525.Az

AFAQ Göygölün qadın təsərrüfatçılarına da dəstək göstərib


 

HEYVANDARLIQ, QUŞÇULUQ VƏ ARIÇILIQLA MƏŞĞUL OLAN AİLƏLƏRƏ AVADANLIQLAR VERİLİB

AFAQ Göygölün qadın təsərrüfatçılarına da dəstək göstərib<b style="color:red"></b>

Ölkəmizdə aqrar sahənin daha da canlandırılması və kəndlərimizdə ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasında qadın sahibkarların rolunun artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan  "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən "PAŞA Holding"in dəstəyi ilə həyata keçirilən "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində bölgələrimizdə həyata keçirilən işlər haqda qəzetimizin səhifələrində dəfələrlə məlumat vermişik. 

Layihə çərçivəsində Göygöl rayonunda keçirilən növbəti işgüzar görüş zamanı heyvandarlıq, quşçuluq və arıçılıq sahələrində çalışan 7 nəfər fermer qadına ailə təsərrüfatlarında işlərinin asanlaşması məqsədilə avadanlıqlar verilib. Dəstək tədbiri əhatə edib. Fermer qadınlardan ikisinə ot doğrayan və bal süzən avadanlıqlar, bir nəfərə 10 arı ailəsi, bir nəfərə südçəkən maşın, iki nəfərə isə dənüyüdən avadanlıq verilib.

Qadın təsərrüfatçılar bu hədiyyələrdən çox razı qaldıqlarını dilə gətiriblər.

"Ailə təsərrüfatımızda bir neçə mal-qaramız var. Onlara otu doğranmamış halda verdikdə yemin bir hissəsi heyvanın tapdağı altında qalır, israfa gedir. Ona görə də ot doğrayana  ehtiyacımız var idi. Sağ olsunlar, təmin elədilər", - deyə Göygöl rayonun Qırıxlı kəndində yaşayan Nargilə Qasımova minnətdarlığını bildirir.

"Bu qadınlar AFAQ layihəsinə müraciət ediblər və onun mərhələrəini uğurla yekunlaşdıraraq, bu dəstək haqqını qazanıblar. Qadın fermerlərin təsərrüfatlarında sorğu aparılıb. Bu sorğuya əsasən ehtiyac meyarları müəyyənləşib. Bu meyarlar üzrə də qadın fermerlərə fəaliyyət göstərdikləri sahələr üzrə kənd təsərrüfatı avadanlıqları ilə dəstək göstərilib", - deyə Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndəsi Qalib Bəhrəmov izah edir. 

Göygöl rayonu üzrə qadın fermerlərə dəstək tədbirləri mərhələli şəkildə aparılacaq.

"Birinci mərhələdə 7 nəfər qadın fermer təsərrüfatlarına dəstək nəzərdə tutulub. İkinci mərhələdə isə daha 10 qadın fermerlərimizə kömək göstəriləcək. Dəstək proqramında şəhid və qazilərimizin ailələrinə həssas yanaşırıq", - deyə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov qeyd edir.

"Aqrar Fəaliyyətli Azərbaycan Qadınları"  layihəsinə ölkə üzrə bu günədək 600-ə yaxın müraciət daxil olub, 143 təsərrüfat sahibinə müvafiq avadanlıqlar və digər zəruri aktivlərlə dəstək göstərilib.

Zakir MURADOV,
Gəncə-Göygöl

 





17.11.2022    çap et  çap et