525.Az

Mesopotamiyadan miras qalan qadın vurğunluğu


 

Mesopotamiyadan miras qalan qadın vurğunluğu<b style="color:red"></b>

Qadın həmişə istəyir ki, gözəl görünsün. Elə kişilərin də diqqətini adətən gözəl, yaraşıqlı qadınlar cəlb eləyir. Gözəllik, görkəm həmişə yeganə göstərici sayılmasa da, hər halda xüsusilə qadınlarda diqqəti çəkən ilk əlamət həmişə onun surəti, görkəmi olub. Bu sarıdan, təbii ki, gözəl, cazibədar görünmək duyğusu zəif cinsin nümayəndəsi üçün həmişə ən həssas xüsusiyyət sayılıb. Və kim bilir, bəlkə də, dünyada ilk kosmetoloq da elə Həvva anamız göydən yerə endiyi gün peydə olub.

Qadın öz gözəlliyinin qayğısına qalmaq üçün nə etməlidir? Süni qoruyucu vasitələrin qadınların fiziki görünüşə nə kimi təsirləri var? Fəsil dəyişməsi bu prosedurda hansı dəyişiklikləri zərurətə çevirir?

Bu mövzuda peşəkar kosmetoloq Günay Əliyeva ilə həmsöhbət olduq.   

 

 

- Günay xanım, gəlin söhbətə belə bir sadə sualla başlayaq: kosmetologiya nədir və nələri əhatə edir?

- Kosmetologiyanın əsası, məlum olduğu kimi, qədim Mesopotamiyada qoyulub, xanımlar arasında ilk özünə qulluq vərdişlərinin yaranması ilə formalaşıb. O zamanlar kosmetologiya dedikdə dırnaqların boyanması - manikur, müxtəlif saç düzümlərinin yaranması nəzərdə tutulub. Bunlar daha çox varlı və elit təbəqə arasında yayılmışdı. O dövrdən əsrlər keçib və artıq kosmetologiya estetik problemlər, onların həlli yolu ilə məşğul olan bir sahəyə çevrilib.

Zaman keçdikcə insanların zövqü də dəyişir, insanlar özlərində estetik dəyişikliyə ehtiyac duyurlar. Bundan əlavə, müxtəlif travma və xəstəliklərdən, yaxud yaşanan stresdən əmələ gələn defekt və qüsurları aradan götürməyə ehtiyac yarnanda insanların köməyinə kosmetologiya elmi çatır. Hazırda kosmetologiyanın iki növünə daha çox üstünlük verilir. Bunlardan biri müalicəvi kosmetologiyadır. Bu növ kosmetologiya sahələri problemə müxtəlif müalicəvi üsul və terapiyalarla müdaxiləni nəzərdə tutur. Bir də cərrahi kosmetologiya vardır ki, burada problem cərrahi müdaxilə yolu ilə həllini tapır.

- Kosmetoloqla dermotoloq arasındakı fərqlər hansılardır?

- Kosmetoloq dəri səthindəki estetik problemləri həll edir. Buna misal olaraq full face, burun və ya dodaq şəkilləndirmə, qaş qaldırma kimi prosedurların adını çəkə bilərəm. Dermotologiya isə əsasən dəri problemlərinə, allergiyalara, eləcə də onların doğurduğu fəsadlara yönəlmiş daxili və xarici tibbi müalicədir. Dermotologiya sırf dərinin problemlərilə məşğul olur. Lakin kosmetologiya və dermotologiya həm də bir-biri ilə əlaqəli sahələrdir. Akne, gənə və digər dəri problemlərində dermotoloq ilə kosmetoloq birgə işləyirlər. Dermotoloq bədəni daxili müalicə edir, kosmetoloq isə müalicədən sonra üzdə qalan izlər, çapıqlar, məsamə genişlikləri, dəridə həddən artıq yağlanmanın və yaxud qurumanın müşahidə olunması kimi hallarda mezoterapiyalar, biorevitalizasiya, plazma kimi terapiyalar həyata keçirir.

- Neçə ildir bu sahədəsiniz?

- 2017-ci ildən bu sahədəyəm. Türkiyədə Global Universitetində lazer kosmetologiyası üzrə təhsil alaraq ixtisaslaşmışam. Bakıda müxtəlif şirkətlərdə bu sahə üzrə təlimlər vermişəm. Hazırda isə tələbəm olmuş insanlar çox uğurlu kosmetoloqdular.

- Dəriyə necə düzgün qulluq etmək olar?

- İlk növbədə dərini tanımaq lazımdır. Bilirsiniz ki, dərinin quru, yağlı, qarışıq kimi növləri var. Qulluq da dərinin növlərinə görə düzgün aparılmalıdır. Həm yaşla əlaqədar, həm də günlük rutin şəklində dərinin keyfiyyətini saxlaya bilmək üçün qulluq vacibdir. Dəriyə ilkin qulluq su qəbul etməkdən başlayır. Bədənimizin 60-70 faizini su təşkil edir. Ona görə də normal qaydada su qəbulu mütləqdir. İkincisi, üz dərisinin təmiz saxlanılması önəmlidir. Yəni makiyajdan istifadə etdikdən sonra dəri müxtəlif vasitələrlə təmizlənməlidir. Makiyaj istifadə olunmasa belə, səhər oyandıqdan sonra üzdə ifraz olunmuş piy təbəqələri və əlavələr qulluq vasitələrinin köməyi ilə təmizlənməlidir. Əgər bunu etməsək, üzdə olan gözənəklər tutularaq komedonların, sızanaqların, aknelərin yaranmasına gətirib çıxaracaq. Dəri təmizliyindən sonra toniklərdən istifadə olunmalıdır. Ən son olaraq isə dəri tipimizə uyğun nəmləndirici vasitəsilə dəriyə qulluq prosesimizi tamamlayırıq. Ara vaxtlarda dərinin növünə və problemə uyğun maskaların istifadəsi də tövsiyə ediləndir.

