525.Az

"525"in 30 illik yubileyinə


 

"BİR QEYRİ-ADİ"YƏ QEYRİ-ADİ BİR TƏBRİK

"525"in 30 illik yubileyinə<b style="color:red"></b>

Çox sevdiyinin doğum gününü təbrik edəndə hədiyyələrin ən dəyərlisini, cümlələrin ən orijinalını, sözlərin ən qeyri-adisini axtarıb tapıb cani-dildən bağışlamaq istəyirsən. Və o axtarış içində anidən anlayırsan ki, elə ən qeyri-adi, ən orijinal, ən dəyərli hədiyyə illərlə qəlbində bəslədiyin sevgidir, bəli, adicə sevgi! Ürəyində də adın kimi əminsən ki, əslində, sevginin adisi olmur, o, ya var, ya yoxdur, o, elə mövcudluğu ilə qeyri-adidir.

"525-ci qəzet" istər yaradıcı heyəti, istərsə də mətbuat tarixində keçdiyi şərəfli yolu, öz bənzərsiz üslubu və təkrarsız dəst-xətti ilə çox sevdiklərimdəndir. "525"in adına, özünə layiq təbrik axtarışında ikən başa düşdüm ki, ən qeyri-adilər əslində, adi bildiklərimizdir. Amma bu adilik sandığımız da əslində ali, bənzərsiz və əvəzedilməz olanlardır. Sinədolusu aldığımız nəfəs kimi, hər səhər bizi yaşamağa həvəsləndirən Günəş işığı kimi, susuzluqda bir udum təmiz su kimi, sübhün alatoranında ərşə ucalan əzan kimi...  Necə ki bütün bunlar olmalı olan sandığımız, amma bircə an yox olanda dəyərini anladığımız ən qeyri-adi adiliklərdir, "525" də bəzən bu sıraya aid etdiklərimdəndir.

Elə bu cümlələri yaza-yaza anladım ki,  "525-ci qəzet" də mətbuat və ədəbiyyat cameəsində olmalı olan sandığımız ən adi qeyri-adilikdir. Hər sabah vərəqləməyə alışdığımız bu maraqlı, ədəbiyyat nəfəsli qəzetin varlığına istisnasız bir çoxumuz hava, su, Günəş işığı kimi alışmışıq, "olmazsa olmaz"ımıza çevrilib.

Noyabrın 17-də 30 yaşını qeyd etməyə hazırlaşan "525-ci qəzet"in, zənnimcə, elə ən böyük uğuru hər günkü adi alışqanlıq, qeyri-ixtiyari təkrarladığımız vərdiş səviyyəsində həyatımıza, taleyimizə daxil olmasıdır, qəlbimizdə öz əziz yerini tutmasıdır. Aliliyin də fövqünə qalxan bu "adi"liyin qarşısında hansı qeyri-adi cümlələri tapıb sevdiyinə ünvanlamaq olar ki?! Gözümüzün qabağındaca getdikcə yetkinləşən, olduqca təkmilləşən, zaman ötdükcə "bizim"ləşən doğmadan doğma "525"ə 30 illik yubileyi münasibətilə sevgi dolu təbriklərimi çatdırıram. Arzu edirəm ki,  bundan sonra da uzun-uzun illər yeri daim masamızın üstündə, qəlbimizin dərinliyində, ömrümüzün təkrarlanan vərdişinə çevrilmiş, adi bildiyimiz ən qeyri-adiliklərin sırasında olsun!

 





17.11.2022    çap et  çap et