525.Az

Uçuq divarlardakı izlərimiz - Lətif Şüküroğlu yazır


 

Uçuq divarlardakı izlərimiz - <b style="color:red"> Lətif Şüküroğlu yazır</b>

Bəzən neçə on ilin yaddaşını ilk baxışda adi, bəlkə də kiçik görünən bir ştrix təzələyir, bir anlığa da olsa, ötüb keçənləri yenidən gözlərin önündə canlandırır. Şimşək çaxmasına bənzəyən bu bir anda sanki yaddaşımız dirilir. Əslində, nəsə möcüzə baş vermir, unutduğumuzu zənn etdiyimiz nə varsa, daim oyaq olan şüuraltımızın dərin qatlarından üzə çıxır. İllərin o tayında qalmış xatirələr bütün gücü ilə torpağı, hətta daşı yarıb günəşə can atan cücərtilər kimi yaddaşımızın dərin qatlardan boy verir. Dünəninə ayna tutan çiliklənmiş, paramparça olmuş xatirələr daxilində elə fırtına yaradır ki, tüstün təpəndən çıxır, uczuz-bucaqsız çöldə burulğana düşmüş nabələd yolçu kimi vurnuxursan.

Qonşunun kiçik oğlunun Zəngilanda çəkdiyi videoda kadrlardan birində uçurulub-dağıdılmış evimizin bir parça divarını görəndə donub qaldım. Vaxtı ilə ikimərtəbəli evimizin çardağına kölgə salan hündür, bərəkətli meyvə ağaclarının biri də qalmayıb. Yəqin baxımsızlıqdan quruyublar, ya da ermənilər doğrayıb, yandırıblar. O ağacların yerində həyəti keçilməz cəngəlliyə çevirmiş kol-kosdan savayı, nəsə görünmürdü. Zəngilansız illərimin ən qarışıq yuxularında belə hansının həyətimizin harasında olduğunu dəqiq xatırladığım o ağacları atam müxtəlif ərazilərdən bir-bir gətirib əkmişdi. Artıq o əncir, tut, armud, alma, gilas, heyva, nar... daha yoxdur. Onlarsız qalan həyətimiz səliqə-səhmanını itirib, tanınmaz hala düşüb. Uşaqlığımın, gəncliyimin ilk çağlarının keçdiyi, bircə daşını-kəsəyini də dəyişik salmayacağımı düşündüyüm geniş həyətimiz. O video görüntüdəki dörd bir yanını kol-kos basmış ərazi isə çox fərqli idi, qayğısız illərimizin şahidi olan həmin doğma həyət deyildi. İndi o ərazi də, oradakı hansı ağac olduğunu ayrıd edə bilmədiyim tək-tük ağac da mənə yad göründü desəm, qınamayın. Həyətimizin torpağı qaranın qonurla qarışığı rəngində idi. İndi rəng çalarını ayrıd edə bilmədiyim o torpağın rənginin də qaranlıq işğal illərində dəyişdiyini düşünürəm. Bizsizlik, yad nəfəs sanki dağın-daşın, çölün-meşənin, havanın-suyun təkcə görkəmini deyil, rəngini, ruhunu da dəyişib...

Bircə görüntüdəki uçuq divar parçası mənə tanış, doğma idi. Onun hörgüsündə hələ də aydın görünən çay daşları, bir neçə kilometrlik məsafədən, qarşı yatan dağ yamacındakı qayalıqdan çapılıb gətirilmiş parçalardan yonulmuş kələ-kötür daşlar necə vardı, eləcə də qalıb. O sal qaya parçalarını yaxın qohumumuz Həsən kişi doğrayıb hörgü daşı ölçüsünə salmışdı. Həsən kişi sadə, mərd insan idi. Qonum-qonşu, uşaq-böyük hamı onun adının qarşısına, həqiqətən, yaraşan "kişi" sözünü artırmadan çağırmazdı. Həsən kişi qohumluğundan, dostluğundan, tanıyıb-tanımadığından asılı olmayaraq, çoxlarına ev tikməkdə, yurd salmaqda canı dildən kömək etmişdi. Camaat gün işığında bərq vurub müxtəlif rənglər alan qaya daşlarından ev tikməyi çox xoşlayırdı. Divara xüsusi görkəm, yarışıq verdiyindən, çay daşları arasında etibarlı bağlantı yaratdığından hamı evinin hörgüsündə mümkün olduğu qədər onlardan istifadə etmək istəyirdi.

