525.Az

Məktəblərin "lilipud" tənəffüsləri


 

UŞAQLARI DƏRSLƏ YÜKLƏMƏKLƏ ONLARDAN DAHİ DÜZƏLTMƏK OLMAZ

Məktəblərin "lilipud" tənəffüsləri<b style="color:red"></b>

Zehni yorğunluq tədrisin keyfiyyətinə birbaşa təsir edən mənfi amillərdəndir. İstər müəllim, istərsə də şagird, əgər zehni cəhətdən tam olaraq dərsə hazır deyilsə, burada keyfiyyətli dərsdən söhbət gedə bilməz. Müəllim və şagirdlərin zehnini yoran əsas amillərdən biri də dərslərarası tənəffüslərin vaxtının azlığı və müəllimlərin fasiləsiz, ara vermədən təkrar dərslərə davam etməsidir.

Dünyanın təhsil sahəsində öndə gedən ölkələrində dərslərarası fasilə 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bu, həm şagirdlərin, həm də müəllimlərin zehni yorğunluğunun aradan qaldırılması üçün uğurlu təcrübə hesab olunur.

Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, həmin ölkələrdə məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir.  Dərslər saat 9:00-da başlayıb, 16:00-da bitir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bundan başqa, müəllim gün ərzində 30-40 dəqiqəlik fasilələrlə maksimum 5 saat dərs deyə bilər. Bir müəllimin gün ərzində 5 saatdan çox deyəcəyi dərs keyfiyyətli hesab olunmur.

Şagird sıxlığı səbəbindən xaricdəki  məktəblərdən fərqli olaraq ölkənin ümumtəhsil müəssisələrinin çoxu, xüsusən də paytaxt məktəbləri ikinövbəlidir.

Birinci növbənin dərsləri saat 8:00-da başlayır, 13:00-da bitir. Bundan sonra ikinci növbə saat 13:15-də başlayır və 18:00-da bitir. Dərslərarası tənəffüs 5,  böyük tənəffüs isə 10 dəqiqədir. Məhz bu ikinövbəlilik tənəffüslərin çox qısa olmasına yol açır. Nəticədə həm şagird, həm də müəllim 5 dəqiqəlik tənəffüslə dalbadal 5-6, hətta 7 saat tədris prosesində olurlar. Belə olan təqdirdə təbii ki, günün sonlarına yaxınlaşdıqca onlarda yorğunluq özünü büruzə verir ki, bu da tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

Müəllim Roza Məmmədovanın dediyinə görə, ikinövbəli məktəblərdə hər iki növbədə tənəffüslər 5, yalnız 3-cü saatdan sonra böyük tənəffüs 10 dəqiqədir. 5 dəqiqəlik tənəffüslərin istər müəllimlər, istərsə də şagirdlər üçün yetərli deyil: "5 dəqiqəlik tənəffüs yalnız müəllimin bir sinifdən çıxıb digər sinfə getməsi üçün yetərlidir. Müəllim dərsi bitirdikdən dərhal sonra müəllimlər otağına gedir. Vaxt azlığı ucbatından dərhal jurnalı götürüb digər sinfə keçir. Bu prosesi müəllim 5 dəqiqəyə ancaq həyata keçirir. Müəllimin az da olsa dincəlmək, digər dərsə zehin açıqlığı ilə girmək üçün heç bir vaxtı qalmır. Düşünürəm ki, tənəffüslər 10 dəqiqə olsa, daha yaxşı olar. Müəllim bir az dincələr ki, bu da növbəti dərsin daha effektiv keçirilməsinə zəmin yaradar. Bundan başqa, nəzərə alaq ki, müəllimin səhər saatlarında, yəni 1-ci, 2-ci, 3-cü saatlarda gümrahlığı axırıncı saatlardakı kimi deyil. Yəni dərslərin sayı çoxaldıqca müəllim də istər-istəməz yorulur. Buna görə də dərslərarası fasilədə müəllimin daha çox dincəlməsinə zaman lazımdır". Tənəffüslərin vaxtının uzanmasının tərəfdarı olan müəllim bunun şagirdlər üçün də effektli olacağını deyir. O, şagirdin istəsə də, 6 saat müddətində qısa fasilələrlə tam dərsə adaptasiya olmasının qeyri-mümkünlüyünü deyir: "5 dəqiqəlik tənəffüslər şagirdlər üçün də yetərli deyil. Şagirdin növbəti dərsə adaptasiya olması üçün zehni, fiziki yorğunluğu aradan qalxmalıdır. Bundan başqa, etiraf edək ki, bu 5 dəqiqə ərzində şagird qidalanmaq üçün bufetə düşməli və digər ehtiyaclarını ödəməlidir. Belə olduğu təqdirdə o, vaxta qənaət etmək məcburiyyətində qalır və tələsir. Nəticədə şagirdlər böyük stress keçirir. Bütün bu sadaladıqlarımızı nəzərə alsaq, tənəffüslərin müddətinin artırılmasının tərəfdarıyam".

Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun sözlərinə əsasən, orta məktəblərdə tənəffüs müddətinin uzadılması mütləqdir. Çünki məktəblilərin sağlam qidalanması üçün 5-10 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir: "Hesab edirəm ki, məktəblərdə ictimai qidalanma blokları olmalıdır. Bu blokların kifayət qədər sayda oturaq yerləri və 20 dəqiqə tənəffüs vaxtı olmalıdır ki, şagirdlər sağlam qidalana bilsinlər".

İ.Əhmədov deyir ki, hazırda şagirdlərin çoxu məktəblərdə ayaqüstü qidalanır. Bu isə böyüməkdə olan uşaqların sağlamlığına təsirsiz ötüşmür: "Biz savadlı gələcək qurmazdan öncə sağlam nəsil yetişdirməliyik. Bunun üçün məktəblərdə uşaqların qidalanması məsələsinə diqqət yetirmək lazımdır. Bu gün Bakıda məktəblərin əksəriyyəti ikinövbəli olduğundan, dərslər saat 08:00-da başlayır. Deməli, məktəbə gedən uşaqlar səhər yeməyini 07:30-a qədər yeyirlər. Təbii ki, belə halda uşaq saat 10-11 olmamış acmalıdır. Bu zaman uşaqlar ya bufetə gedirlər, yaxud da valideynlərinin evdən çantalarına qoyduğu buterbrodla qidalanırlar. Məktəblərdə böyük tənəffüsün müddəti az olduğundan uşaqlar rahat şəkildə yemək yeyə bilmirlər".

Şöbə müdiri hesab edir ki, 5 dəqiqə kiçik tənəffüs uşağın zehni yorğunluğunun aradan qalxması üçün də kifayət deyil: "Bu gün məktəblərdə dərs proqramının çətin olduğu heç kəsə sirr deyil. Belə olan halda şagirdin dərslərarası istirahət etməyə ehtiyacı yaranır. Tənəffüs müddəti uşağın dərs yorğunluğunun çıxması üçün vacibdir. 5 dəqiqəlik tənəffüsdə uşaq dəhlizin o başına çatmamış zəng vurulur. Kiçik tənəffüs 10 dəqiqə olarsa, şagirdin zehni baxımdan dincəlməsi mümkündür".

Şagird Aysun Salmanova deyir ki, 5 dəqiqəlik tənəffüs zamanı çalışır ki, sinifdə otursun. O, yalnız böyük tənəffüsdə sinifdən çıxdığını və bufetə getdiyini deyir. "Məktəbimizdə ciddi nizam-intizam var. Hər birimiz bilirik ki, dərsə gecikmək olmaz. Ona görə də tənəffüslərdə ya sinifdə, ya da sinfin qarşısındakı dəhlizdə oluruq. Tənəffüsdə yaxşı dincəlmədiyimiz üçün dərsdə hərdən yorğun oluruq. Bəzən böyük tənəffüslərin vaxtı da bizə yetmir. Bufetdə növbə olur və həmin növbədə biz xeyli vaxt itiririk".

Şagird Elxan Məmmədzadə də tənəffüslərin vaxtının çox olmasını arzulayır. O, kiçik tənəffüslər vaxtı hamının qaçaqaçda olduğunu bildirir: "Kiçik tənəffüs zamanı gözünü açıb yumursan ki, zəng vurulur. Tənəffüs zamanı dəhlizə baxanda hamının tələsdiyini görürük. Bundan başqa, birdən elə olur ki, tənəffüs zamanı müəllimə təklikdə sual vermək istəyirəm. Müəllimlərimiz çalışır ki, sualı cavablandırsın. Lakin çox vaxt müəllimlər vaxtlarının olmadığını da deyib gedirlər. Axı həmin müəllim də növbəti dərsə gedir. Bu kimi məsələləri nəzərə alsaq, kiçik tənəffüslər də böyük tənəffüs kimi 10 dəqiqə olsa, daha yaxşı olar".

Şagird günün sonlarına doğru, yəni axırıncı saatlarda daha çox yorulduğunu və bundan sonra dərsə əvvəlki kimi maraqla qulaq asmadığını bildirib.

