525.Az

"Hədəfimiz Şimali Kiprin Türk Dövlətləri Təşkilatına bərabərhüquqlu üzv olmasıdır"


 

UFUQ TURGANER: "AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BƏRABƏR, AVROPA STRUKTURLARINDA KIPRIS TÜRKLƏRİNİN HAQQINI MÜDAFİƏ EDİR"

"Hədəfimiz Şimali Kiprin Türk Dövlətləri Təşkilatına bərabərhüquqlu üzv olmasıdır"<b style="color:red"></b>

Bu günlərdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) qurulmasının 39-cu ildönümü qeyd olunmaqdadır. Ötən 39 il ərzində Şimali Kipr özünün inkişafı üçün bir sıra mühüm addımlar atıb. Eyni zamanda, dünya birliyi tərəfindən tanınması üçün mücadilə aparıb. Amma təəssüf ki, Kıprıs türkləri hələ də dünya birliyi tərəfindən tanınmayıb. Şimali Kiprin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer "525"ə müsahibəsində ötən 39 ildə ölkəsinin əldə etdiyi uğurlar, gələcək planlar, tanınma istiqamətində görüləcək işlərlə bağlı danışıb.

 

 

- Kıprıs türkləri 1960-cı ildə müştərək respublika kimi qurulan və ömrü cəmi üç il olan Kipr Respublikasından silah gücüylə kənarlaşdırılıb. BMT Təhlükəsizlik Şurasının 4 mart 1964-cü ildə qəbul etdiyi 186 saylı qərarı ilə qurulan həmin müştərək Kipr Respublikasını birmənalı şəkildə rum dövlətinə çevirən yunan hakimiyyəti "Kiprin yeganə qanuni hökuməti" olaraq tanınmaqdadır. Bu səbəbdən də BMT-nin vaxtilə qəbul etdiyi qərara əsasən, digər dövlətlər bu qərarın əksinə addım ata bilməzlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu müstəvidə təsadüfən "Dünya beşdən böyükdür" deməyib. Yəni Təhlükəsizlik Şurasında təmsil olunan beş dövlətin hər dediyi Allahın kəlamı deyil ki, mütləq qəbul edək. Əlbəttə ki, vəziyyət hər an dəyişə bilər. Bu gün top bizdə yox, BMT tərəfindədir.

- Uzun illərdir davam edən Kıprıs məsələsinin həlli niyə tapılmır?

- Çünki Kıprıs məsələsinə diaqnoz düzgün qoyulmayıb. Baxın: 1960-cı ildə adada Kıprıs Cümhuriyyəti adlı müştərək dövlət quruldu. Yəni iki bərabərhüquqlu dövlət olan Kıprıs türkləri və Kıprıs rumları bir dövlətdə birləşdi. Prezident yunan, vitse-prezident türk və sair şəklində hər iki xalqın nümayəndələri bütün dövlət və hökumət orqanlarında təmsil olundular. Amma 1963-cü ildə rumlar silah gücünə türkləri bütün vəzifələrdən kənarlaşdırdılar. Bundan sonra isə türklərə qarşı irtica siyasətinin icrasına başlayan rumlar qətliamlar törətdilər, 1963-1974-cü illər arasındakı 11 il ərzində Kıprıs türkləri böyük itkilərlə nəticələnmiş ölüm-qalım mübarizəsi aparıblar. Kıprıs türklərinə qarşı hücumlar 21-27 dekabr 1963-cü il tarixlərində pik həddinə yüksəldi və bu bir həftəlik dövr "Qanlı Noel" adıyla yaddaşlara həkk olundu. Rumlar bu cür qətliamlar törətməklə adanı türksüzləşdirmək və daha sonra da ENOSİS, yəni Kıprısı Yunanıstana birləşdirmə planını başa çatdırmaq istəyirdilər.

- Kıprıs türkləri 39 il əvvəl - 1983-cü il noyabrın 15-də öz torpaqlarında Cümhuriyyəti elan etdilər. Ötən 39 ildə nələr əldə edilib, hansı qazanclar olub?