Həsən kişi sifarişi alan kimi külüngünü çiyninə atıb qayalığa üz tutar, bir evin daşını uzağı iki günə hazır edərdi. Çapdığı qaya parçalarını maşın yoluna qədər də özü yoğalayıb gətirirdi. Yoxsa, bu işi görməyə iki-üç nəfər güclü adam lazım gəlirdi. Qaya çapmaq, saatlarla külüng vurmaq da hər adamın hünəri deyildi. El arasında belə xüsusi güc və ya qabiliyyət tələb edən işlərə bacarmayacağını bilə-bilə girişənlərlə bağlı "o, sənin girəcəyin kol deyil", deyirdilər. Həsən kişinin isə 4-5 adamın gün ərzində tədarük etdiyi bir maşın qaya daşını cəmi 4-5 saata çapıb, doğrayıb hazır etdyi vaxtlar da olmuşdu.

O yerlərin təbiəti kimi insanları da say-seçmə, təkrarsız idilər. Onları birləşdirən əsas cəhətləri qeyd edəsi olsam, öncə xoşniyyət, xoş xasiyyət olmalarını vurğulayardım. Oxucuya daha yaxından tanıtmaq üçün belə say-seçmə insanlardan olan Həsən kişi haqqında daha bir neçə kəlmə yazmaq yerinə düşər.

Həsən kişi ucaboylu, cüssəli olduğu qədər də güclü idi. Ancaq qoluzorlu, kobud deyildi. Təbiətən saf, istiqanlı idi. Az danışar, ancaq ürəyinə yatan adamlarla hərdən uzun söhbətdən də qaçmazdı. Ağır, təmkinli davranar, çox nadir hallarda təbdən çıxardı. Di gəl, təbdən çıxdısa, tamam dəyişər, kükrəyib coşanda da hər adam onu sakitləşdirə bilməzdi. Qəzəbinə tuş gələn gərək gözünə görünməyəydi, yoxsa ağır əlindən xəta çıxardı. Rayon mərkəzində, daha sonrakı illərin Zəngilan şəhərində Həsən kişinin əlinin qabarı ilə, bəzən cüzi xərclə, az qala bir "sağ ol"a başa gələn, göz oxşayan yaraşıqlı evlər az tikilməmişdi. Hamısı da olmasa, bir neçəsinin görkəmi hələ də yadımdadır. Həmin evlərdən indi ən yaxşı halda uçmuş divarlar, özül yerinə səpələnmiş bir neçə qaya daşı parçası qalıb. O axar-baxarlı yurdların, ağ eyvanlı, geniş otaqlı evlərin düşmən tərəfindən yerlə bir edilib, ocaqlarının söndürüldüyünü, talelərinin qaraldığını görəndə, kaş o qayalıq heç çapılmyıb, öz yerində durar, bizə göz dağı omazdı, deyirsən. Ancaq nə yazıq ki, zamanı geri çevirmək mümkün deyil.

