525.Az

Həyata, vətəninə və millətinə aşiq şair - Nuray Məmmədova yazır


 

Həyata, vətəninə və millətinə aşiq şair - <b style="color:red"> Nuray Məmmədova yazır</b>

Nuray MƏMMƏDOVA,
Naxçıvan Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə I kurs magistri

 

 

Səni dəli kimi sevdiyim üçün,

Sən sevən dünyanı candərdi sevdim.

Elxan Yurdoğlu yaradıcılığı ilə ilk tanışlığım bu iki misra ilə başlamışdı. Şair özü dəyərli ədəbiyyatşünas Hüseyn Həşimlinin vəfatından sonra yazdığı "Sözümüzün, elmimizin Hüseyn Həşimli itkisi" ("525-ci qəzet", 03 iyul 2020-ci il) adlı məqaləsində tələbə vaxtlarında yazdığı şeirdən həm də bu iki misranı qeyd etmişdi.

Sonralar tez-tez eşitdiyim müxtəlif məzmunlu şeirləri Elxan Yurdoğlu yaradıcılığı ilə daha əhatəli maraqlanmağıma səbəb oldu. Onun şeirlərinə xas olan xüsusi bir üslub və ahəngdarlıq var. Təbiət mövzulu şeirlərində fəsillərin ruhunu, vətən mövzulu şeirlərində həsrəti, nifrəti, qürur hissini, məhəbbət məzmunlu şeirlərində isə duyğuların zərifliyini duya bilirik.

Şairin son şeirlər kitabının da maraqlı adı var: "Payızda gilənar dadı"... Payız və gilənar. Düşünürəm ki, kitabı əlinə alan bir çox insan əvvəlcə bu iki məfhum arasındakı məna bağlılığını aydınlaşdırmağa çalışmışdır. Jurnalist Məmməd Babayev də "Elxan Yurdoğlunun "İsmi-pünhan"ı - gilənar" adlı məqaləsində öz baxış bucağından yanaşaraq bunu belə izah edir: "Yazda doğulan şairin payız sevdası var. Deyirlər ki, payız təbiətin çiçək olduğu ikinci bahardır. Payız əhvali-ruhiyyədir. Ona sevgi ilə baxmaq lazımdır. Elə şair də payıza həmişə sevgi ilə baxır. Yəqin buna görədir ki, yay meyvəsi gilənarın dadını payızda da hiss etmək istəyir..."

Son şeirlər kitabında Elxan Yurdoğlunu həm vətənpərvər bir türk övladı, həm zəfər hissiylə coşan bir azərbaycanlı, həm də sözə tutunub qələmindən güc alan bir şair kimi görürük. Yeri gəldikdə özünü lirik qəhrəmanın yerinə qoyub sevginin söylədə biləcəyi ən duyğulu misraları pıçıldayır onun dilindən.

"Vətən iman yerim" başlığı altında topladığı şeirlərində şairin milli ruhu aydın şəkildə özünü büruzə verir. Onu bəzən dar gündə vətənə xidmətə hazır duran bir əsgər, bəzən zəfərdən ilhama gələn bir şair, bəzən də minlərlə şəhidin yasını tutan, ailələri ilə birgə bu matəmə şərik olan bir doğma kimi görürük.

Ədəbiyyatımızda XX əsrin əvvəllərində yaranıb zamanla təşəkkül tapmış himn janrına da müraciət edən E.Yurdoğlu hələ 44 günlük II Qarabağ müharibəsinin ilk günlərindən "Zəfər himni"ni (29 sentyabr 2020-ci il) qələmə almışdı. Qeyd etməliyik ki, bu ərəfədə, xüsusilə müharibənin davam etdiyi bir zamanda bu janra müraciət etməklə şair oxucuları daha da ruhlandırmaq, onların içindəki vətən sevgisini daha da alovlandırmaq istəmişdir. Çünki ədəbiyyatda himn janrı elə əsl vətənpərvərliyə, mübarizəyə, müstəqilliyə və qələbəyə olan inamın simvoludur. E.Yurdoğlu da bu janrdan məharətlə istifadə edərək "Zəfər himni"ni ərsəyə gətirmişdi. Daha çox klassik Azərbaycan şeiri formasında yazılan və müəyyən mənada təntənəli marş təsiri bağışlayan 14 hecalı bu şeirin həm də maraqlı qafiyələnmə üslubu vardır ki, bu da şairin yaradıcılığının bir üstünlüyüdür:

Mübarizin yazdığı məktuba cavabam mən

Öldürmək günah, amma bu yolda savabam mən.