- Bu gün bizim xarici dünyaya yeganə çıxışımız ana vətən Türkiyədir. Çünki siyasətdən iqtisadiyyata, mədəniyyətdən idmana və s. hər bir sahədə Kıprıs türklərinə qarşı embarqolar tətbiq edilir. Bu gün hər hansı idmançımız beynəlxalq turnirlərdə iştirak edə bilmir, mütləq Türkiyənin milli komandasında getməlidir. Türkiyə bizi tam mənasında dəstəkləyir, türk ordusu bizi rumlardan qoruyur. Yəqin bilirsiniz, 1974-cü ildən bəri Türk ordusu adadadır. 1974-cü ildə Rum-Yunan birliyi adanı Yunanıstana birləşdirmək məqsədilə gerçəkləşdirdiyi çevrilişdən sonra üç təminatçı ölkə - Türkiyə, Yunanıstan və Böyük Britaniya beynəlxalq qaydaların verdiyi haqq və vəzifələri əsas tutaraq adaya müdaxilə edib və bununla da daha çox qan tökülməsinin qarşısı alınıb. Şimali Kipr Türk Cümhuriyyəti həm iqtisadi, həm təhsil, həm də turizm sahələrində böyük uğurlara imza atmaqdadır. İqtisadiyyatımıza xüsusilə böyük töhfə verən sektor təhsildir. Hazırda ŞKTR-də 21 universitet fəaliyyət göstərir ki, onlarda ümumilikdə 100 min əcnəbi tələbə təhsil alır. Bu da təbii ki, Şimali Kipr üçün böyük maliyyə mənbəyidir. Türkiyə Şimali Kiprdə yüksək standartlı yollar tikib, bir çox iri layihələr həyata keçirib və keçirməkdədir. Bundan əlavə, Şiamli Kipr Körfəz ölkələri ilə yaxşı iqtisadi-ticarət əlaqələrinə malikdir. ŞKTR istehsalı olan dünyaca məşhur Hellim pendirinin əsas alıcıları Körfəz ölkələridir.

- Bu günlərdə ŞKTR Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olundu. Bu, Şimali Kipr üçün nə deməkdir?

- Quzey Kıprıs Türk Cümhuriyyəti 1979-cu ildə İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi statusda üzv qəbul olunub. 2005-ci ildən isə Kıprıs Türk Cümhuriyyəti adıyla həmin təşkilatda bu statusda fəaliyyətimizi davam etdiririk. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının ən səlahiyyətli orqanı olan və üç ildən bir toplanan İslam Zirvəsinə dövlət başçısı, təşkilatın Xarici İşlər Nazirləri Konfransına isə nazir səviyyəsində qatılır. Azərbaycanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına 2004-cü ildə daxil olmuşuq.

Hədəfimiz ŞKTR-nin qısa vaxtda Türk Dövlətləri Təşkilatına bərabərhüquqlu üzv olmasıdır. Qeyd edim ki, 11 noyabr Azərbaycanla yanaşı, bizim üçün də çox düşərli tarix oldu. Bizim problemimiz ondadır ki, beynəlxalq səviyyəli platformalara yollarımız bağlı olduğu üçün səsimizi dünyaya çatdıra bilmirik. Amma bir işdə bəxtimiz gətirib ki, BMT-dən tutmuş Avropa Şurasına, digər bütün beynəlxalq və regional təşkilatlarda Türkiyə ŞKTR-nin haqq səsidir. Azərbaycana da təşəkkür edirəm, Avropa strukturlarında Türkiyə ilə bərabər, Quzey Kıprıs türklərinin haqqını müdafiə edir. Amma əlbəttə ki, ŞKTR təmsilçiləri olaraq bizim öz sözümüzü deməyimiz lazımdır. Güney Kıprıs Rum dövləti dünya birliyi tərəfindən Kipr Respublikası olaraq tanındığından və Avropa İttifaqının üzvü olduğundan bütün beynəlxalq platformalarda yer almaqdadır. 

- Hazırda ŞKTR-nin neçə ölkədə nümayəndəliyi var?

- Dünyanın fərqli ölkələrində olmaqla 27 şəhərdə təmsilçiliyimiz mövcuddur. Türkiyədə səfirlik və əlavə 6 Baş konsulluq, ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində, London, Bakı, Brüssel, Cenevrə, Strasburq, Stokholm, Berlin, Roma, Helsinki, Budapeşt, Əbu Dabi, İslamabad, Doha, Maskat, Küveyt, Manama və Bişkekdə Baş konsulluqlarımız fəaliyyət göstərir. Bu arada qeyd edim ki, İslamabad təmsilçiliyimiz səfirlik statusundadır. Sağ olsun Pakistan hökuməti, keçirilən hər cür rəsmi tədbirlərə ŞKTR təmsilçisini səfir olaraq dəvət edir - Kıprıs türklərinə böyük sevgi və ehtiram göstərilir.  

- Yeri gəlmişkən, rum tərəfi ilə gediş-gəliş varmı və bunun üçün tələblər nədir?

- Sərhəddə sadəcə kimlik kartımızı göstərməklə gedib-gəlirik. Amma özü və ya valideynlərindən biri Türkiyədə doğulan heç kim Rum tərəfinə keçə bilmir. Kimlik kartı kompüterdə sistemə salınan kimi şəxs barədə bütün məlumatlar çıxır axı, görən kimi geri qaytarırlar. Hansı ki, biz onlara eyni münasibəti bəsləmirik. 

- Bəs rum tərəfində Kipr türklərinə münasibət necədir?