Yəqin işğal dövründə ermənilər o qayalığın qalan daşlarını da daşıyıb aparıblar. Düzü, hələ o yerlərə getmək qismət olmayıb, buna görə gərək kimlərəsə ağız açasan ki, adını həmin ərazilərə səfər edən hansısa qrupa yazalar. Gedənlər də o qayalıqdan düz-əməlli xəbər gətirməyiblər. Ermənilər işğal altında saxladıqları torpaqlarımızdan apardıqlarını aparıb, apara bilmədiklərini də özlərinə əsas dayaq bildikləri, bu ərazilərə tikinti və başqa qiymətli materialları daşımaq üçün gəlib-gedən iranlılara müəyyən miqdar ABŞ dolları qarşılığında satıblar. İşğal dövründə azərbaycanlıların həmin bölgədə irili-xırdalı mülkləri həm də bu üsulla yağmalanıb, yararlı nə varsa Ermənistana, ya da Arazın o tayına daşınıb. Bildiyim qədər, son illərdə birmərtəbəli evin sökülüb aparılması qarşılığında ermənilərə 50, ikimərtəbəli ev üçünsə 100 ABŞ dolları vəsait ödənilib. Bir sözlə, qalın meşələrimizi seyrəldən, sərvətlərimizi çirkli əlləri ilə, tamahkarlıqla talan edib, mənimsəyən ermənilərin bu əməllərinə yaxınlı-uzaqlı hərislər də rəvac veriblər.

Yadıma atamdan, onun da öz atasından eşitdiyi əhvalatlar düşdü. XX əsrin ikinci onilliyində Zəngəzurda yaşayan azərbaycanlılar ermənilərin ardıcıl, bir çox hallarda qəfil hücumlarına məruz qalanda Arazı keçən İranın quldur dəstələləri də bir yandan kəndlərimizi çapıb talayırmışlar. Varlı-kasıb demədən adamların olan-qalanını əllərindən alan həmin dəstələrin törətdikləri soyğunçuluq hərəkətlərini o dövrə aid arxiv sənədləri də təsdiq edir. Ən maraqlısı isə o illərdə də yerli camaatın həmin soyğunçulara ünvanladığı sualların çoxu "öz dindaşlarınıza niyə zülm edirsiniz?" şəklində olurmuş. O dövrdə də ata-babalarımız bu haqlı suala əsaslı cavab ala bilməyiblər. Doğrudur, indikindən fərqli olaraq həmin dəstələrin ermənilərə hər hansı kömək göstərdiyi barədə arxivlərimizdə məlumata rast gəlməmişəm. Lakin bir yandan quldurların ac-yalavac qoyduğu əhali, başqa yandan da erməni hücumlarına məruz qalır, öldürülür, yandırılır, Zəngəzurdakı qədim türk məskənləri olan dədə-baba torpaqlarından Azərbaycanın içərilərinə köç etmək məcburiyyətində qalırdı. Babamgilin dağlar qoynunda, əsas hissəsi indiki Qafan rayonu ərazisində qalan Karrar kəndinin sakinləri də belə acı köç taleyi yaşamışdılar. Sonrakı sərhəd bölgüsündə cəmi bir neçə evi və qəbiristanlığının bir hissəsi Zəngilan rayonu ərazisində qalan bu kəndin adı da unudulub. Zəngəzurun qərbində yüzlərcə Azərbaycan kəndi də eyni taleni yaşayıb, sağ qalanlar dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. 1988-89-cu il hadisələrindən sonra isə nəinki o yerlərdə, bütövlükdə, indiki Ermənistanda bircə nəfər də azərbaycanlı qalmadı, 250 min nəfərdən artıq insan ölüm təhdidi altında əcdadlarının yaşadığı məskənlərdən didərgin salındı. Onların düşdüyü vəziyyət, başlarına gələn dəhşətli hadisələr barədə tükürpədici hekayələri "Vətən səsi" qəzetinin xüsusi müxbiri kimi mən də az dinləməmiş və həmin danışıqların sənədləşdirilib, arxivləşdirilməsində iştirak etmişəm. Yəqin nə vaxtsa, canlı şahidlərin dilindən qələmə alınmış o sənədlər toplu halında müxtəlif dillərdə dərc olunar. Beləliklə, XX əsrin əvvəllərində Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının ermənilərin qanlı cinayətlərini ifşa edən materialları kimi, ötən əsrin sonundakı qanlı hadisələrin ittihamedici və təkzibolunmaz xronikası yaranar.

