525.Az

Fransa Senatının qətnaməsi sülh prosesinə zərbədir


 

Fransa Senatının qətnaməsi sülh prosesinə zərbədir<b style="color:red"></b>

Fransa Senatında Azərbaycanın əleyhinə qəbul edilmiş 15 noyabr tarixli qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir, heç bir fakta əsaslanmır. Üstəlik, bu addım Azərbaycan-Ermənistan normallaşma prosesinin, sülh müqaviləsinin imzalanmasına dair müzakirələrin getdiyi bir vaxtda yalnız prosesləri əngəlləməyə, Cənubi Qafqazda sülhün bərqərar olmasının qarşısını almağa yönəlib. Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxması, açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirməsi ilk dəfə deyil. Fransa Senatı bu qətnamə ilə beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, işğalı, separatizmi dəstəklədiyini göstərmiş oldu.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qətnamənin qərəzli olduğunu deyib. Onun sözlərinə görə, bu sənədin qəbul olunması Fransa rəhbərliyinin, o cümlədən, parlament üzvlərinin maraqlarından irəli gəlir.

Deputat bildirib ki, Fransada erməni diasporu çox fəaldır və siyasiləşib. Buna görə də, Fransa parlamentariləri bu ölkədə yaşayan ermənilərin səsini qazanmaq üçün belə bir qətnamə qəbul ediblər. Yəni bu, daxili auditoriyaya hesablanmış qərardır.

Deputatın fikrincə, Fransa siyasi elitasında şəxsi maraqlarını güdən insanlar unudurlar ki, Fransanın milli və qlobal maraqları da var: "Məhz bu maraqlara xidmət etmək lazımdır. Lakin Senatda qəbul olunmuş qətnamə Azərbaycan-Fransa münasibətlərinə xələl gətirir. Fransa rəhbərliyinin son vaxtlar artan ritorikası da dövlət maraqlarına zərbə vurur.

"Özünü "demokratiyanın beşiyi" kimi təqdim edən, ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senatın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz".

S.Fətəliyeva söyləyib ki, Fransa prezidenti Emanuel Makron özünü sülh tərəfdarı kimi göstərməyə çalışır: "Məsələn, Ukrayna və Rusiya arasında vasitəçilik etməyə çalışır. Amma Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesinə əngəl yaradan mövqe ortaya qoyur. Yəqin ki, onun şəxsi ambisiyaları çox olduğuna görə, belə bir populist addımlara, oyunlara əl atır".

Deputat Kamilə Əliyeva isə hesab edir ki, Fransa prezidenti Emmanuel Makron və senatın üzvləri Fransadakı erməni lobbisinin oyuncağına çevriliblər. Onun sözlərinə görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa Ermənistanı işğalçı dövlət kimi tanıyan 4 qətnamənin lehinə səs vermişdir: "Bu gün isə işğalçı Ermənistanı müdafiə edir. Fransa prezidenti Makronun Praqada keçirilən dördtərəfli görüşdən sonra Azərbaycana qarşı qərəzli bəyanatı, noyabr 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə bu dövlətin riyakar, ikiüzlü siyasətini bir daha ortaya qoydu".

Deputata görə, Fransa heç vaxt Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyib: "30 illik işğal dövründə Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin nizamlanması üçün vasitəçi tərəf kimi deyil, Ermənistanın mövqeyini müdafiə edib. Fransa Senatının qəbul etdiyi qətnamə təxribat xarakteri daşıyır və sülh prosesinə böyük zərbədir. Senatın üzvləri bir dəfə də olsun müdafiə etdikləri ermənilərin işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdikləri vəhşilikləri, vandallıqları görmədikləri halda belə bir qətnamə qəbul etmələri açıq-aydın işğalı, terrorizmi dəstəkləməkdir".

K.Əliyeva xatırladıb ki, əslində, Fransa öz işğalçılıq, xalqlara qarşı soyqırım siyasəti yeritdiyini Əlcəzairdə nümayiş etdirib: "Öz maraqları naminə Fransa milyondan çox əlcəzairlini qətlə yetirib, ölkəni talayıb viran qoydu. Bu gün Fransa Cənubi Qafqazda da təxribat, yenidən münaqişə ocağı yaratmağa çalışır. Amma onlar unudurlar ki, Azərbaycan güclü dövlətdir və beynəlxalq aləmdə nüfuzlu bir ölkədir. Fransa Senatının qəbul etdiyi qətnamə də Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir".

 

 





18.11.2022    çap et  çap et