Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanı Ukraynadakı Zaporojye AES-dən çəkilməyə və bombardmanı dayandırmağa çağırıb.
525.az xəbər verir ki, Baerbok, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ilə görüşdən sonra verdiyi açıqlamada: "Bu çılğınlığa son qoyulmalıdır. Nüvə qəzasından bir tük qədər uzaq olduğumuz vəziyyətlərdə olmaq qəbuledilməzdir", - deyib. Atom elektrik stansiyasının ətrafında təhlükəsiz zona yaradılması ideyasını dəstəklədiyini bildirən Baerbok, bir ölkənin nüvə stansiyasını müharibədə bazarlıq predmetinə çevirəcək qədər məsuliyyətsiz ola biləcəyini heç vaxt düşünmədiklərini vurğulayıb.

Baerbok, həmçinin İranı MAQATE qarşısında qanuni öhdəliklərini yerinə yetirməyə çağırıb və bunun üçün müfəttişlərin nüvə obyektlərinə daxil olmasına tam icazə verilməli olduğunu vurğulayıb. Nazir Baerbok: "İrana heç vaxt öz nüvə silahını hazırlamağa və ya əldə etməyə icazə verilməməlidir", - deyib. Atom elektrik stansiyasının heç vaxt qanuni hərbi hədəf ola bilməyəcəyini vurğulayan Qrossi, İranın nüvə proqramı ilə bağlı bəzi suallara cavab verməli olduğunu bildirib. Qrossi: "İranlı həmsöhbətlərimiz hələ də olmamalı olduğu yerlərdə uran izlərinə cavab verməlidirlər", - deyib.
Qeyd edək ki, MAQATE-nin direktoru Qrossi, direktorlar şurasının bu həftə İranın nüvə inkişafı ilə bağlı görüşəcəyini bildirib.

Məhəmməd Tağıyev
çap et