Nəhayət, ermənilərin silsilə cinayətlərinin və görünməmiş vəhşiliklərinin son nəticələri, Qarabağda və Zəngəzurdakı torpaqlarımızın 28 ildən artıq çəkən işğalı. İllərlə davam edən bu talanlarda daha nələr itirmədik, hansı sərvətlərimizin yadlar tərəfindən dədə malı kimi daşınıb aparıldığını eşitmədik. İndi həmin ərazilərdə təkəm-seyrək görünən bu uçuq divarlar o itkilərin, əzab dolu yaşantıların XXI əsrdəki canlı şahidləridir. Biz o ağrılarla yaşamışıq, o itkilərin yeri hələ illərlə qəlbimizi sızladacaq. Təkcə Zəngilanın nadir, sahəsinə görə dünyada ikinci sayılan "Çinar meşəsi"nin talan olunması, neçə yüzillik yaşı olan xan çinarların kəsilib aparılması faktı kifayətdir ki, dünya erməni vəhşiliyinin miqyasını təsəvvür edə bilsin. Bu, hələ itirdiklərimizin, sadəcə, biridir. İtkilərimiz isə nə saymaqla qurtarası, nə də insan ağılına sığası deyil.

...Xəyalən sığal çəkdiyim o daşlar necə doğma, necə isti idi. Sanasan onlardan 29 il əvvəl deyil, dünən ayrılmışam. Bu daşları bir-birinə bağlayan, divarboyu sağa və üzü yuxarı vurulmuş palçıq yerləri də gözümdə bir inci misalıdır. Bu daş, soyuq divar Həsən kişinin, atamın, əmimin, adını unutduğum, çoxdan haqq dünyasında olan ustanın, daha neçə insanın əllərinin tumarını, istisini özündə yaşadır. O daşların hərarətini erməni vandallarının talanları, qopardığı tufanlar, dəyişməsinə inanmadığım mənfur xislətlərindən doğan viranəlik niyyəti də azalda bilməyib və bilməz də. Çünki o torpaq da, dağılmış yurdlar da bizimdir. Onlar da bunu yaxşı bilirdilər. Bunu, həm də gec-tez o torpaqlara qayıdacağımızı bildikləri üçün belə amansız talanlar, dağıntılar törədiblər, daşı-daş üstündə qoymayıblar. Ancaq dədə-babalarımızın əlinin hərarətini yaşadan, min illərlə ilmə-ilmə yaddaşımıza hopan o qədim yurd yerləri, o yurdların sığındıqları dağlar, qayalar, uçurulmuş divarlarımızda daşlaşmış izlər silinməzdir. Bizimki kimi neçə evin uçuq divarında yaşayır bu doğma, müqəddəs izlər. İndi onların ikinci həyatını başladacaq yeni tumara ehtiyacı var. Şükür, bu tumarın çəkilməsinə başlanıb.

P.S. Yəqin bu yazıya bununla nöqtə qoymaq olardı. O torpaqlardakı neçə min illik tariximiz, yerə, suya, havaya hopmuş, gözlə görünməsə də, maddiləşmiş yaşantılarımız, qədim yurd yerlərimizin ocaq daşları, babaların məzar daşları, nə qədər dağıdılsa da, tamamilə silinməsi mümkün olmamış daha nələr. Bizim bu coğrafiyada neçə min əvvəl də var olduğumuz hər şeydən, hər yerdən boy verir. Bunu düşmən də, ona açıq-gizli dəstək olanlar da yaxşı bilirlər. Bütün bunları bilə-bilə işğal dövründə müxtəlif vasitələrlə bizə "düşmənçiliyə nə ehtiyac var, dostluq, mehriban qonşuluq şəraitində yaşamaq xalqlarımıza böyük fayda verər" dedilər və başqalarının dili ilə çatdırdılar. Yəni işğalı, bununla da o torpaqları, Vətənin daha bir parçasını unutmağımızı istədilər. Yeni ərazi itkiləri ilə barışmağımızı arzuladılar və bu məqsədlə daha hansı vasitələrə əl atmadılar.

