525.Az

"Sözün repressiyası" sənədli filmi təqdim edilib


 

"Sözün repressiyası"  sənədli filmi  təqdim edilib<b style="color:red"></b>

"Nizami" Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilən "Sözün repressiyası" sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, "Bulatfilm Production" şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

Filmin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən Səlim Babullaoğlu bu il ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə böyük şairlər Əhməd Cavad və Hüseyn Cavidin yubiley tarixlərinin qeyd olunduğunu söyləyib. Bildirib ki, filmin təqdimatı bu yubileylərlə üst-üstə düşməsi qanunauyğundur, çünki həmin adlar 1937-ci il amansız Stalin repressiyalarına məruz qalmış ədiblərimizin parlaq simvollarıdır.

"Filmdə represiya qurbanlarına çevrilmiş 31 yazıçı, şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Eyni zamanda, filmdə Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır. Qarşımızda bir məqsəd dururdu ki, tamaşaçı filmə baxarkən o dövr haqqında aydın təsəvvür əldə etsin. Biz həmin görkəmli aydınlarımızı, əslində bizi müstəqilliyə doğru aparan şəhidlərimizi dərin ehtiramla anırıq", - deyə Səlim Babullaoğlu bildirib.

Filmin rejissoru Rafiq Həşimov və ssenari müəllifi Səlim Babullaoğlu ekran işinin ərsəyə gəlməsi barədə qısa məlumat verib, Mədəniyyət Nazirliyinə, filmin yaradıcı heyətinə və zala toplaşanlara təşəkkür ediblər.

Təqdimat zamanı Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev filmdə repressiya illərində xalqımızın başına gətirilən müsibətlərin əks olunduğunu bildirib və həqiqətlərimizin geniş kütləyə çatdırılması baxımından belə ekran əsərlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra film nümayiş olunub.

Filmdə Xalq yazıçısı Anar, tarixçi-cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Repressiya Qurbanları Muzeyinin direktoru Mirabbas Məmmədov, alimlər Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb.

 

 





17.11.2022    çap et  çap et