Əməkdar müəllim Asif Cahangirov deyir ki, 5 dəqiqəlik tənəffüs indiyədək heç sovet təhsil sisteminin sanitar-gigiyenik tələblərində belə olmayıb. Onun sözlərinə görə, təhsil sahəsində inkişaf edən ölkələrin çoxunda kiçik tənəffüs müddəti 10 dəqiqə, böyük tənəffüs müddəti isə 30 dəqiqədir: "Bizdə elə fikirləşirlər ki, uşaqları dərslə yükləməklə onlardan dahi düzəltmək mümkündür. Bu, düzgün fikir deyil. Biz bu sindromdan uzaqlaşmalıyıq. Məktəbdə belə uşaqlardan öz uşaqlığını almamalıyıq. Uşağın enerji imkanlarını nəzərə almaq lazımdır. Ən kiçik tənəffüs 10 dəqiqə olmalıdır".

A.Cahangirov birnövbəli məktəblərdə bunun mümkün olduğunu bildirib: "Bu gün məktəblərdə tənəffüs müddətinin qısa olmasının bir səbəbi Bakıda məktəblərdə şagird sıxlığıdır. Buna görə məktəblərin çoxu iki növbə işləyir. Bu halda məcburdurlar ki, dərslərarası fasiləni azaltsınlar. Amma dərs saat 08:00-da başlayıb 14:00-da başa çatan məktəblərdə bu, mümkündür. Özəl orta təhsil müəssisələrinin bu məsələdə yaxşı təcrübəsi var. Dərslər saat 09:00-da başlayıb 16:00-da başa çatır. Amma şagirdlərə dərslərarası dincəlməyə imkan yaradılır".

Əməkdar müəllim təhsil sistemi ilə öndə gedən Finlandiyada böyük tənəffüs müddətinin 30 dəqiqə olduğunu söyləyir: "Bu ölkədə şagirdlərin açıq havada gəzməsi üçün vaxt ayrılır. Finlandiya yağışlı ölkədir. Orada şagirdlər üçün yağışlı gündə belə hava almaları üçün imkan yaradılıb. Bəzi ölkələrdə hətta dərs müddətində iki 30 dəqiqə tənəffüs verilir. Belə halda şagird də, müəllim də zehni baxımdan dincəlmək imkanı əldə edir. Şagird növbəti dərsi daha yaxşı qavrayır. 5 dəqiqə fasilə ilə dərsə davam etmək düzgün deyil".

Şagird böyük tənəffüsdə dincəlməlidir. Eyni zamanda qidalanmalıdır. 10 dəqiqə şagirdin normal qidalanmasına yetərli deyil. Uşaqlar tənəffüs müddətində sinifdən çıxmalıdırlar. Hərəkət etməlidirlər, yemək üçün bufetə getməlidirlər. Bütün bunlar uşağın sağlamlığı baxımdan önəmlidir.

Təhsil Eksperti Nadir İsrafilovun fikrincə, məktəblərdə tənəffüs müddətinin uzadılmasına qərar verilərsə, bu zaman məktəb rəhbərliyi tərəfindən şagirdlərə ciddi nazərət olunmalıdır: "Danılmaz faktdır ki, məktəblərdə baş verən bir çox xoşagəlməz halların baş verməsi əsasən tənəffüs vaxtlarına təsadüf edir. Çoxlarımız bir müddət əvvəl məktəblərimizin birində məhz tənəffüs vaxtı bir şagirdin digər şagirdi vəhşicəsinə döyməsinin şahidiyik. Bəlkə də tənəffüs bir az da uzansaydı, həmin şagird yarımcan olacaqdı. Bu kimi halların baş verməməsi üçün şagirdlər üzərində nəzarət gücləndirilməlidir".

Ekspert qeyd edib ki, əgər tənəffüs vaxtının artırılmasında israr edənlərin say etibarı ilə artımı müşahidə olunarsa, bunu bir neçə məktəbdə pilot şəklində sınaqdan keçirib, nəticəyönümlü müvafiq qərar qəbul etmək mümkündür: "Ən yaxşı halda isə, məsləhət bilinən artımı böyük tənəffüsə əlavə etmək daha məqsədəuyğun ola bilər. Bunun üçün isə ilk olaraq bütün məktəblərdə dərslərin bir növbəli olması  təmin olunmalıdır ki, ikinci növbədəkilər evə vaxtında gələ bilsinlər".

İstər məktəb rəhbərləri, istər müəllimlər, istərsə də şagirdlərlə söhbətlərimizdən məlum oldu ki, 5 dəqiqəlik tənəffüslər onların həm yorğunluğunun çıxmasına, həm də müəyyən ehtiyaclarının ödənməsinə kifayət etmir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda məktəblərdə tənəffüs müddəti məktəblər tərəfindən müəyyən edilir. Əgər dərsarası tənəffüs müddəti yetərli deyilsə, vaxtın artırılması ilə bağlı məktəblər tərəfindən müvafiq qərar verilə bilər.

Sevinc QARAYEVA

 





18.11.2022    çap et  çap et