Nə yazıq ki, işğal dövründə daxildə Vətən, yurd dərdindən, zəbt edilmiş torpaqlarımıza qayıdacağımızdan ağızdolusu danışıb, kənarda ermənilərlə vurduğu neçə qramınsa təsiri altında onların bu fikirlərinə az qala rəvac verənlərimiz də olub. Bunu düşünəndə gözümün önünə Həsən kişinin qabarlı əlləri, gün altında işləməkdən qaralmış, codlaşmış çöhrəsi gəldi. Onun tale oxşarı olan başqa bir ağsaqqalın hekayəsini xatırladım. Həmin ağsaqqal Zəngilanın dağ kəndlərindən birində yaşamışdı. Ömrü boyu quran-yaradan bu insan tikdiyi evlər qrad zərbələrindən dağıdılanda əlinə silah götürüb nəvəsi yaşında əsgərlərin sırasına qoşulmuş, ölüncə döyüşəcəyinə and içmişdi.

Oğlanlarının, yeganə oğul nəvəsinin sözlərinə də qulaq asmamış, Zəngilanın işğalına bir həftə qalmış, 1993-cü ilin oktyabr ayının son həftəsinə qədər döyüşmüş, yurd-yuvasının düşmən tapdağında qaldığını görmədən elə səngərdəcə həlak olmuşdu. Bəlkə bu da bir xoşbəxtlik idi ki, onun son dəfə baxdığı dağlar, meşələr hələ ermənilərin əlinə keçməmişdi, sonrakı illərin vəhşi talanları baş verməmişdi.

Öz kəndində torpağa tapşırılan həmin ustanın 1960-80-ci illərdə qonşu erməni kəndlərində də neçə ev tikdiyini deyirdilər. Babalarımız özləri kimi mərd, xeyirxah qonşu olacaqlarını düşünüb ermənilərə əzəli yurdlarımızda yer verdilər, həyan oldular, onlar üçün evlər tikdilər. Bütün bunların əvəzində ermənilər yurdlarımızı viran qoydu, qoca, uşaq demədən öldürdülər, yandırdılar, yaşayış məskənlərimizdə terror törətdilər, milli-etnik təmizləmələr həyata keçirdilər. Beləliklə, min illərlə yaşadığımız ərazilərin böyük bir hissəsi bu gün Ermənistan adlanan dövlətin torpaqları olaraq qəbul edilir. Bu da azmış kimi, hələ də Qarabağa iddia edirlər və təəssüf ki, onların bu əsassız iddialarına dəstək çıxan dövlətlər, qüvvələr də tapılır.

O münasibət Zəngilan alayının kəşfiyyat komandirləri Baloğlan Süleymanov və Adil Rüstəmovu yadıma saldı. Baloğlan 1993-cü il oktyabrın 25-də Cəbrayıl rayonunun Dərzili kəndində, Adil isə 1992-ci il dekabrın 10-da Zəngilan rayonu Şayıflı kəndinin yaxınlığında şəhid olmuşdu. Hər ikisi ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdilər. "Son damla qanına qədər igidliklə, mərdliklə döyüşdü, düşmənə qan uddurdu" sözləri onlar kimi igidlər üçün deyilib. Baloğlan xidməti dövründə dəfələrcə düşmən arxasına keçib qiymətli məlumat toplamaqla yanaşı, ermənilərin neçə hərbi texnikasını sıradan çıxarmış, kəşfiyyat termini ilə desək, "dil" də gətirmişdi. Son döyüşündə düşmən tankları qarşısında bir addım belə geri çəkilməyən Adil: "Erməni kimdir ki, ondan qorxasan. Bu torpağı yağılara buraxıb getməkmi olar?" deyə-deyə əyilib bir ovuc torpaq götürmüş hamının gözü qarşısında yemişdi. Döyüş yoldaşlarının dediklərindən bütün Zəngilan bildi ki, ermənilər onu əhatəyə alıb, bədənini süngü ilə deşik-deşik etmişdilər.