- Bəs fəsil dəyişikliyində dəriyə düzgün qulluq necə olmalıdır?

- Fəsil dəyişikliyi bizdən istifadə etdiyimiz preparatların, qulluq vasitələrinin tərkibinə görə dəyişilməsini tələb edir. Məsələn, yay vaxtı dərinin günəşin birbaşa şüalarından qorunması üçün spf (Sun Protectin Factor) kremlərin daha çox istifadəsinə üstünlük verilməlidir. Günəş şüalarından qorunmayan dəridə ləkələr meydana gələ bilir. Yaz aylarında isə daha çox yediyimiz qidalara fikir vermək, meyvə-tərəvəzə üstünlük vermək bu ayın gəlişi ilə dəridə yaranacaq quruluğun qarşısını almaq üçün su tükədilməsini maksimal dərəcəyə çatdırmaq lazımdır. Payız-qış aylarında isə nəmləndiricilərdən istifadə etmək lazımdır. Əgər dəri qurudursa, tərkibində xüsusi yağlar olan qulluq vasitələrindən istifadə etmək məqsədəuyğundur. Şaxtalı havada dəri qidalandırıcı vasitələrdən istifadə etmədən çölə çıxsaq, dərimizin üst təbəqəsində, bəzən gözlə görünməsə belə, çatlar yaranır. Ümumiyyətlə, isti havalarda daha təmiz dəri ilə gəzməyə üstünlük verilməlidir. Tonal kremlərdən, tərkibində ağır yağlar olan vasitələrdən uzaq durmaq lazımdır. Qış aylarında isə əksinə, tərkibi vitaminlərlə zəngin olan vasitələrdən istifadəyə üstünlük verilməlidir.

- Qışda günəş şüaları dəriyə ziyandırmı?

- Ümumiyyətlə, mən xanımlara bütün il boyu spf faktorlu kremlərdən istifadə etməyi məsləhət görərdim. Burada yay və qış mövsümünün heç bir fərqi yoxdur. Hər iki fəsildə də dəri günəşin birbaşa şüalarından qorunmalıdır. Bəzi xanımlar düşünürlər ki, yayda günəşdən qorunmaq lazımdır, qışda isə buna ehtiyac yoxdur. Bu, yanlış fikirdir. Ləkələnməyə meyilli və quru dərilərə mütləq qış aylarında da spf faktorlu vasitələrlə qulluq edilməlidir. Əks halda dəridə olan problemlər daha da qabaracaq. Əgər dəridə problem yoxdursa, il boyu günəş şüalarına məruz qalmış dəridə problemlər üzə çıxmağa başlayacaq. Sonra da bu problemləri aradan qaldırmaq üçün uzun müddətli və çoxmərhələli proseslərə gərək duyulur.

- Ev şəraitində hazırlanmış üzə qulluq vasitələrinin faydalı və ziyanlı tərəfləri hansılardır?

- Qadınlar ev şəraitində də üzə qulluq etməlidirlər. Lakin ev şəraitində üzə qulluq edərkən mütləq dərini tanımaq və hansı tərkiblərə dərinin necə reaksiya verəcəyini bilmək vacibdir. Bəzən xanımlar çox dəbdə olan, internetdə yayılan vasitə və maskalardan istifadə edirlər. Təcrübəmə əsasən deməliyəm ki, həmin maskalar hamıya eyni dərəcədə kömək etmir. Bəzən dəridə yanmalar, ləkələr, allergiyalar müşahidə olur. Bundan başqa, maskalar hazırlandıqdan sonra dərhal istifadə olunmalıdır. Bəzi maskaların saxlanılmasına icazə verilsə də, saxlanma şəraitinə mütləq diqqət yetirilməlidir. Maskalardan sonra mütləq üzə sakitləşdirici, qidalandırıcı, qoruyucu vasitələr çəkilməlidir. Əgər bunlara əməl olunarsa, ev şəraitində üzə qulluq etmək faydalı olacaq.

- Yaşlanmaya səbəb olan qırışların qarşısını almaq üçün nə etmək lazımdır?

- Yaşlanmaya səbəb olan qırışların fərqinə varan kimi kosmetoloji prosedurlara başlamaq lazımdır. Əgər dəridə yaşlanma başlayırsa, biz bunu siqnal kimi qəbul edib qidalanmamıza diqqət etməliyik. Demək ki, dərimizdə vitaminsizləşmə, su və yağ balansının pozulması, tonusun aşağı düşməsi, kollagen azlığı müşahidə olunur. Bu zaman mütləq müxtəlif prosedurlara müraciət edilməlidir. Buna misal olaraq biorevitalizasiyaları qeyd etmək olar ki, bu, dərini vitaminlərlə zənginləşdirir. Müasir damar yolu ilə daxil edilən damcı üsullu müalicələr də var ki, onlar da çox yaxşı köməklik edir. Mezoterapiyalar da həmçinin, dərinin quruluğunu götürür, ləkələrin rəngini açır, parlaqlıq gətirir və vitaminlərlə zənginləşdirir. Müxtəlif aparat kosmetologiya növləri də qırışların qarşısını alan gözəl vasitələrdəndir. Məsələn, RF lifting, üz masajları, lazer  kimi prosedurları buna nümunə göstərmək olar.

Sevil SEYMUR

 





18.11.2022    çap et  çap et