazın ən güclü ölkəsi ilə əməkdaşlığın gücləndirilməsi üçün qərəzsiz və tərəfsiz olmaq lazımdır. Təhdidlər ilə Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil. Ümid edək ki, bu gün aqressivləşən bir sıra paytaxtlar bunu daha qısa zamanda anlayacaqlar".

 

 





17.11.2022    çap et  çap et