Onlar belə oğul idilər. Son gülləsini də hədər atmayıb, bir düşmənin ölümünü də qənimət bilən oğullar. Yalın əllə belə düşməni məhv etməyə qadir olan bu qəhrəmanların şücaətini 28 il sonra başqa bir igid, Adilin həmkəndlisi, bəlkə də qohumu olan Cəbrayıl Dövlətzadə təkrarlamış, yüksək çinli iki erməni zabitini boğaraq öldürmüşdü. Yəqin Baloğlan və Adil haqqında qürurverici hekayələri Cəbrayıl da uşaqlıqda az eşitməyibmiş.

Bu gün məhz Baloğlan, Adil, Cəbrayıl kimi şəhidlərin qanı-canı bahasına, qazilərimizin qəhrəmanlığı ilə əldə edilmiş Qələbədən, torpaqlarımızın işğaldan qurtarılmasından sonra qarşı tərəflə sülh danışıqlarına imkan tanınıb. Ermənistanın bu imkanı dəyərləndirməsi onun düşdüyü dərin böhrandan çıxması üçün bəlkə də yeganə real şansdır. Yəqin bunu onlar da yaxşı bilirlər. Ermənilərin vaxtı ilə işğal dövründə Azərbaycana etdikləri çağırışlarn bu gün Ermənistan cəmiyyətinə ünvanlanması daha ədalətli və məntiqli olardı. Həm də ona görə ki, ermənilərdən fərqli olarq, biz onların torpaqlarını işğal etməmişik, əksinə, Qarabağın bəzi əraziləri hələ də erməni silahlı birləşmələrinin nəzarəti altındadır. Sülh şərtlərini təqdim edən Azərbaycanın mövqeyi isə yenə də bölgədə sabitliyin və inkişafın əldə edilməsini hədəfləyir və həmişə olduğu kimi səmimidir.

Qarşı tərəf və dəstəkçiləri onu da unutmasınlar ki, heç bir müharibə əbədi deyil və tez, ya gec sülhlə başa çatır. Ancaq ermənilərin revanşizm istəklərindən qaynaqlanan fikir və hərəkətlərinin açıq şəklidə ortada olduğu bir vaxtda ehtiyatlı davranmaq daha doğrudur. Qaldı, neçə il qabaq olduğu kimi, bəzilərinin bu gün də kimlərləsə haradasa, nəsə içməyin xalqın nə bu günü, nə də gələcəyi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur və ola da bilməz. Bəlkə bir az səbr edib qarşı tərəfin heç olmasa xoşniyyətli olmasına, sülh danışıqları adı altında eyni siyasət yeritməyəcəyinə azacıq ümid yaranmasını gözləyək.

Ötən 2 ilin təcrübəsi də göstərir ki, Ermənistanın hələ də bu istiqamətdə hansısa addım atmaq niyyəti yoxdur və danışıqlardakı iştirakı da imitasiyadan başqa bir şey deyil. Azərbaycanın sülh səylərinin qulaqardı edilməsində məqsədsə vaxt udmaq, haradansa, kimdənsə dəstək alaraq uduzulmuş müharibəni yenidən başlamaqdır. Başqa sözlə, xülyalarla yaşayanların arzusu 2020-ci il 27 sentyabr vəziyyətinin qaytarılmasıdır. Görünür, 44 günlük Vətən müharibəsində Azərbaycanın verdiyi dərslərdən nə Ermənistan, nə də dəstəkçiləri lazımi nəticələr çıxarıblar. Azərbaycan Ordusunun miqyasından asılı olmayaraq, istənilən təxribatın qarşısını qətiyyətlə alacağını bilə-bilə belə xəyallar qurmaq reallıq hissinin itirilməsindən başqa bir şey deyil. Ermənistanın sülh danışıqlarında bugünə qədər yalançı vəddən uzağa getməməsi həm də tarixi yada salır. Bizim də hərdən xatırlamağımızın vacib olduğu tarixi.

 





18.11.2022    çap et  çap et