- Baxın, biz tərəfə gələn rumlarla çox normal davranılır, amma güneyə keçən türklərə ara-sıra da olsa xoşagəlməz münasibətlər göstərilir. Son bir faktı deyim: sərhəd qapısından keçərkən bir ŞKTR vətəndaşının kimlik kartına baxıb yersiz sözlər deyirlər. Eləcə də, güneydə bəzi radikal insanlar var ki, türkləri görən kimi sataşmaq məqsədilə avtomobillərini cızaraq zərər verir, motosikleti üstlərinə sürərək qorxudur və sair kimi xuliqanlıq hərəkətləri edirlər. Amma rumlar Quzey Kıprısa daha daha çox gəlirlər. Bizdə bazar qiymətləri rum tərəfi ilə müqayisədə daha ucuzdur. Odur ki, xüsusilə türk lirəsi dəyər itirəndən sonra rumların Quzey Kıprısa səfərləri çoxalıb. Hətta benzin almaq üçün belə ŞKTR-na gəlirlər. Rum gömrükçülər, benzin alıb ŞKTR-da pul xərcləməsinlər deyə öz vətəndaşlarına müəyyən süni təzyiqlər həyata keçirirlər. Sərhədi keçərkən avtomobillərin benzinini ölçürlər ki, qayıdanda alıb-almadıqlarını bilsinlər.

- Dediniz ki, ölkənin əsas qazanc mənbələrindən birincisi turizm sektorudur. İldə nə qədər xarici turist səyahət edir?

- 2018-ci ildə ŞKTR-na gələn xarici turist sayı 1,2 milyon civarında, onlardan dövlətin qazancı isə 965 milyon dollar olub. Amma hökumətin hədəfi əcnəbi turistlərinin sayını ildə 1,5 milyon nəfərə çatdırmaqdır. Bu gün Quzey Kıprısda 26258 yataq yeri olan toplam 168 otel fəaliyyət göstərir. Onlardan 23-ü beş ulduzu, 5-i dörd ulduzlu, 17-si üç ulduzludur. Onu da qeyd edim ki, məlum pandemiya ilə bağlı olaraq son iki ildir turizm sektorunun fəaliyyəti zəifləsə də, bu il yenidən, həm də sürətli inkişaf nəzərə çarpır. Məsələn, ötən ilin ilk beş ayında ŞKTR-na cəmi 44 min əcnəbi turist daxil olmuşdusa, bu ilin müvafiq dövründə xaricdən gələn turistlərin sayı ortalama 436 min nəfərə yüksəlib. Yəni təxminən 8 dəfə artım qeydə alınıb. Yeri gəlmişkən, bu ilin ilk beş ayında təxminən 1300 Azərbaycan vətəndaşı da ŞKTR-na səfər edib.

- Hazırda Şimali Kiprdə nə qədər azərbaycanlı yaşayır?

- Təxminən 500 civarında azərbaycanlı yaşayır Kıprısda, 250 nəfər də tələbə oxuyur.

- Azərbaycanla iqtisadi-ticarət əlaqələri ilə bağlı vəziyyət necədir?

- Təəssüf ki, ticarət sahəsində əlaqələr lazımi səviyyədən çox aşağıdır. Çox istərdik ki, iki ölkənin iş adamları arasında əməkdaşlıq və biznes əlaqələri yaradılsın, hər iki ölkənin istehsal etdiyi məhsullar Azərbaycan və ŞKTR bazarlarına çıxarılsın. 2023-cü ilin ilk ayında Azərbaycanın iş adamlarından ibarət bir heyətin Kıprısa səfər edəcəyi gözlənilir. Eləcə də, gələn həftə Quzey Kıprısdan xanım sahibkarlardan ibarət qrupun bir konfransda iştirak etmək üçün Bakıya səfəri gözlənilir. Çox istərdik ki, KKTC-dən Azərbaycana səfərlərin rahat olması üçün bəzi yumşaldıcı addımlar atılsın. ŞKTR pasportu ilə kimsə Azərbaycana gələndə çətinliklə üzləşir. Hansı ki, biz ŞKTR pasportu ilə ABŞ-a, Britaniyaya gedib-gələ bilirik. Bütün bu kimi sıxıntıların aradan qaldırılması ilə Azərbaycan arasında hərtərəfli əlaqələri daha da gücləndirəcəyinə inanırıq.

- Kıprıs və Azərbaycan mətbuatı arasında əlaqələr necədir?

- İki ölkənin mətbuatı arasında əlaqələrin qurulması və əməkdaşlığın artırılması, jurnalistləri tanış etmək üçün qarşılıqlı səfərlərin baş tutması çox vacibdir. Şimali Kiprin media nümayəndələrinin qardaş Azərbaycana səfər edərək işğaldan azad edilmiş torpaqları görməsi çox faydalı olardı.

 

 





17.11.2022    çap et  çap et