Yaramdan qan axsa da, sanmayın bitabam mən,

Gücüm yetər can üstə dirçəlib can almağa,

Tökülən qana qarşı qanmazdan qan almağa.

- deyən şair sanki lirik qəhrəmanının timsalında bütün Azərbaycanın səsi olub, millətimizin, əsgərlərimizin qəlbindən keçən duyğuları misralarda canlandırıb.

Şairin "Şəhid-şəhid böyüyürük", "Şuşa və əsgər", "Duruşu heykəl əsgər" kimi şeirlərində II Qarabağ müharibəsinin gətirdiyi hüzn, ürək yanğısı, kədər, eyni zamanda, zəfərin doğurduğu qürur hissi və qələbə coşqusu o qədər dərindən ifadə olunub ki, oxuyarkən yaşananlar, gördüklərimiz zehnimizdə yenidən canlanır.

Fikrimizcə, E.Yurdoğlunun "Vətən iman yerim" başlığı ilə yaratdığı şeirlər içərisində ən çox diqqətimizi çəkən məhz "Nə yaxşı ki, türk olmuşam" şeiridir. Türklərin yaradılışlarından bəri keçdiyi tarixi-mədəni mərhələləri şeirin, demək olar ki, hər misrasında görmək mümkündür. "Tarix ilə həmyaşıdam" deyən şair eyni zamanda türkü dünyanın yaradılışında bəri zamanla yol gələn yolçu sayaraq türklərin tarixinin nə qədər qədimlərə dayandığını qeyd etmək istəyir:

Budur gəlir Turan ordum - milyon-milyon əsgərim var,

Doğuya bax, Batıya bax - hara baxsan əsərim var.

Sözüm anddır, andım sözdür, hər sözümün kəsəri var,

Ona görə alnı açıq, həm də başı dik olmuşam.

Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Həyat, vətən və millət aşiqi kimi gördüyümüz şair bu günə qədər zaman-zaman təəssüf, habelə tənhalıq hissi ilə qarşılaşır. Daim həyata müsbət düşüncələrlə baxan, dostcanlı olan şair yaxşılıqlarının əvəzini xəyanət və riyakarlıqla aldıqda dost, həmdəm dediyi insanlar "hər gün bir az daha düşür gözündən". Belə bir anda o, qəlbindən keçənləri misralara düzməkdən də çəkinmir:

Yeriş öyrətdiyim, yol göstərdiyim

Yolumun üstündə kola döndülər.

Sol yanımda yer verdiyim adamlar

Məni görən kimi sola döndülər.

Qarşılaşdığı belə həyat təcrübələri onu təkliyə, səssizliyə, eyni zamanda, özü ilə hesablaşmağa səsləyir. Bunun nəticəsində isə şairin lirik "mən"i təklikdən güc alıb qüvvətlənərək daha da vüqarla durmağı öyrənir:

Təklik səssizliyi ürküdərmi heç

Təklik qarşısında dimdik adamı?

Şairin şeirlərinə nəzəri cəhətdən yanaşsaq, yaradıcılığının necə rəngarəng olduğunu görərik. Şeirlərində ustalıqla istifadə etdiyi bədii təsvir və ifadə vasitələri: metafora, təşbeh, epitet və s. onlara xüsusi ahəngdarlıq, məna çalarlığı qatır. Xüsusən bir aşiqin səsi olub onun duyğu və düşüncələrini, qəlb çırpıntılarını qələmə aldığı şeirlərində elə bənzətmələr, ifadələr işlədir ki, bu şeirləri oxuyarkən duyğunu dərindən hiss etməmək mümkün deyil. Bunun kimi bir çox xüsusiyyətləri ilə Elxan Yurdoğlu yaradıcılığı oxucuda xüsusi heyranlıq hissi oyadır.

Yekunda isə şairin qəzəl janrında yazdığı şeirdən iki misranı qeyd etmək istərdim:

Canını sevdiyinə hər insan qurban aparar,

Şair öz şeiri ilə ruhuna ehsan aparar.

Doğrudur, şairlər varlığında şeirləri ilə tanınar, yoxluğunda isə yenə onlarla xatırlanar. Çünki şairin ruhu şeirində gizlidir.

 





18.11.2022    çap et  çap et