525.Az

Gədəbəyin aqrar istehsal potensialı artırılır


 

DAĞ RAYONU ÜÇÜN YENİLİK KİMİ İNTENSİV BAĞÇILIQ DA TƏTBİQ EDİLMƏYƏ BAŞLAYIB

Gədəbəyin aqrar istehsal  potensialı artırılır<b style="color:red"></b>

Ölkəmizin müxtəlif bölgələri öz təbii şəraiti, eləcə də relyef xüsusiyyətlərinə görə kənd təsərrüfatı baxımından ənənəvi istiqamətlərə malikdir. Bununla belə, cəmiyyətin  zəmanəmizə xas olan istehlak və rifahının daim artan vüsətinin təmin olunması naminə müasir aqrar istehsaldan xüsusi çeviklik də tələb olunur. Odur ki, son illərdə yerlərdə kənd təsərrüfatının istər ənənəvi sektorlarının  genişləndirilməsi, istər də yeni sahələrin sınaqdan keçirilməsi məsələləri diqqətdə saxlanılır. Bu xüsusda, dağlıq bölgələrimizdə də necə deyərlər, novatorluq təzahürləri gözə çarpır.

Belə rayonlarımızdan olan Gədəbəydə də 2021-ci ilə nisbətən 2022-ci ildə bu bölgəyə xas olan taxılçılıq və kartofçuluq təsərrüfları sahələrinin genişlənməsi ilə yanaşı, dağlıq şərait üçün iniyədək xarakterik sayılmayan müxtəlif növ meyvə və giləmeyvə bağları da salınır.

Gədəbəydə buğda və arpa sahələri 2022-ci ildə əvvəlki ilə 270 hektara yaxın artıb. 2023-cü il üçün isə bu günədək payızlıq taxın səpini 3300 hektara yaxın ərazidə aparılıb. Yazda isə daha 300 hektarda arpa səpini həyata keçiriləcək.

Rayon üçün ənənəvi olan kartofçuluğun da təsərrüfatları böyüyüb. Gələn il üçün 10 min hektardan artıq ərazidə kartof əkilməsi nəzərdə tutulub ki, bu da ötən mövsümlə müqayisədə 300 hektar çoxdur.

Son iki ildə bu sahələrdə əkin sahələrinin genişlənməsi və məhsuldarlıq göstəricilərinin yüksəlməsi aqrar mütəxəssislərin tövsiyələri üzrə müasir üsulların tətbiqi və daha reproduktiv toxumların istifadəsi ilə də bağlıdır.

"2022-ci ildə 3200 hektar sahədə əkilən taxıldan 10298 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektardan 3,3 sentner olub. Bu göstəricilər 2021-ci ildə müşahidə olunandan bir neçə faiz artıqdır. Kartofçuluq sahəsində də göstəricilər artıb, keçən il hər hektardan 9 ton məhsul götürülmüşdüsə, bu il bu göstərici 12, 7 tona çatıb. Əlbəttə, bu müsbət təzahürlər daha məhsuldar bitki toxumlarının tətbiqi ilə mümkün olub" - deyə, Gədəbəy rayonu Bitki Mühafizə Mərkəzinin rəhbəri Eldar Quliyev bildirib.  

Gədəbəydə ümumən 3700 hektara yaxın sahəsi olan meyvəçilikdə də canlanma müşahidə olunur. Təkcə son iki ildə bu sahəyə dövlət tərəfindən verilən subsidiyaların artırılması nəticəsində meyvə və giləmeyvə bağları 30 hektara yaxın artırılıb. Bu bağların bir qismini dağ rayonu üçün yenilik hesab etmək olar: "2021-ci ildən etibarən İntensiv bağların yaradılmasına başlanılıb. Qoz və fındıq, eləcə də xirnik və üzüm bağları salınıb. Bu, Gədəbəy üçün yenilikdir. Hələ bizdə bu vaxtadək intensiv meyvəçilik yox idi. Artıq bu cür bağlar salmaları yönündə fermerlərimizə tövsiyələr verib, onları bu gəlirli işə təşviq edirik. Bu sahədə irəliləyişlər hiss olunur".

Əlavə edək ki, Gədəbəydə ümumən 15 min hektara yaxın ərazi əkinə yararlıdır. Bu sahələrin 60 min hektarı suvarılan, qalanı isə dəmyə şəraitdə becərilən torpaqlardır.

Zakir MURADOV,
Gəncə-Gədəbəy

 





17.11.2022    çap et  çap et